24 Noyabr 2024

Bazar, 13:08

QƏTİYYƏTLİ CAVAB

Azərbaycanla sərhəddə təxribata əl ataraq gərginlik yaradan Ermənistanın məqsədi nədir?

Müəllif:

15.09.2022

Sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin diversiya qrupu dağlıq ərazidən, həmçinin dərələrdən istifadə edərək, müxtəlif istiqamətlərdə (əsasən Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində) Azərbaycan Ordusunun hissələri arasındakı əraziləri, həmçinin Azərbaycanla Ermənistan sərhədindəki təchizat yollarını minalamağa cəhd göstərib. Azərbaycan Ordusu sərhəd ərazilərdə dislokasiya olunmuş bölmələrinin sayıqlığı nəticəsində düşmən təxribatının qarşısı alınıb.

 

Ermənistanın yeni hərbi fiaskosu

Erməni diversiya qruplarına sarsıdıcı zərbənin vurulmasından, sərhədə cəmlənmiş düşmən texnikasının isə məhv edilməsindən sonra, sentyabrın 13-ü səhər tərəflər atəşkəs haqda razılığa gəlib.

Bu, miqyasına görə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibədən sonra ən böyük toqquşmadır. Onu iki ölkə sərhədində son həftələr gərginliyin getdikcə artması prosesinin kulminasiyası saymaq olar. Düşmən tərəfinin əməlləri göstərir ki, Ermənistan artilleriyası, hər halda, Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində cəmlənmiş zərbə artilleriyası və ön hissələr bu təxribata ciddi hazırlaşıbmış. Bütün bunların çoxsaylı insan tələfatı ilə nəticələnməsi təsadüf deyil. Təəssüf ki, Azərbaycan Ordusu bu təxribat nəticəsində 42, sərhəd qoşunları isə 8 hərbçisini itirib. Məlumata görə, erməni tərəfinin istər canlı qüvvə, istərsə də texnika baxımından itkisi daha böyükdür. Bu, düşməni başqa mövqelərə çəkilməyə məcbur edib, eyni zamanda Azərbaycan hərbçilərinin sərhədə bitişik böyük bir ərazini vizual nəzarətə götürməsinə imkan verib.

Xatırladaq ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iki raundlu danışıqları fonunda İrəvan Azərbaycanın öz sərhədlərini möhkəmləndirmək cəhdlərinə daha açıq şəkildə müqavimət göstərməyə başlamışdı. Məlum olduğu kimi, təxminən, 30 il ərzində bu ərazilər Ermənistan hərbçilərinin işğalı altında olub və Azərbaycan oraya nəzarəti yalnız 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibədən sonra bərpa edib. İşğala son qoyduqdan dərhal sonra isə Bakı sərhədlərini möhkəmləndirməyə başlayıb, sərhəd qoşunlarını gücləndirib, mühəndis qurğularının qurulmasına, kommunikasiyaların çəkilməsinə, kazarmaların inşasına başlayıb.

 

Gərginliyin səbəbləri

Son 2 ildə erməni ekstremistləri sərhəddə sabitliyi pozmaq, postmüharibə sülhünün möhkəmlənməsinə mane olmaq üçün çox cəhdlər göstərib. Onlar bu məqsədlə diversiyalar həyata keçirib, Azərbaycanın nəzarətinə qaytardığı əraziləri geri almaq üçün tammiqyaslı hərbi əməliyyatlara əl atıb. İrəvanda hesab edirlər ki, guya azərbaycanlılar onların ərazisinə girib. Rəsmi Bakı isə bildirir ki, Ermənistan uzun illər ərzində Azərbaycan torpaqlarını işğalda saxladıqdan sonra indi də sərhədlərin delimitasiyası və demarkasiyasına imkan vermir, prosesə mane olmaq üçün əlindən gələni edir. Azərbaycan məhz bu səbəbdən öz sərhədlərini təcavüzkarla razılaşdırmadan, təkbaşına müəyyənləşdirmək hüququnu özündə saxlayır. Çünki qarşı tərəf məsələnin ədalətli həllində maraqlı deyil.

Bu məsələnin sivil şəkildə həllinin yeganə yolu yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın məhsuldar fəaliyyətinin təmin edilməsidir. Maraqlıdır ki, komissiya avqustun 30-da Moskvada özünün ikinci iclasını keçirmiş, avqustun 31-də isə Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşündə noyabrın sonlarında onun üçüncü görüşünün təşkili haqda razılığa gəlinmişdi. Komissiya üçüncü toplantısını Belçika paytaxtında keçirməlidir.

Güman ki, bu müddətdə məsələ müəyyən konkretlik qazanmalı, yığılıb qalmış problemlərin həlli üçün atılacaq addımların alqoritmi müəyyənləşdirilməlidir. Bununla yanaşı, İrəvan yenə də mövcud problemlərin həllindən yayınır, məsələn, Azərbaycanın Qazax rayonu və Naxçıvan istiqamətindəki eksklavlarını geri qaytarmaqdan imtina edir. Bu sərhəd ərazilər Ermənistan üçün strateji əhəmiyyətə malikdir, çünki Ermənistanı qonşu ölkələrlə birləşdirən kommunikasiyalar məhz həmin ərazilərdən keçir. Onlar olmazsa, Ermənistan kommunikasiyalara nəzarəti itirəcək və yeni yollar çəkmək məcburiyyətində qalacaq. Ciddi büdcə problemləri olan ölkə üçün isə bu, çətin işdir.

Görünür, son gərginlik ümumilikdə prosesin ləngidilməsinə, sülh müqaviləsi üzərində işə süni əngəlin yaradılmasına və maraqlı xarici qüvvələrin diqqətinin məsələyə cəlbinə hesablanmışdı. Məqsəd Azərbaycanı öz siyasətindən imtinaya, Ermənistanın istədiyi məsafəyə çəkilməyə məcbur etmək, münaqişə gündəmini aktuallaşdırmaqdır.

Hər halda, rəsmi İrəvan Qarabağ probleminin həll olunmadığını bildirir, artıq ATƏT-in «dəfn edilmiş» Minsk qrupunun yenidən prosesə cəlbini vacib sayır. Bununla yanaşı, ermənilər Qarabağın statusu mövzusunu da yenidən gündəmə gətirmək istəyir, Bakı ilə sülh müqaviləsini Qarabağ regionunun Azərbaycanın suverenliyindən kənarda qalması şərti ilə imzalamağı arzulayır.

 

Dünyanın reaksiyası

Postmünaqişə dövründə regional siyasi proseslərdən kənarda qalmış ABŞ və Fransa kimi dövlətlər üçün İrəvanın bu mövqeyi tamhüquqlu moderatorlar kimi bölgəyə qayıtmaq, çözülməmiş qalan regional problemlərin həllindən Rusiyanı kənarlaşdırmaq, Ermənistana və ən əsası erməniliyə təsir imkanlarını artırmaq imkanıdır. Nikol Paşinyanın Bakıya təsir göstərilməsi çağırışına ilk reaksiya verənlərdən biri təsadüfən Fransa prezidenti Emmanuel Makron olmayıb. Onun Paşinyanla telefon danışığından sonra Fransa prezidentinin dəftərxanası bəyanat yayaraq, Parisin məsələni BMT TŞ-nin müzakirəsinə çıxaracağını bildirib. Qeyd edək ki, hazırda bu quruma Fransa sədrlik edir.

Yelisey sarayından verilən məlumata görə, Fransa prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyev ilə müzakirələrə hazır olduğunu bildirib.

İrəvan isə bu işdə KTMT-dən də istifadə etməyə, onu öz tərəfinə çəkməyə çalışır. Onun bu israrı illərdir davam etsə də, heç bir nəticə vermir.

Ermənistan Təhlükəsizlik Şurası bu dəfə də yardım üçün Rusiyaya müraciət edib, onu Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqaviləyə əsasən, İrəvana yardım göstərməyə çağırıb. KTMT və BMT TŞ-yə müraciətlər də öz yerində.

Lakin KTMT-nin bu istəyə müsbət cavab verəcəyi onsuz da gözlənilmirdi. Odur ki, Ermənistanın baş naziri bu dəfə Rusiya ilə onun geosiyasi düşmənlərinə eyni vaxtda müraciət etmək qərarına gəlib. Maraqlıdır, o, bu zaman hansı reaksiya ilə üzləşəcəyini gözləyirmiş?

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası növbədənkənar toplantısında yalnız qurum çərçivəsində işçi qrupun yaradılmasını təklif edib. Qrup vəziyyəti təhlil etməli, Azərğaycan-Ermənistan sərhədində gərginliyin aradan qaldırılması üçün təkliflər hazırlamalıdır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə ölkənin ali hərbi rəhbərliyinin iştirakı ilə operativ iclas keçirib, müvafiq tapşırıqlarını verib. Elə həmin gün İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Türkiyə lideri şəhid olmuş Azərbaycan hərbçilərinin doğmalarına və yaxınlarına başsağlığı verib, bildirib ki, qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır. O, dövlətlərimizin həmrəyliyini bir daha dilə gətirib.

Bütün bunların fonunda Ermənistanın yeni təxribatı sərhəd yaxınlığında təhlükəsizlik zonasının yaradılması məsələsini aktuallaşdırıb. Əks təqdirdə belə təxribatlar davamlı xarakter ala bilər.

Sərhəddə gərginlik Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq istiqamətində bitmək bilməyən cəhdləri fonunda baş verir. Lakin vəziyyət göstərir ki, İrəvanda, təəssüf ki, sülh yanaşmalarına dəyər verilmir.



MƏSLƏHƏT GÖR:

134