24 Noyabr 2024

Bazar, 15:50

QARABAĞ: «QƏRARIN QƏBULU NÖQTƏSİ»

Nikol Paşinyanın postmünaqişə nizamlanması prosesini başa vurmağa siyasi iradəsi çatacaqmı?

Müəllif:

15.06.2022

«Danışıqlar 2.0». Yəqin ki, Qarabağ diplomatiyasının hazırkı mərhələsini ən dəqiq belə ifadə etmək olar. Müharibədən ilyarım sonra «ağırlıq mərkəzi» yenidən diplomatik müstəviyə keçib. İki əsas vasitəçilik mərkəzi olan Moskva ilə Avropa İttifaqı iki paytaxtdan, yəni Bakı və İrəvandan müsbət siqnallar aldıqlarını bildirirlər. Bununla yanaşı, prosesə səthi nəzər saldıqda belə, danışıqlarda gündəliyi Azərbaycanın müəyyənləşdirdiyi görünür.

 

Lavrov nədən danışıb?

Bu yerdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana iyunun 9-da etdiyi səfər düşündürücüdür. O, Ermənistanda mətbuata həmkarı Ararat Mirzoyanla birgə açıqlamasında deyib: «Əminəm ki, münasibətlərin normallaşdırılmasının başqa yolu yoxdur. Sülh müqaviləsi Azərbaycanın təqdim etdiyi təkliflərə əsaslanır və Ermənistan o təkliflərə cavab olaraq öz baxışlarını ortaya qoyub. İndi proses bu iki sənəd nəzərə alınmaqla aparılır və biz bu işdə vasitəçi kimi iştirak etməyə hazırıq».

Daha konkret danışsaq, Lavrovun da dediyi kimi, artıq kommunikasiyaların açılması, həmçinin sərhədlərin delimitasiyası üzrə üçtərəfli komissiyanın işində də irəliləmə başlayıb. Bu isə danışıqların məhz Azərbaycanın müəyyənləşdirdiyi gündəlik üzrə getdiyini təsdiqləyən daha bir sübutdur: sərhədlərin delimitasiyası və demarkasiyası avtomatik olaraq kommunikasiyaların, ilk növbədə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası kommunikasiyaların bərpası və bu işlərin «Qarabağın statusu»na hər hansı eyham olmadan həyata keçirilməsi deməkdir. Lavrovun hərtərəfli sülh müqaviləsindən başqa yolun olmadığına dair bəyanatı isə münaqişənin başa çatdığını hələ də qəbul etmək istəməyən İrəvan üçün «soyuq duş» sayıla bilər.

Bəli, Lavrovun bu bəyanatı İrəvanın arzularını darmadağın edir. Bundan başqa, rusiyalı nazir erməni jurnalistlərin bu ilin martında Fərrux kəndində baş vermiş hadisələrlə bağlı sualına da kifayət qədər qeyri-müəyyən cavab verib. O, Azərbaycanı nədəsə ittiham etməyib, həmin kənd və oradakı yüksəkliklərin sülhməramlıların (xüsusən də qanunsuz erməni birləşmələrinin) nəzarətinə qaytarılmalı olduğuna dair heç nə deməyib. İrəvanın vasitəçilər arasındakı rəqabət baxımından Moskvanın qısqanclıq hissi ilə oynamaq niyyəti də iflasa uğrayıb. İndi onlara yalnız İrəvan küçələrində Putin və Lavrovun ünvanına ədəbsiz sözlər qışqıraraq mitinqlər keçirmək qalır.

Bəs bu «soyuq duş» postmünaqişə nizamlanması prosesinin irəli aparmasına kömək edəcəkmi və Paşinyanın bu prosesi irəli aparmağa qətiyyəti və siyasi iradəsi çatacaqmı?

 

İrəvanda etirazlar və Xankəndi «badalağ»ı

Bu yerdə yenə də Ermənistandakı daxili siyasi vəziyyətə nəzər yetirmək lazımdır. Ölkədə etiraz aksiyaları davam edir. Doğrudur, etirazçılar küçələrə ciddi insan kütləsi çıxara bilmir. Onların müxalif «Ermənistan» və «Şərəfim var» fraksiyalarının liderlərinin (müvafiq olaraq Robert Koçaryan, Artur Vanetsyan və keçmiş «respublikaçılar») KTMT PA-nın iclasına qatılmaq üçün İrəvana səfər etmiş Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ilə görüşünün təşkili niyyətləri də baş tutmayıb. Lakin etirazlara heç bir əhəmiyyət verməmək də olmaz. Üstəlik, İrəvan «Qarabağ klanı»nın etirazlarına Xankəndidən də dəstək gələ biləcəyi fikrinə də «etinasız» yanaşa bilmir. Yeri gəlmişkən, orada artıq ehtiyatla da olsa mitinqlər təşkil olunur. Ən başlıcası isə Xankəndidə yaraqlı dəstələri hələ də tərksilah edilməyib. Bakı onları tam haqlı olaraq, təhdid amili sayır. Halbuki onlar daha çox Nikol Paşinyana təhlükə yarada bilər. Araik Arutunyanın yaxın ətrafı isə bir şeyi anlamaya bilməz: postmünaqişə nizamlanması prosesi onların strukturlarının mövcudluğuna da son qoyacaq.

Bəli, erməni millətindən olan vətəndaşlarının hüquq və təhlükəsizliyinə zəmanət verir, lakin bu, Araik Arutunyana, Artak Beqlayanyana və onlarla birlikdə olanlara cəzasızlıq zəmanəti demək deyil. Odur ki, burada nəinki Brüssel və Moskvaya, həm də Nikol Paşinyana badalaq vurmaq arzusunda olanlar tapıla bilər.

 

İrəvan seçim qarşısında

Açıq desək, Ermənistan hökuməti kifayət qədər birmənalı vəziyyətdə deyil. Belə vəziyyətdə «miatsum» planlarının üzərindən xətt çəkəcək, münaqişəyə nöqtə qoyacaq, sərhədlərin tanınmasına zəmanət verəcək, həmçinin Azərbaycana ərazi iddialarından imtinanı rəsmiləşdirəcək sənədi imzalamağa hazır deyillər. 44 günlük müharibənin «isti izləri» ilə Ermənistan ictimaiyyətində, həmçinin elitasında sülhməramlıların nəzarətindəki ərazilərdə separatçılığın yenidən canlanacağına ümidlər var idisə, indi onlar Ermənistanın Azərbaycanla hansı şərtlərlə barışmalı olduğunu dərk edirlər. Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyanı bu yaxınlarda Qarabağda piketçilər qarşılayıb. Onlar səfirdən «Artsaxın Azərbaycanın tərkibində olmayacağını» bildirməsini tələb etsələr də, səfirdən tələb etdikləri fikri eşidə bilməyiblər. Paşinyana yaxın «Telegram» kanalları məsələni belə şərh edir: «Deyə bilərsinizmi?» nə deməkdir? Elə bilirsiniz, bunu demək çətindir? Şəxsən sizin üçün çətinlik və təhlükə olsaydı, belə qışqırmazdınız! Yox, Marukyan, sən de. Amma əvvəlcə tələb edənlərin üzünü qeydə al, xəbərdarlıq et ki, tələbə əməl olunacağı halda nəticələrə görə cavabdeh şəxsən onlar olacaqlar və bu hala Artsaxdan İrəvandakı mənzillərinə və ya başqa yerlərə qaça bilməyəcəklər!» İrəvanda artıq anlayırlar ki, «Qarabağ Ermənistandır və nöqtə» kimi təsirli fikirlərin dönəmi bitib və artıq bu təcrübəni təkrarlamaq istəmirlər. Lakin Ermənistanın baş prokuroru Artur Davtyanın və ya elə Marukyanın özünün Xankəndiyə təxribatçı səfərləri Ermənistanın hələ də əsl sülhə hazır olmadığını göstərir. Hələlik onlar özlərini elə aparırlar ki, həm dialoqu pozmaq ittihamlarına əsas verməsinlər, həm də real danışıqlar aparmasınlar.

 

«Dejavü» reallıqlara qarşı

Məsələnin diplomatiya ilə ictimai psixologiyanın kəsişməsində yerləşən daha bir tərəfi var. Hazırkı vəziyyəti təhlil edərkən, ilk növbədə, Azərbaycan tərəfi üçün xoş olmayan tarixi təcrübəyə əsaslanan skeptizm yaşamamaq çətindir. Azərbaycanda 44 günlük müharibəyədək ötən atəşkəs dövründə 25 ildən artıq aparılmış danışıqları yaxşı xatırlayırlar. Bəli, vasitəçilərin nikbin bəyanatları postmünaqişə nizamlanmasında tezliklə irəliləyişlərə nail olunacağının anonsu kimi qəbul edilə bilər. Lakin vasitəçilər ilk diplomatik fazada da ATƏT-in Minsk qrupunun timsalında «irəliləyişlər»dən, «danışıqların uğurlu keçməsi»ndən, «mövqelərin yaxınlaşması»ndan və s. çox danışıblar. Lakin bu, əsas hədəfə nail olunmasına – erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına və status-kvonun dəyişməsinə səbəb olmayıb. Başqa sözlə, sonda məhz skeptiklər haqlı çıxıb…

Bu gün danışıqların yeni fazası gedir və bu, yenə də konfidensial baş verir. Belə bir vəziyyətdə adamı bir sual düşündürməyə bilməz: «Danışıqlarda həqiqətən irəliləyiş var, yoxsa bu, növbəti 30 illik süründürməçilikdir?».

Danışıqların ilk fazası ilə paralellər tamamilə şərtidir. Azərbaycan özü üçün ən ağrılı məsələni həll edib – Ermənistanın işğalı altındakı ərazilər azad olunub. Bununla yanaşı, Bakı sərhədlərin delimitasiyası prosesini təkbaşına həyata keçirmək iqtidarında olduğunu da dəfələrlə nümayiş etdirib. Qarabağda vəziyyətin «dondurulması» imkanlarını da doğru qiymətləndirmək lazımdır: əvvəlki təcrübədən fərqli olaraq, sülhməramlılar bölgəyə müddətsiz yerləşdirilməyib. İqtisadiyyat isə öz reallıqlarını diktə edir: təcridin davam etməsi, sərhədlərin bağlı qalması Ermənistana çox baha başa gəlir. Demək, Paşinyan gec ya tez prosesi bu dəfə də diplomatik kapitulyasiya ilə bitirməli olacaq. Güman ki, tez…



MƏSLƏHƏT GÖR:

161