26 Dekabr 2024

Cümə axşamı, 17:34

6 İLDƏ 5-Cİ

Britaniyada yeni baş nazirin vəzifədə nə qədər qalacağını təxmin etməyə çalışırlar

Müəllif:

01.11.2022

Britaniyalı hindli – siyahıya alınan zaman mən özümü belə qeyd edirəm. Mən britaniyalıyam. Bura mənim evim, mənim ölkəmdir. Lakin mənim dini və mədəni irsim hindli irsidir. Həyat yoldaşım da hindlidir. Mən hindu olduğumu açıq deyirəm». Bu fikirlər Rişi Sunakın «Business Standard»a müsahibəsindəndir (2015). O, Böyük Britaniya tarixinin yalnız ilk qaradərili baş naziri yox, həm də 200 ildən artıq dövrün ən gənc hökumət başçısıdır. 42 yaşlı Sunak eyni zamanda, Böyük Britaniyanın Kral III Karl qarşısında and içən ilk baş naziridir.

İndi bu şəxsi Britaniya lideri kimi, İkinci Dünya müharibəsindən bu yana ən ağır sınaq gözləyir.

 

Mənzərə ürəkaçan deyil

İngiltərə Bankında hesab edirlər ki, ölkə iqtisadiyyatı resessiya yaşayır. Bunu sübut edən amillər isə getdikcə artır. Böyük Britaniya «Böyük yeddiliy»in yeganə iqtisadiyyatıdır ki, 2022-ci ilin ikinci rübündə ÜDM-in səviyyəsini pandemiyadan əvvəlki vəziyyətə qaytara bilməyib. Bundan başqa, ölkədə istehsal həcmi iyulda cəmi 0,1% artım göstərdikdən sonra, avqustda yenidən 0,3% geriləyib.

Hökumətin növbəti baş nazirin seçilməsindən az əvvəl açıqladığı hesabatdan məlum olur ki, sentyabrda ölkədə pərakəndə satış 1,4% azalıb. Bu, gözlənildiyindən də pis göstəricidir – satış həcmi pandemiyaya qədərki dövrdən də aşağıdır. Səbəb isə enerji daşıyıcılarının həddindən artıq baha olmasıdır – bu, vətəndaşları xərcləri azaltmağa məcbur edir. İnflyasiya son 40 ilin ən yüksək həddinə çatıb – 10,1%. Belə bir vəziyyətdə funt-sterlinq ABŞ dollarına nisbətdə dəyərini 1,4% itirib.

Britaniyanın maliyyə vəziyyətinin ürəkaçan olmadığı növbəti hesabatın açıqlanması ilə daha aşkar hal alıb. Məlum olub ki, Böyük Britaniya hökuməti sentyabrda 20 milyard funt-sterlinq borc götürüb, bu isə ölkənin xəzinə orqanlarının hesablamalarından 5,2 milyard çoxdur.

«Siyasi və iqtisadi qeyri-müəyyənliyin dərinləşməsi işgüzar fəallığı son dərəcə zəiflədib. Pandemiya dövrünün qapanmalarını nəzərə almasaq, belə zəifləməyə 2009-cu ildə yaşanmış ilk qlobal maliyyə böhranından bu yana rast gəlinməyib». «S&P Global Market Intelligence»də belə hesab edirlər.

 

Nağıllar və reallıqlar

Sunak yenidənqurma proqramı vəd etmir. Onun hədəfi Böyük Britaniyaya maliyyə inamını xilas etmək, inflyasiyanın qarşısını almaq, Mühafizəkar Partiyadakı böhranı aradan qaldırmaqdır. Hər halda, o, 2016-cı ildə keçirilmiş «Brexit» referendumundan sonra ölkənin altıncı baş naziridir. Üstəlik, Sunak üçüncü baş nazir, iyulda istefaya getmiş Boris Consonun devrilməsində şəxsən iştirak edib. Həmin vaxt o, dördüncü hökumət başçısı da ola bilərdi. Lakin Liz Trass son anda Sunakı çox da böyük olmayan səs fərqi ilə məğlub etmişdi.

İndi, partiya üçün Rişi Sunakın bu postda kifayət qədər uzun müddət qalması vacibdir. Hər halda, tori 2025-ci ilin yanvarında keçiriləcək növbəti ümumxalq səsverməsinə onun rəhbərliyi ilə getməyi arzulayır. Sonrası artıq seçkinin nəticəsindən asılı olacaq.

Hazırda aparılan sorğularda tori leyboristlərdən xeyli geri qalır, leyboristlərin lideri Keyr Starmer isə bu gün britaniyalıların baş nazir postunda görməyi ən çox arzuladıqları şəxsdir. Seçki elə bu gün keçirilərdisə, Starmerə 389, Sunaka isə 127 seçki dairəsi səs verərdi.

Amma Rişi Sunak yenə də bu vəzifəyə tam layiqdir. Hər halda, o, hələ yayda bildirirdi ki, artan inflyasiya fonunda Liz Trassın vergi güzəştlərinə dair vədi nağıla bənzəyir. O zaman Trass Sunaka qulaq asmadı. Nəticədə, onun vergilərin azaldılmasının stimullaşdırılması üçün borc almaq ideyası kreditorlarla ilk təmasın sınağından belə çıxa bilməyib. 23 sentyabrda elan olunmuş və yaddaşlarda heç də yaxşı qalmayan «mini büdcə» dövlət borcunun kəskin satışına səbəb olub. Bu isə öz növbəsində, pensiya fondları tərəfindən satışa yol açıb, nəticədə, İngiltərə Bankı maliyyə sabitliyini qorumaq üçün qiymətli kağızlar almalı olub. Bu isə onun özünün  siyasi ölümü ilə nəticələnib.

Lakin Sunakın qalib gəldiyi məlum olan kimi, Britaniyanın dövlət istiqrazlarının qiyməti kəskin artıb, milli valyutanın məzənnəsi sabitləşib, bazar «dərindən nəfəs alıb».

Sunak Dauninq-stritdə baş nazir kimi ilk çıxışında bildirib ki, Trassın dövründə «yanlışlıqlara yol verilib» və o, həmin yanlışlıqları aradan qaldırmaq üçün gəlib. «Bizim sabitliyə və birliyə ehtiyacımız var. Mən partiyamızın və ölkəmizin birləşməsini özüm üçün əsas prioritet elan edirəm», - deyə yeni baş nazir qeyd edib.

Lakin Sunakın hökumət başçısı kimi işini bir də öz partiyası daxilindəki dərin fikir ayrılıqları çətinləşdirir. 2022-ci ilin nümunəsində Mühafizəkarlar Partiyası fraksiyalaşma, şəxsi seçim və loyallığa görə parçalanmalarla fərqlənir. Bu isə partiyanı istər Conson, istərsə də Trass üçün idarəedilməz hala gətirib.

İndi Sunakın uğur qazanması daha çox partiyasını ruhlandırmaq, özünün ölkəsinin gələcəyi ilə bağlı iqtisadi və siyasi baxışları ətrafında birləşdirməsi bacarığından da çox asılıdır. Məhz bu səbəbdən, hökumət üzvlərini yalnız şəxsi sadiqlik prinsipi əsasında seçmiş Liz Trassdan fərqli olaraq, Rişi Sunak partiyanın əsas fraksiyalarının maraqlarını nəzərə almağa çalışır. Bundan başqa, o, əmin olmalıdır ki, təyin edəcəyi şəxslər növbəti seçkiyədək işləyə biləcək. Ölkə nazir dəyişikliklərindən bezib. Son 7 ildə Sunakadək hökumətdə 3 daxili işlər naziri və 4 xəzinədarlıq kansleri dəyişib.

Yeni hökumət başçısının ilk doğru qərarlarından biri Ceremi Xantı maliyyə naziri postunda saxlaması hesab olunur. Xant hələ Trassın xahişi ilə onun yanlışlıqlarının aradan qaldırılması üzərində çalışır.

 

Hələ vaxt var

Trass kabineti  maliyyə bazarlarını mümkün qədər sakitləşdirmək üçün vaxtilə ortamüddətli təkmilləşdirilmiş fiskal planın oktyabrın 31-də – İngiltərə Bankının Pul-kredit siyasəti komitəsinin növbəti toplantısına bir neçə gün qalmış elan ediləcəyini açıqlamışdı. Keçmiş hökumət bu yolla Mərkəzi Bankın faiz dərəcələrini kəskin artırmasından və ipoteka krediti sahibləri üçün arzuolunmaz vəziyyətin yaranmasından qaçmağı düşünürdü. Başqa sözlə, o, dövlət maliyyəsilə bağlı vəziyyətə son dərəcə ciddi yanaşdığını göstərmək üçün əlindən gələni edirdi.

Bu gün vəziyyət bir qədər fərqlidir. Bazar hökumət dəyişikliyinə müsbət reaksiya verib və artıq faiz dərəcələrinin yüksəlməsi riski yoxdur. İnvestorlar əmindirlər ki, Sunak Böyük Britaniyanın fiskal və iqtisadi ortodoksallığına meydan oxumaq fikrinə düşməyəcək – əvvəlki hökumət məhz bunu edirdi. Nəticədə, ölkə üçün vacib sayılan bu sənədin açıqlanması noyabrın 17-nə təxirə salınıb. Demək, baş nazir və Ceremi Xantın dövlət xərclərinin on milyardlarla funt-sterlinq azaldılmasını da nəzərdə tutacaq planları dəqiqləşdirməyə vaxtı var.

Nəzərə alsaq ki, leyboristlər parlamenti hər təklifə ayrılıqda səs verməyə məcbur etmək istəyir, bu, daha vacib hal alır. Mühafizəkarlar təhsilin, səhiyyənin və siyahıda olan digər sahələrin maliyyələşdirilməsinin azaldılmasına ayrı-ayrılıqda səs verməli olacaqlar. Bu, onlar üçün növbəti seçkidə ciddi səs itkisi ilə nəticələnə bilər.

 

İzi qalır

İlk dəfə parlamentə 2015-ci ildə seçilmiş Rişi Sunak cəmi 3 il sonra Tereza Mey kabinetində kiçik nazir təyin edilib. 2019-cu ildə hökumətə Boris Consonun rəhbərlik etdiyi dövrdə o, xəzinədarlığın baş katibi, 1 il sonra isə maliyyə naziri olub.

Sunakın məşhurluğu və populyarlığı bundan bir ay sonraya – Britaniyada «COVID-19» epidemiyasının yayıldığı vaxta təsadüf edir. Həmin dövrdə əməkdaşları müvəqqəti olaraq işdən uzaqlaşmış sahibkarların işçilərinin əməkhaqlarının ödənilməsini nəzərdə tutan səxavətli dövlət proqramı məhz onun kurasiyasında olub. O dövrdə şəraitdən əziyyət çəkən müəssisələrə dövlət borcunun verilməsi də onun adı ilə bağlıdır.

Amma populyarlıq insandan özünə ciddi şəkildə diqqət göstərməsini tələb edir. Həmin hadisələrdən az sonra Böyük Britaniya hökumətinin ikinci şəxsinin ABŞ-a məxsus «Qrin kart» sahibi olduğu üzə çıxıb və demək, onun ölkəsinə istisnasız bağlı olduğuna şübhə ilə yanaşmaq mümkündür.

Bu azmış kimi, xəzinədarlığın kanslerinin həyat yoldaşının (hindistanlı milyarder Narayana Murtinin qızı) Hindistan vətəndaşı olduğu, Britaniyada «non-domiciled» (əcnəbi statusu) statusu ilə yaşadığı bəlli olub. Bu, onun ildə 30 min funt-sterlinq ödəmə ilə kifayətlənməsinə, Böyük Britaniyadan kənarda qazandığı gəlirdən isə vergi ödəməməsinə imkan verir.

Bütün bunlar, əlbəttə ki, qanunidir. Lakin ölkədə hər kəsin vergisini vaxtında və düzgün ödəməsinə nəzarət edən nazirin xanımı statusuna uyğun gəlmir. Doğrudur, o zaman maraqlar münaqişəsi tezliklə həllini tapıb, lakin necə deyərlər, baş verənlərin «izi qalıb».

 

Əhalinin tələbi

Qanuna görə, Sunak 2025-ci ilin yanvarınadək seçki elan etməyə borclu deyil. Amma o, bunu etməyə məcburiyyət hiss edə bilər, çünki hakimiyyəti hər hansı səsvermə olmadan ələ alıb. Yeni baş nazirin bu tələblə öz partiyası daxilində belə, üzləşəcəyi istisna deyil. Üstəlik, leyboristlər hesab edirlər ki, bir şəxsin ali xalq mandatı olmadan ölkənin ən yüksək siyasi postunu tutması tam legitim deyil. «YouGov» tərəfindən Sunakın baş nazir postuna əyləşdiyi gün keçirilmiş sorğu isə göstərib ki, əhalinin 56%-i onun növbədənkənar seçkiyə getməsini tələb edir.

Rişi Sunakın büdcədəki «dəliyi qapatmaq» üçün qeyri-populyar addımlar atması ölkədə həyat qiymətini daha da artıracaq və bu halda sözügedən tələblər daha ucadan eşidilməyə başlanacaq.

Böyük Britaniyanın yeni baş naziri bu postda, şübhəsiz ki, sələfindən çox qalacaq. Amma nə qədər çox?



MƏSLƏHƏT GÖR:

136