Müəllif: Samir VƏLİYEV
Nukusda iyulun 1-2-də baş vermiş və faciəvi nəticələrə yol açmış hadisələrdən sonra Qaraqalpaqstan Respublikasında vəziyyət praktik olaraq sabitləşib. Regionda fövqəladə vəziyyətin elanından sonra vəziyyət normallaşıb. Hazırda Qaraqalpaqstan ərazisində ticarət, ictimai iaşə, xid mət sahələri, sosial və istehsal infrastrukturları tam gücü ilə fəaliyyətdədir. Evlərə elektrik enerjisi, qaz və su adi rejimdə verilir. Özbəkistan hökuməti muxtar respublikanın əvvəlki həyat rejiminə qayıtması üçün əlindən gələni edir.
Zorakılıq işə yaramır
Lakin Nuksusda yaşananlar nəzarətdən çıxsaydı, kütləvi etiraz aksiyaları qarışıqlığa, kütlə özbaşınalığına çevrilsəydi, bütün bunlar olmaya da bilərdi. Ölkə rəhbərliyi hesab edir ki, etiraz aksiyaları böyüsəydi, təşkilatçılar məhz bu ssenarini həyata keçirə bilərdilər – hökumət binalarının mühasirəyə alınması, ələ keçirilməsi və qiyam. Ancaq asayiş keşikçilərinin hadisələrə vaxtında və qəti müdaxiləsi bu ssenarinin qarşısını alıb. Bu zaman, ilk növbədə, iğtişaşları qızışdıranlara güc tətbiq olunub.
Özbəkistan Xarici İşlər Nazirliyi bildirir ki, yol verilmiş qanunazidd əməllərdə əvvəlcədən planlaşdırılmış diversiya əlamətləri açıq şəkildə görünməkdədir. Məqsəd bölgədə separatçılığın qızışdırılması, dinc, vahid, demokratik ölkədə sabitliyin pozulması və onun parçalanması olub.
Məlum olduğu kimi, nümayişçilər Özbəkistan Respublikası Konstitusiyasının Qaraqalpaqstan Respublikasının statusuna dair 70, 71, 72, 74 və 75-ci maddələrinə təklif olunan dəyişikliklərə etiraz edirdilər. Onlar bildirirdilər ki, bu maddələrə nəzərdə tutulmuş əlavə və dəyişikliklərin tətbiqi bölgənin Konstitusiyada nəzərdə tutulmuş suverenliyini, Özbəkistanın tərkibindən çıxmaq hüququnu əlindən alacaq. Halbuki indiyədək bu mövzuları heç kim qaldırmayıb, bölgənin Özbəkistanın yurisdiksiyasında olmasını şübhə altına almayıb. Hesab olunur ki, hökumətin Konstitusiyaya təklif etdiyi dəyişikliklər, sadəcə, reallıqda mövcud olan durumu Əsas Qanunda əks etdirəcəkdi. Dəyişikliklər separatçı əhvallı qüvvələri və onların himayədarlarını Konstitusiyanın maddələrindən regionun Özbəkistandan ayrılması təşəbbüsünün irəli sürülməsi üçün istifadə etmək imkanından məhrum edir.
Bununla yanaşı, təklif olunan dəyişikliklər lap əvvəldən ictimaiyyətin müzakirəsinə verilib və bu müddət ərzində onlara xüsusi tənqidi yanaşma müşahidə edilməyib. Hökumət muxtar respublikaların statusu ilə bağlı dəyişikliklər təklifinin destruktiv qüvvələr tərəfindən öz məqsədləri üçün istifadə oluna biləcəyinə dair də ciddi ismarıclar almayıblar.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nukusda vəziyyətin sabitləşməsindən 1 gün sonra etdiyi çıxışında təhrikçilərin əməlinə belə qiymət verib: «Təsəvvür edin, dünən əlində silah tutmuş şəxslər Milli Qvardiyanın əməkdaşlarına atəş açır, çevriliş məqsədi ilə ordumuza hücum edir. Bu, nə deməkdir? Onlar kənardan idarə olunurlar. Kənar qüvvələrin çaldığı hava ilə oynayırlar. Biz buna imkan verməyəcəyik. Gücümüz, qüvvəmiz, imkanlarımız kifayət qədərdir. Biz Qaraqalpaqstanda sülh yaradacağıq. Bizə, sadəcə, bu vicdansızları tapmaq, qanunun aliliyini təmin etmək, günahkarları cəzalandırmaq lazımdır».
Məşhur kənar qüvvə
Özbəkistan dövlətinin başçısı baş verənlərdə kənar qüvvələrin əlinin olduğunu rəsmən bəyan edib. Bu, Qaraqalpaqstanda baş verənlərlə bağlı aparıcı xarici KİV-də və fəal sosial şəbəkə istifadəçilərinin müzakirələrində də gündəmdəki əsas mövzudur. Kənar qüvvələrin Özbəkistanda sabitliyi pozmaq cəhdlərinin səbəbləri kimi əsas versiyalar bunlardır: Daşkəndin regional və beynəlxalq arenada mövqeyini gücləndirməsi, fəal müstəqil xarici siyasət yürütməyə başlaması, Mərkəzi Asiyada vacib siyasi proseslərin formalaşmasına təsir imkanlarının genişlənməsi. Əsas versiyaya görə, Qaraqalpaqstandakı gəginlik tammiqyaslı münaqişəyə çevrilməli, onun vasitəsilə Daşkəndin xarici və daxili siyasətinə təsir göstərilməli idi. Bununla yanaşı, baş verənlərdə Mərkəzi Asiya regionunda uzunmüddətli maraqları olan müxtəlif beynəlxalq siyasi aktorların mümkün rolu da vurğulanır.
Maraqlıdır ki, Özbəkistanın bütün qonşuları və tərəfdaşları prezident Mirziyoyevə dəstək ifadə ediblər.
Bununla yanaşı, bir sıra beynəlxalq hüquq müdafiəsi təşkilatları, BMT-nin struktur bölmələri Özbəkistan hökumətini dinc əhali arasında ölümə səbəb olmuş hadisələrlə bağlı «müstəqil və obyektiv» araşdırma aparmağa çağırıb.
Artıq məlumdur ki, Nukusda baş vermiş kütləvi iğtişaşlarla bağlı Özbəkistan Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü («Özbəkistan Respublikasının Konstitusion quruluşuna qəsd»), həmçinin bir neçə digər hissəsi ilə cinayət işi açılıb. Ölkənin Baş Prokurorluğu bəyan edib ki, Özbəkistan qanunvericiliyinə uyğun olaraq şəffaf istintaq aparılır və işlər istintaqa cəlb edilmiş şəxslərin hüquqlarına qəti şəkildə əməl olunması ilə görülür.
Qeyd olunmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər xüsusi ağır fəsadlara yol açmış əməllərdə günahlandırılırlar (talan, dövlət mülkiyyətinə ciddi zərər vurulması, hüquq mühafizə orqanları əməkdaşlarına bədən xəsarəti yetirilməsi). Üstəlik, onların əksəriyyətinin bu zaman alkoqollu içki və narkotik maddələrin təsiri altında olduqları bildirilir.
Bəzi hüquq müdafiəsi təşkilatlarının Özbəkistan hökumətinin etirazçı fəalların qarşısını almasına irad bildirməsi, ölkədə internetin bərpası çağırışları Daşkəndin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilə bilər. Məlumdur ki, hökumət fövqəladə vəziyyət şəraitində internetə çıxışı məqsədli şəkildə məhdudlaşdırıb, çünki iğtişaşların təşkilatçıları hakimiyyət əleyhinə aksiyaları sosial şəbəkələr vasitəsilə planlaşdırıb və təşkil edib. Kütlənin hərəkəti də bu vasitə ilə idarə olunub. Nəticədə, ictimaiyyətdə çaşqınlıq yaranır, mənfi ictimai fon formalaşırdı.
Ekologiya ilə bağlı spekulyasiya cəhdləri
Qaraqalpaqstanın böyük bir hissəsi ekoloji fəlakət zonası sayılan Aralyanı bölgəyə düşür. Etirazların təşkilatçıları da ekoloji gərginlik mövzusunu xüsusi şişirdir, hökuməti əhali üçün bilərəkdən ekstremal həyat şəraiti yaratmaqda təqsirləndirirdi. Bununla yanaşı, sosial problemlər Özbəkistanın mərkəzi hakimiyyətinin məqsədyönlü siyasətinin nəticəsi kimi, həddindən artıq şişirdilərək təqdim olunurdu.
Lakin ekoloji problemlərin yaşanan gərginliklə əlaqələndirilməsi cəhdi çox uğursuzdur və real faktlar qarşısında keçərli deyil. Qaraqalpaqstanın müstəqilliyinin tərəfdarları ekoloji bərpa, sosial-iqtisadi inkişaf proqramlarını, çətin ki, Daşkəndə qarşıdurma şəraitində, təkbaşına həll edə bilsinlər. Doğrudur, son onilliklər ərzində Aralyanı bölgə, həqiqətən də, qitə miqyaslı ekoloji fəlakət zonası sayılır. Avrasiya qitəsinin mərkəzinin böyük bir hissəsi bu bölgədəki quraqlığın mənfi fəsadlarını hiss edir. Amma ölkə rəhbərliyi bu ekoloji fəlakətin fəsadlarının fərqindədir. Odur ki, regionun bərpası ilə bağlı milli proqramlar hazırlanır və icra olunur. Məsələn, Aralyanı bölgənin inkişafı ilə bağlı məsələlər dövlət siyasətinin prioritetləri sırasında yer alır. Ötən illər ərzində Aral dənizinin qurumuş hissəsində 1,7 milyon hektarlıq yaşıllıq salınıb. Bununla yanaşı, flora və faunanın bərpası, ekosistemin dirçəldilməsi və dayanıqlı sosial-iqtisadi inkişafa nail olunması üçün beş illik milli proqram hazırlanır. Quru küləklər tərəfindən yüzlərlə, hətta minlərlə kilometr məsafəyə daşınan qalın duz qabığı ilə örtülmüş cansız dibdən Aralqum səhrasının ekosistemini yaratmaq mümkün oldu. Məhz bu ekosistem külək eroziyası və daha da deqradasiyasının qarşısını alır.
Yerli iqtisadiyyata da əsasən Özbəkistan büdcəsindən ayrılmalarla dəstək göstərilir, azsaylı sənaye müəssisələri isə ölkə daxilinə istiqamətlənib. Mərkəzi maliyyələşdirmə sayəsində müxtəlif sosial proqramlar da icra olunur. Rəsmi statistikaya əsasən, 2017-ci ildən bu yana məktəbəqədər təhsil alan uşaqların sayı 32%-dən 75%-ə qalxıb. «Obod kişlok» və «Obod mahallə» proqramları çərçivəsində muxtar respublikada sosial infrastrukturun inkişafı, əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təchizatı sahələrində miqyaslı işlər görülüb, irriqasiya və meliorasiya şəbəkələrinin vəziyyəti xeyli yaxşılaşdırılıb. Özbəkistan rəhbərliyinin təşəbbüsü ilə Aralətrafı bölgədə insan təhlükəsizliyi üçün BMT-nin Çoxtərəfli Trast Fondu yaradılıb. Bu proqramların icrasında beynəlxalq əməkdaşlıq da həyata keçirilir.
Əlbəttə, istənilən bölgədə olduğu kimi, Qaraqalpaqstanda da problemlər var. Lakin separatçılığın baş qaldırması, iğtişaşların təşkili nəinki problemlərin həllinə yardım etməyəcək, hətta onları daha da dərinləşdirəcək, daha sərt yeni problemlərin meydana çıxmasına yol açacaq.
Özbəkistanda həyata keçirilən islahatlar siyasəti o cümlədən Qaraqalpaqstanın sosial-iqtisadi inkişafına impuls verilməsinə yönəlib. Özbəkistan rəhbərliyinin yürütdüyü aşkarlıq siyasətinin məqsədi isə regiona investisiyaların cəlbi, Aralyanı bölgənin ekosisteminin bərpası üçün miqyaslı beynəlxalq proqramların icrasıdır. Bu siyasətin nəticələri artıq bu gün özünü göstərməkdədir. Amma görünən odur ki, Daşkəndin bu uğurları bəzi qüvvələrin ürəyincə deyil və onlar Özbəkistanı Mərkəzi Asiyanın dayanıqlı inkişaf edən sabit hissəsi kimi görmək istəmirlər.
Təcrübə isə göstərir ki, bu qüvvələrin nə sosial dayağı, nə siyasi gələcəyi var. Odur ki, onların oyunlarının biabırçı nəticəsi başqaları üçün yaxşı nümunə sayıla bilər.
MƏSLƏHƏT GÖR: