Müəllif: NURANİ
Laçın şəhərinə, həmçinin eyniadlı rayonun Zabux və Sus kəndlərinə nəzarətin Azərbaycana qaytarılması regionda gedən siyasi proseslərin əsas mövzusu olaraq qalır. Bu, gözlənilən idi. Çünki baş verənlər Ermənistanın daxili siyasi meydanında kifayət qədər ciddi əks-sədaya səbəb olub.
Xatırladaq ki, Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri Ermənistan tərəfindən beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq, 1992-ci ildə işğal edilmişdi. İndi burada söhbət, şübhəsiz ki, «Ermənistanın ərazi itkilərindən» deyil, istisnasız olaraq, regionda nizam-intizamın, təhlükəsizliyin, tanınan sərhədlərin bərpasından gedir. Lakin İrəvandakı revanşistlər belə «incəlik»lərə varmaq istəmir, Nikol Paşinyan və tərəfdarlarını «kapitulyantlıq»da, «torpaqları əldən verməkdə» və s. günahlandırırlar.
Yerli daşnakların son mitinqlərin əsas «ulduz»una çevrilmiş lideri İşxan Saqatelyan Ermənistanın güc strukturlarının ünvanına aşkar təhdidlər səsləndirir: «Berdazor, Axavno (ermənilər Laçınla Zabuxu belə adlandırırlar - red.), Sus və ermənilərə məxsus digər yaşayış məntəqələrinin və ərazilərin itirilməsinə görə məsuliyyəti şəxsən siz daşıyırsınız. Nikol hakimiyyətinin yeganə arxa-dayağı, mühafizəçisi sizsiniz. Bundan sonra siz «Ermənistan respublikasına xidmət edirəm» deyə bilməzsiniz: siz yalnız bu antierməni hakimiyyətinə, ölkədə diktaturanın möhkəmlənməsinə xidmət edirsiniz». Saqatelyan güc strukturlarının rəhbərlərini «ağıllarını başlarına yığmağa», özlərini «Edmon Marukyanlarla, Alen Simonyanlarla bir tutmamağa», Ermənistan vətəndaşlarını isə «Ermənistan uğrunda, «Artsax» uğrunda, bizim nəsillərimiz uğrunda» mübarizəni davam etdirməyə çağırıb.
Revanşistlər «sülh partiyası»na qarşı?
Saqatelyanın müraciəti sanki ermənilərin klassik düzənini ortaya qoyur: revanşistlər Nikol Paşinyan və onun silahdaşları, yəni Edmon Marukyan və Alen Simonyanın timsalında «sülh partiyası»na qarşıdır. Amma Paşinyan və ətrafını nə dərəcədə «sülh partiyası» saymaq olar? Bu, mübahisəli məsələdir. Danışıqlar prosesinin müntəzəm olaraq pozulması, Şuşada Araik Arutunyan üçün «inauqurasiya» mərasiminin təşkili, «Qarabağ Ermənistandır və nöqtə!» tipli bəyanatlar və nəhayət, məhz Paşinyan və komandasının başlatdığı 44 günlük müharibə, Azərbaycanın dinc şəhərlərinə raket zərbələrinin endirilməsi «yaxşı Paşinyan pis revanşistlərə qarşı» postulatına ciddi şübhə ilə yanaşılmasına əsas verir. Bundan başqa, artıq Ermənistanın Vətən müharibəsində darmadağın olunmasından sonra məhz Paşinyan və tərəfdarları postmünaqişə nizamlanması prosesini məqsədli şəkildə ləngidir, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır.
Laçın, Zabux və Susun Azərbaycana qaytarılması ərəfəsində isə Nikol Paşinyanın komandası əsl sülh partiyasına qarşı əsl repressiyaya başlamışdı. Söhbət Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağa hazır olan politoloq İşxan Verdyan ilə fəal vətəndaş Vaqe Qambaryandan gedir. Ermənistan hökuməti onları nə az, nə çox – vətənə xəyanətdə və «düşmən» xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edir.
Paşinyançılarla revanşistlər arasında «lütfkarlıq mübadiləsi» fonunda «torpaqların verilməsi»nin qəti əleyhdarları belə, bir sual səsləndirirlər: Paşinyanın əleyhdarları hakimiyyətə gələcəkləri təqdirdə nə edəcəklər? Onların vəziyyəti kökündən Ermənistanın xeyrinə dəyişmək şansı varmı? Yoxsa hər şey kürsülərdə əyləşmiş şəxslərin dəyişməsi ilə başlayıb, elə onunla da bitəcək? Paşinyanın komandası ilə kapitulyasiya ilə bağlı ittihamlara cavabında vaxtilə sələflərinin, yəni elə həmin «qarabağlılar»ın apardıqları danışıqların detallarını açır. Ola bilsin ki, Ermənistan müxalifəti hətta «Laçının təhvil verilməsi» fonunda belə, xalqı etiraza məhz bu səbəbdən qaldıra bilmir.
Müxalifət küçəni uduzub
İrəvanda keçirilən növbəti mitinq zamanı yerli güc strukturları rusiyalı bloger Romanovu son dərəcə kobud şəkildə saxlayıb. Lakin küçələrdə gözlənilən dalğalanma yenə də baş verməyib. Halbuki ölkədə artıq bir neçə gün, hətta bir neçə həftə idi ki, «torpaqların veriləcəyi»ndən bəhs olunurdu…
Əlbəttə, hər şeyi qızmar yayın, məzuniyyət mövsümünün və s. üzərinə atmaq olar. Amma səbəb, həqiqətən, budurmu?
Ekspertlər iddia edir ki, vətəndaşları ərazilərin itirilməsi kimi hadisələrə ya ilk saatlarda və günlərdə reaksiya verir, ya da bu haqda növbəti (əgər olacaqsa) dəfə danışmağı düşünürlər. Bəli, Ermənistan 10 noyabr kapitulyasiyasına imza atan zaman İrəvanda insanlar küçələrə axışmışdı. O zaman etirazçılar hətta parlamentin binasını ələ keçirmiş, baş nazirin kabinetindən ətir, kompüter və sürücülük vəsiqəsini də «oğurlamışdılar». Lakin Paşinyan müharibədə məğlub olduqdan az sonra keçirdiyi növbədənkənar seçkidən qalib ayrıla bilmişdi. Artıq o zaman ekspertlər və politoloqlar deyirdilər ki, birincisi, erməni xalqı müharibədən yorulub. İkincisi, İrəvan, Gümrü və Vanadzor küçələrinə çıxmış insanlar əmin olmuşdular ki, müharibə heç də yalnız «biz hücum edirik, onlar qaçır, biz talan edir və onların evlərini ələ keçiririk» deyil. Ərazi üstünlüyü Ermənistanın xeyrinə olmaya da bilər. Üçüncüsü, ermənilər «Qarabağ klanı»nı yenidən hakimiyyətə qaytarmaqdansa, Qarabağı itirməyi üstün tutur. Ermənistan müxalifəti isə Paşinyana emosinalcasına «kapitulyant» damğası yapışdıra bilər. Bəs o potensial tərəfdarlarına «qoy Paşinyan getsin, biz qayıdaq»dan başqa nə vəd edə bilər?
İş o yerə çatıb ki, erməni siyasi texnoloq, yerli revanşistlərə aşkar rəğbətlə yanaşan Armen Badalyan «Sputnik»in İrəvan bürosuna açıqlamasında müxalifətdə kreativliyin olmadığını açıq şəkildə ifadə edir.
İşxan Saqatelyana gəlincə, o, nəzəri olaraq yeni proqram və yeni ideyalar vəd edir. Amma Ermənistan müxalifəti öz strategiyasında konkret olaraq nələri dəyişmək fikrindədir? Yeni müxalifət liderlərində bu suala cavab yoxdur. Yeri gəlmişkən, «kabab inqilabı»ndan sonra Paşinyan da yeni ideyalar baxımından fərqlənmir.
Bəs müxalifət sözün birbaşa və dolayı mənasında döyüşsüz təslim olacaqmı? Hər halda, Paşinyan Ermənistanda həqiqətən də şəxsi diktaturasını qurur, «qarabağlılar»ın ona hücumlarını nəzəri baxımdan belə, bağışlamır.
Terror gündəmdədir?
Ermənistanda siyasətin güc variantına keçmə təhlükəsi qalmaqdadır. Bunu avqustun 14-də «Surmalu» bazarında baş vermiş partlayış da təsdiqləyir. Bu partlayış nəticəsində 16 nəfər həlak olub, 50-dən çox insan yaralanıb. Nəticədə, hökumət ölkədə iki günlük matəm elan edib. İstintaq davam edir, lakin Ermənistan fövqəladə hallar nazirinin müavini terror aktı versiyasını artıq rədd edib. Rəsmi versiyaya görə, hadisəyə fişənglərin partlaması səbəb olub.
Amma bu, son deyil. Birincisi, avqust fişənglərin kütləvi şəkildə satıldığı mövsüm deyil. İkincisi, fişənglər, əlbəttə ki, kifayət qədər güclü partlayış yarada bilər. Lakin bu zaman fişənglərin partladılma səbəbi olan effektlər – rəngarəng alovlar, «quyruq»lar, qığılcımlar və s. müşahidə olunmalıdır. “Surmalu» bazarındakı partlayışın videosunda isə belə hallar yoxdur.
Ən əsası, hadisənin baş verdyi fon xüsusilə düşündürücüdür. Bazarda partlayışın baş verdiyi gün İrəvan metrosundan sərnişinlər partlayış təhlükəsi səbəbi ilə təxliyə olunmuşdular. Ölkədə «telefon terroru» dalğası isə aylardır davam edir. Üstəlik, söhbət heç də yalnız «telefon terroru»ndan getmir. Ermənistanda bank ofislərinə əlində qumbara tutmuş şəxslərin hücumlarına belə, rast gəlinir. Bir sözlə, ölkədə «qaynar xəbər» qıtlığı yoxdur. Ermənistanda siyasi terror ənənəsinin kökləri isə XIX əsrə gedib çıxır. Üstəlik, bu gün müxalifətin sıralarında terrorçular tərəfindən yaradılmış, vaxtilə İrəvanda polis bazasını ələ keçirmiş «Sasna srer» kimi təşkilat da var.
Ermənistan hökuməti bazarda baş vermiş partlayışı terror aktı kimi qiymətləndirməkdən imtina etsə də, bu, ölkədə terror riskini azaltmır.
MƏSLƏHƏT GÖR: