24 Noyabr 2024

Bazar, 15:04

ALDADICI «FASİLƏ»

Rusiya ilə Ukrayna arasındakı qanlı münaqişənin tezliklə bitmək şansı getdikcə azalır

Müəllif:

15.07.2022

Rusiya-Ukrayna müharibəsi uzun sürən münaqişə xarakteri alır. Rusiyanın qonşu ölkə ərazisində apardığı «xüsusi əməliyyatlar»a «fasilə» verildiyini bəyan etməsinə rəğmən, Ukraynanın cənub-şərqində hərbi əməliyyatların davam etməsi bunu təsdiqləyir. Bundan başqa, Qərbin Ukraynaya yardımı və Rusiyanın qalib gəlməsinə imkan verilməməsi ilə bağlı vacib hərbi-siyasi qərarı da öz yerində. Çünki bu qələbə Kremlin yalnız «Ukrayna» istiqamətində yox, ümumilikdə ABŞ və Avropa İttifaqı ilə uzunmüddətli geosiyasi qarşıdurmada da istəyinə nail olması demək olardı.

 

İnandırıcı olmayan «fasilə»

Rusiyanın «fasilə»si Luqansk vilayətinin, demək olar ki, tam «azad olunduğu» haqda rəsmi bəyanatla eyni vaxta təsadüf edib. Beləliklə, Rusiya Silahlı Qüvvələrinin yalnız Luqanskda deyil, həm də Donetsk vilayətinin böyük bir hissəsində, həmçinin Ukraynanın cənubunda mövqelərini möhkəmləndirməsindən sonra Rusiya Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin, təxminən, 20%-nə nəzarəti ələ alıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun prezident Vladimir Putinə tanınmamış «LXR»in «azad olunduğu» haqda məruzə etməsi Lisiçansk şəhərinin ələ keçirilməsindən sonra baş verib. Bundan sonra Kreml başçısı Rusiya qoşunlarına «istirahət» verilməsini əmr edib. Halbuki onlar Moskva üçün prioritet olan digər istiqamət – Donetskdəki təmas xəttində ciddi irəliləyişə nail ola bilməyiblər. Hər halda, Rusiya Silahlı Qüvvələri bu istiqamətdə Ukrayna ordusunu bir sıra strateji əhəmiyyətli məntəqələrdən, o cümlədən Avdeyevkadan çıxara bilməyib. Moskvanın qarşısına qoyduğu hərbi hədəflərə nail olunması məsələsində belə «ləngimələr» fonunda «xüsusi əməliyyat»ın taleyi strateji nöqteyi-nəzərdən qeyri-müəyyən olaraq qalır.

Bu arada, beynəlxalq informasiya məkanında hadisələrin mümkün inkişaf variantları ilə bağlı gedən müzakirələrə münasibət bildirən Rusiya prezidenti birmənalı olmayan bəyanatla çıxış edib: «Bu gün eşidirik ki, bizə döyüş meydanında qalib gəlmək istəyirlər. Nə demək olar, qoy sınasınlar… Qərb bizimlə son ukraynalıya qədər döyüşmək istəyir. Bu, Ukrayna xalqı üçün faciədir. Lakin görünən budur ki, hər şey buna doğru gedir». Bununla yanaşı, Putin bildirib ki, hər kəs bir şeyi anlamalıdır – «əslində Rusiya hələ ciddi işə başlamayıb».

Rəsmi Kiyev Ukrayna Prezidenti Ofisi rəhbərinin məsləhətçisi Mixail Podolyakın simasında «cənab Putinin «son ukraynalıyadək müharibə» haqda matrası»nı «soyqırım düşüncəsinin daha bir sübutu» kimi qiymətləndirib. Ukrayna tərəfinin Rusiyanın «fasilə» elan etməsinə reaksiyası isə göstərir ki, Kiyev ona döyüş meydanındakı real vəziyyətin əksi kimi baxmır. Həqiqətən də, istər Donetskdə, istərsə də məsələn, Rusiya qoşunlarının nəzarətə götürdükləri Xersonda heç bir «fasilə» yoxdur. Ən əsası isə, Ukrayna tərəfi Rusiya hücumunun nəticələri ilə barışmaq niyyətində olmadığını təkrar-təkrar dilə gətirir. Bu mənada, Ukrayna prezidenti Vladimir Zelenskinin ölkənin silahlı qüvvələrinə ölkənin cənubunda sahilboyu rayonların işğaldan azad edilməsi əmrini verməsi nümunə sayıla bilər. Belə əmrin olduğunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov açıqlayıb. Baş nazirin müavini İrina Vereşşuk isə Rusiya qoşunlarının ələ keçirdiyi Xerson və Zaporojye sakinlərini bütün mümkün vasitələrlə təxliyə olunmağa çağırıb. «Getmək üçün yollar tapılmalıdır. Çünki bizim silahlı qüvvələrimiz bu rayonları işğaldan azad edəcək. Bu, çox böyük döyüş olacaq», - deyə Vereşşuk açıq şəkildə bildirib.

Ukrayna cəbhəsində belə aldadıcı «fasilə» fonunda danışıqlar prosesi üçün praktik olaraq, şans qalmır. Prezident Zelenski isə Ukraynanın Rusiya ilə sülh naminə ərazilərindən imtina etməyəcəyini bildirir. Bu, yalnız Kiyevin mövqeyini dəyişməyəcəyi ilə bağlı qəti siqnal deyil. Ukrayna bununla Qərbin bəzi qüvvələrini, ilk növbədə, Avropa İttifaqını müharibənin tezliklə dayandırılması, Moskva ilə Ukraynanın maraqlarına cavab verməyəcək razılaşmaya gedilməsi şansından da məhrum edir. Kiyev Qərb ölkələrindən fasiləsiz hərbi yardım tələbini davam etdirir. Avro-Atlantik dünyanın strateji mərkəzlərinin son həftələrdə qəbul etdikləri qərarlar isə göstərir ki, onlar Rusiyanın «qarşısının alınması» kontekstindəki siyasətlərində Kiyevin əyilməzliyini əsas götürürlər.

 

Qərbin yardım vədi

NATO-nun qəbul etdiyi yeni strateji konsepsiyada 2008-ci ilin Buxarest sammitinin bir qərarına istinad var. Həmin qərarda Ukraynanın qeyri-müəyyən vaxtda Alyansa üzv qəbul ediləcəyi bildirilir. Yeni sənəddə konkret bu fikir yer almasa da, bunu indiki vəziyyətə verilmiş qiymət hesab etmək olar.

Rusiya-Ukrayna müharibəsi başlayan andan Ukrayna prezidenti və onun komandası NATO-ya üzvlük ideyasından imtina etməyə hazır olduqlarını göstərirlər. Bu, Rusiyanın əsas şərtlərindən birinin yerinə yetirilməsinə hazırlıq deməkdir. Bu yanaşma Kiyev və Moskvadan olan nümayəndələrin İstanbulda keçirdikləri danışıqlar zamanı da təsdiqlənib. Bu danışıqlar hərbi əməliyyatların tezliklə dayandırılması ilə nəticələnməli idi. Lakin başqa məsələlərdə, xüsusilə ərazi məsələsində mövqelərin bir-birindən kəskin şəkildə fərqlənməsi faktiki olaraq, İstanbul razılaşmasının pozulması ilə nəticələnib. Məlum olduğu kimi, Moskva Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində mövcudluğunu tanımaqdan imtina edib. Bununla da, Kiyevin dünyanın aparıcı güclərinin təhlükəsizlik zəmanəti qarşılığında NATO-ya inteqrasiya kursundan imtinası da havada qalıb. Nəticədə, Qərb və Ukrayna strateqləri yaxın perspektivdə Kiyevin Alyansa üzvlüyü imkanlarının müzakirəsini bərpa ediblər. Bu mənada, Ukraynanın NATO-nun Madrid sammitinə qatılmış nümayəndə heyətinin rəhbəri, Prezident Ofisi rəhbərinin müavini İqor Jovkvanın bəyanatı təsadüf deyil: «Ukraynanın Avro-Atlantik məkana inteqrasiyası məsələsini heç kim gündəlikdən çıxarmayıb».

Bununla yanaşı, Qərb liderləri Ukraynaya hərbi yardımın artırılması qərarını təsdiqləyiblər. Alyans təşkilat olaraq Kiyevi yalnız qeyri-leqal silahlarla dəstəkləyirsə, NATO-nun ayrı-ayrı üzvləri Kiyevə konkret silah növləri tədarükünü davam etdirir. Məsələn, ABŞ prezidenti Cozef Bayden Ukraynaya təxminən 400 milyon dollar dəyərində yeni silah paketinin göndərilməsi haqda sərəncam imzalayıb. Buraya əlavə olaraq 4 ədəd «HIMARS» yüksək sürətli artilleriya raket kompleksi və minlərlə 155 millimetrlik artilleriya döyüş sursatı da daxildir.

Bundan başqa, NATO Ukraynanın silahlarının tam həcmdə təşkilatın standartlarına keçirilməsi planını müzakirə edir. Qurumun baş katibi Yens Stoltenberq açıq şəkildə bildirib ki, Alyans Ukraynaya Rusiya ilə savaşda qələbə qazanması üçün nə qədər lazımdırsa, o qədər yardım edəcək.

Bəs, Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərini nəyin bahasına olursa-olsun əldə saxlamaq niyyəti, Kiyevin isə onları geri almaq əzmi fonunda müharibənin bundan sonrakı gedişilə bağlı real variantlar nədən ibarətdir? Üstəlik, artıq qeyd olunduğu kimi, Qərb də öz növbəsində, Ukraynanın bu savaşdan qalib ayrılması, Rusiyanın hərbi kampaniyasının iflasa uğraması üçün Kiyevə bütün lazımi dəstəyi verməyə hazırdır.

 

Üçüncü variant

Rusiya, təxminən, 5 aydır davam edən «xüsusi hərbi əməliyyat»ın başında hədəf kimi qarşıya yalnız Donbasın deyil, həm də Kiyev və bütünlükdə Ukrayna ərazisinin «denasifikasiyası» məsələsini qoymuşdu. İndi isə o, Luqansk və Donetsk vilayətlərinə, həmçinin Ukraynanın cənubunda ələ keçirdiyi ərazilərə nəzarəti saxlamaqla kifayətlənməyə hazır olduğunu göstərir. Qərbin xüsusi xidmət orqanları isə Moskvanın Ukraynanın böyük hissəsini ələ keçirmək planından əl çəkmədiyini bildirir. Bununla yanaşı, Qərbdə hesab edirlər ki, indiki şəraitdə Rusiya ordusu bu işin öhdəsindən gəlmək iqtidarında deyil. ABŞ Milli Kəşfiyyatının direktoru Evril Xeyns mövcud vəziyyətə əsasən hesab edir ki, hadisələrin inkişafı ilə bağlı üç mümkün variant var: Rusiyanın cəbhədə çox böyük irəliləyişə nail olması, Ukrayna ilə hazırkı cəbhə xəttinin sabitləşməsi və Rusiyanın cüzi uğurları ilə müşahidə olunan uzunmüddətli savaş.

Görünən odur ki, Qərbin siyasi dairələri özlərini üçüncü varianta kökləyiblər. Cəbhədəki mövcud vəziyyəti təhlil etdikdə məhz bu variantın reallaşması ehtimalının daha böyük olduğu görünür. Güman etmək olar ki, Rusiya elan etdiyi «fasilə»dən sonra Luqansk vilayətində möhkəmlənməyə, eyni zamanda bütünlükdə Donbasın nəzarətə götürülməsi üçün hücumları davam etdirməyə çalışacaq. Bundan başqa, Rusiya ordusunun qismən işğal olunmuş Xarkov, Zaporojye və Xerson vilayətlərində də möhkəmlənməsinə çalışılır.

Amma vəziyyətin bu cür inkişafı müharibənin sonunu yaxınlaşdırmayacaq. Həm də ona görə ki, Rusiya bunu öz qələbəsi kimi təqdim edə bilməz. Zelenskinin Ukrayna Silahlı Qüvvələrinə cənubda geniş əks-hücuma başlanılması əmrini verməsi də bunun təsdiqidir. Kiyev Qərbdən fasiləsiz olaraq silah alır və demək, uzaq perspektivdə vəziyyəti öz xeyrinə dəyişə bilər.

Nəzərə almaq lazımdır ki, Ukrayna ordusunun yerləşdiyi müdafiə xətti son dərəcə böyük ərazidir. Rusiya ordusunun hazırkı imkanları onun mühasirəyə alınması üçün kifayət deyil. Bu səbəbdən də, onun üçün yalnız bir variant qalır – «üyütmək». Amma bu, nəinki «xüsusi əməliyyat»ın gedişini ləngidəcək, həm də hücum edən tərəf olan Rusiya ordusunda böyük itkilərə yol açacaq. Bu mənada, əksər ekspertlər hesab edirlər ki, Rusiya üçün yeganə çıxış yolu ümumi səfərbərlik ola bilər. Bəs Kreml əhali arasında ciddi narazılıq yaradacaq bu addımı atacaqmı? Axı, bu halda Rusiya daxilində «xüsusi əməliyyat» ideyasına dəstək də ciddi şəkildə azala bilər…

Beləliklə, aydın olur ki, bu müharibə uzun çəkəcək, demək, dinc əhalini yeni fəlakətlər, yeni iztirablar gözləyir. BMT-nin məlumatına görə, iyulun əvvəlinə Rusiya-Ukrayna müharibəsində 10 mindən artıq dinc sakin həlak olub və ya yaralanıb. Dünyasını dəyişmiş 4889 mülki şəxsdən 335-i uşaqdır. Bununla yanaşı, təşkilat rəqəmlərin deyiləndən qat-qat artıq ola biləcəyini istisna etmir. BMT-nin İnsan haqları üzrə ali komissarlığının son məruzəsində bildirilir ki, dinc sakinlərin ölümünə görə, müharibə aparan hər iki ordu (daha çox ruslar) məsuliyyət daşıyır. Çünki bir çox hallarda döyüşlər dinc sakinlərin yaşadığı ərazilərdə aparılır.

Təxminən, 5 aydır davam edən müharibənin kədərli nəticələri bunlardır. Bu savaş tarixə, yəqin ki, Rusiya ilə Qərb arasındakı amansız geosiyasi mübarizənin həlledici döyüşü kimi düşəcək. Bəlkə də, Üçüncü dünya müharibəsinin başlanğıcı kimi…



MƏSLƏHƏT GÖR:

150