26 Dekabr 2024

Cümə axşamı, 14:43

NEFT DUELİ

Səudiyyə Ərəbistanının gözlənilməz gedişi Vaşinqtonu çətin vəziyyətə salıb

Müəllif:

01.11.2022

Səudiyyə Ərəbistanı və ABŞ arasında gərginlik davam edir. Krallığın Rusiyanın təklif etdiyi “OPEC+” qrupunun hasilatı azaltmaq qərarını dəstəkləməsi Vaşinqtonda, xüsusən də hakim demokratlar qrupunda qəzəblə qarşılanıb.

Bayden administrasiyası səudiyyəlilərin səsvermədə digər “OPEC+” üzvlərinə təzyiq göstərdiyini iddia edib. Hər iki ölkənin rəsmilərinin vəziyyəti qısa zamanda müzakirə edəcəyi bildirilsə də, prezident Bayden noyabrda İndoneziyanın Bali şəhərində keçirilməsi planlaşdırılan G-20 sammitində Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanla görüşməyəcəyini bildirib.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvləri, o cümlədən Rusiya noyabrın 1-dən hasilatı gündəlik 2 milyon barel azaltmaq qərarına gəlib.

Lakin Səudiyyə Ərəbistanının əsas müttəfiqi ABŞ bu qərara qarşı olub və dəfələrlə Ər-Riyadı bu qərardan çəkinməyə çağırıb. Vaşinqton hesab edir ki, hasilatın indiki vaxtda azalması dünya bazarında enerji qiymətlərinin kəskin bahalaşmasına səbəb ola bilər. Səudiyyə Ərəbistanı hakimiyyətinin indiki həssas bir dövrdə əzəli müttəfiqi ABŞ-ın deyil, onun düşməni Rusiyanın yanında yer alması (“OPEC+”un hasilatı azaltması təşəbbüsünün əsas dəstəkçilərindən biri Rusiyadır – “R+”.) Vaşinqtonda demokrat siyasətçiləri qəzəbləndirib. Üstəlik, bir çox ekspertlər hesab edir ki, Ər-Riyadın bu qərarı noyabrın əvvəlində keçiriləcək aralıq seçkilər öncəsi demokratların mövqeyini zəiflədəcək. Başqa sözlə, ərəb ölkələri seçkilərdə respublikaçıların üstünlüyünü təmin etmək üçün belə bir addım atmağa qərar verib. ABŞ-da, xüsusən də seçkilər öncəsi yanacağın bahalaşması demokratların səslərinin əhəmiyyətli dərəcədə itirilməsinə səbəb ola bilər.

Beləliklə, prezident Baydenin rəhbərlik etdiyi ABŞ-ın hazırkı administrasiyası Səudiyyə Ərəbistanına qarşı narazılığını gizlətməyib. Prezident hətta bildirib ki, “OPEC+”un qərarının Vaşinqtonun Ər-Riyadla münasibətləri üçün “nəticələri olacaq”.

 

Pul, yoxsa siyasət?

Səudiyyə Ərəbistanı bu qərarın əsas səbəbi kimi, iqtisadi səbəbləri göstərir. Yəni Krallıq hasilatı nisbətən azaltmaq yolu ilə neft qiymətlərinin sabitliyini təmin etmək və gəlirlərini artırmaq niyyətindədir. Lakin amerikalı rəsmilərin fikrincə, bu planın arxasında ABŞ-a qarşı mübarizənin qızğın vaxtında öz düşməninə qlobal səviyyədə zərbə vurmaq niyyətində olan Rusiya rəhbərliyi dayanır. Amerikalılarla razılaşmamaq mümkün deyil. “OPEC+”un qərarından sonra ABŞ-da 1 qallon benzinin qiyməti 60 sent artaraq 4,90 dollara çatıb. Bu, şübhəsiz ki, ölkədə gedən daxili siyasi proseslərə təsir edəcək.

Beləliklə, Səudiyyə Ərəbistanı rəhbərliyinin neft hasilatını azaltmaq qərarının arxasında üç amili qeyd edə bilərik. Əlbəttə, ən əsas amil iqtisadi səbəblərdir. Hasilatın azaldılması qiymətləri sabit, yəni yüksək saxlayacaq və Krallıq dünyanın ən böyük neft istehsalçılarından biri olaraq buradan qazanclı çıxacaq.

İkincisi, Səudiyyə Ərəbistanı rəhbərliyi bu qərarla əvvəlki kimi ABŞ-dan asılı, Vaşinqtondan gələn direktivlərlə hərəkət edən ölkə olmadığını, əksinə lazım gəldikdə müttəfiqləri ilə ziddiyyət təşkil edən qərarlar qəbul edə biləcəyini nümayiş etdirib. Bu, həm də Ər-Riyadın Moskva ilə əməkdaşlıq edə biləcəyini göstərib.

Nəhayət, üçüncü amil ABŞ Konqresinin Nümayəndələr Palatasına keçiriləcək aralıq seçkilərdir. Ər-Riyad hesab edir ki, iqtisadi problemlər seçkilərə təsir edə və demokratların Konqresdə üstünlüyü əldən verməsinə səbəb ola bilər. Bu isə o deməkdir ki, səudiyyəlilərin köhnə dostları olan respublikaçılar seçkilərdə yenidən qələbəni təmin edə bilərlər.

Əlbəttə, ABŞ və Səudiyyə Ərəbistanı arasında neft hasilatı ilə bağlı gərginlik yeni deyil. Bundan əvvəl hətta respublikaçı prezident və ərəblərin dostu Donald Tramp da “OPEC+” qərarlarına dəfələrlə etiraz edib. Lakin demokratlardan fərqli olaraq, Tramp Qətər istisna olmaqla, Körfəz ölkələri ilə yaxşı münasibətlər qura və onların təhlükəsizliyini gücləndirə bilmişdi. Məsələn, D.Tramp bu böyük silah müqavilələrini imzalayaraq onlara hərbi yardımları artırıb. Ən əsası Yəmən müharibəsi və İranla münasibətlər kimi incə regional məsələlərdə ərəbləri birmənalı şəkildə dəstəkləyib.

Lakin Bayden, hətta ondan əvvəl Barak Obamanın hakimiyyəti illərində demokratlar və Səudiyyə Ərəbistanı arasında münasibətlər soyuq olub. Belə ki, 2016-cı ildə ABŞ məhkəməsi Səudiyyə Ərəbistanını 2001-ci il 11 sentyabr hadisələrində ittiham edib. 2018-ci ildə isə demokratlara yaxın olan “Vaşinqton Post” qəzetinin müxbiri, Səudiyyə Ərəbistanından olan jurnalist Camal Xaşuqinin İstanbuldakı Səudiyyə konsulluğunda müəmmalı ölümü demokratlarla Ər-Riyad arasında münasibətlərə ağır zərbə vurub.

Bundan başqa, demokratlar istər iqtidar, istərsə də müxalifətdə olduqları dövrdə səudiyyəlilərlə münasibətləri bərpa etmək üçün hər hansı addım atmayıblar. Əksinə, Bayden prezident kimi fəaliyyətə başladıqdan az sonra Yəmən müharibəsinə verilən dəstəyi dayandırıb. Bu il iyulun 16-da onun Səudiyyə Ərəbistanına, bütövlükdə regiona səfəri heç nəyi dəyişməyib.

Yeri gəlmişkən, ötən ay “OPEC+”un qərarından sonra jurnalistlər prezident Baydendən Səudiyyə Ərəbistanına iyulda etdiyi səfərə görə peşman olub-olmadığını soruşublar. O, bu səfərə görə peşman olmadığını, çünki səfərinin əsas məqsədinin İsrailin təhlükəsizliyi daxil olmaqla, siyasi mövzular olduğunu bildirib. Xarici mətbuatın məlumatına əsasən, Baydenin Səudiyyə Ərəbistanında müzakirə etdiyi əsas mövzulardan biri məhz neft hasilatı olub.

Prezident Bayden Səudiyyə Ərəbistanı hakimiyyəti üzərinə regional siyasi mövzularda ciddi vəzifə qoysa da, qarşılığında faktiki olaraq heç nə təklif etməyib. Yeri gəlmişkən, Baydenin səudiyyəlilərin çiyninə qoyduğu vəzifələr arasında İraqın enerji təchizatı və İsraillə barışıq prosesi ilə bağlı məsələlər var idi. Lakin ABŞ tərəfdən ciddi cavab vədləri olmayıb. Görünür, bu səbəbdən, Ər-Riyad demokratların əleyhinə getməyə qərar verib.

 

Vaşinqtonun rıçaqları

Nə qədər qəribə olsa da, indi Vaşinqton administrasiyasının əlində Səudiyyə Ərəbistanını cəzalandırmaq üçün ciddi rıçaqlar yoxdur. Amerikalıların ilk ağlına gələn məsələ Səudiyyə Ərəbistanına hərbi dəstəyin azaldılması olub. Hətta bununla bağlı Konqresin 3 demokrat üzvü qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, ABŞ hərbi qüvvələrini 90 gün ərzində Səudiyyə Ərəbistanı və onun əsas region müttəfiqi olan BƏƏ-dən geri çəkəcək. Hazırda bu ölkələrdə 5000-dən çox ABŞ hərbi qulluqçusu, həmçinin “Patriot” və THAAD zenit-raket kompleksləri var.

Məsələ ondadır ki, ABŞ qoşunlarının Fars körfəzindən çıxarılması Vaşinqtona nə dərəcədə sərfəli olmasındadır. Ən əsası isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin təhlükəsizliyinə təhlükənin xeyli azaldığını nəzərə alsaq, qoşunların çıxarılması ərəb ölkələrinə ciddi təzyiq olacaqmı? Məsələn, Yəməndə kövrək atəşkəs əldə olunub, Bağdadda isə ərəb monarxiyalarının əsas regional rəqibi olan İranla yarımgizli danışıqların beşinci raundu başa çatıb. Hazırda Ər-Riyad və Tehran rəsmiləri diplomatik münasibətlərin bərpasını müzakirə edirlər.

Buna paralel olaraq, Fars körfəzinin ərəb ölkələri ABŞ ilə münasibətlərinin mürəkkəbləşməsinə baxmayaraq, sürətlə İsrailə yaxınlaşır. Üstəlik, BƏƏ və Bəhreyn artıq Təl-Əvivlə diplomatik əlaqələr qurub. Başqa sözlə, onların ABŞ qədər olmasa da, Vaşinqtona təsir rıçaqları olan güclü regional dövlət olan İsrail kimi yeni müttəfiqləri var. Yeri gəlmişkən, Türkiyə amerikalı siyasətçilərin Səudiyyə Ərəbistanını cəzalandırmaq çağırışına sərt reaksiya verib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Vaşinqtonun Ər-Riyada təhdidləri qəbuledilməzdir. Bütün bunlar onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı regional əlaqələrini qaydaya salıb. Odur ki, bu halda ölkənin ciddi regional təcrid olunması və ya ona qarşı təhdidlər qəbuledilməzdir.  

Eyni zamanda Səudiyyə Ərəbistanı və ABŞ arasında iqtisadi bağlar var. ABŞ hərbi sənayesinin ən böyük müştərisi də məhz Səudiyyə Ərəbistanıdır. Belə bir ölkəni itirmək ABŞ-yə zərər vura bilər. Ər-Riyad ABŞ-də saxlanılan vəsaitləri geri çəkmək barədə qərar qəbul edərsə, bu ABŞ iqtisadiyyatı üçün ağır nəticələr doğura bilər.

 

Beş amil

Birincisi, Səudiyyə Ərəbistanı planetin ən böyük neft ixracatçısıdır (dünya neft ehtiyatlarının 18%-i). Dünya neft bazarına təsir edə bilən ölkə ilə düşmənçilik isə sərfəli deyil.

İkincisi, Səudiyyə Ərəbistanı dünyada ən böyük hərbi büdcəyə malik üçüncü dövlətdir və bu büdcənin böyük bir qismi xaricdən, əsasən də ABŞ-dən silah almağa sərf olunur.

Üçüncüsü, Səudiyyə Ərəbistanı müsəlman aləminin əsas mərkəzi ölkələrindən biridir və müsəlman aləmində təhlükəsizlik, radikal qruplara qarşı mübarizəyə böyük vəsaitlər xərcləyir.

Dördüncüsü, Krallıq Vaşinqtonun regional müttəfiqidir, xüsusilə İranla münasibətlərin gərgin olduğu bir vaxtda ABŞ-la sıx əməkdaşlıq edir. Yaxın keçmişdə isə Ər-Riyad İraqa qarşı koalisiyanın tərkibində olub, “Əl-Qaidə” və İŞİD-ə qarşı mübarizədə Vaşinqtonu dəstəkləyib, Suriya müxalifətinə yardım edib.

Nəhayət, sonuncu amil Səudiyyə Ərəbistanı ABŞ-nin ən böyük ticarət tərəfdaşlarından biridir. Bu ölkənin sərmayələri hesabına ABŞ-də yüz minlərlə iş yerləri açılıb.

 

Xülasə

Səudiyyə Ərəbistanının Ağ Evin siyasətinə qarşı müstəqil addımları yeni deyil. Tarixdə ən böyük ərəb boykotu 1973-cü ildə baş verib. Ərəb ölkələri İsrailə dəstək verdiyi üçün Qərb ölkələrinə neft embarqosu tətbiq etmiş və nəticədə, dünya bazarında neftin qiymətləri birdən-birə 4 dəfə bahalaşmışdı.

Budəfəki addımlar neft embarqosuna səbəb olmasa da, ərəb müttəfiqlərin Vaşinqtona qarşı sərt gedişi kimi tarixə düşəcək. Bu, ABŞ seçkilərinin nəticələrinə təsir etməsə belə, Vaşinqtonun ərəb monarxiyaları ilə ortaq dil tapmaq üçün müəyyən güzəştlərə getməkdən başqa yolu qalmayacaq. Bu isə öz növbəsində Fars körfəzi ölkələrinin siyasi çəkisini artıracaq.

Beləliklə, Səudiyyə Ərəbistanı son illərdə fəal şəkildə Çinlə yaxınlaşır, neft siyasətini Rusiya ilə əlaqələndirir, Türkiyə ilə münasibətləri normallaşdırır, hətta İranla danışıqlar aparır, eyni zamanda regional lider olmaq üçün ciddi və uğurlu cəhdlər edir. Son hadisələr də göstərir ki, böyük dövlətlər hələ də Fars körfəzi ölkələri ilə danışıqlar aparmalı olacaqlar.



MƏSLƏHƏT GÖR:

128