24 Noyabr 2024

Bazar, 12:38

SƏRHƏDİN «QIRMIZI XƏTTİ»

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ən önəmli məsələyə çevrilib

Müəllif:

01.10.2022

Azərbaycan sentyabrın 27-də Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar şəhidlərinin Anım Gününü qeyd edib. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda 44 günlük müharibənin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışını ediblər. Abidə Azərbaycan Ordusunun ermənilərin müdafiəsini yararaq hücum əməliyyatına başladığı nöqtədə ucaldılıb.

44günlük müharibə regionda hər şeyi olmasa da, çox şeyi dəyişib. Dəyişmiş əsas məsələlərdən biri isə danışıqlar prosesində qüvvələr nisbətidir. ATƏT-in Minsk qrupunun təklifləri aktuallığını itirib və tarixin arxivinə göndərilib, Bakı isə ümumiyyətlə, Minsk qrupu dövrünün bitdiyi qənaətindədir. Artıq gündəlikdə «Qarabağın statusu» məsələsi də yoxdur. İndi Azərbaycan Ermənistana yeni sülh təklifləri göndərir.

Belə bir vəziyyətdə İlham Əliyevin Laçına bu yaxınlarda etdiyi səfəri vacib dönüş nöqtəsi saymaq olar.

 

Laçın: Azərbaycan sülh təklif edir, amma…

Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonuna səfəri zamanı eyni vaxtda bir neçə siyasi istiqamət ortaya qoyulub. Ermənilərin əzilmiş «qırğı»larının aşkar müqavimətinə baxmayaraq, Azərbaycan Laçın dəhlizinin yerinin dəyişdirilməsinə, istər Laçın şəhərinin, istərsə də onun Zabux və Sus kəndlərinin Bakının nəzarətinə qaytarılmasına nail olub. Buna Ermənistanın həmin torpaqlarda apardığı süni məskunlaşdırma siyasəti, bununla da, bölgəni nəzarətdə saxlamaq cəhdləri də mane olmayıb. Belə bir vəziyyətdə Laçının Bakının nəzarətinə qaytarılması açıq ismarışdır: Azərbaycan postmüharibə nizamlanmasına dair 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda əksini tapmış «yol xəritəsi»ni həyata keçirməyə hazırdır və bunu edir.

Hazırkı vəziyyətdə bu reallıqlar başqa bir məsələni də ortaya çıxarır – sərhədlərin delimitasiyası və demarkasiyası postmünaqişə nizamlanması prosesinin az qala əsas məsələsinə çevrilir.

Azərbaycanın dövlət başçısı Laçına səfəri zamanı deyib: «Biz müharibədən dərhal sonra onlara sülh təklif etdik. Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır».

Prezident Ermənistanı açıq şəkildə sərhədlərin delimitasiyası prosesini pozmaqda ittiham edib və bu, tamamilə haqlı ittihamdır. Ekspertlər xatırladır ki, sərhədlərin SSRİ Baş Qərargahının xəritələri əsasında Rusiyanın vasitəçiliyi ilə delimitasiyası prosesini məhz İrəvan pozub. Halbuki prosesə müharibənin başa çatmasından bir müddət sonra start verilmişdi. Bundan başqa, Ermənistan sərhədlərin delimitasiyası prosesinə silahlı təxribatlarla mane olmaq cəhdlərini də dayandırmır – Qaragöl gölü ətrafında, Böyük İşıqlı vulkanı çevrəsində baş verənlər bunu təsdiqləmişdi. Son olaraq belə təxribatlar sentyabrda miqyasına görə özündən əvvəlkiləri kölgədə qoyan gərginliyə səbəb olub.

Açıq desək, Ermənistanın sərhədlərin demarkasiyasına mane olmasının səbəbləri var. Birincisi, bu halda o, qanunsuz ələ keçirdiyi xeyli ərazini Azərbaycana qaytarmalıdır. İkincisi, sərhədlərin demarkasiyası onun tanınması istiqamətində vacib addımdır. Demək, bu halda İrəvan Qarabağa iddialarından da əl çəkməlidir. Paşinyan BMT-də Azərbaycanın onun ölkəsinin ərazi bütövlüyünü tanımağa hazır olub-olmadığına dair istədiyi qədər bəyanat səsləndirə bilər (üstəlik, bu zaman o, ölkəsinin ərazisini olduğundan böyük göstərməyə çalışır). Lakin Ermənistanın baş naziri bu istiqamətdə heç bir real addım atmır.

İrəvanın daha bir sevimli taktikası vasitəçiləri dəyişməkdir. Əvvəlcə danışıqlar yalnız Moskvanın moderatorluğu ilə aparılırdı. Sonra İrəvanın təşəbbüsü ilə danışıqlara Avropa İttifaqı da qoşuldu. Lakin Brüssel ermənilərin ümidlərini doğrultmadıqda Ermənistan bu dəfə Vaşinqtona üz tutmağa başladı.

 

ABŞ qayıdır?

ABŞ isə öz növbəsində, postmünaqişə nizamlanması prosesinə qoşulmağa, daha doğrusu, qayıtmağa çalışır. Bəli, 2020-ci ilin payızınadək ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Birləşmiş Ştatlar özünü prosesin vacib oyunçusu saya bilərdi. Doğrudur, qrupun elə amerikalı həmsədri Riçard Holland etiraf etmişdi ki, Minsk qrupuna yalnız tamhüquqlu səfir vəzifəsi gözləyən, yaxud pensiya yaşına çatmalı olan diplomatları həmsədr göndərirlər. Üstəlik, ATƏT-in Minsk qrupunu az da olsa effektiv qurum adlandırmaq da çətin məsələdir. ABŞ Dövlət Departamentində əmin idilər ki, onlar Qarabağda fəallaşmaq üçün yaxşı diplomatik meydana malikdirlər, lakin məsələni istənilən qədər uzada bilərlər. Onlar 44 günlük müharibənin vəziyyəti kökündən dəyişəcəyini, əvvəlki vasitəçilik iyerarxiyasına son qoyacağını gözləmirdilər. Bundan başqa, elə həmin 2020-ci ilin payızında hələ prezidentliyə namizəd olan Co Bayden Donald Trampı Qarabağda təşəbbüsü əldən verməkdə, Rusiyanın hökmran mövqeyə yiyələnməsinə yol açmaqda tənqid edirdi. Bütün bunlardan sonra ABŞ prosesə qayıtmağa cəhd göstərməyə bilməzdi.

İndi Vaşinqtonun fəallaşması ən çox İrəvanı ruhlandırır. Rusiya və Avropanın vasitəçiliyinin Ermənistanın yerinə yetirmək istəmədiyi təşəbbüs və təkliflərə əsaslandığını görən ermənilər indi ümidini Vaşinqtona bağlayıb. Orada düşünürlər ki, ABŞ-ın regiona məhz ATƏT-in Minsk qrupunun həmsədri statusunda qayıtması Minsk qrupunun təkliflər paketinin yenidən aktuallaşmasına imkan verəcək. Burada söhbət, əlbəttə ki, həm də Qarabağın statusu məsələsinin müzakirəsindən, Azərbaycanın azad etdiyi torpaqlara ordu yerləşdirməsinin qadağan olunmasından (polis və sərhədçilər istisna olmaqla) gedir. Amma bu ümidlərin nə dərəcədə doğrula biləcəyi sualı ritorik sualdır. Buna baxmayaraq, İrəvan istənilən saman çöpünə əl atmağa hazırdır.

Bu gün İrəvan Rusiyanın Ukrayna müharibəsi fonunda beynəlxalq arenada ciddi xoşagəlməzliklərlə üzləşməsindən ciddi narahatlıq duyur. Belə bir vəziyyətdə Moskvadan növbəti incikliyini nümayiş etdirən Ermənistan Qərblə ünsiyyətə çalışır. Daha dəqiq desək, ABŞ və Fransa ilə – Avropa İttifaqı ilə alınmadı. Nikol Paşinyan Rusiya sülhməramlılarına açıq şəkildə atmacalar atır, hətta KTMT-nin baş katibi Stanislav Zasın Ermənistana səfərinə etinasızlıq göstərməyə belə, cürət edir. Ermənistanla ABŞ-ın bu siyasi oyunu diqqətəlayiqdir. Bu, xüsusilə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri fonunda belədir.

 

Pelosi özü ilə nə gətirmişdi?

Xatırladaq ki, 82 yaşlı xanım Pelosi erməni lobbisi ilə onilliklərdir əməkdaşlıq edir. Əksər ekspertlər əmindirlər ki, əvvəllər fransalı siyasətçilər Zemmur və Pekressin səfərləri kimi, onun da Ermənistana səfəri yerli ermənilərin səsinin qazanılmasına hesablanıb. Noyabrda Birləşmiş Ştatlarda Konqresə aralıq seçki keçiriləcək. Demokratların bu qurumda çoxluğu əldə saxlamaq şansı azdır. Belə olarsa, Pelosi böyük ehtimalla spiker postunu itirəcək. Odur ki, indi onun erməni lobbisinin dəstəyinə hava, su kimi ehtiyacı var.

Maraqlıdır ki, «erməni soyqırımı» abidəsi önündə ağlamsınan Nensi Pelosi kövrələrək difirambalar oxusa da, konkret dəstək vədi verməkdən çəkinib. O, eyham olaraq bildirib ki, qərarı Ermənistan özü qəbul etməlidir. Buradan isə aydın olur ki, nə qədər ki, Ermənistan KTMT və Aİİ-də yer alır, ABŞ-dan yardım məsələsində xüsusi əliaçıqlıq gözləməyə dəyməz. Bundan başqa, erməni ekspertlərin özlərinin də etiraf etdikləri kimi, Pelosi Brüsselin vasitəçiliyinə dəstək ifadə edib, bu isə «erməni arzusu» ssenarisinə qətiyyən uyğun gəlmir.

Belə bir vəziyyətdə ekspertlər bir xəbərdarlıqla da çıxış edirdilər: «Rusiyanın əzab çəkməli olduğunu» (Ukrayna müharibəsinə görə) deyən Pelosinin İrəvana səfəri Moskvanın xoşuna gəlməyəcək. Hər halda, Moskva Ermənistana görülməmiş dəstək verir və öz «forpost»undan sadiqlik gözləmək haqqına malikdir.

Ola bilər ki, Vaşinqton da  baş verənləri Ermənistanın siyasi oriyentasiyasını dəyişəcəyi müjdəsi kimi qəbul etmək istəyir. Reallıqda isə Ermənistanın buna nə gücü, nə iradəsi, nə resursu çatar. İrəvan öz sərhədlərini təkbaşına qorumaq, Rusiya bazası olmadan təhlükəsizliyini təmin etmək, dəmir yolları və rabitə şəbəkəsini öz hesabına saxlamaq, nəhayət, neft, qaz, almaz və silahı real bazar qiymətinə almaq iqtidarında deyil.

Amma bütün bunlar Nikol Paşinyanın manevrlərini davam etdirməsinə mane olurmu? O, Fransa prezidenti ilə danışıqlar aparmaq üçün Nyu-Yorkdan Parisə yollanıb, yaxın silahdaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə Vaşinqtonda danışıqlar aparıb.

Məsələ bu fəallığın Moskvadan gələcək bağırtıdan sonra necə sönəcəyindədir…



MƏSLƏHƏT GÖR:

128