24 Noyabr 2024

Bazar, 16:34

SU İXTİLAFI

Yaxın Şərqdə içməli su ilə bağlı qarşıdurmalar haqqında nə bilirik?

Müəllif:

15.06.2022

İran və Türkiyə arasında içməli su mövzusunda növbəti dəfə gərginlik yaranıb. Əslində, şirin su mövzusunda mübahisələr bu regionda yeni deyil. Son 60 ildə Yaxın Şərq və Şimali Afrika ölkələri arasında gərginlik müharibə təhlükəsi həddinə çatıb. Lakin mütəxəssislərin bədbin proqnozlarına əsasən, qarşıdakı illərdə Yaxın Şərq ölkələrində adambaşına düşən su ehtiyatı, təxminən, 3 dəfə azalacaq. Başqa sözlə, hazırda dünyada içməli su problemi olan 17 ölkədən 11-i Yaxın Şərqdə yerləşir.

Təbii ki, regionun digər ölkələri ilə müqayisədə Türkiyənin içməli su ehtiyatları baxımından vəziyyəti daha yaxşıdır. Yaxın Şərqin bir çox iri şirin su mənbələri, o cümlədən, Dəclə, Fərat, Kür, Araz kimi çayların mənbəyi Türkiyə ərazisindən başlayır. Lakin hər il su ehtiyatlarının azalması və üstəlik, tələbatın artması region ölkələrini onsuz da məhdud olan mənbələrdən daha çox istifadə etməsinə səbəb olur.

 

İranın narahatlığı

Təbii ki, bu vəziyyət qonşu ölkələrdə narahatlıq və narazılıq doğurur. Belə ki, mayın ortalarında İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ölkə parlamentində Türkiyə ilə yaranan su anlaşmazlığını müzakirə etməsi mövzunun ciddi xarakter aldığını göstərir. İran mediasında son aylarda Türkiyənin Dəclə və Araz çayları üzərində inşa etdiyi yeni bəndlərin ölkənin içməli su ehtiyatlarını azaltdığı barədə xəbərlər çıxmağa başlayıb.

Abdullahiyan isə parlamentdəki çıxışında açıq şəkildə bildirib ki, İran Türkiyənin yeni su bəndləri inşa etməsinə qarşıdır. “Mehr” agentliyinin məlumatına əsasən, İran XİN rəhbəri çıxışında bəyan edib ki, “dost və qonşu Türkiyənin bənd tikməsi qəbuledilməzdir, çünki bu, regionda ekoloji tarazlığı pozacaq, xalqımız və bütövlükdə region üçün ciddi problemlər yaradacaq, həm də ölkəmizə daxil olan şirin suyun miqdarını xeyli azaldacaq”.

Rəsmi Tehran hesab edir, Türkiyənin Dəclə çayı üzərindəki İlisu bəndi İraqa daxil olan suyun həcminin 56% azalmasına səbəb olacaq. Bu da İran və İraqda kənd təsərrüfatının və ətraf mühitin vəziyyətini ciddi şəkildə pisləşdirəcək.

İranlı nazirin sözlərinə görə, məsələ ilə bağlı Türkiyə XİN-lə son 8 ayda azı 3 dəfə müzakirə aparılıb. Həmçinin o, birgə su komissiyasının qurulacağını, yaxın zamanlarda Türkiyədən mütəxəssislərdən ibarət heyətin İrana səfər edəcəyini bildirib. 

Bu arada, dünyada suvarma əkinçiliyinin bünövrəsinin qoyulduğu İraq torpaqları da Türkiyədən axan Dəclə və Fərat çaylarından asılıdır. Lakin quraqlıq və su ehtiyatlarının azalması, paralel olaraq tələbatın artması İraqda su problemini ildən-ilə daha da dərinləşdirir. Hazırda İraqın şirin su tələbatının əksər hissəsini Dəclə və Fərat çayları təmin edir.

Bundan başqa, İraqın şimalında, yəni Süleymaniyə bölgəsində və cənubda Bəsrə vilayətindəki şirin su mənbələri İran ərazisindən gələn çaylardan təmin olunur. Əsasən əkinçiliyin geniş yayıldığı Diyalə əyalətində də şirin suyun əksər hissəsi İrandan gəlir. Xatırladaq ki, 2018-ci ildə Bəsrədə şirin su çatışmazlığı İran əleyhinə böyük etirazlara və bu dövlətin konsulluğunun yandırılmasına səbəb olmuşdu.

Qeyd edək ki, Diyalə, Kərki, Karun, Vind kimi çayların əsas mənbəyi İranın Zaqros dağlarından başlayır və İraq ərazisində Dəclə çayına qarışır. Ümumilikdə, İran ərazisindəki çaylardan İraqa il ərzində 70 milyard kubmetr su axır və bu, onun suya olan tələbatının 35%-ni təmin edir. Bu səbəbdən də, Dəclə çayında suyun azalması, İraqda Türkiyə ilə yanaşı, İrana qarşı da narazılığa səbəb olur. Hətta İraq hökuməti İranı məhkəməyə verəcəyi ilə hədələyib. Başqa sözlə, İraqda suyun azalması həm də İran üçün ciddi problemə səbəb olur.

İraq Dəclə və Fərat çaylarının suyundan daha çox faydalanmaq üçün bir çox su bəndləri inşa edib. Bunların ən böyüyü 1986-cı ildə Dəclə çayı üzərində inşa olunmuş Mosul su bəndidir. Bu, İraqda ən böyük su anbarıdır. Fərat çayı üzərində həmin ildə inşa olunmuş Hadisə su anbarı isə ikinci ən böyük su anbarıdır.

Lakin çaylar quruduqca ölkənin suya olan tələbatını ödəmək getdikcə çətinləşir. Onun narazı qonşularının da vəziyyəti yaxşı deyil. Belə ki, regionun ən böyük ölkələrindən biri olan İran həm də böyük kənd təsərrüfatı ölkəsidir. Onun kənd təsərrüfatı sahələri əsasən suvarma suyu ilə becərilir. İranın yalnız Xəzər dənizi sahilindəki kiçik ərazisi yağış suyu ilə suvarılır.

Üstəlik, ildən-ilə suya tələbatın artması və son 4 ildə davam edən quraqlıq İranda içməli su problemini daha da aktuallaşdırıb. Məsələn, bu il ərəblərin kompakt yaşadığı Əhvazda baş verən su etirazları ciddi qarşıdurmalara səbəb olub.

İran çoxlu çayları olan dağlıq ölkədir. Ölkədə çayların suyundan əkinçilikdə istifadə etmək üçün 192 su anbarı inşa olunub. Amma tələbatın artması və xüsusən də son 20 ildə yağıntının miqdarının 20%-ə qədər azalması ölkədə ciddi su problemi yaradıb. Urmiya gölünün quruması da İranın böyük hissəsi üçün ciddi su böhranına səbəb olub.

 

 

Su yoxdur, toz qalxıb

İran mətbuatının məlumatına əsasən, bəndlər üzündən yaranan quraqlıq toz buludlarına səbəb olur. Məlum olduğu kimi, son aylarda Türkiyə, İran və İraq ərazisində çoxlu sayda toz buludları görünüb və bu, hər 3 ölkədə, eləcə də digər region ölkələrində böyük ziyana səbəb olub.

Hələ 2017-ci ildə qum və toz fırtınaları ilə mübarizə üzrə Beynəlxalq Konfransda İranın ozamankı prezidenti Həsən Ruhani ad çəkmədən Türkiyəni hədəfə almışdı. Ruhani iddia edirdi ki, qonşu ölkədə (Türkiyədə) inşa olunan 22 yeni su anbarı Dəclə və Fərat çaylarına ciddi mənfi təsir edir. Nəticədə, bu, İraq və Suriya kimi ölkələrdə quraqlığın artmasına səbəb olur.

Türkiyə isə bu iddiaları əsassız hesab edir. Türkiyə XİN-nin yazılı açıqlamasında iddiaların heç bir elmi əsasının olmadığı, daha çox siyasətçilər tərəfindən ortaya atıldığı qeyd olunub. Həmçinin açıqlamada qum və toz fırtınalarının Afrika və Yaxın Şərqdən başlayan səhra tozu olduğu bildirilib. Bunun da əsas səbəblərindən biri kimi son illərdə artan quraqlıq göstərilir.

 

Hərənin öz su payı

Türkiyə, İraq və Suriya arasında şirin sudan istifadə ilə bağlı razılaşmalar ötən əsrin ortalarında əldə olunub. Lozanna müqaviləsinin sonradan əlavə olunmuş 109-cu maddəsinə əsasən, su ehtiyatlarından istifadə zamanı 3 ölkə (Türkiyə, İraq və Suriya) bir-birinin maraq və mənfəətlərini nəzərə almalı və buna əsasən razılaşmalar imzalamalıdır. Doğrudur, bu günə qədər məhz Lozanna müqaviləsi çərçivəsində su sazişi imzalanmasa da, ilk dəfə 1946-cı ildə Türkiyə-İraq dostluq müqaviləsinin bir nömrəli protokolunda qeyd olunur ki, Fərat və Dəclə çayları və onların qolları daxil olmaqla, çayların üzərində qurulan bəndlər hər iki ölkə üçün faydalı olmalı və Türkiyə inşa edəcəyi bəndlərlə bağlı İraq tərəfini məlumatlandırmalıdır.

Sonrakı illərdə Türkiyənin Fərat çayı üzərində inşa etdiyi Keban, daha sonra Karakaya və Atatürk su anbarları Türkiyə-İraq və Türkiyə-Suriya arasında siyasi anlaşılmazlığa səbəb olsa da, sonradan ölkələr dil tapa bilib. 1987-ci ildə Türkiyə və Suriya arasında imzalanan razılaşmaya əsasən, Türkiyə Suriya ərazisinə Fərat çayına saniyədə 500 kubmetr su buraxmağı öhdəsinə götürür. Hazırda Ankara bu razılaşmaya əməl etdiyini bildirir.

Eyni şəkildə İraq ərazisinə isə saniyədə 350 kubmetr su buraxılması öhdəliyi icra olunur. Xatırladaq ki, vaxtilə tərəflər su ehtiyatlarının bölünməsi barədə razılığa gələn zaman Fərat çayının ümumi həcmi 52,92 milyard kubmetr idi. Bunun 18,42 milyard kubmetri - 35%-i Türkiyənin, 11,50 milyard kubmetri – 22%-i Suriyanın, 23 milyard kubmetri isə İraqın payına düşür.  

Amma Türkiyə tərəfinin rəsmi məlumatına əsasən, hazırda  Fərat çayının illik su potensialı cəmi 35,58 milyard kubmetrdir. Yəni bu çay 17,3 milyard kubmetr azalıb və ölkələr arasında fikir ayrılığına səbəb olub.

Dəclə çayı ilə bağlı da oxşar vəziyyət mövcuddur. Lakin mövcud rəqəmlərə əsasən, Türkiyə ildə Dəclədən 6,87 milyard kubmetr, yəni 13%, İraq 45 milyard kubmetr, yəni 83%, Suriya isə 2,60 milyard kubmetr, yəni 4% paya iddia edir. Bu, ümumilikdə, 54,47 milyard kubmetr deməkdir. Amma Dəclənin mövcud su potensialı cəmi 48,67 milyard kubmetrdir. Yəni, 5,80 milyard kubmetr su əskikliyi var və bu, ölkələr arasında anlaşılmazlığa səbəb olur.

Nəticə etibarilə region ölkələrində şirin su böhranının xeyli dərəcədə ciddi olduğu və ən pisi də bu problemin qarşıdakı illərdə daha da dərinləşəcəyi göz önündədir. Çünki həm regionda davam edən quraqlıq, qlobal istiləşmənin gətirdiyi fəsadlar və ölkələrdə suya tələbatın kəskin şəkildə artması böhranın həm də təbii səbəbləridir. Hazırkı şərtlərdə region ölkələrinin suyun real ölçülər əsasında yenidən ədalətli bölünməsinə ehtiyac var. Amma bu, bütövlükdə problemin həlli demək deyil, çünki mövcud su ehtiyatları artıq ölkələrə kifayət etmir və suyun həcmi ildən-ilə azalır. Demək, həm də yeni su ehtiyatlarının əldə olunması üçün işlər görülməlidir. Əks təqdirdə, qarşıdakı illərdə Yaxın Şərq suyun neftdən baha olduğu region kimi tarixə düşəcək.



MƏSLƏHƏT GÖR:

142