24 Noyabr 2024

Bazar, 16:09

AZƏRBAYCAN XƏBƏRDARLIQ EDİR

Ermənistan postmünaqişə nizamlanması üzrə danışıqları uzatmamalıdır

Müəllif:

01.07.2022

Qarabağda postmünaqişə nizamlanması ətrafında diplomatik fəallıq yüksək olaraq qalır. İndi əsas hadisələr Rusiya trekində cərəyan edir. İyunun sonunda bu ölkənin xarici işlər naziri Sergey Lavrov iki günlük rəsmi səfərlə Bakıda olub. Bu, bir sıra aspektlərdən maraqlı səfər kimi qiymətləndirilə bilər…

 

Moskva təşəbbüsü ələ alır

Son aylar postmünaqişə nizamlanması ilə bağlı əsas hadisələr «Brüssel meydançası»nda gedirdi və bu, məlum səbəblərdən Moskvanın xoşuna gəlmirdi. Rusiya XİN başçısının əvvəl İrəvana, ardınca isə Bakıya səfəri bir çox əlamətlərinə görə Moskvanın təşəbbüsü ələ almaq, vasitəçilikdə monopoliyanı olmasa da, liderliyi geri qaytarmaq cəhdidir.

Lakin Lavrovun səfəri göstərib ki, Rusiya ilə Aİ-nin vasitəçilik təşəbbüsləri arasında xüsusi fərq yoxdur. Demək, tərəflərdən hər birinin «öz vasitəçisi»ndən «yapışacağı» təhlükəsi də yoxdur. Sergey Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib ki, «Moskva üç lider arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci ildə imzalanmış hər üç sənədin reallaşdırılmasına bütün lazımi köməyi göstərməyə hazırdır. Bizim qiymətləndirmələrimizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətində də müəyyən irəliləyişlər var».

Səfər zamanı sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə də xüsusi diqqət ayrılıb. Lavrov bildirib ki, Rusiya «Azərbaycan-Ermənistan sərhədinin digər razılaşmalara uyğun delimitasiya və demarkasiyası məqsədilə yaradılmış iki komissiyanın fəaliyyətinə konsultasiya dəstəyini göstərməyə də hazırdır. Bununla bağlı, konkret təkliflər var». Sonradan rusiyalı nazir sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işçi qrupun Moskvada toplanacağını da deyib: «Bu görüşün Moskvada, bizim ərazimizdə keçirilməsi razılaşdırılıb. Hazırda hər iki tərəf üçün uyğun olacaq vaxtın müəyyənləşdirilməsi ilə məşğuluq. Mən tərəflərin fikirlərini dəyişdiyini, bu işdə iştirak etmək istəmədiyini göstərən siqnallar görmürəm».

Sergey Lavrov Rusiyanın bərpa işlərində iştirak etməkdə maraqlı olduğunu da bildirib. Nəhayət, nazir deyib ki, «Minsk qrupu artıq mövcud deyil». Bununla yanaşı, Lavrov «postmünaqişə nizamlanması» ifadəsini də işlədib ki, bu da onun münaqişənin arxada qaldığını bildirən Azərbaycanın mövqeyinə istinad etdiyini göstərir. Bir sözlə, indi Rusiya ilə Avropa İttifaqı İrəvanı birmənalı olaraq, Azərbaycanın müəyyənləşdirdiyi gündəlik üzrə işləməyə sövq edir: sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, sülh sazişi.

 

«Diplomatik təlaş»

Sergey Lavrovun Bakı səfərinin Ermənistanda təşvişə yaxın əhval yaratması təəccüblü deyil. Doğrudur, onlar Rusiyadakı siyasi tok-şoulardan birinin iştirakçısının dediyi kimi, «Moskvanın dünyaya ermənilərin gözü ilə baxmağı düşünmədiyini» anlayırdılar. Amma bu cür «bütün istiqamətlərdə iflas» hər halda, gözlənilməz olub. Rusiyalı nazir Bakıda ermənilərin hər hansı tələb və ya iddiasını dilə belə, gətirməyib ki, bu da İrəvanı məyus etməyə bilməz. Bundan başqa, Lavrov «postmünaqişə nizamlanması» ifadəsini işlədib, bu zaman «Dağlıq Qarabağ» sözünü dilə gətirməyib, üstəlik, Azərbaycanın postmünaqişə nizamlanması ilə bağlı təşəbbüslərini yüksək qiymətləndirib. Nəticədə, hiddətlənən ermənilər az qala bütün günahları Lavrovun üzərinə atmağa başlayıb. Əvvəlcə bu ittihamlar özünü qeyri-rəsmi ekspertlər səviyyəsində göstərib. Sonradan isə məsələyə şəxsən Ermənistanın baş naziri Nikol Paşinyan münasibət bildirib. O, Lavrovun bəyanatlarını «qəribə» adlandırıb, Rusiya prezidenti ilə görüşündə Minsk qrupu haqda danışdıqlarını xatırladıb.

İrəvanda bu məsələni xatırlamağı, o haqda danışmağı çox sevmirlər. Lakin 44 günlük müharibədən sonrakı ilk həftələrdə Rusiyanın moderatorluğu ilə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verilmişdi. O zaman prosesin nəticələri Azərbaycan üçün çox qaneedici, Ermənistan üçün isə əsl fəlakət idi. Çünki bu halda İrəvan istər Sovet İttifaqı illərində, istərsə də Qarabağın işğalı zamanı qanunsuz olaraq özünə birləşdirdiyi böyük əraziləri Azərbaycana qaytarmaq məcburiyyətində qalır. Odur ki, məhz İrəvan bu işdə Rusiyanın moderatorluğunu pozmaq üçün əlindən gələni edirdi. Nikol Paşinyan gah «qoşunların qarşılıqlı şəkildə geri çəkilməsini» təklif edir, gah «beynəlxalq sülhməramlılar»dan danışır, gah da başqa təkliflər irəli sürürdü. Rusiyanın moderatorluğu yenidən üzərinə götürdüyü indiki halda isə Paşinyan yenidən pis vəziyyətdə qalıb. Odur ki, Ermənistanın siyasi rəhbərliyini bürümüş təşvişi anlamaq mümkündür. İrəvanda başa düşürlər ki, sərhədlərin delimitasiyası və demarkasiyası, üstəlik, sülh sazişinin imzalanması Qarabağa iddialara birdəfəlik nöqtə qoyacaq.

Bütün bunların fonunda İrəvanda revanşistlərin mitinqləri getdikcə zəifləyir, fəallıq azalır. Artıq onlar da etiraf edirlər ki, ətraflarına lazımi sayda tərəfdar toplaya bilmirlər. Odur ki, Paşinyana öz silahlı ilə hücum etmək cəhdi baş tutmayıb. Bəs bu uğursuzluğun əsas səbəbkarı kimdir? Revanş ideyasının qəbul olunmaması, yoxsa «Qarabağ klanı»nın sevilməməsi? Sual açıq qalır. Ermənistan 100 ildən artıqdır ki, Türkiyənin Şərqi Anadolu bölgəsinə iddiasından əl çəkmir. Nəticədə, İrəvan son dərəcə hiyləgər, incə sayılacaq taktikaya üstünlük verir: real danışıqları pozmaq, Minsk qrupunun dialoqa qaytarılması tələbi, qəbulu mümkün olmayan iddialarla çıxış etmək və s. Başqa sözlə, ermənilər danışıqları uzatmaq, həlledici razılaşmaları imzalamaqdan yayınmağa, bununla yanaşı, guya dialoqa hazır olduğu görüntüsü yaratmağa çalışır, bu məqsədlə rəsmi ritorikanı yumşaldır. Hər halda, Ermənistan prezidenti Vaahn Xaçatryan artıq kameralara «Artsaxın Azərbaycanın tərkibində olmayacağı» fikrini söyləməkdən çəkinir. Amma təəssüf ki, bu ritorika dəyişikliyinin arxasında real nizamlanmaya hazırlıq durmur.

 

Rusiyanın təşəbbüsü və Azərbaycanın xəbərdarlığı

İndi, əlbəttə ki, postmünaqişə nizamlanmasında davam edən pauzaya son qoyulması üçün ciddi şans var. Moskva üçün Brüssellə münasibətlərdə davam edən çətinliklər fonunda nizamlanma prosesini irəli aparmaq, Cənubi Qafqaza təsir rıçaqlarının daha çox kimdə olduğunu göstərmək çox yerinə düşər. Bundan başqa, istər Moskvada, istərsə də Bakıda yaxşı anlayırlar ki, vasitəçi kimi, Rusiya Aİ ilə müqayisədə daha ciddi üstünlüklərə malikdir. SSRİ dövründə Baş qərargahda olmuş hərbi xəritələr məhz Moskvanın əlindədir. Respublikaların sərhədləri məhz həmin xəritələrdə yüksək dəqiqliklə qeyd olunur. Güman ki, Lavrov ölkəsinin Azərbaycan və Ermənistana «konsultasiya xidmətləri» göstərməyə hazır olduğunu dedikdə, məhz bunu nəzərdə tutub. Bununla yanaşı, Ermənistanın dəmir yolları Rusiyaya məxsusdur və bu da kommunikasiyaların açılması məsələsində Moskvaya əlavə üstünlüklər verir. Nəhayət, Moskva Ermənistanın siyasətini çox effektiv şəkildə «hamarlaya» bilər.

Bu arada, son həftələrdə Azərbaycan yenidən Ermənistanın ünvanına sərt xəbərdarlıqlar səsləndirməyə başlayıb. Əvvəlcə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov danışıqların süni şəkildə uzadılmasının ciddi risklər yaratdığını bildirib. Ardından isə Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hissəyə döyüş bayrağının verilməsi mərasimində deyib ki, Ermənistan sərhədlərin müəyyənləşdirilməsi məsələsində yenidən köhnə taktikasına əl atarsa, vaxtı uzatmağa çalışarsa, peşman olacaq. «Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: «Dəmir yumruq» yerindədir, bunu heç kim unutmasın», - deyə dövlət başçısı qeyd edib.

Demək, Azərbaycan Ermənistanın məsələni daha 30 il uzatmasına imkan verməyəcək.



MƏSLƏHƏT GÖR:

153