24 Noyabr 2024

Bazar, 13:02

GÖZLƏNİLƏN GÖZLƏNİLMƏZLİK

Ukraynanın əks-hücumu müharibədə həlledici amilə çevriləcəkmi?

Müəllif:

15.09.2022

Ukrayna Silahlı Qüvvələrinin Xarkov cəbhəsindəki gözlənilməz, amma əslində eyni dərəcədə də gözlənilən əks-hücumunu tərəddüd etmədən müharibənin dönüş nöqtəsi kimi qiymətləndirmək olar. Ukrayna Ordusu yarım ildir davam edən müharibədə ilk dəfədir ki, tammiqyaslı əks-hücum və gərgin döyüşlər nəticəsində 3 min kv.km ərazini işğaldan azad edib, bir neçə şəhərə və onlarla kəndə nəzarəti geri qaytarıb. Əksər analitiklərin fikrincə, Ukrayna ordusu bununla ilk dəfədir yalnız müdafiə olunmağı deyil, uğurlu hücum əməliyyatları da keçirməyi bacardığını göstərib. Bunu hansısa dərəcədə psixoloji baxımdan da dönüş nöqtəsi saymaq mümkündür.

 

Əks-hücum

Hərbçilərin və digər mütəxəssislərin fikrincə, əməliyyatda əsas hədəf İzyum şəhəri, həmçinin vacib hərbi-strateji əhəmiyyət daşıyan ən böyük dəmir yolu mərkəzi – Kupyansk olub. Ukrayna tərəfi xüsusilə sonuncunu ələ keçirməklə, bütünlükdə vilayətin azad olunması üçün həlledici addımın atıldığını əminliklə söyləyə bilər. Məsələ ondadır ki, rusların Xarkovdakı administrasiyası məhz Kupyanskda yerləşirdi. Müvəqqəti rus administrasiyasının süqutu Xarkov vilayətinin Rusiya hərbçilərinin nəzarətindəki ərazilərinin idarə olunmasının effektivliyinə də ciddi təsir göstərəcək.

Bununla yanaşı, İzyumda məskunlaşmış nəhəng Rusiya dəstəsinin mühasirəyə alınması və geri çəkilməsi bütünlükdə cəbhədə hərbi-strateji vəziyyəti kökündən dəyişə bilər. Hazırda Rusiya Ordusu bu istiqamətə ciddi qüvvələr göndərir, Ukraynanın hücum tempini azaltmağa çalışır.

Ekspertlər iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin İzyum istiqamətində hücumunun əsas məqsədi Ukraynanın Donetsk vilayətində, Slavyansk və Kramatorsk ətrafında yeganə istehkamı olan rayonunun müdafiəsi üçün şimaldan təzyiqin artırılması olub. Bunu Donetsk vilayətinin ən azı şimal hissəsinin azad olunması üçün əməliyyata başlanmasına şəraitin yaradılması kimi qiymətləndirmək mümkündür.

Ümumilikdə isə Ukrayna ordusu cəbhədə aktiv fəaliyyətə avqustun sonlarından başlayıb. Çoxdan gözlənilən əks-hücuma Xerson istiqamətində start verilib. Rusiya hərbçilərinin müdafiə xəttini yaran və bir neçə strateji mövqeləri ələ keçirən Ukrayna Silahlı Qüvvələri Cənub cəbhəsində özü üçün müəyyən üstünlüklər əldə edib. Güman edilirdi ki, onlar hücum əməliyyatlarını məhz oradan inkişaf etdirəcəklər.

Xarkov istiqamətində aktiv fəaliyyət isə çoxları üçün gözlənilməz olub. Görünən odur ki, istək də elə bu imiş. Əks-hücumun lap başlanğıcında Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi hər kəsi «xəyal qurmamağa, Ukrayna Silahlı Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin fəaliyyətinə ümumilikdə qiymət verməkdən çəkinməyə» çağırmışdı. O zaman bildirilirdi ki, «ön cəbhədəki vəziyyətlə bağlı tam məlumat yalnız ölkənin hərbi rəhbərliyindədir, bu üzdən də bu məlumatları yalnız hərbi vəzifəli şəxslər verə bilər».

Lakin əks-hücumun başlaması ilə Kiyevin strateji planının nədən ibarət olduğu az-çox üzə çıxıb. Qeyd etmək lazımdır ki, Ukrayna ordusu yalnız İzyum ərazisində fəaliyyətlə kifayətlənmir. Proses inkişafdadır və qüvvələrini yenidən qruplaşdırmaqla Ukrayna hərbçilərinin nailiyyətlərinin qarşısını almağa çalışan Rusiya tərəfinin atacağı addımlardan çox şey asılı olacaq.

 

«Ramştayn» Ukrayna Ordusunun uğurunun şərti kimi

Ukrayna Ordusunun əks-hücumu ərəfəsində – sentyabrın 8-də Amerikanın Almaniyada yerləşən «Ramştayn» aviabazasında Ukraynanın müdafiəsi üzrə Kontakt Qrupunun növbəti görüşü keçirilib. Orada 50-dən artıq ölkə Kiyevə hərbi yardım, o cümlədən uzunmüddətli perspektiv üçün hərbi yardım məsələlərini müzakirə edib. Güman olunur ki, Ukraynanın əks-hücumunun uğurlu alınması məhz Qərb dövlətlərinin ona kütləvi hərbi yardımları daha da artırması ilə mümkün olub. Məlumdur ki, ABŞ artıq aylardır Ukraynaya silah-sursat tədarük edir və onlar planlaşdırılan əks-hücumun həyata keçirilməsi üçün nəzərdə tutulurdu. Bununla yanaşı, Amerikanın müxtəlif yüksək rütbəli nümayəndələrinin KİV-də yer alan fikirlərindən məlum olur ki, Vaşinqton hərbi yardım paketləri çərçivəsində Ukrayna tərəfinin «bir çox konkret istəyini» yerinə yetirib. Söhbət əlavə döyüş sursatlarından, artilleriya və «Javelin» tank əleyhinə raket komplekslərindən gedir. Bu cür silahların tədarükü haqda məlumatlar açıq olsa da, onların Ukrayna ordusunun planlaşdırılan əks-hücumu üçün nəzərdə tutulduğu deyilmirdi. Hər halda, Pentaqon rəhbəri Lloyd Ostin və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Ukraynanın hərbi hədəflərdən asılı olaraq konkret hansı silahlara ehtiyac duyduğunu öyrənmək üçün Kiyev ilə mütəmadi əlaqədə olurlar.

Sentyabrın 8-də isə «Ramştayn»da artıq konkret tədarüklərdən yox, Kiyevə ümumi dəstək planından danışılıb. Bununla yanaşı, söhbət yalnız hərbi yox, həm də sonrakı dövrə hesablanmış uzunmüddətli strategiyadan gedib.

Son hadisələrdə ukraynalı hərbçilərin hərbi bacarıqlarının artırılması da önəmli əhəmiyyət daşıyır. Böyük Britaniyanın onların hazırlığı ilə başlatdığı və Kanada, Niderland, Danimarka, Norveç, İsveç, Finlandiya, Yeni Zelandiya kimi ölkələr tərəfindən dəstəklənən effektiv hazırlıq proqramı artıq öz nəticələrini verir. Bu proqram çərçivəsində ümumilikdə 30 min hərbçi hazırlıq keçərək təchiz olunacaq. Bu, 6 briqadanın təkmilləşdirilməsi üçün kifayətdir.

Britaniya ərazisində ukraynalı hərbçilərin hazırlıq keçməsi ilə bağlı proqrama dair ilk təklifi prezident Vladimir Zelenskiyə Birləşmiş Krallığın sabiq baş naziri Boris Conson Ukraynaya hələ iyunda etdiyi səfəri zamanı vermişdi.  O vaxtdan yalnız bu ölkədə təxminən 5 min hərbçi təlim keçib. Böyük Britaniyanın imkanları isə hər 120 gündən bir 10 minədək ukraynalı hərbçiyə hazırlıq keçilməsinə imkan verir.

Boris Consonun yaxın silahdaşı, Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın ölkənin yeni baş naziri seçilməsi yalnız onun Britaniyadakı tərəfdarları yox, həm də Ukraynanın siyasi rəhbərliyindən əbəs yerə müsbət qarşılanmayıb. Kiyev Londonun ona qeyd-şərtsiz hərbi-siyasi dəstəklə bağlı Consonun başlatdığı kursun davam etdiriləcəyinə ümidlidir.

Hər halda, Londonun xarici siyasi kursunu, xüsusilə onun Ukrayna ilə bağlı strateji fəaliyyətini nə Böyük Britaniya kraliçası II Yelizavetanın dünyasını dəyişməsi, nə də onun oğlu Çarlzın taxta çıxması dəyişib.

 

Hər şey cəbhə üçün, hər şey qələbə üçün

Sentyabrın 9-da Praqada Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərləri ilə Avropa Komissiyası və Avropa Mərkəzi Bankının nümayəndələri ilə görüşüblər. Onlar Ukraynada davam edən müharibənin Avropa iqtisadiyyatına təsirini müzakirə edib, tezliklə bu ölkəyə 5 milyard avroluq əlavə yardımın göstərilməsini dəstəkləyiblər. Beləliklə, Ukraynaya 1 milyard avro yardımın göstərilməsinə dair iyulda əldə olunmuş razılıqdan sonra Aİ-nin maliyyə nazirləri Praqada məbləği 5 dəfə artırmaq və növbəti tranşın ayrılması qərarını tezləşdirmək qərarına gəliblər.

«Bloomberg» xəbər verir ki, Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar ən dəhşətli nəticələrə yol açıb. Ölkə iqtisadiyyatı illik 37% kiçilib. Belə bir vəziyyətdə güman olunur ki, yeni kredit dağıdıcı müharibənin nəticələrinin yumşaldılmasına imkan verəcək, dövlət aparatının gündəlik fəaliyyətinin, həyati əhəmiyyət daşıyan infrastrukturun işləməsinə kömək edəcək. Bu məbləğ kreditlər və qrantlar şəklində ayrılacaq.

Maraqlıdır ki, Ukraynaya maliyyə yardımı ilə bağlı müzakirələr zamanı nazirlər ölkənin müharibədən sonra bərpası haqda da danışıblar. Ukraynanın müttəfiqləri anlayırlar ki, ona iqtisadi dəstək vermədən qələbə haqda danışmaq olmaz. Kiyevə hərbi dəstək nə qədər miqyaslı olsa da, sadə vətəndaşların problemlərinin həllinə yönəlmiş ünvanlı iqtisadi yardım olmadan arzulanan nəticə əldə etmək mümkün deyil. Hər halda, kənar yardım olmadan Ukrayna iqtisadiyyatının müharibəyə tab gətirməyəcəyi hər kəsə bəllidir.

Sürətlə dərinləşən inflyasiya, işsizliyin artması, qaçqın və məcburi köçkünlərin çoxalması səbəbilə yaranan problemlər Ukrayna iqtisadiyyatının üzləşdiyi çətinliklərin yalnız bir hissəsidir. Bununla yanaşı, atılan addımlar, alınan yardımlar sayəsində ölkə inflyasiyanı maksimum dərəcədə önləyə, biznes mühitinin bərpası istiqamətində tədbirlər görə bilir. Hər halda, artıq Kiyev vilayətində müəssisələrin 80%-i fəaliyyətini bərpa edib.

Doğrudur, «Zaporojye» AES fəaliyyətini tam dayandırıb və bu, Ukraynaya elektrik enerjisi istehsalının ciddi şəkildə azalacağı deməkdir. Lakin ölkə iqtisadiyyatı «işini davam etdirir». Bundan başqa, hətta gələn il üçün 10%-dən çox iqtisadi artım proqnozlaşdırılır. Hesab olunur ki, bu, vəziyyətin yaxşılaşacağı ilə əlaqəli deyil. Sadəcə olaraq, fəaliyyətini dayandırmış müəssisələr işini bərpa edəcək. Başqa sözlə, biznes müharibə şəraitində işləməyə öyrəşir.

Ukraynada həyat davam edir. Burada tam qələbə üçün ona yalnız ön deyil, arxa cəbhədə də çalışmağın vacibliyinə heç kim şübhə etmir.



MƏSLƏHƏT GÖR:

131