24 Noyabr 2024

Bazar, 16:04

SEYLON APOKALİPSİSİ

Şri-Lankada yaşananlara regional və qlobal proseslərin birbaşa nəticəsi kimi baxılır

Müəllif:

01.08.2022

İyulda dünyanın diqqəti gözlənilmədən Asiyanın cənubunda yerləşən kiçik ada dövlətinə – Şri-Lankaya cəmləşdi. Ölkənin müstəqillik qazandığı 1948-ci ildən bu yana ən ciddi iqtisadi böhrana girməsi, apreldə defoltun elan olunması, nəhəng inflyasiya (54,6%), kəskin yanacaq, ərzaq, dərman, ilkin tələbat malları qıtlığı nəticəsində ölkədə əsl «daxili partlayış» baş verdi, nəticədə, prezident Qotabaya Racapaksa devrildi.

Ölkənin 225 yerlik parlamentində keçirilmiş səsvermə nəticəsində Şri-Lanka prezidenti postuna hakim koalisiyanın nümayəndəsi, sabiq baş nazir Ranil Vikramasinqxe seçilib. O, ölkəyə 2024-cü ilin noyabrına rəhbərlik edəcək. Həmin gün ümumxalq səsverməsi ilə yeni dövlət başçısının seçilməsi nəzərdə tutulub.

Buradan belə çıxır ki, Şri-Lankanın hazırkı «yeni köhnə» prezidenti adanı bürümüş problemlərin aradan qalxacağını ümid etməyə əsas vermir. Üstəlik, yaranmış vəziyyətdə Vikramasinqxenin özünün də günahı var. Hər halda, o, Şri-Lanka hökumətinə düz 6 dəfə başçılıq edib. Prinsipcə o, populyar siyasətçi deyil. Nümayişçilərin onun iqamətgahını yandırması da bunu təsdiqləyir.

Bəs Şri-Lankada nə baş verir. O, tarixində görünməmiş iqtisadi böhranla niyə üzləşib? Necə olub ki, dövlətin valyuta ehtiyatları qəflətən tükənərək, 2022-ci ilin aprelinə cəmi 50 milyon dollar təşkil edib? Şri-Lanka mayda tarixində ilk dəfə olaraq xarici borc ödənişini həyata keçirə bilməyib. Niyə?

 

Tarix və səbəb

Əvvəlcə bu ölkə haqda bir qədər məlumat vermək yerinə düşər. Bunun üçün internetdə kifayət qədər olan açıq mənbələrə nəzər salmaq kifayətdir. Beləliklə, keçmişdə Britaniyanın müstəmləkəsi olmuş Şri-Lanka əvvəllər Seylon adlanıb. Ölkə əhalisinin təxminən 70%-ni təşkil edən sinhallarla tamil azlıq arasında uzun illər davam etmiş qanlı vətəndaş müharibəsinə 2009-cu ildə son qoyulub. Ölkə yalnız bundan sonra borc almaq üçün xaricə müraciət etməyə başlayıb, lakin daxili idarəetmədəki bacarıqsızlıq üzündən Kolombo (Şri-Lankanın maliyyə mərkəzi) daim büdcə kəsiri ilə yaşayıb, xarici borc isə ildən-ilə artıb. Bir dövrdə Şri-Lanka əsas ixrac malları hesabına yaşayıb.

Davamını sitatla təqdim edək: «Dünyada istehsal olunan çayın təxminən 10%-i bu adanın payına düşür – ildə 305 min tondan artıq (Hindistan və Çindən sonra üçüncü yer). İqtisadiyyatda təbii kauçuk, darçın istehsalı da inkişaf edib, qiymətli daşlar hasil olunur. 2008-ci ilin məlumatına görə, ixracın 20%-i kənd təsərrüfatının payına düşür (1972-ci ildə bu, 93% olub). Sənayedə əsas yeri toxuculuq tutur (ixracın 63%-i). ÜDM ildə təxminən 5% artır. Şri-Lanka Cənubi Asiyada adambaşına düşən ÜDM-in həcminə görə ilk yerdədir (2008-ci ildə 4300 dollar)».

İndi bütün bunlar haqda əminliklə keçmiş zamanda danışmaq olar. Hökumətdə isə hesab edirlər ki, hər şeyin səbəbi pandemiya və nəticədə ölkəyə turist axınının azalmasıdır. Ölkəni bürümüş iqtisadi böhranın əsas səbəblərindən biri, həqiqətən də, budur. Amma başqa fikirlər də var. Məsələn, bəzi ekspertlər ölkədə həyata keçirilən vergi islahatlarını mübahisəli hesab edir. Digərləri bildirir ki, inkişaf etmiş ölkələrlə geyim idxalına qoyulmuş kvotanın 2005-ci ilin yanvarında aradan qaldırılması Şri-Lankaya çox mənfi təsir göstərib. Qeyd edək ki, ÜTT çərçivəsində tətbiq edilmiş kvota 30 ildən çox qüvvədə olub. Bəzi ekspertlər isə ada sakinlərinin belə acınacaqlı vəziyyətlə üzləşməsinin səbəbini yaxşı düşünülmədən «orqanik əkinçiliy»ə keçid qərarının verilməsidir. Kimyəvi gübrələrdən istifadəyə qadağa qoyulması nəticəsində kənd təsərrüfatı praktik olaraq, məhv olub. Nəticədə, ölkə düyü idxal etmək məcburiyyətində belə, qalıb.

«Environmental Progress» təşkilatının yaradıcısı, «Görünməmiş apokalipsis» və «San-Fransisko» bestellerlərinin müəllifi, professor Maykl Şellenberger bildirir ki, kimyəvi gübrələrin qadağan olunması nəticəsində 2021-ci ilin aprelində kənd təsərrüfatı sahələrinin üçdə biri istifadəsiz qalıb, fermerlərin 85%-i məhsulunu itirib, düyü istehsalı 20% azalıb, tərəvəzlərin qiyməti artıb. Ən əsası isə ildə ölkəyə 1,3 milyard dollar qazandıran çay istehsalı 2021-ci ilin noyabrından 2022-ci ilin fevralınadək 18% azalıb. Dünya bazarlarında ərzağın və enerji daşıyıcılarının bahalaşması isə Şri-Lanka iqtisadiyyatına «son zərbə» olub.

 

Gələcəyə olan planlar

KİV-in məlumatına görə, Ranil Vikramasinqxenin prezident kimi ilk addımlarından biri BVF ilə ölkəyə təcili yardımın göstərilməsi ilə bağlı danışıqları mümkün qədər tez bitirmək olacaq. Onun sözlərinə görə, keçmiş lider Qotabaya Racapaksanın hökuməti Şri-Lankanın müflis olduğu və BVF-yə müraciətin zəruriliyi haqda həqiqəti gizlədib. «Bizə 5 və ya 10 il lazım deyil. Gəlin, gələn ilin sonuna sabitləşməyə başlayaq, 2024-cü ilə isə inkişafa başlamış işlək iqtisadiyyat quraq», - deyə o, öz proqramını, CNN-ə açıqlayarkən bildirib. Artıq məlumdur ki, yeni prezidentin proqramı yeniliyi və orijinallığı ilə fərqlənmir.

Maraqlıdır ki, ölkənin xarici borcunun çox hissəsi beynəlxalq kredit bazarlarında istiqraz vərəqələrinə sahib olan özəl qurumlara, maliyyə təşkilatlarına, məsələn, Asiya İnkişaf Bankına məxsusdur. Dövlət borcu saşibləri arasında Çin, Hindistan və Yaponiya var. Yeri gəlmişkən, belə bir vəziyyətdə Qərb KİV-i məhz Çinə məxsus «Bir kəmər, bir yol» proqramı çərçivəsindəki layihələrin böyük əksəriyyətinin tutarsızlığını vurğulayır. Onlar hesab edirlər ki, nəhənc borclar zəif hökumətlərin maliyyə çətinliklərini daha da artırıb. Məsələn, «American Enterprise Institute» yazır ki, 2021-ci ilin sonuna inkişaf etməkdə olan ölkələr üçün «Kəmər və yol»un qiyməti 838 milyard dollar təşkil edib.

Şri-Lanka haqda əsas informasiya budur - ölkənin Cənubi Asiyanın həyati əhəmiyyətli dəniz yollarına çıxışı, Malakka boğazı ilə Fars körfəzi ölkələri arasındakı unikal coğrafi mövqeyi, Şri-Lankanı adi, kiçik Asiya dövlətindən ciddi əhəmiyyətə malik ölkəyə çevirir. Qədim zamanlardan XVI əsrədək Şri-Lankanın limanları və şəhərləri bir çox tarixi əhəmiyyətli kartoqrafiya sənədlərində yer alıb, dənizçilərin yan almaları üçün əsas məkan, İpək yolu üzərində ticarət və mübadilə mərkəzləri olub. İndi keçmiş Seylon Hindistanla Çinin, həmçinin Çinlə ABŞ və kollektiv Qərbin regional rəqabətinin tam mərkəzində yerləşir. Hindistanı Şri-Lanka ilə sərhədlərin təhlükəsizliyi, miqrant axını, logistika məsələləri birləşdirir. Çinlə isə «Bir kəmər, bir yol» qlobal təşəbbüsü çərçivəsində birgə gələcəkdən danışılır.

Hələlik onun Çinlə xarici ticarəti əsasən dənizlə, konteynerlərlə həyata keçirilir. 2012-ci ildə Çin Kommunist Partiyasının XVIII qurultayında ÇXR sədri Xu Cintao qarşıya konkret hədəf qoymuşdu – Çin nəhəng dəniz fövqəldövlətinə çevrilməlidir. 2013-cü ilin oktyabrında isə XXI əsrin dəniz İpək yolunun yaradılması anonsu verilib.

Maraqlıdır ki, Çinin Hind okeanı ölkələri ilə bağlı diplomatik fəaliyyəti «Bir sap mirvari» adlandırılır. Bu, Pekinin iqtisadi və siyasi iddialarına cavab verməli olan müxtəlif infrastruktur obyektlərinin tikintisi ilə bağlıdır. Çin üçün Hind-Sakit okean regionunda potensial dayaq məntəqələri kimi təqdim olunan liman layihələri arasında Pakistandakı Qvadar, Kambocadakı Ko Ronqa, Myanmadakı Kyaukpyu limanları ilə yanaşı, Şri-Lankanın cənubundakı Xambantota limanının da adı çəkilir və bu, təəccüblü deyil. Pekin bu obyektlərə ciddi investisiya qoyur, çünki onlar Çinə enerji resurslarının Malakka boğazından yan keçməklə tədarükü üçün alternativ yol açır. Limanın inkişafı rəsmi Kolombo tərəfindən böyük hadisə, ölkənin müasirləşdirilməsi istiqamətində atılmış vacib addım kimi təqdim olunub. Limanla yanaşı, Çin sənaye parkı və müasir aeroport da tikib.

Bəs Şri-Lankada baş verən son hadisələr Çinin planlarına zərbə sayıla bilərmi? Bu, Pekinin gələcək addımlarından asılı olacaq. Əlbəttə ki, həm də Hindistanın. Hər halda, Çinin Şri-Lankaya mövcudluğu ona Cənubi Hindistana «göz qoymaq» imkanı verir, bu isə Yeni Dehlini çox qıcıqlandırır. İndi Hindistan «batmaqda olan» Şri-Lankanın xilas edilməsi işinə çox ciddi girişib. Başqa sözlə, hazırkı böhran həm də onun üçün strateji əhəmiyyətli bu ölkədə öz mövqelərini gücləndirməsinə imkan yaradır.

Beləliklə, yaşananlardan belə qənaətə gəlmək olar: Şri-Lankada baş verənlər son illərin miqyaslı hadisələri ilə əlaqəli yaşanan regional və qlobal proseslərin birbaşa nəticəsidir. Söhbət COVID-19 pandemiyasından, enerji böhranından, Ukrayna müharibəsindən, dünyanın aparıcı fövqəldövlətləri arasında nüfuz dairəsi və tranzit yollarının bölüşdürülməsi prosesindən və s. gedir. Odur ki, Şri-Lanka bu vəziyyətlə üzləşən yeganə ölkə olmayacaq.



MƏSLƏHƏT GÖR:

142