Müəllif: Kənan RÖVŞƏNOĞLU
İranda etirazlar bir aydır ki, səngimir. Düzdür, ümumxalq qəzəbinin miqyası və kütləviliyi iğtişaşların ilk günlərindən xeyli aşağıdır. Ölkənin bir şəhərində aksiyalar yavaşlayanda qəflətən başqa bir şəhərdə alovlanır. Sanki gizli əl hər dəfə bir şəhərdə etiraz fitilini alovlandırır. Maraqlıdır ki, hər regionda etirazların “öz səbəbləri” olur.
Bu dəfə İran etirazlarının əsas mövzusu, daha dəqiqi hərəkətverici səbəbi qadınlar olub. İlk olaraq etirazları alovlandıran 22 yaşlı kürdəsilli Məhsa Amininin ölümü hadisəsi idi. Amini yaşadığı Saqqız şəhərindən Tehrana gəlib və sentyabrın 13-də burada “İrşad” patrulları adı ilə tanınan, əxlaq polisi qurumun əməkdaşları tərəfindən geyim qaydalarına əməl etmədiyi ittihamı ilə saxalanılaraq polis bölməsinə aparılıb. Burada qəfil halı pisləşən Amini xəstəxanaya aparılsa da, üç gün sonra xəstəxanada vəfat edib.
Dörd millətin “fitili”
Sosial şəbəkələrdə Amininin polis tərəfindən döyüldüyü və ölümünün bu zərbələrdən olması barədə iddialar yayılıb. Ardınca ilk olaraq ölkənin kürdlər yaşadığı bölgələrdə etiraz aksiyaları baş verib. Mövzunun qadına qarşı polis zorakılığı və Amininin kürd olması aksiyaların həm miqyasını sürətlə genişləndirib, həm də sərt toqquşmalara çevrilməsinə səbəb olub. Kürd rayonlarında hökumət qüvvələri ilə silahlı qarşıdurmalar baş verib, ölənlər olub.
Eyni zamanda etiraz aksiyaları digər şəhər və vilayətlərə yayılıb. Ancaq mövzu kürd məsələsi deyil, qadına qarşı zorakılıq və baş örtüyü qadağası olub. İranlı qadınlar ölkənin demək olar ki, bütün şəhərlərində hakimiyyətin baş örtüyü qadağasına etiraz edib, məcburi baş örtüyü qaydasına qarşı çıxıb. Hətta ölkə daxilində və xaricində qadınlar aksiyalara dəstək olaraq baş örtüyünü açaraq saçlarını kəsiblər. Türkiyədə bir çox tanınmış sənət, siyasət və media nümayəndələri də bundan nümunə götürüblər.
Etirazlara cavab olaraq İran hakimiyyəti sentyabrın 23-də hökumətə dəstək nümayişi keçirib. Hökumət qüvvələri ikinci həftədə aksiyaları nəzarət altına almağa bacarsa da, bu dəfə ikinci bir qadın ölümü aksiyaları alovlandırıb. Bu dəfə hökumət qüvvələrinin Kərəc şəhərində 22 yaşlı şairə Hədis Nəcəfini qətlə yetirməsi bütün ölkəyə yayılıb. Ona doqquz dəfə atəş aşıldığı iddia edilirdi. Hədis Nəcəfinin Miyanə şəhərindən (Şərqi Azərbaycan vilayəti) azərbaycanlı olması bu dəfə İran azərbaycanlıları arasında böyük ajiotaja səbəb olub. Hökumət mediası əvvəlcə hadisəni təkzib etməyə çalışsa da, sonradan onun ailə üzvləri ortaya çıxıb və mediaya müsahibələr verib. Bu isə gərginliyi daha da artırmasına səbəb olub.
Bu arada, sentyabrın 29-na keçən gecə İranın Xuzistan əyalətinin mərkəzində, yəni əsasən ərəblərin məskunlaşdığı Əhvaz şəhərinin media fəalı Mehrnuş Tafiyan adlı şəxsin həbsi də etirazlara səbəb olub.
İranda növbəti etiraz aksiyası ölkənin həssas etnik regionu olan Sistan və Bəlucistan vilayətində baş verib. Sentyabrın 30-da cümə namazından sonra Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində 60, bəzi mənbələrə görə 90 nəfərdən çox insanın ölümünə səbəb olan aksiyalar baş verib. Zahidan iğtişaşlarının da səbəbi “qadın məsələsi” olub. Belə ki, cümə günü ərəfəsində Zahidanda şayiə yayılıb ki, Çabahar şəhərində polis rəisi 15 yaşlı bəluc qızı zorlayıb. Bundan sonra narazı və qəzəbli kütlə polis idarəsinə hücum edib. Toqquşmalarda polis və etirazçılardan xeyli sayda insan ölüb.
Maraqlıdır ki, İranda ötən bir ay ərzində etirazları alovlandıran hadisələr qadınlara qarşı zorakılıq və qətl xəbərləri olub. Daha maraqlısı odur ki, bu hadisələr İranın ən həssas etnik qrupları daxilində baş verib. Məhsa Əmini də kürd olub. Bu səbəbdən də ilk etirazlar kürd rayonlarında başlayıb, sonra bütün ölkəyə yayılıb.
Sonrakı günlərdə qadınların ölümü və ya onlara qarşı zorakılıq xəbərləri əhalinin əksəriyyətinin bəluclar, kürdlər, ərəblər və azərbaycanlılar olduğu İranın etnik cəhətdən həssas dörd bölgəsinə yayılıb. Kürd Məhsa Amini polis tərəfindən döyülərək öldürüldü, azərbaycanlı şairə Hədis Nəcəfi polis tərəfindən güllələndi, Çabaharda 15 yaşlı bəluc qızı polis zorladı və Əhvazda jurnalist fəal qadın Mehrnuş Tafiyan hökumət orqanları tərəfindən saxlanıldı.
Maraqlıdır ki, bu dəfə daha çox ilk 3 etnik qrup fəal olub. Azərbaycanlılar isə bir neçə etiraz aksiyası istisna olmaqla xüsusi fəallıq göstərməyiblər. Bu hadisələr arasında barıt çəlləyində fitil rolunu oynayan qadın amili olsa da, azərbaycanlı qadın Hədis Nəcəfinin polis tərəfindən güllələnməsi ilə bağlı xəbərlər gözlənilən fırtınalı və genişmiqyaslı ümummilli hiddətə səbəb olmayıb.
Hakimiyyət öz mövqeyində dayanır
Etirazların ilk günündən bəri İran hakimiyyəti ardıcıl olaraq ölkədəki iğtişaşların arxasında xarici qüvvənin dayandığını düşünür. Oktyabrın əvvəlində ölkənin dini lideri Ayətullah Əli Xamenei onu uzun müddət ictimaiyyət arasında görməyənlərin təəccübünə səbəb olaraq polis məktəbi məzunlarının buraxılış mərasimində iştirak edib və hadisəyə ilk dəfə münasibət bildirib. Məhsa Aminin ölümünü kədərli hadisə adlandıran dini lider İsrail və ABŞ-ı ölkədə etiraz əhval-ruhiyyəsi yaratmaqda ittiham edib. Eyni zamanda o, iğtişaşların yatırılmasında iştirak edən asayiş qüvvələrinə dəstəyini fadə edib.
İran mediasının məlumatına görə, hadisələri xaricdəki müxalif qruplar və onların daxildəki tərəfdarları qızışdıraraq kütləvi etirazlara çevrilməsinə səbəb olublar. Həmçinin İran tibbi ekspertizası Məhsa Amininin ölümü ilə bağlı otopsiyanın nəticələrini açıqlayıb. Sənəddə qeyd olunur ki, M.Əmini 8 yaşında beyin əməliyyatı keçirib, saxlanılaraq polisə aparıldığı zaman isə başağrıları şiddətlənib və nəticədə bu, onun həbsindən üç gün sonra xəstəxanada ölümünə səbəb olub.
Amma görünən odur ki, bütün bu bəyanatlar və izahatlar qəzəbli etirazçı kütlə tərəfindən qəbul edilmir və İran çalxalanmaqda davam edir. Hazırda İranda baş verənlər nə hakimiyyətin iddia etdiyi kimi, tamamən xarici güclərin hazırlayıb idarə etdiyi əməliyyat, nə də Qərb mediasında tirajlandığı kimi bəsit xalq etirazları deyil. İran hadisələrini sadə şəkildə daxildəki narazılığın xaricdən dəstəkləndiyi anarxist etirazlar hesab etmək olar.
Ölkədə baş verən hər bir həssas hadisə sonradan hakimiyyətə qarşı etirazlara çevrilir. Son on ildə oxşar hadisələr İranda ildə bir və ya iki dəfə (bəzən daha çox) müşahidə edilir. Bunu ümumiləşdirmək və bir neçə faktorla izah etmək olar.
İranın əhalisi 80 milyondan artıqdır ki, onların da əksəriyyəti gənclərdir. Xüsusən də inqilabdan sonra şəhərləşmə güclənib və hazırda əhalinin böyük hissəsi şəhərlərdə yaşayır. İnqilabdan sonra ardıcıl olaraq İrana qarşı tətbiq olunan sanksiyalar nəticəsində ölkə iqtisadiyyatı zəifləyib, neft və qaz ixracı minimuma düşüb, əsasən qara bazarda satılan neft-qaz isə bazar qiymətlərindən ucuz satılır. Buna görə də ölkədə işsizlik və yoxsulluq, xüsusən də gənc nəsil arasında yüksək səviyyədədir.
İkincisi, 43 il əvvəl islam inqilabı olan zaman İran əhalisinin sayı cəmisi 37,5 milyon nəfər idi və dindarlıq səviyyəsi daha yüksək idi. O zaman inqilab liderləri əhali üzərindəki böyük təsirlərindən istifadə edərək hər cür qadağalar tətbiq edə, qadınları hicab taxmağa məcbur edə bilərdilər. İndi vəziyyət kəskin şəkildə dəyişib. Əhalinin sayı iki dəfədən çox artıb, gənc nəsil içərisində dindarlıq daha zəifdir. Qərb həyat tərzi təbliğatının təsirində olan İran modern gəncliyi hakimiyyətin geyim və baş örtüyü kimi qadağalarına müqavimət göstərir. Bu gənclik içərisində hətta 40 il əvvəl bütün İranın birləşib qovduğu Rza Pəhləvinin monarxiyasına loyal olan qruplar var.
Beləliklə, indi İran hakimiyyəti hər an alovlanmağa hazır olan böyük gənc müxalif qrup kimi ciddi problemlə üzləşib. Bu kütləni hər an ölkə daxilindən və ya xaricindən hərəkətə gətirmək mümkündür.
Qadınlar bu etiraz aksiyalarının həm qurbanları, həm də rəzmi idi. Lakin təxminən 4 ay əvvəl İranda sosial tələblərlə aksiyalar keçirilib. Son etirazlar həm də radikallığı, iştirakçıların hökumət qüvvələrinə qarşı silahlı hücumlar etməsi kimi faktlarla yadda qalıb. Bu isə o deməkdir ki, İranda daxili və xarici müxalifət mövcud rejimə qarşı silahlı üsyanlar planlaşdırır. Güman ki, iğtişaşların növbəti mərhələsi daha da kəskinləşə bilər.
Qeyd edək ki, baş verənlərlə bağlı müəyyən zəiflik hakimiyyətin, dövlət qurumlarının fəaliyyətində də görünə bilər. Hiss olunurdu ki, hakimiyyət orqanları ilk vaxtlarda aksiyalar qarşısında laqeyd və hazırlıqsız idi. Üstəlik, qurumlar arasında koordinasiya zəif idi. Nəticədə dövlət orqanları aksiyaların böyüməməsi üçün lazım olan addımları ata bilmədi. Bu məsələyə hakimiyyət daxilindəki qruplar arasındakı rəqabətin də təsir etməsi istisna deyil.
İlk kürd etirazlarından sonra “Sepah”ın İraqın kürd rayonlarını bombalaması göstərdi ki, hakimiyyət əvvəldən hazırlıqsız olub, buna görə də tez-tələsik mümkün risklərə qarşı əks-zərbələr endirməklə cavab verməyə çalışır. Digər tərəfdən, mövcud hakimiyyətin kənardan özünə qarşı ciddi təhlükə gözlədiyi məlum oldu. Bu baxımdan, daxildə sabitliyin saxlanması üçün xaricdə hərbi-siyasi əməliyyatların yenidən aktivləşəcəyini gözləmək olar.
Daxili siyasi-iqtisadi vəziyyətə gəldikdə, hakimiyyətin vəziyyətdən çıxmaq üçün çox geniş seçim imkanları yoxdur. Bəli, İran Səudiyyə Ərəbistanından nümunə götürərək, son illərdə bəzi sərt dini qadağaları yüngülləşdirmək üçün müəyyən tədbirlər görüb. Məsələn, son 4 ildə hər iki ölkədə qadınların stadionda matç izləməsinə icazə verilib. Amma hicabla bağlı qadağanın tamamailə ləğv olunması real görünmür. Ancaq güman ki, İranda hətta hakimiyyət mənsublarının etiraf etdiyi kimi, barəsində “həddən artıq” şikayətlər gələn “əxlaq polisi” tamamilə ləğv olunmasa belə fəaliyyəti məhdudlaşacaq.
Rəsmi Tehran iqtisadi embarqoları zəiflətməyə çalışacaq. Odur ki, daxili sosial-iqtisadi vəziyyətin müəyyən qədər sabitləşməsi üçün nüvə sazişinin bərpası və ABŞ-ın sanksiyaları yumşaltması vacibdir.
Nəhayət, xarici təhdidləri ölkədən kənara çəkmək üçün daha əvvəl sınaqdan keçmiş metodun işə salınması, yəni İrandan kənarda “düşmənlə üz-üzə gəlmə” taktikası işə salına bilər. Bu isə o deməkdir ki, tezliklə Yaxın Şərqdə münaqişə bölgələrində gərginlik arta, hətta yeni münaqişələr baş verə bilər. Xatırladaq ki, hələ bir neçə il əvvəl İran rəsmiləri “İŞİD-ə qarşı Bağdadda mübarizə aparmasaydıq, bu gün Tehranda onlarla savaşmalı olacaqdıq” demişdilər.
Ümumilikdə isə son aksiyalar göstərib ki, İran hakimiyyətinin çox ciddi daxili müxalifəti mövcuddur və bu qüvvələr hər an “qığılcımdan” alovlana bilərlər.
MƏSLƏHƏT GÖR: