Müəllif: Natiq NAZİMOĞLU
NATO-nun iyunun sonunda Madriddə keçirilmiş sammitində təşkilatın yeni strateji konsepsiyası təsdiqlənib. Növğəti on il üçün qurumun inkişaf prioritetlərini özündə əks etdirən bu sənədin reallaşdırılmasının qlobal siyasətin məzmununa və xarakterinə son dərəcə ciddi təsir göstərəcəyinə heç bir şübhə yoxdur. Demək, dünya düzəni üçün fövqəladə əhəmiyyətə malik yeni mərhələ başlayır. Və bu, bir çox cəhətdən Qərbin hərbi-siyasi təşkilatı kimi NATO-nun fəaliyyətinin nəticəsidir.
«Təhdid»lər və «çağırış»lar
ABŞ-ın başçılıq etdiyi Şimali Atlantika Alyansı qalib ayrıldığı «soyuq müharibə»dən 30 il sonra öz strategiyasına ciddi dəyişikliklər etmək qərarına gəlib. Məlum olduğu kimi, «soyuq müharibə»dən sonra Vaşinqton qalib qismində Qərbin başçılığı ilə birqütblü dünya düzəni formalaşdırmaq kursu götürmüşdü. Lakin indi dünya dəyişir, NATO-nun maraqları baxımından vacib istiqamətlər olan Avropa ilə Asiya da dəyişir. Odur ki, Alyans Madrid sammitində mövcud geosiyasi proseslərə və onların perspektiv təhlilinə yanaşmasını köklü şəkildə yeniləyib.
Alyansı nəinki yeni, həm də köhnə strateji konsepsiyadan ciddi şəkildə fərqlənən sənədin qəbuluna vadar edən əsas hadisə Rusiya-Ukrayna müharibəsi olub. Görünən odur ki, Avropada İkinci dünya müharibəsindən sonra ən miqyaslı silahlı qarşıdurma NATO üçün qitənin təhlükəsizliyi ilə bağlı tektonik dəyişikliklər qarşısında öz rolunu yenidən gözdən keçirmək zərurəti yaradıb. Məlumdur ki, bu qitə Alyansın hərbi-siyasi nüfuzunun yayılması baxımından prioritet bölgədir. Qurumun 2010-cu ildə Lissabonda qəbul etdiyi əvvəlki strateji konsepsiyası ilə yeni sənədin fərqi də buradan qaynaqlanır. 12 il əvvəl Alyansa üzv dövlətlərin liderləri «NATO ərazisinə şərti hücum təhdidi» səviyyəsini «aşağı» qiymətləndirmişdilərsə, yeni konsepsiyada blok üzvlərinə «hücum təhlükəsi»nin düzgün qiymətləndirilməməsinin yolverilməzliyindən bəhs olunur. Bu yanaşmanın səbəbi «proqram xarakterli» ciddi fərqlə ifadə edilir: əgər əvvəllər rusiya NATO-nun strateji tərəfdaşı sayılırdısa, yeni konsepsiyada o, Alyans üçün əsas təhlükə kimi göstərilir.
«Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı aqressiv müharibə sülhü məhv edib və bizim təhlükəsizlik mühitimizi ciddi şəkildə dəyişib. Onun amansızcasına və qanunsuz olaraq Ukrayna ərazisinə soxulması, beynəlxalq humanitar hüququ davamlı pozması, dəhşətli hücumları və vəhşiliyi son dərəcə böyük dağıntılara və iztirablara səbəb olu», - deyə Madriddə qəbul edilmiş sənəddə bildirilir. Buradan isə belə qənaətə gəlinir ki, «Rusiya Federasiyası NATO üzvü olan ölkələr, həmçinin Avro-Atlantik regionun sülh və təhlükəsizliyinə ən ciddi və birbaşa təhdiddir. O, məcbur etmə, dağıdıcı fəaliyyət, təcavüz və ilhaq yolu ilə nüfuz dairəsi yaratmağa, birbaşa nəzarəti təmin etməyə çalışır».
Bu arada, Rusiyanı mövcudluğu üçün əsas təhlükə hesab edən NATO, Moskvaya qarşı durmaq və onunla birbaşa toqquşmaya səbəb ola biləcək hadisələrin belə gedişatının inkişafının qarşısını almaq arasında aydın balans yaratmaq problemi ilə üzləşdi. Bu problemi həll etməyin çətinliyi kəskin küncləri bir qədər hamarlamaq istəyində ifadə edildi. Yeni strateji konsepsiyada bildirilir ki, «düşmənçilik fəaliyyəti və siyasəti üzündən» Alyans daha Rusiyanı özünə tərəfdaş saya bilməz. Digər yandan isə sənəddə deyilir: «Lakin biz riskləri idarə edə, yumşalda bilmək, eskalasiyaların qarşısını almaq və şəffaflığı artırmaq üçün Moskva ilə əlaqə kanallarını bundan sonra da açıq saxlamaq fikrindəyik».
Bundan başqa, Moskvaya aydın şəkildə ismarıc da göndərilir ki, o, «aqressiv davranışa son qoyarsa», NATO ona münasibətini dəyişməyə hazırdır. Amma o vaxtadək Alyans Rusiyaya müqaviməti davam etdirməyi düşünür – istər qarşı tərəfin dəstəklənməsi və sanksiya rejiminin sərtləşdirilməsi, istərsə də Avropada NATO-nun çevik reaksiya qüvvələrinin artırılması yolu ilə (hazırda sayı 40 min olan bu kontingentin 300 minədək artırılması nəzərdə tutulur).
Beləliklə, yeni konsepsiyaya əsasən, Rusiyanın qarşısının alınması NATO üzvlərinin təhlükəsizliyinin gücləndirilməsi ilə müşayiət olunmalıdır. Amma məsələ bununla bitmir. Tərəfdaş ölkələrə, ilk növbədə isə təbii ki, Ukraynaya müvafiq yardımların göstərilməsi yeni sənəddə «Avro-Atlantik məkanın sülh, sabitlik və təhlükəsizliklə bağlı ümumi maraqlarının irəli aparılması» amili kimi qeyd edilir.
Paralel «çağırışlar»
NATO-nun yeni konsepsiyasındakı növbəti vacib məqam Çinlə bağlıdır. Halbuki əvvəlki sənəddə bu dövlətin adı ümumiyyətlə çəkilmirdi. Lissabon sammitindən keçən 12 ildə Pekin dünya siyasəti və iqtisadiyyatındakı rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu, təbii ki, Qərb blokunun fəaliyyət istiqamətlərində öz əksini tapır. Hər halda, Çin ilk dəfədir ki, Alyans üçün ciddi çağırış kimi qeyd olunur. Konsepsiyada bildirilir ki, bu çağırışlar Pekinin aparıcı texnoloji və sənaye sektorlarına nəzarəti, kritik infrastrukturları, strateji əhəmiyyətli resursları ələ almaq cəhdlərindən qaynaqlanır, onun «qərəzli hibrid fəaliyyəti və kiberəməliyyatları», «qarşıdurma əsaslı ritorikası və dezinformasiyaları» isə «NATO üzvü olan müttəfiqlərə qarşı yönəlib və Alyansın təhlükəsizliyinə təhdiddir».
Ümumilikdə NATO-nun yeni strateji konsepsiyasında bildirilir ki, «Çin Xalq Respublikasının bəyan olunmuş iddiaları və onun məcbur etmə siyasəti bizim maraqlarımıza, təhlükəsizliyimizə və dəyərlərimizə çağırışdır. Çin öz qlobal nüfuzunu artırmaq, güc nümayiş etdirmək üçün geniş siyasi, iqtisadi və hərbi alətlərdən istifadə edir, bununla yanaşı, strategiyası, niyyətləri, hərbi qüdrətin artırılması məsələlərində isə şəffaflığı təmin etmir».
Amma NATO Rusiya təhdidi məsələsində olduğu kimi, bu məsələdə də mövqeyini yumşalda bilməsi üçün «yer saxlayır»: Şimali Atlantika Alyansı Çinlə konstruktiv əməkdaşlığa açıqdır. Amma bu, alyansın Çin və Rusiya arasında dərinləşən strateji tərəfdaşlığı “dəyərlərimizə və maraqlarımıza zidd olaraq, qaydalara əsaslanan beynəlxalq nizamı pozmağa cəhdlər” kimi qiymətləndirməyə mane olmur. Bununla alyans əslində, rəsmən etiraf edir ki, Moskva ilə Pekinin yaxınlaşması Qərb dünyasına və onun qlobal hökmranlığına çağırışdır.
NATO-nun yeni strateji konsepsiyasında əvvəlkitək, beynəlxalq terrorçuluq, iqlim problemləri, xəstəliklər, aclıq da təhdidlər sırasında yer alır. Lakin sənədin əsas mahiyyəti, şübhəsiz ki, Alyansın öz strateji maraqları nöqteyi-nəzərindən Rusiya ilə Çinə verdiyi qiymətdir. Bu qiymətləndirmənin yaxın onilliklər üçün qlobal siyasətin konturlarını müəyyənləşdirdiyini söyləmək olar.
Pekin və Pxenyan NATO-nun əl-qol açmasına qarşı
NATO-nun yeni strateji konsepsiyası Alyans daxilindəki müəyyən ziddiyyətlərə rəğmən, yekdilliklə qəbul olunub. Məsələn, Avropanın aparıcı dövlətləri ilə ABŞ arasında Qərb dünyasının lideri mövqeyi ilə bağlı mübahisələr yeni deyil. Qərbin Rusiya və Çinə münasibəti ilə bağlı da yekdil mövqe yoxdur. Lakin NATO-da əsas məsələlərə yanaşmalar üst-üstə düşür – hər bir üzv əmindir ki, Alyans sıralarında birliyin alternativi yoxdur və o, beynəlxalq arenada Rusiyanın nüfuzunu artırmasına, Ukrayna müharibəsində qalib gəlməsinə, həmçinin Çinin Qərbi qlobal iqtisadiyyatın və siyasətin pyedestalından sıxışdırıb çıxarmasına imkan verməməlidir.
Belə bir vəziyyətdə Qərbin əsas rəqiblərinin NATO-nun yeni strateji konsepsiyasına reaksiyası təəccüblü deyil. Rusiyada hesab edirlər ki, «NATO Madriddə yarandığı 1949-cu ildən keçdiyi inkişaf yolunda təkamül saltosuna imza ataraq, başa, yəni hərbi təhlükəsizliyin təmini işində «soyuq müharibə» dövrünün sxemlərinə qayıdıb». NATO-nun Rusiyanı özünə təhdid kimi qiymətləndirməsi isə Moskvada «bütün cəbhələrdə, bütün sahələrdə Rusiyanın qarşısının kəsilməsi niyyətini güdən real addım» kimi dəyərləndirilib.
Məsələyə Çinin münasibəti də birmənalıdır. Pekin yeni sənədi tənqid edərək bildirib ki, müəlliflər «dünyada dəyişən qüvvələr nisbətini düzgün qiymətləndirə bilməyiblər». Moskvada olduğu kimi, Pekində də hesab edirlər ki, Madriddə qəbul olunmuş sənəd «soyuq müharibə» mentaliteti ilə doludur» və qarşıdurmanı təşviq edir. «Bununla əlaqədar olaraq, Çin ciddi narahatlığını ifadə edir, qəti etirazını bildirir», - deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Qurum NATO-nu «bütün dünyada sülh və sabitliyə sistemli təhdid» olmaqda günahlandırıb.
Maraqlıdır ki, NATO-nun yeni strateji konsepsiyası Şimali Koreya tərəfindən də sərt tənqid olunub. Pxenyan ABŞ və Alyansı «nəinki Avropanı hərbiləşdirməkdə, həm də Asiya-Sakit okean regionunu öz nüfuz dairəsinə çevirməyə çalışmaqda, öz fəaliyyəti ilə nüvə müharibəsi təhlükəsi yaratmaqda» təqsirləndirib.
Pekinlə Pxenyanın mövqeyində NATO-nun bütöv Asiya-Yaxın Okean regionuna doğru əl uzatmasına qarşı dirəniş açıq sezilir. Çinlə Şimali Koreyanı qıcıqlandıran əsas məqamlardan biri Alyansın Madrid sammitinə Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və bir sıra digər region ölkələri liderlərinin dəvət olunmasıdır. ABŞ-Yaponiya-Cənubi Koreya, həmçinin ABŞ-Böyük Britaniya-Avstraliya (AUKUS) kimi üçtərəfli hərbi ittifaqların güclənməsindən də ayrıca narahatlıq ifadə edilir. Pekinlə Pxenyanda, yəqin ki, həm də Moskvada əmindirlər ki, bu planlarda əsas məqsəd Çin, Rusiya və Şimali Koreyanın qarşısının kəsilməsidir.
NATO-nun yeni strategiyası qlobal gərginliyin artdığını, aparıcı güc mərkəzləri arasında qarşıdurmanın sərtləşdiyini bir daha təsdiqləyir. Bu qlobal «suayırıcı»nın bir tərəfində ABŞ və NATO qarışıq Qərb, digər tərəfində isə Rusiya ilə Çin dayanır. Nəhənglərin bu savaşında şərti olaraq Rusiya və Çinin təmsil etdiyi “dünyanın qalan hissəsi”nin planetdə liderliyini qoruyub saxlamaq iddiasında olan “qızıl milyarda” - kollektiv Qərbə qarşı səylərini birləşdirə bilməsi həlledici əhəmiyyət kəsb edəcək.
Lakin qlobal qarşıdurmanın əsas iştirakçılarının bu və ya digər mövqe uğurundan asılı olmayaraq, yalnız onlar deyil, bütünlükdə bəşəriyyət ciddi risklər qarşısındadır. Bir sözlə, nə qədər pafoslu səslənsə də, indi söhbət bütün dünyada sülhün taleyindən, yaxın perspektivdə qlobal təhlükəsizliyin necə təmin olunacağından, ümumiyyətlə, olunub-olunmayacağından gedir.
MƏSLƏHƏT GÖR: