24 Noyabr 2024

Bazar, 15:03

ƏLÇATMAZ YÜKSƏKLİK

İrəvan Türkiyənin Şərqi Anadolu bölgəsinə iddialardan əl çəkməyə hazırdırmı?

Müəllif:

15.07.2022

Bir müddət əvvələdək bu xəbər sensasiya kimi qəbul olunardı: Vyanada Ermənistan və Türkiyə nümayəndələri arasında görüş olub. İndi bu, praktik olaraq, adi diplomatik hadisədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə regionda son dərəcə miqyaslı dəyişikliklərə səbəb olub və Ermənistan-Türkiyə dialoqu da bu qəbildən olan hadisələrdəndir.

Türkiyə Xarici İşlər Nazirliyi iki ölkə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələr – səfir Sərdar Kılıç ilə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, tərəflər Ermənistanla Türkiyə arasındakı quru sərhədlərinin tezliklə üçüncü ölkə vətəndaşları üçün açılması, həmçinin yaxın vaxtlarda birbaşa yük daşımalarına, o cümlədən hava nəqliyyatı ilə daşımalara başlanılması haqda razılığa gəliblər. Görüşdə başqa mümkün addımlar da müzakirə edilib.

 

«Stəkan yarısınadək boşdur», yoxsa «yarısınadək dolu»?

Tərəflər «yol xəritəsi» hazırlayıb, konkret addımlar üzərində iş aparır və ümumiyyətlə, razılığa gəlməyə hazırlıq nümayiş etdirirlər. Amma… Vyana görüşündən təxminən bir həftə əvvəl Ankara «Flyone Armenia» aviaşirkətinin Türkiyənin hava məkanı vasitəsilə Beyruta uçuş həyata keçirməsinə icazə verməmişdi. Nəticədə, şirkət Livan paytaxtına reysi təxirə salmış, sərnişinlərə kompensasiya ödənəcəyini və ya biletlərin geri qaytarılacağını bəyan etmişdi. Odur ki, «uzun illər davam etmiş düşmənçilikdən sonra barışıq bir anda baş tuta bilməz» fikrinin ən azı «yaşamaq haqqı» var. Lakin əsas məsələ bu da deyil.

Hələlik söhbət konkret addımlardan yox, yalnız «yol xəritəsi»ndən, «niyyət protokolu»ndan və s. gedir. Vyana görüşü ərəfəsində isə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan parlamentdəki çıxışında Ankara ilə dialoqda xüsusi irəliləyiş müşahidə etmədiyini bildirib. Bundan başqa, onun sözlərinə görə, Türkiyə tərəfi ilə danışıqlarda konkret sənəd müzakirə olunmur.

Yalnız bu faktın özü danışıqlardan tezliklə miqyaslı irəliləyişlər gözləməyin real olduğuna şübhə etmək üçün ciddi əsas sayıla bilər. Üstəlik, bəlkə, məsələ bununla da bitmir və Rubinyan əsas çətinliklərin nədən ibarət olduğunu sadəcə, açıqlamır. Çünki indiki mərhələdə onların dilə gətirilməsi Ermənistan üçün kifayət qədər riskli ola bilər.

 

Qarabağı çıxılmaqla dialoq

30 il ərzində Ermənistanın ağı deməsi, inildəməsi hesabına bir stereotip yaranıb: Türkiyə Azərbaycana dəstək olaraq «Ermənistanı blokadada saxlayır», onunla sərhədləri açmaqdan imtina edir. Doğrudur, Ankara da açıq şəkildə bildirirdi ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayacaqsa, onunla diplomatik münasibətlər qurulmayacaq, sərhədlər açılmayacaq. İrəvan Türkiyənin məhz bu qərarını «blokada» kimi qiymətləndirirdi. Lakin Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmasından, işğal altındakı torpaqların hərbi, daha dəqiqi hərbi-siyasi yolla azad olunmasından sonra Ankara-İrəvan münasibətlərinin normallaşmasına maneələr də aradan qalxıb. Hər halda, əksər ekspertlər buna əsas maneə olaraq məhz Azərbaycan torpaqlarının işğalını göstərirdi. Bununla yanaşı, Azərbaycan Ankara-İrəvan dialoquna qarşı olmadığını göstərir, Türkiyə isə Ermənistanda danışıqlardakı mövqeyini Bakı ilə koordinasiya edir. Üstəlik, Bakı davamlı olaraq Azərbaycan, Ermənistan və Türkiyənin də yer alacağı regional formatın yaradılması təşəbbüsü ilə çıxış edir.

Məsələnin bir də iqtisadi tərəfi var. Bu haqda çox danışılıb: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmadan iqtisadiyyatının dirçələcəyinə ümid edə bilməz. Ermənistan üçün «stavkalar» isə yüksəkdir. Bu mənada, Ermənistan rəhbərliyinin «koronavirus fasiləsi»ndən sonra Moskvaya təyyarə reysinin bərpası zamanı yaşadığı şoku xatırlatmaq kifayətdir – «Zvartnots» aeroportunda təyyarələrə edilən hücum Kabil aeroportunda baş verənləri xatırladırdı. Ekspertlər yaxşı anlayır ki, Ermənistan vətəndaşları ölkədən, ilk növbədə, iqtisadi perspektivsizlik üzündən qaçır. Düşünmək olar ki, bütün bunlar İrəvana sadə və anlaşılan fəaliyyət planının icrasını diktə edir: Ankara və Bakı ilə münasibətlər mümkün qədər tez normallaşmalıdır. Üstəlik, Azərbaycan ilə Türkiyə Ermənistan olmasa da asanlıqla yaşaya bilirlərsə (regionda son 25 ilin iqtisadi dinamikası bunu təsdiqləyir), İrəvanın iqtisadi cəhətdən güclü qonşuları ilə münasibətlərini normallaşdırmadan yaşaması çətin, bəlkə də, mümkünsüzdür.

Bununla yanaşı, indi ilk plana bilavasitə Ermənistanla Türkiyə arasındakı ziddiyyətlər çıxır. Bu ziddiyyətlər 1993-cü ildə məhz Qarabağ müharibəsi üzündən arxa plana keçmişdi. Halbuki bu o, təsəvvür olunandan daha ciddidir.

 

«Keçmişin kölgəsi»

Ankara-İrəvan münasibətlərindəki ağrılı nöqtələr detallı təhlilə getmədən belə, bir məqalənin miqyasını aşır. Ermənistandakı anti-Türkiyə isteriyasının, ekzistensional qorxunun yaşı ən azı 100 ildir. «Erməni soyqırımı», «erməni qətliamı» haqda söhbətlər, 1970-1980-ci illərdə Avropa şəhərlərində, ABŞ-da türkiyəli diplomatlara hücumlar etmiş məşhur terrorçuların milli qəhrəmana çevrilməsi, nifrət və düşmənçilik kultu – bütün bunlar haqda kifayət qədər yazılıb və danışılıb. Amma bir məqam da var ki, ona bir qədər az diqqət ayrılır – Ermənistan Türkiyənin dövlət sərhədlərini hələ də tanımır və ona qarşı ərazi ilddiası ilə çıxış edir. Bu iddiaların piki Birinci dünya müharibəsi dövrünə təsadüf edib. O zaman «Osmanlıların Konyaya qovulması» planı çərçivəsində türklərə məxsus Şərqi Anadoluda «qərbi Ermənistan»ın qurulması fərziyyəsi irəli sürülürdü. Amma bu, sadəcə kabinetlərdə, qapalı qapılar ardında müzakirə olunan plan deyildi. Məsələ Sevr müqaviləsində və Vudro Vilsonun «arbitraj qərarı»nda da əks olunmuşdu. Sonrakı hadisələr də hər kəsə məlumdur: Türkiyənin müstəqilliyi uğrunda müharibə, hələ Atatürk adını qazanmamış Mustafa Kamalın qələbəsi, Şərqi Anadolu və İzmirin azad edilməsi, artıq Osmanlı imperiyasının deyil, Türkiyə Cümhuriyyətinin sərhədlərinə məcburi qaydada yenidən baxılması, Qars və Moskva müqavilələrinin imzalanması… Yəqin ki, Avropanın aparıcı siyasətçilərinin bu qədər «atdığı» çox az xalq var. Odur ki, Nansenin bu fikirləri söyləməsinə həqiqətən bütün əsasları var idi: «Avropa siyasətinə cəlb olunmuş erməni xalqı yazıqdır! Yaxşı olardı ki, heç bir avropalı diplomat onların adını dilinə gətirməsin».

Amma sonradan hadisələr daha maraqlı şəkil alıb. Bir yandan Ermənistan SSRİ-nin tərkibinə qatılıb, Sovet İttifaqı isə 1920-ci illərdə Türkiyə ilə sərhədlər haqqında Qars və Moskva müqavilələrini imzalayıb. Digər tərəfdən isə SSRİ Türkiyəyə ərazi iddialarının yer aldığı xəritələri «əlində saxlayıb». Bununla da, Sovet Ermənistanına öz gerbində Ağrıdağın, yaxud, ermənilərin dediyi kimi, «Ararat»ın şəklini əks etdirmək icazəsi verilib. Bununla da, İrəvan Şərqi Anadoluya iddiasını rəsmi hala gətirib. Sovet illərində «erməni soyqırımı» mifi də bu cür ortaya atılıb. İrəvanda onun «qurban»larına ucaldılmış abidədə yenə də açıq şəkildə Ağrıdağa və «Qərbi Ermənistan»a eyham vurulub. SSRİ dağılan zaman Türkiyənin rəsmən narahatlığını ifadə edərək Ermənistanın ona qarşı ərazi iddiaları irəli sürə biləcəyini açıqlaması təsadüf deyildi.

Burada erməni diasporu da öz rolunu oynayıb və oynayır. Birincisi, Bakıda hələ 1990-cı illərdə istehza ilə vurğulandığı kimi, Yelisey meydanında gəzişən, Kaliforniyadakı villaların eyvanında əyləşərək Sakit okeanın mənzərəsini seyr edən ermənilər üçün Qarsın, Ərdahanın, Ağrıdağın, yaxud Van gölünün kimə məxsus olduğu haqda danışmaq daha asandır, nəinki Ermənistan sakinləri üçün. Bəli, erməni diasporunun istər siyasi, istər mədəni həyatı hər zaman bu mövzular ətrafında dövr edib: «soyqırımın nəticələrinin aşılması», Sevr sülh müqaviləsi, «Qərbi Ermənistan» və s.

 

Sərhədlər necə olsun?

Beləliklə, «soyqırımı qurbanları», «Qərbi Ermənistan» yaratmağın heç cür mümkün olmadığı Şərqi Anadolu torpaqları ilə bağlı isteriya Türkiyə ilə danışıqları çətinləşdirir. Doğrudur, bu gün müzakirələrdə sanki müsbət dinamika müşahidə olunur. Amma realist olsaq, hələ ki, tərəflərin müəyyən «ehtiyat gediş»ləri var və bu, əsas məsələni həll etmədən uğur görüntüsü yaratmağa imkan verir. Əsas məsələ isə əlbəttə ki, sərhədlərin tanınmasıdır. Türkiyə, təbii ki, ərazilərini Ermənistana hədiyyə etmək niyyətində deyil. Bəs Ermənistanın bu ərazi iddialarının üzərindən xətt çəkməyə siyasi iradəsi, cəsarəti çatacaqmı? Axı, o, onilliklər ərzində bunu az qala əsas ümummilli hədəf ranqına qaldırıb. İndi İrəvan dövlət gerbindən Ağrıdağın şəklini siləcəkmi?

Ermənistanın «ölülərini dəfn etmək», kökü yüz il əvvələ gedib çıxan ehtirasla yaşamağa son qoymasının vaxtı çoxdan çatıb. Bəs, erməni siyasətçilər buna hazırdırmı? Sual açıq qalır. Ermənistanın siyasi terror, cəmiyyətdə radikal qüvvələrin mövcudluğu ənənəsi də öz yerində. Demək, Ankara-İrəvan dialoqunun uğurlu sonuclanacağına tam əminlik hələ də yoxdur.



MƏSLƏHƏT GÖR:

153