Müəllif: Akramjon NEMATOV, Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu direktorunun birinci müavini, Mirəziz MİRUMAROV, Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun
İllər ötdükcə Özbəkistan-Azərbaycan münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə keçir, daha dərin strateji məzmun qazanır, qarşılıqlı səmərəli əməkdaşlıq üçün yeni perspektivlər açılır. Belə əməkdaşlıq üçün əsas rolu 130-dan artıq dövlətlərarası, hökumətlərarası və qurumlararası sazişlərə söykənən miqyaslı hüquqi baza oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin Özəkistana bu ölkənin rəhbəri Şavkat Mirziyoyevin dəvəti ilə baş tutmuş dövlət səfəri də dostluq və qarşılıqlı anlaşma atmosferində keçib. Bu səfər, şübhəsiz ki, Özbəkistan-Azərbaycan əlaqələrinin güclənməsinə böyük impuls olacaq, qarşılıqlı inama, hörmət və dəstəyə əsaslanan münasibətləri daha da gücləndirəcək.
Heydər Əliyevin qoyduğu təməl
Özbəkistanla Azərbaycan arasında belə isti, həqiqətən, qardaş münasibətləri, şübhəsiz ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş güclü təmələ söykənir. İki ölkə arasındakı münasibətləri davamlı inkişaf yoluna məhz Heydər Əliyev çıxarıb. Məhz onun dövründə nəinki əməkdaşlığın geniş hüquq-müqavilə bazası və institusional əsasları yaradılıb, həm də xalqlarımız və dövlətlərimiz arasında etibarlı, dostluq münasibətləri qurulub. Təsadüfi deyil ki, İlham Əliyevin Özbəkistana səfərinin əsas hadisələrindən biri Heydər Əliyevin adını daşıyan küçə və meydanın, həmçinin ümummilli liderin şərəfinə xatirə barelyefinin açılışı olub. Bu, Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevə dərin hörmət, onun iki ölkə arasındakı münasibətlərin qurulmasındakı roluna verilən yüksək qiymətdir.
Şübhəsiz ki, iki ölkə arasında hərtərəfli və sıx münasibətlərin inkişafına Özbəkistan və Azərbaycan xalqlarının mədəni-tarixi yaxınlığı da öz təsirini göstərir. Bizim aramızda ümumi milli adət və ənənələrə, dilə, mədəniyyətə, dinə əsaslanan və əsrlərdən gələn əlaqələr var. Odur ki, səfər çərçivəsində iki ölkə liderlərinin türk dünyasının mədəniyyət paytaxtlarından olan Xivə şəhərini də ziyarət etmələri tərəflərin ümumi türk mədəni-tarixi irsinə sadiqliyinin rəmzi sayıla bilər.
İki ölkə münasibətləri Şavkat Mirziyoyev ilə İlham Əliyevin ümumi siyasi iradəsi və birgə səyləri sayəsində daha böyük dəyər qazanır, daha strateji, əslində müttəfiqlik xarakteri alır. Səfər çərçivəsində 18 sənəddən ibarət böyük bir paketin imzalanması da bunu təsdiqləyir. İmzalanmış sənədlər Özbəkistanla Azərbaycanın sənaye, turizm, nəqliyyat-logistika, miqrasiya, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığını daha da inkişaf etdirəcək.
İkitərəfli münasibətlərin gələcək inkişaf vektorunu müəyyənləşdirən əsas əlamətdar və tarixi hadisə isə liderlərin «Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə»ni qəbul etməsidir. Geniş məzmunlu sənəd iki ölkənin, təxminən, 40 istiqamətdə əməkdaşlığını əhatə edir. O, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsini, istehsal kooperasiyasını, nəqliyyat-tranzit potensialından effektiv istifadəni və s. nəzərdə tutur. Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın aktual və perspektivli istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə ali səviyyədə strateji dialoqun qurulması, həmçinin qarşılıqlı maraq doğuran bütün məsələlərlə bağlı mövqelərin koordinasiyası üçün ciddi siyasi iradənin olduğunu təsdiqləyib.
Vacib iqtisadi məzmun
Daşkənddə İlham Əliyevin səfəri ərəfəsində keçirilmiş biznes forumun nəticələri də əməkdaşlığa marağın nə qədər yüksək olduğunu təsdiqləyir. Forumda Özbəkistan və Azərbaycanın istər dövlət orqanlarından, istərsə də işgüzar dairələrindən 100-dən artıq nümayəndə iştirak edib. Bu çərçivədə dəyəri yarım milyard dolları aşan investisiya sazişləri və ticarət müqavilələri, həmçinin iki ölkənin qurumları arasında 10 əməkdaşlıq sazişi imzalanıb. Tərəflər neft-qaz, neft-kimya, enerji, əczaçılıq sahələrində, inşaat materialları, şərabçılıq, ərzaq, toxuculuq məhsullarının, zərgərlik məmulatlarının istehsalında perspektivli layihələrin birgə inkişaf etdirilməsi haqda da razılığa gəlib. Qarşıya qoyulmuş planların reallaşdırılması baxımından xüsusi vacib məqam Özbəkistan Prezidenti Ş.Mirziyoyevin birgə investisiya fondunun yaradılması təklifidir. Fond perspektivli əməkdaşlıq layihələrinin irəli aparılmasına kömək etməlidir. Bununla yanaşı, Özbəkistanın dövlət başçısı iki ölkənin iri şəhərləri arasında tərəfdaşlıq münasibətlərinin qurulması üçün Daşkənddə birinci Regionlar Forumunun keçirilməsini də təklif edib.
Qeyd olunmalıdır ki, Özbəkistanla Azərbaycanın siyasi-iqtisadi əməkdaşlığının hazırkı xarakteri liderlər arasındakı sıx, qarşılıqlı inama əsaslanan dialoqdan qaynaqlanır. Bu, ikitərəfli əlaqələrin qısa vaxtda ciddi şəkildə genişləndirilməsinə imkan verib. Əməkdaşlığın «drayver»i kimi isə həm özündə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanı, parlamentlərarası dostluq qrupunu, İşgüzar Şuranı fəaliyyətini əks etdirən inkişaf etmiş institusional baza, həm də yeni əməkdaşlıq formatları – Bakıda «Özbəkistan istehsalı» Beynəlxalq sənaye sərgisinin təşkili, Fərqanə vadisi və Buxara vilayəti ilə Azərbaycanın regionları arasında regionlararası əlaqələr, sənaye kooperasiyasının inkişafı – çıxış edir.
Bununla yanaşı, Özbəkistanla Azərbaycan bir-birinə BMT, ŞƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi qurumlarda fəal dəstək verir. Azərbaycan BMT Baş Assambleyasında Özbəkistanın təşəbbüsü ilə qəbul olunmuş 4 qətnamənin hər birinin həmmüəllifidir və bu, Daşkənddə yüksək qiymətləndirilir.
Birgə səylər nəticəsində yalnız son 5 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi, təxminən, 7 dəfə artaraq, 17,1 milyon dollardan (2016-cı il) 118,8 milyon dollara (2021-ci il) çatıb. Bu müsbət tendensiya, şübhəsiz ki, bu il də qorunub saxlanacaq. Bu ilin ilk 5 ayında qarşılıqlı ticarətin həcmi 49,21% artıb ki, bu da ticarət dövriyyəsi həcminin 66,4 milyon dollara çatmasına imkan verib. Bununla yanaşı, azərbaycanlı investorların Özbəkistana marağı da artır. 2021-ci ildə bu ölkəyə 64,1 milyon dollar Azərbaycan investisiyası qoyulub. 2022-ci ildə rəqəmin 82,4 milyon dollar olacağı gözlənilir.
Son illərdə birgə müəssisələrin sayı 4 dəfə artıb. Özbəkistanda Azərbaycan kapitalı ilə 238 müəssisə fəaliyyət göstərir. Onların əsas fəaliyyət sahələri ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlak əməliyyatları, enerji, xidmətlər, zərgərlik məmulatlarının istehsalı və təmiri, ərzaq sektoru, yüngül sənaye və əczaçılıqdır. Öz növbəsində, Azərbaycanda 53 Özbəkistan şirkəti fəaliyyətdədir. Ölkədə oların iştirakı ilə bir çox layihə həyata keçirilir. Bununla yanaşı, Daşkəndlə Bakı yeni əməkdaşlıq sahələrini öyrənir, bu isə həm də enerji, nəqliyyat, kommunikasiya, maşınqayırma, elektrotexnika, tikinti, toxuculuq məhsulları istehsalı, ərzaq sənayesi kimi istiqamətlərdə əvvəllər mövcud olmamış kooperasion əlaqələri genişləndirir. Bu mənada, uğurlu nümunə kimi, Azərbaycanda Özbəkistan avtomobillərinin və avtobuslarının birgə istehsalını göstərmək olar. İldə 5 minədək minik avtomobilinin, minədək avtobusun istehsalı nəzərdə tutulur.
İki ölkə arasında kənd təsərrüfatı, məsələn, toxumçuluq sahəsində də əməkdaşlıq qurulub. Azərbaycan Özbəkistana məxsus bir neçə növ pambığın becərilməsi ilə bağlı sınaq işləri aparır. Özbəkistanda isə məhsuldarlığı yüksək olan Azərbaycan fındığının yetişdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Özbəkistan Azərbaycanda pambıq emalı zavodunun inşasını planlaşdırır. O, Özbəkistanın pambıq təmizlənməsi sistemlərinin aparıcı istehsalçısı olan «PAHTAMASH» şirkətinin müasir texnologiyası ilə təchiz ediləcək.
Nəzərə alsaq ki, Özbəkistan dünyada xamna istehsalına görə üçüncü yerdədir (dünyada onun payı təxminən 2% təşkil edir), Bərdədə ipək məhsulları istehsalı ilə məşğul olacaq müəssisənin açılması istiqamətində fəal işlərin aparılması təəccüblü deyil. Bununla yanaşı, xatırlatmaq lazımdır ki, bu sahədə artıq uğurlu əməkdaşlıq təcrübəsi var. Azərbaycanda «Uzbekipaksonat» assosiasiyasının mütəxəssislərinin dəstəyi ilə «Şəki-İpək» müəssisəsi bərpa olunub və bu gün o, ildə, təxminən, 150-200 ton xamna istehsal etmək iqtidarındadır.
Lakin ikitərəfli iqtisadi əməkdaşlıqda əldə olunmuş yüksək dinamika mövcud potensialı tam əks etdirmir. Bu gün mövcud ehtiyatlardan tam istifadə olunması üçün bütün lazımi şərtlər var. Məsələn, istər Azərbaycan, istərsə də Özbəkistan kifayət qədər böyük mineral-xammal bazasına, sənaye, infrastruktur imkanlarına malikdirlər və bu, xarici tərəfdaşlarla, eyni zamanda dayanıqlı şəkildə şaxələndirilmiş iqtisadiyyatlarla uğurla işləməyə imkan verir.
Dünya iqtisadiyyatında davam edən burulğana baxmayaraq, Özbəkistanla Azərbaycan müsbət artım tendensiyasını qoruyub saxlayıblar. Ötən ilin yekunlarına görə, Özbəkistanda ÜDM 7,4, Azərbaycanda isə 5,6% artıb. Dünya Bankının qiymətləndirməsinə görə, hər iki ölkədə iqtisadi artım tempi bu il də yüksək olacaq. 2022-ci ildə Özbəkistanda ÜDM-in 4,3, Azərbaycanda isə 2,7% artacağı proqnozlaşdırılır.
Prioritet sahələr
Dayanıqlı iqtisadi artımla yanaşı, əməkdaşlığın getdikcə genişlənməsinə ümumi inkişaf strategiyası da öz təsirini göstərir. Məsələn, Özbəkistanda «Yeni Özbəkistanın inkişaf strategiyası» hazırlanıbsa, Azərbaycanda «Azərbaycan-2030» strategiyası reallaşdırılır. Hər iki strateji sənədin təhlili göstərir ki, iki ölkənin gələcəklə baxışları əsasən üst-üstə düşür. Bu, xüsusilə iqtisadiyyatın dayanıqlı inkişafının təmini, ədalətli sosial siyasətin yürüdülməsi, dövlət və ictimai idarəçiliyin müasirləşdirilməsi və s. sahələrdə belədir. Başqa sözlə, bənzər milli prioritetlər strateji istiqamətlərdə uzunmüddətli dayanıqlı əməkdaşlığın qurulması üçün güclü təməl rolunu oynayır.
Beləliklə, öz regionlarında – Mərkəzi Asiya və Cənubi Qafqazda vacib lideri roluna malik Özbəkistan və Azərbaycan regionlararası əməkdaşlığın lokomotivlərinə çevrilə bilərlər və çevrilməlidirlər. Bu mənada, Azərbaycanın regionda uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətindəki səyləri də son dərəcə vacib əhəmiyyət daşıyır. Qarabağda infrastrukturun, nəqliyyat kommunikasiyalarının, mədəni-tarixi irs obyektlərinin, o cümlədən Özbəkistan tərəfinin də iştirakı ilə bərpası regionu qarşılıqlı səmərəli əməkdaşlıq məkanına çevirir, regionlararası əlaqələrin möhkəmlənməsi üçün yeni perspektivlər açır.
Bununla yanaşı, biz iqtisadiyyatın aparıcı sektorlarının və bütövlükdə subregionlarımızın Avropa və Asiya arasında transregional qarşılıqlı əlaqənin istehsal və logistika zəncirinin ən mühüm halqalarına çevrilməsinə doğru irəliləməliyik. İlk növbədə, rəqabət üstünlüklərindən istifadə etməklə sənaye əməkdaşlığının inkişafı və ölkələrimizin iqtisadiyyatlarının bir-birini tamamlaması təməl daşı olmalıdır.
Özbəkistanla Azərbaycanın bu sahədə sıx əlaqələri genişləndirməkdə maraqlı olmaları onların sənaye sektorunda inkişafın sürətləndirilməsi istəyindən irəli gəlir. İnstitusional islahatlar, son illərdə real sektora aid sahələrin müasirləşdirilməsi, inkişafının stimullaşdırılması istiqamətində atılmış addımlar sayəsində Özbəkistan sənayenin iqtisadiyyata töhfəsini 20,6%-dən (2006) 28,5%-ə (2021) qaldırıb. Azərbaycanın ÜDM strukturunda isə sənaye məhsullarının payı, təxminən, 50% təşkil edir.
Bu baxımdan, sənaye sahəsində əməkdaşlığa dair bu günlərdə imzalanmış hökumətlərarası saziş vacib sənədə çevriləcək. Orada əməkdaşlığın prioritet sahələri kimi, neft-qaz, metallurgiya, kimya, əczaçılıq və zərgərlik sahələri göstərilib.
Qarşıya qoyulmuş hədəflərə çatılmasına Özbəkistanın Avropa İttifaqı ilə GSP+ preferensial ticarət statusu əldə etməsi ciddi yardım göstərəcək. O, Özbəkistanda istehsal olunan 6,2 min adda məhsulun Avropa İttifaqı və Böyük Britaniya bazarlarına rüsumsuz tədarükünə imkan verir. Özbəkistan artıq yerli istehsalçıların Avropa bazarına ixracını 30% artırıb. Bununla yanaşı, Azərbaycanın nəqliyyat logistikasından bu malların Aİ-yə tədarükündə istifadə nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaq, müvafiq olaraq, ixrac olunan məhsulların rəqabət qabiliyyətini yüksəldəcək.
Hərbi-texniki əməkdaşlıq haqda sazişin imzalanmasını ayrıca qeyd etmək lazımdır. Sənəd iki ölkənin müdafiə sənayesi kompleksinin istehsalat gücünün ikili təyinatlı məhsulların istehsalına yönəldilməsini nəzərdə tutur. Nəticədə, ümumi istehlak bazarını təlabat olan mallarla təmin etmək mümkün olacaq ki, bu da iqtisadiyyatın sənaye inkişafına vacib töhfədir.
Nəqliyyat kommunikasiyaları lokomotiv kimi
Birgə məhsul istehsalının artırılması üçüncü ölkələrin bazarlarına maneəsiz çıxış məsələsini aktuallaşdırır, bu isə nəqliyyat-logistika sahəsində daha sıx əməkdaşlığı zəruri edir. Bu gün ölkələrimiz Trans-Xəzər dəmir yolu dəhlizi çərçivəsində Mərkəzi Asiya və Qafqaz, həmçinin Avropa və Asiya qitələrinin digər ölkələri arasında bağlayıcı bənd kimi çıxış edirlər. Belə bir şəraitdə iki ölkənin transregional nəqliyyat dəhlizlərini inkişaf etdirmək cəhdləri xüsusi əhəmiyyət qazanır. Bu, qarşılıqlı yük daşımalarının həcmini artıracaq, yalnız bizim ölkələrimizin deyil, bütünlükdə iki regionun tranzit potensialını gücləndirəcək.
Bütün növ özbək mallarının Azərbaycan ərazisi ilə tranzitinin ucuzlaşması Özbəkistan-Türkmənistan-Azərbaycan-Türkiyə marşrutu üzrə yük daşımaları həcminin 2021-ci ildə 44 min tonadək artmasına imkan verib.
Özbəkistan üçün Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit potensialından istifadə də böyük əhəmiyyət kəsb edir. Bu yol Özbəkistan mallarının dünya bazarlarına çıxışını təmin edir. Azərbaycan isə öz növbəsində, planlaşdırılan çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralının Xəzər dənizinədək uzadılmasına maraq göstərir. Bu, Trans-Xəzər dəhlizinin tranzit imkanlarını artıracaq.
Tərəflər Asiya-Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa multimodal nəqliyyat dəhlizinin inkişafına da qarşılıqlı maraq göstərir. Bu, ölkələrimizin ticarət potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Bundan başqa, Transəfqan dəhlizinin yaradılması, Çin-Qırğızıstan-Özbəkistan marşrutunun reallaşdırılması və Asiyadan Avropaya ən qısa quru yolunu təmin edəcək Zəngəzur dəhlizinin bərpası ilə də böyük perspektivlər açılacaq. Bu marşrutlar ölkələrimiz arasında vahid nəqliyyat şəbəkəsinin yaradılmasına imkan verəcək, Çin və Avropa İttifaqı ilə ticarət imkanlarını genişləndirəcək.
Məsələn, Çin-Qırğızıstan-Özbəkistan dəhlizinin uğurla reallaşdırılması Mərkəzi Asiya ölkələrini Azərbaycanı Çin və ümumilikdə Cənubi Asiya regionu ilə birləşdirəcək quru yolu körpüsünə çevirəcək. Bu dəhliz sayəsində Mərkəzi Asiya və Qafqaz ölkələrini qlobal tədarük zəncirinə daha dərin inteqrasiya etmək mümkün olacaq və onlar beynəlxalq yük tranzitində daha fəal iştirak edə biləcəklər.
Qeyd olunmalıdır ki, öz regionlarında yol kəsişmələrində yerləşən və hab rolunu oynayan Özbəkistanla Azərbaycan yalnız «tranzit məntəqəsi» funksiyasını daşımaqla kifayətlənməməli, mövcud nəqliyyat marşrutları boyunca istehsal-logistika və satış mərkəzləri yaratmaqla, iqtisadi dəhliz formalaşdırmalıdırlar. Bu, yüksək əlavə dəyərli məhsulların istehsalına və xarici bazarlara çatdırılmasına imkan verəcək.
Regionların istehsal-logistika mərkəzlərinə transformasiyası üçün əsas amil iqtisadiyyatın bütün sahələrinin əsasını təşkil edən enerji sektorunda əməkdaşlıqdır. Neft və neft məhsullarının emalı, kimya sənayesi, geoloji kəşfiyyat kimi sahələrdə əməkdaşlığın böyük perspektivləri var. Məlum olduğu kimi, Azərbaycan bu sahələrdə yüksək nəticələr əldə etmiş ölkədir. Bu gün biz Azərbaycanın neft-kimya sahəsində lider sayılan SOCAR şirkəti ilə qarşılıqlı səmərəli əməkdaşlığı inkişaf etdiririk. Bununla yanaşı, neft-qaz avadanlıqlarının birgə istehsalı da ölkələrimizin maraqlarına uyğundur.
İstehsalın artımı fonunda enerji istehlakının çoxalması, həmçinin nəqliyyat-logistika kommunikasiyasının getdikcə daha çox elektrikləşdirilməsi bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı daha vacib amilə çevirir.
Özbəkistanla Azərbaycanın əməkdaşlığı üçün daha bir perspektivli istiqamət isə rəqəmsallaşmanın inkişafı, hər iki ölkənin iqtisadiyyatının innovasiya-rəqəmsal platformaya keçirilməsidir.
Yekunda belə qənaətə gəlmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasındakı dostluq əlaqələrinə daha çox praktik məzmun qazandırılmasına imkan verib. Əminliklə demək olar ki, bu gün iki qardaş xalq arasındakı əlaqələr müasir çoxplanlı regionlararası əməkdaşlığın etalonuna çevrilir.
Hər kəs əmin olsun ki, prezidentlərin əldə etdikləri razılaşmalar istər ikitərəfli, istərsə də regionlararası əməkdaşlığa təkan verəcək, bu isə iki ölkə xalqlarının maraqlarına tam uyğundur.
SİTAT
«Siyasi Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdırır. Təbii ki, qarşılıqlı dəstək də olacaq – həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlər daimi diqqət tələb edir. Bu da olacaq. Ona görə ki, bundan ötrü siyasi iradə var».
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
MƏSLƏHƏT GÖR: