Müəllif: Nigar ABBASOVA
Komo gölünün ətrafındakı bütün kurort şəhərləri arasında məhz Çernobbio ən gözəl və qlamur şəhərlərdən biri kimi tanınır. Bu şəhər təkcə gözəl mənzərəsi ilə deyil, həm də keçmişdə tanınmış şəxsiyyətlərin yaşadığı tarixi evlərlə məşhurdur. Bu dəfə isə Çernobbio dünya ictimaiyyətinin diqqətini turistik baxımdan şöhrəti ilə deyil, ənənəvi olaraq hər il sentyabrda Komo gölündə keçirilən 48-ci Beynəlxalq Forumla cəlb edib.
“Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən forum dövlət başçılarını, nazirləri, Nobel mükafatı laureatlarını və iş adamlarını qlobal iqtisadiyyatın və cəmiyyətin qarşısında duran aktual problemləri müzakirə etmək üçün bir araya gətirib. Beynəlxalq Çernobbio Forumunun bir növ İtaliya Davosuna çevrildiyini söyləyə bilərik.
Qeyd edək ki, bu il tədbir xüsusilə çətin şəraitdə keçirilib: İtaliyada siyasi böhran, Avropada dərinləşən enerji böhranı, Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü, enerji qiymətlərinin artması, dünyada ərzaq böhranı təhlükəsi... Əslində, sadalanan məsələlər üç günlük (sentyabrın 2-4-də) forumun gündəliyini formalaşdırıb. 48-ci Beynəlxalq Çernobbio Forumunun əsas qonağı isə İtaliyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev idi.
Yeri gəlmişkən, bu forumda indiyədək şahzadə II Albert, Kofi Annan, Cozef Bayden, Riçard Çeyni, Rəcəb Tayyib Ərdoğan, Kraliça Raniya Əl-Abdulla və digər tanınmış siyasi xadimlər iştirak ediblər.
Bütün yollar Azərbaycana aparır!
Ümumiyyətlə, Azərbaycan liderinin İtaliya səfəri məhsuldar olub. Buraya Romada Azərbaycan səfirliyinin yeni binasının açılışı, Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı universiteti arasında müqavilələrin imzalanması mərasimi, İ.Əliyevin İtaliya rəhbərliyi ilə görüşləri (Prezident Sercio Mattarella və Baş nazir Mario Draqi), Çernobbio Forumunda çıxışı, jurnalistlərlə ünsiyyəti daxildir.
Əlbəttə, görüşlərdəki əsas məsələ, əslində, İlham Əliyevin İtaliyaya səfərinin əsas məqsədlərindən biri olan enerji əməkdaşlığının müzakirəsi olub. Dövlət başçısı vurğulayıb ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bu məqamda qeyd edək ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 9,6 milyard dollar olub. Amma bu ilin 7 ayında bu göstərici düz 11 milyard dollara çatıb. Üstəlik, İtaliya uzun illərdir ki, Azərbaycan neftinin, 2020-ci il dekabrın 31-dən isə təbii qazının əsas idxalçısıdır. Yəni Azərbaycanın İtaliyaya ixracının strukturunda karbohidrogen ehtiyatları üstünlük təşkil edir.
“Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Bu, təkcə İtaliyaya şamil edilmir. Əminəm ki, İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaqdır”, - Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Təsadüfi deyil ki, İtaliyanın Baş naziri Mario Draqi İ.Əliyevlə görüşdə ölkəsinin və bütövlükdə Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rolunu qeyd edib.
Xatırladaq ki, İtaliya hakimiyyəti Rusiya “mavi yanacağı”ndan asılılığın azaldılması çərçivəsində artıq əlavə həcmlər üçün Azərbaycana müraciət edib. Əgər ilin əvvəlində İtaliyada Rusiya təbii qazının payı 40 %-dən çox idisə (ildə 29 milyard kubmetr), indi bu göstərici 25 %-ə düşüb. Bu, ölkə enerji təchizatını şaxələndirməyə çalışır. Məsələn, bu ilin aprelində İtaliya və Əlcəzair 2023-2024-cü illərdə təbii qaz tədarükünü ildə daha 9 milyard kubmetr artırmaq, 2022-ci ildə isə 19,9 milyard kubmetrə çatdırmaq barədə saziş imzalayıb. Bu göstərici isə Rusiyadan təbii qaz tədarükündən çox olacaq.
Yeri gəlmişkən, TAP kəmərinin kommersiya istismarına başlanmasından sonra, yəni ilyarım ərzində 13,5 milyard kubmetr həcmində Azərbaycan qazı Avropaya nəql edilib. Bunun 11,7 milyard kubmetri İtaliyaya ixrac olunub.
“Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var”, - Azərbaycanın dövlət başçısı məlumat verib.
İ.Əliyev və M.Draqi arasında keçirilən görüşdə enerji məsələləri ilə yanaşı, iqtisadiyyat, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub. Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində İtaliya şirkətlərinin fəal iştirakı da müzakirə edilən mövzulardan biri idi.
İ.Əliyev 2027-ci ilə qədər Aİ-yə təbii qaz nəqlinin 2 dəfə artırılmasını nəzərdə tutan Azərbaycanla Aİ arasında enerji sektorunda strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumuna da toxunub: “Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Çünki Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin imkanları fərqlidir”.
İkiqat artıma ehtiyac var
“Artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik”, - Azərbaycan Prezidenti vurğulayıb.
Konkret olaraq, bu məqsədlə TANAP kəmərinin ötürücülük qabiliyyətinin ildə 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər, TAP kəmərinin isə ötürücülük qabiliyyətinin ildə azı 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi təklif edilir.
“Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Biz bir ölkə və investor olaraq buna hazırıq. Lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir”, - İ.Əliyev qeyd edib.
Bundan başqa, Azərbaycan liderinin Çernobbio Forumunda çıxışından məlum olub ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ölkəmizə 10-dan çox dövlətdən ya təbii qazın həcminin artırılması, ya da bu enerji resursunun ixracının başlanılması ilə bağlı rəsmi müraciətlər daxil olub. Üstəlik, bu siyahıya artıq Azərbaycan təbii qazını alan ölkələr də daxildir: Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və digər ölkələr.
“Biz Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu görürük. Burada interkonnektorlar ilə bağlı müzakirələr gedir və onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru istismara verilməyə yaxındır. Həmin qəbildən olan digər layihələr də var. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan təbii qazını üç Balkan ölkəsinə çatdıracaq”, - İlham Əliyev deyib.
İonik-Adriatik boru kəmərinin tikintisi ilə hansı ölkələrin məşğul olduğunu nəzərə alsaq, Azərbaycan liderinin hansı dövlətləri nəzərdə tutduğu aydın olur: Xorvatiya, Albaniya və Monteneqro. Əslində, burada gözlənilməz heç nə yoxdur. Qərbi Balkan ölkələri uzun müddətdir ki, Azərbaycan təbii qazına və Cənub Qaz Dəhlizi layihəsinə maraq göstərir. Üstəlik, onlar Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclaslarının fəal iştirakçılarıdır.
Avropaya ixracın iki dəfə artırılmasına gəlincə, İ.Əliyevin sözlərinə görə, bu, asan məsələ deyil, çünki görüləcək çox iş var və son sözü avropalı tərəfdaşlar deməlidir. Belə ki, həm TAP kəmərinin, həm də Cənub Qaz Dəhlizinin digər seqmentlərinin texniki imkanlarına sərmayə qoyuluşu və genişləndirilməsi üçün səhmdarlar arasında razılaşmalar tələb olunur.
“Nəzərə almaq lazımdır ki, bizim TAP-da payımız yalnız 20 faizdir. Digər səhmdarlar da razılığa gəlməli və birgə sərmayə layihəsini planlaşdırmalıyıq. Bunu isə tezliklə etmək lazımdır. Çünki biz Avropa Komissiyası ilə razılığa gəlmişik ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz ixracını iki dəfə - 20 milyard kubmetrə qədər artıraq. TAP genişləndirilməsə, bu, mümkün olmayacaq. Beləliklə, biz ilk olaraq bunu etməli, daha sonra isə müqavilələrlə bağlı danışıqlara başlamalıyıq”, - Azərbaycanın dövlət başçısı izah edib.
Görünür, Aİ Azərbaycan hakimiyyətinin çağırışlarını eşidib və o, TAP kəmərinin ötürücülük qabiliyyətinin iki dəfə artırılması məsələsinin həllini sürətləndirməyə qərar verib.
“Bu ilin sonunda və ya gələn ilin əvvəlində TAP bazar sınaqlarının son mərhələsinə başlamağı planlaşdırır. Bu zaman yük göndərənlər TAP AG-dən boru kəmərinin əlavə uzunmüddətli gücləri üçün sorğu göndərəcəklər. Bu sorğu prosesi ən çox iki ay davam edə bilər. Əgər güclərə kifayət qədər tələb olarsa, o zaman biz TAP qaz kəmərinin genişləndirilməsinə başlayacağıq”, - TAP AG boru kəməri şirkətinin icraçı direktoru Luka Şippati Milanda keçirilən “Gastech” beynəlxalq konfrans çərçivəsində bildirib.
Onun sözlərinə görə, TAP-ın genişlənməsi mərhələli şəkildə ola bilər, TAP-a əlavə qaz həcmi isə Azərbaycanın bir neçə yatağından daxil olacaq: “36 aydan sonra biz ilk əlavə güc təqdim edə biləcəyik, 60 aydan sonra isə gücləri artıq iki dəfə artıra biləcəyik”.
Bundan başqa, icraçı direktor eyham vurub ki, layihənin inkişafı üçün geniş planlar var. Onun sözlərinə görə, TAP konsorsiumu eyni zamanda həm də TAP-ın infrastrukturunu hidrogen nəqlinə hazırlamaq üzərində işləyir və bu layihənin texniki-iqtisadi əsaslandırılması müsbət nəticə verib.
“Hazırda sənaye hazırda karbon neytrallığını əldə etmək məqsədilə hidrogen mövzusuna diqqətini yönəldib. ТAP-da biz bu ideyanı tam başdan qəbul etdik. 2021-ci ildə apardığımız ilkin araşdırma təsdiq etdi ki, TAP hidrogen nəql edə bilər”, - o vurğulayıb.
Luka Şippati əlavə edib ki, TAP-ın enerji resurslarının daşınması ilə uyğunluq təşkil etməsinə əmin olmaq məqsədilə növbəti addım boru kəmərinin materialını və qaynağını sınaqdan keçirmək olacaq.
Təbii qaz növbəsində
Eyni zamanda Azərbaycan təbii qazını almaq istəyənlərin sayı həndəsi silsilə ilə artır. İndi Moldova potensial alıcılar siyahısına qoşulmaq qərarına gəlib. Əslində, bu ölkənin hakimiyyəti yayın əvvəlində Rusiyaya alternativ olan mənbələrdən, xüsusən də Azərbaycandan “mavi yanacaq” idxal etmək istədiyini açıq şəkildə bəyan edib. İyunda isə Moldova Prezidenti Maya Sandu bu məsələni müzakirə etmək üçün bu ölkənin Baş nazirinin müavini Andrey Spınunu Bakıya səfərə göndərib.
Beləliklə, Moldova hakimiyyətini yeni təchizatçılar axtarmağa məcbur edən səbəb Rusiya təbii qazının qiymətinin yüksək olmasıdır. Xatırladaq ki, 2021-ci il noyabrın 1-də “Moldovaqaz” və “Qazprom” arasında 5 illik müqavilə qüvvəyə minib. Sənədin imzalanmasından sonra Moldova istehlakçıları üçün tariflər müqavilədə göstərildiyi kimi düz 2,4 dəfə artıb.
Məsələn, təbii qazın qiyməti yanvarın 1-dən 40 %, iyunun 1-dən 30 %, avqustun 15-dən isə daha 25 % bahalaşıb.
“Qazprom”un Moldovaya ixrac etdiyi təbii qazın qiyməti hər ay artır. Müqayisə üçün qeyd edək ki, ötən ilin noyabrında bu ölkə Rusiya təbii qazının 1000 kubmetrini 450 dollara alırdı. Amma bu ilin avqustunda təbii qazın qiyməti 1458,5 dollara, sentyabrda isə 1883 dollara qalxıb. Artan qiymətlər ödənişlərin vaxtında edilməsi ilə bağlı problemlər yaradır. Bu isə təbii qazın nəqlinin dayandırılması riskini artırır.
“Qazprom”un təbii qaz tədarükünü dayandırmaq riski var. Lakin təbii qaz nəqli dayandırılmasa belə, tendensiya elədir ki, bu enerji resursunun qiyməti çox yüksək olacaq”, - Maya Sandu “Vocea Basarabiei” radiostansiyasına müsahibəsində bildirib.
Moldovanın dövlət başçısı belə vəziyyətdə əhalini qarşıdakı soyuq dövrdə təbii qaz istehlakını mümkün qədər azaltmağa çağırıb. Eyni zamanda A.Spınunun bəyanatlarından məlum olub ki, Moldova artıq Azərbaycan və Rumıniya ilə təbii qaz tədarükü ilə bağlı danışıqlara başlayıb: “Moldovalıların belə bir atalar sözü var: bütün yumurtaları bir səbətə yığmayın. Bu o deməkdir ki, biz 30 illik müstəqillikdən sonra bir enerji mənbəsindən asılı qalmışıq. Bu vəziyyət dəyişdirilməlidir. İndi buna çalışırıq”.
O, Azərbaycan və Rumıniyadan tədarük şərtlərindən danışarkən qeyd edib ki, hər iki ölkənin operatorları Moldovaya heç bir şərt qoymadan təbii qazı yaxşı qiymətə təklif edir: “10-15 illik uzunmüddətli müqavilə imzalamaq istərdik. Müzakirələr davam edir. Lakin bu məsələdə çoxlu nüanslar var. Amma təbii qaz tədarükü ilə bağlı müqavilələrin nə vaxt bağlanacağı məlum deyil. Bu müqavilələrin ən qısa zamanda bağlanmasını istəyirik. Heç bir tələb və şərt yoxdur. Bir daha təkrarlamaq istərdim ki, heç vaxt şərtlərlə, xüsusən də siyasi şərtlərlə razılaşmamışıq”.
Moldovalı rəsmilərin fikrincə, hökumətin Azərbaycanla müzakirə etdiyi təbii qazın qiymətinin hesablanması yayda keçmiş Baş nazir İon Kikunun başçılıq etdiyi əvvəlki hökumətin “Qazprom”la təsdiq etdiyi hesablamalardan daha sərfəlidir.
Təbii qaz əvəzinə elektrik enerjisi
Bolqarıstan tərəfinin Azərbaycan təbii qazının əlavə həcmlərinin alınması ilə bağlı təklifləri də məlum olub. Bu ölkənin hakimiyyəti məsələ ilə bağlı Azərbaycanla danışıqları bərpa etmək üçün iqtisadiyyat və sənaye naziri Nikola Stoyanovu Bakıya səfərə göndərib. Bakıda keçirdiyi görüşlərin yekunları üzrə açıqlamasında N.Stoyanov bildirib ki, Bolqarıstan 2025-ci ildən tez Azərbaycandan əlavə təbii qaz həcmi gözləmir: “Bolqarıstan Cənub Qaz Dəhlizinin genişlənməsindən sonra Azərbaycandan təbii qaz tədarükünün artırılmasında maraqlıdır. Başa düşürük ki, bu dəhliz vasitəsilə əlavə tədarük 2025-ci ildən əvvəl mümkün deyil. Lakin ölkəmiz indi təbii qaz tədarükünün şaxələnməsinin təməlini qoymalıdır”.
Sofiyada isə oktyabrda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun səfərini gözləyirlər. Bu səfər zamanı qarşılıqlı tərəfdaşlığın yeni sahələri, o cümlədən “yaşıl enerji” sahəsində əməkdaşlıq üzrə danışıqlar aparılacaq.
Bu arada, Azərbaycanın əlavə qaz həcmləri ixracı öhdəliyi müqabilində Bolqarıstan ölkəmizə elektrik enerjisinin tədarükünü təklif edib.
“Əgər Bolqarıstan elektrik enerjisi həcmlərinə təminat verə bilsə, Azərbaycan da əlavə qaz həcmlərinin Bolqarıstana yönəldilməsi öhdəliyini götürə bilər. Bu, xüsusilə qış mövsümü ərəfəsində Bolqarıstanın enerji sahəsini şaxələndirmək üçün daha bir fürsətdir”, - N.Stoyanov vurğulayıb.
Doğrudur, bu ideyanın Azərbaycan tərəfi üçün nə dərəcədə maraqlı olmasını zaman göstərəcək. Amma Azərbaycanın Avropaya elektrik enerjisi ixracı təşəbbüsünü irəli sürdüyünü nəzərə alsaq, Bakının əks istiqamətdə tədarük variantını ciddi şəkildə nəzərdən keçirmədiyini söyləyə bilərik. Əlbəttə, bu ehtimalı da istisna etmək olmaz, çünki yekun qərarlar, ilk növbədə, əməliyyat iştirakçılarının bir-birinə təklif edə biləcəkləri qiymət parametrləri ilə müəyyən edilir.
MƏSLƏHƏT GÖR: