22 Noyabr 2024

Cümə, 19:53

XƏZƏRDƏ ŞAXƏLƏNDİRMƏ

Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaları artıracaq

Müəllif:

15.06.2022

Ukraynada artıq dörd aydır davam edən müharibə və anti-Rusiya sanksiyaları illərdir qurulan logistika sxemlərini tədricən yenidən formatlayır. Üstəlik, bu, Şərqi və Şimali Avropa ölkələrini Rusiyadan keçən nəqliyyat marşrutlarını şaxələndirməyə vadar edir. Bu proseslər tətikləyici rol oynayıb və Xəzər regionunda nəqliyyat əməkdaşlığının gücləndirilməsinə təkan verir. Qeyd edək ki, hazırda bu regionda Qazaxıstan və Azərbaycan Çin, Türkiyə və Avropa İttifaqının (Aİ) fəal dəstəyi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüklərin daşınmasını genişləndirmək üçün əməkdaşlığı gücləndirir.

Ümumiyyətlə, son vaxtlar Bakı və Nur-Sultan ticarət əlaqələrini mümkün qədər genişləndirməyə və biznes sahəsində gündəmi investisiya layihələri ilə doldurmağa çalışır. Amma bu, təkcə enerji və nəqliyyat əməkdaşlığı ilə məhdudlaşmır.

 

Dəniz qonşuluğu

Azərbaycan və Qazaxıstan diplomatik münasibətlərin qurulmasının yubiley tarixini – 30-cu ildönümü qeyd edir. Bu illər ərzində hər iki ölkə iqtisadi əməkdaşlığı və ticarət əlaqələrini inkişaf etdirmək üçün səylərini əsirgəməyib. Üstəlik, məhz Bakı ilə Nur-Sultanın tərəfdaşlığı Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanın nəqliyyat kommunikasiyalarını birləşdirən qədim İpək Yolunu yenidən dirçəltməyə imkan verib.

Bu məqamda qeyd edək ki, Xəzər dənizi vasitəsilə qonşu olan bu iki ölkə uzun müddətdir ki, karbohidrogen resurslarının dünya bazarlarına çıxarılması sahəsində səmərəli şəkildə əməkdaşlıq edir. Bu, uzun illərdir ki, ikitərəfli işgüzar əlaqələrin əsasını təşkil edir. Lakin 2014-2018-ci illərdə qlobal enerji böhranı zamanı bu sxem keyfiyyətcə dəyişib. Xatırladaq ki, o vaxt enerji resurslarının qiymətinin kəskin şəkildə ucuzlaşması və nəqliyyat xərclərinin artması səbəbindən Qazaxıstan öz neftinin Bakı-Tbilisi-Ceyhan kəməri sisteminin terminalına tankerlə daşınmasını faktiki olaraq dayandırdı. Nəticədə, həmin dövrdən bəri Qazaxıstanın Azərbaycan və Gürcüstan vasitəsilə enerji resurslarının tranziti az həcmdə neft məhsulları və yanacaqla məhdudlaşır. Qeyd edək ki, Qazaxıstan neftinin böyük hissəsi Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumunun neft kəməri vasitəsilə Qara dənizdəki terminallara nəql edilib.

Amma beynəlxalq konyukturun dəyişməsi Xəzəryanı qonşular arasında ticarət-nəqliyyat əlaqələrinin intensivliyini yalnız qısa müddət ərzində azaldıb. Artıq 2015-ci ildən Suriyadakı münaqişənin növbəti mərhələsindən sonra Türkiyə Mərkəzi Asiya regionuna qeyri-neft məhsullarının daşınmasını kəskin şəkildə artırıb. Bu zaman Ankara Rusiyanın dəniz limanlarından yan keçən marşrutdan istifadə edib. Söhbət Cənubi Qafqaz regionu vasitəsilə kombinə edilmiş yük daşımalarından gedir. Bu zaman həm avtomobil, həm də dəniz yolu ilə daşımalardan istifadə olunub.

Bundan başqa, 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları daha da artıb. Həmin il Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinin (ТRACECA) ən mühüm komponenti olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması barədə razılığa gəlib. Üstəlik, bu marşrut öz potensialı sayəsində qısa müddət ərzində Orta Dəhlizin əsas logistik komponentinə çevrilib. Nəticədə, Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialını fəal şəkildə araşdırmağa başladı. Məsələn, o, bu marşrut vasitəsilə konteyner yüklərinin qatarlar ilə Türkiyəyə, buradan Yaxın Şərq və Avropaya daşınmasını təşkil edib.

Yeri gəlmişkən, bu yaxınlarda Yaponiyanın qlobal logistika şirkəti “Nippon Express (China) Co Ltd (NX China)” Çinin müxtəlif bölgələrindən Rusiya ərazisindən yan keçməklə Çin, Qazaxıstan və Azərbaycan vasitəsilə Avropaya yüklərin daşınması üçün yeni intermodal xidmətə başlayıb. Türkiyə isə öz növbəsində sənaye yüklərini Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Orta Dəhliz üzrə əks istiqamətə, yəni Mərkəzi Asiya regionuna və Çinə göndərib.

Beləliklə, enerji böhranından sonra həm qarşılıqlı ticarət, həm də tranzit əməliyyatları daxil olmaqla, Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsində əsas pay qeyri-neft sektoru məhsullarının tədarükünə düşür. Əlbəttə, iki ölkə arasında ticari fəallıq məhsulların çeşidinin genişlənməsinə yardım göstərib: hazırda Qazaxıstandan ölkəmizə əsasən karbonlu polad və hazır metal məmulatları, dəmir yolu və avtomobillə bağlı texnikalar, lokomotivlər, kimyəvi xammal, buğda, un məmulatları ixrac olunur. Azərbaycandan Qazaxıstana isə polipropilen və digər polimer xammalları, elektrik avadanlıqları, yığma tikinti konstruksiyaları, tikinti materialları, həmçinin meyvə-tərəvəz, konservlər, şərab məhsulları tədarük edilir.

İki ölkə arasında məhsul tədarükü intensiv şəkildə artırdı. Amma pandemiya dövründə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 2020-ci ildə 2019-cu illə müqayisədə düz 38% azalaraq 140 milyon dollar təşkil edib. Qeyd edək ki, 2019-cu ildə bu göstərici, təxminən, 230 milyon dollar idi. Ticarət dövriyyəsinin aşağı düşməsi əsasən Qazaxıstanın ixracına təsir göstərdi. Lakin həyata keçirilən fövqəladə antiböhran tədbirləri pandemiya böhranının mənfi fəsadlarını tez bir zamanda aradan qaldırmağa kömək edib. Nəticədə, ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb (300 milyon dollara qədər).

 

Geosiyasətin vurduğu zərər

2022-ci ilin faciəli hadisələri bütün postsovet məkanında geosiyasi reallıqları dəyişib. Odur ki, hazırda bu proseslər Xəzər regionunda ticari-iqtisadi əlaqələrə də dolayı yolla təsir edir. Məsələn, Ukraynada müharibənin ilkin dövrünün xoşagəlməz epizodlarından biri Novorossiysk limanında Qazaxıstanın ixrac neft terminallarında baş vermiş qəza və onların uzun müddət ərzində təmir olunması idi. Bu, “Tengiz”, “Kaşaqan” və “Karaçaqanak” yataqlarında hasil edilən, təxminən, 350 min ton ixrac neftinin tədarükünün itirilməsi ilə nəticələnib. Söhbət ondan gedir ki, ixrac tədarüklərinin, təxminən, 80%-i Xəzər Boru Kəməri Konsorsiumuna məxsus kəmərlər vasitəsilə həyata keçirilir. Bu konsorsiumun əsas səhmdarları isə “Chevron” (15%), Qazaxıstan (21%) və Rusiyadır (31%). Bu kəmərin alternativi əsasən Rusiyaya məxsus digər boru kəmərləridir. Buraya 4000 kilometr uzunluğa malik “Drujba” neft kəməri daxildir. Bu kəmər Şərqi Avropada neft emalı zavodlarını “qara qızıl”la təchiz edir, daha sonra Qərbə, yəni Almaniya qədər uzanır. Amma Aİ Rusiyadan neft idxalını qadağan etmək qərarına gələrsə, bu marşrut bağlana bilər.

Digər neft kəməri isə Şərqə, yəni Çinə qədər uzanır. Bu kəmərlə ildə 20 milyon ton neft nəql etmək mümkündür. Bu, Xəzər Boru Kəməri Konsorsiumuna məxsus kəmərlərin gücünün, təxminən, üçdə biri qədərdir.

Nəhayət, Bakı-Tbilisi-Ceyhan kəməri. Hazırda Qazaxıstan nefti bu kəmər vasitəsilə nəql edilir, lakin az miqdarda: ildə orta hesabla, təxminən, 100 min ton. Buna səbəb Xəzəryanı qonşu ölkələr üçün neftin Bakıya qədər çatdırılmasının baha başa gəlməsidir. Üstəlik, onlar üçün neftin çənlərə vurulması tarifi də yüksəkdir. Əlbəttə, bütün bunlar yekun mənfəətə mənfi təsir göstərir. Bütün bunlara baxmayaraq, hazırda Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqlinin həcmini artırmağa hazırdır.

Bundan başqa, Qazaxıstan iqtisadiyyatına Qərbin anti-Rusiya sanksiyalarını sərtləşdirilməsi də təsir göstərib. Bu, faktiki olaraq Rusiyadan keçən dəmir və avtomobil yolu marşrutları ilə yüklərin Avropaya daşınmasını ləngidib. Bu problemlərə görə qonşu dövlətlərin beynəlxalq dəniz limanlarına çıxışı olmayan Qazaxıstandan, həmçinin Mərkəzi Asiya ölkələri və Çindən olan yükgöndərənlər yükdaşımalarının istiqamətini dəyişmək zərurəti ilə üzləşirlər. Odur ki, yükdaşımaları, ilk növbədə, Türkiyəyə çıxışı olan Azərbaycan-Gürcüstan marşrutu və ya Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, bu layihədə ən fəal ölkə Qazaxıstandır. O, əsasən qeyri-neft məhsullarının, o cümlədən multimodal konteyner yüklərinin daşınması üçün nəzərdə tutulan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasının təşəbbüskarlarından biridir. Üstəlik, Qazaxıstan bu yaxınlarda bu marşrutun logistik potensialını genişləndirmək üçün yeni planlar hazırlayıb. Məsələn, Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin məlumatına əsasən, “Aktau dəniz limanı” XİZ-in bazasında konteyner qovşağının yaradılması planlaşdırılır. Bu layihəyə beynəlxalq konsultantlar və investorlar, o cümlədən “PSA International”, “Maersk” və MSC kimi beynəlxalq konteyner operatorları cəlb olunacaq.

Bundan əlavə, Qazaxıstanın Xəzər dənizindəki ticarət donanmasının daha dörd bərə-gəmisi ilə təmin edilməsi planlaşdırılır. 2022-2025-ci illərdə Dostık-Moyınti dəmir yolu boyu ikinci yolun tikintisi və onun ərazisinin elektrikləşdirilməsi nəzərdə tutulub. Beləliklə, bütün bunlar konteyner qatarlarının sürətini artırmağa, dəniz limanlarının keçid qabiliyyətini və bərələrlə yüklərin daşınmasının həcmini yüksəltməyə imkan verəcək.

Yeri gəlmişkən, bu ilin 5 ayı ərzində Aktau Dəniz Ticarət Limanında artıq 1,2 milyon tondan çox yük (tranzit konteyner yükləri də daxil olmaqla) daşınıb. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Bundan başqa, Aktau Dəniz Ticarət Limanının proqnozlarına əsasən, bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcminin altı dəfə - 3,2 milyon tona qədər artırılması planlaşdırılır. Lakin bu iddialı məqsədə nail olmaq üçün Xəzərin qərb sahilində - Azərbaycanda olan tərəfdaşlarla sıx əməkdaşlıq lazımdır.

Qeyd edək ki, ölkəmizdə bu marşrut çərçivəsində tranzit yüklərin daşınmasında da artım qeydə alınıb. “ADY Konteyner”in (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi) məlumatına əsasən, 2022-ci ilin yanvar-aprel aylarında 9000-ə yaxın TEU konteyner daşınıb və bu, ötən ilin dörd ayı ilə müqayisədə 30% çoxdur. Üstəlik, Orta Dəhlizlə Çin-Avropa istiqamətində daşımaların 3 dəfə artması gözlənilir.

 

Vacib gündəm

Təəccüblü deyil ki, Qazaxıstanla Azərbaycan arasında ilin əvvəlindən hökumət və dövlət qurumları nümayəndə heyətlərinin keçirdiyi bütün görüşlər və danışıqlar zamanı nəqliyyat və logistika məsələsi əsas mövzudur. İki ölkə arasında yükdaşımaların dəfələrlə artmasını nəzərə alsaq, tərəflər tranzit yüklərin tariflərinin dəyişdirilməsi ilə bağlı razılığa gəlməli, transsərhəd və gömrük prosedurlarının sadələşdirilməsi aspektlərini müzakirə etməli, vaqon platformalarının alınması və icarəyə götürülməsi məsələsini optimallaşdırmalıdırlar. Üstəlik, onlar Xəzər dənizinin şərq və qərb sahillərinin limanları arasında bərələrin, fider gəmilərin hərəkətinin yeni qrafiklərini nəzərdən keçirməlidirlər.

Bu arada, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın əvvəlində Türkiyəyə ilk rəsmi səfəri zamanı nəqliyyat məsələləri müzakirə olunub. “Biz Türkiyədən keçən nəqliyyat dəhlizlərindən istifadə daxil olmaqla, Çin və Avropaya neft ixrac marşrutlarını şaxələndirməyə başlamışıq. Neft kəmərlərinin ötürmə qabiliyyətinin artırılması, Aktau və Kurık dəniz limanlarının modernləşdirilməsi üzrə işlərə başlanılıb. Dəyişən geosiyasi vəziyyətlə əlaqədar olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu dəhlizinin rolu əhəmiyyətli dərəcədə artıb. Kurık dəniz limanı bu marşruta qoşulduqdan sonra Xorqosdan İstanbula yüklərin daşınma müddəti 5 dəfə - 60 gündən 13 günə qədər azalıb”, - Qazaxıstan prezidenti Türkiyə səfəri zamanı bildirib.

Son zamanlar aydınlaşır ki, Qazaxıstan siyasi və iqtisadi strategiyasını təkcə Rusiya istiqaməti ilə məhdudlaşdırmaq niyyətində deyil. O, Türkiyə və Aİ ölkələri ilə əlaqələri gücləndirməklə nəqliyyat və ticarət istiqamətlərini şaxələndirməyə çalışır. Əlbəttə ki, bu tendensiya Nur-Sultanın Bakı ilə yaxınlaşmasını nəzərdə tutur. Belə ki, Azərbaycan Qazaxıstan üçün Qərb bazarı ilə ticarəti genişləndirmək üçün optimal “dəniz qapısı”na çevrilir. Görünən odur ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana planlaşdırılan səfəri zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun nəqliyyat potensialının genişləndirilməsi mövzusu da müzakirə ediləcək.

Bundan başqa, Bakıda bir sıra sənədlərin, həmçinin 2026-cı ilə qədər ikitərəfli əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın və ticari-iqtisadi əməkdaşlıq haqqında yeni hökumətlərarası sazişin imzalanması planlaşdırılır. Bu məqamda qeyd edək ki, iyulun 4-5-də Nur-Sultanda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 18-ci iclası keçiriləcək. Əlbəttə, bu iclasın gündəliyində olan əsas mövzulardan biri iki ölkə arasında nəqliyyat və logistika sahəsində əlaqələrinin genişləndirilməsi olacaq. Bundan əlavə, hökumətlərarası komissiyanın iclasında ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın aspektləri, həmçinin biznes sahəsində istifadə olunmamış resurslar müzakirə ediləcək.

Beləliklə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyu yükdaşımaların genişləndirilməsi Azərbaycanla Qazaxıstan arasında ticarət əlaqələrində lokomotiv rolunu oynayacaq. Bu, ölkələr arasında ticarət dövriyyəsinin artmasına, həmçinin investisiya sahəsində əməkdaşlığın genişlənməsinə, qeyri-neft sektorunda yeni birgə layihələrin həyata keçirilməsinə səbəb olacaq. Qazaxıstanlı tərəfdaşların hesablamalarına əsasən, 2022-ci ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artaraq 100 milyon dollara çatıb. Üstəlik, ilin sonuna qədər bu göstərici 500 milyon dollara çata bilər. Yaxın gələcəkdə isə onun bir milyard dollara çatdırılması planlaşdırılır. Bu məqsədə nail olmaq üçün isə ticarət imkanlarını keyfiyyətcə genişləndirmək, qeyri-neft sektorunun müxtəlif sahələri üzrə çox sayda sahibkarı xarici iqtisadi əlaqələr prosesinə cəlb etmək lazımdır.

Xüsusilə, ortamüddətli perspektivdə Bakı və Nur-Sultan telekommunikasiya və kosmik sektorlarda əməkdaşlığı genişləndirəcək. Belə ki, Xəzər dənizinin dibi ilə uzunluğu, təqribən, 380-400 kilometr olan optik kabelin çəkilməsi işləri sürətləndirilib. Bundan əlavə, iki ölkənin kosmik operatorları – “Azərkosmos” və “Qarış Saparı” arasında kosmik sahədə birgə layihələrin həyata keçirilməsi və peyk resurslarından qarşılıqlı istifadə haqqında saziş imzalanıb.

Qazaxıstan Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yeni taxıl terminalının tikintisi layihəsində maraqlıdır. Bu təşəbbüs taxılın tranzitində böyük rol oynaya bilər. İki ölkə arasında bu sahədə əməkdaşlıqla bağlı təcrübə də var. 2007-ci ildən Qazaxıstan taxılının tədarükü üçün Bakı dəniz limanında Azərbaycan-Qazaxıstan “Bakı taxıl terminalı” Birgə Müəssisəsi fəaliyyət göstərir. Qazaxıstanlı tərəfdaşlar isə öz növbəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi üçün podrat müqavilələri üzrə işlərdə iştirak etməyə hazırdırlar. Onlar hətta yaxın perspektivdə aqrar-sənaye layihələrinə investisiya belə qoya bilərlər.



MƏSLƏHƏT GÖR:

150