Müəllif: Samir VƏLİYEV
Rusiya-Ukrayna müharibəsində oktyabrın 29-u yeni dönüş nöqtəsi sayıla bilər. Məhz həmin gün Sevastopolda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində “İvan Qolubets” tral gəmisi və Cənub buxtasına ziyan dəyib. Buna cavab olaraq Rusiya Türkiyə və BMT-nin köməyi ilə əldə olunmuş “taxıl razılaşması”ndan çıxdığını bəyan edib.
Güman edilir ki, bunun ardınca Qara dəniz hövzəsində hərbi-siyasi gərginlik daha da artacaq. Bu isə təkcə “taxıl dəhlizi”ni deyil, həm də Qara dənizdəki istənilən nəqliyyat və tranzit layihəsini “alt-üst edəcək”.
Beləliklə, müharibə daha dərin qeyri-müəyyənlik və məyusluq mərhələsinə qədəm qoyub. İndi region və dünya daha ciddi təhdidlər qarşısındadır. Bununla yanaşı, bəzi müşahidəçilər hesab edir ki, Ukrayna tərəfinin son həftələrdə bu cür qətiyyətli addımlar atması Qərb ölkələrinin ona dəstəyi daha da artırması ilə izah edilməlidir. Üstəlik, Ukraynanın kritik infrastrukturunun Rusiya ordusu tərəfindən kütləvi şəkildə bombalanmasından sonra Kiyevə növbəti irimiqyaslı hərbi və iqtisadi yardım vəd olunub. “Ramştayn” formatında keçirilən altıncı iclasda isə Kiyevə hərbi dəstəyin göstəriləcəyi təsdiqlənib, bu ilin sonuna qədər Avropa İttifaqı tərəfindən ona 5 milyard avro məbləğində iqtisadi yardımın ayrılacağı vəd olunub.
RHM sistemi üçün sınaq
Krım körpüsünə hücumun Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini düşünən Rusiya Ukraynanın onlarla enerji obyektinə kütləvi raket zərbələri endirib. Bu zaman uzaqmənzilli raketlərlə yanaşı, İrandan alınan kamikadze dronlardan da istifadə olunur. Ukrayna hakimiyyəti bildirir ki, yaşayış binalarının, sosial və enerji infrastrukturunun atəşə tutulması nəticəsində ölkəyə yüz milyardlarla dollar dəyərində zərər dəyib, elektrik enerjisi təchizatı ilə bağlı vəziyyət kifayət qədər gərginləşib. Ukrayna prezidenti V. Zelenskinin sözlərinə görə, oktyabrın 10-dan bu yana ölkədə elektrik stansiyalarının 30%-i məhv edilib.
Salamat qalan obyektləri qorumaq üçün isə Kiyev yenidən Qərb ölkələrinə müraciət edərək, müasir raket hücumundan müdafiə (RHM) sistemləri ilə təmin edilməsini istəyib. Bu müraciətə cavab olaraq NATO üzvü olan ölkələrin müdafiə nazirləri Ukraynaya ən müasir analoji sistemlər və hücum əməliyyatları üçün lazımi avadanlıqlar göndərmək qərarına gəliblər. Qərb ölkələrinin bu səyləri ilə Ukraynnın Hava Hücumundan Müdafiə (HHM) sisteminin, mühüm obyektlərin hava hücumundan müdafiəsinin gücləndiriləcəyi bildirilir.
Söhbət xüsusilə Amerikanın NASAMS hava hücumundan müdafiə sistemlərindən gedir. Birincisi, Ukrayna bu kompleksə məxsus iki batareya alacaq. Onların hər birində komanda məntəqəsi və hədəfləri izləmək üçün radar olan 8-ə qədər buraxılış qurğusu ola bilər.
Bundan başqa, Böyük Britaniya Ukraynaya AMRAAM raketləri vermək qərarına gəlib. Onların qanadlı raketlər, kamikadze dronlar və digər hava hədəfləri ilə mübarizədə NASAMS zenit-raket komplekslərindən buraxılması mümkündür.
Almaniya isə Ukraynanın artıq əldə etdiyi və cənubda istifadə olunan IRIS-T (SLM) HHM sistemləri ilə yanaşı, Kiyevə daha üç belə sistem verməyi düşünür. Bu sistemin təyyarələrin, helikopterlərin, PUA-ların, qanadlı və ballistik raketlərin məhv edilməsində effektiv olduğu deyilir.
Bu da son deyil. Fransa Ukraynaya “Crotale” zenit-raket kompleksləri vermək fikrindədir. Onların sayı açıqlanmır. İspaniyanın isə Kiyevə dörd ədəd “Hawk” zenit-raket kompleksi vermək niyyəti bəllidir. Hər iki sistem xüsusilə dronlara qarşı effektivdir.
Bu arada, Ukrayna Fransa və İtaliyadan daha təkmil “SAMP-T” zenit-raket kompleksləri istəyir. Amma bununla bağlı qərar hələ ki, qəbul olunmayıb.
Ümumiyyətlə, Ukraynaya silah tədarükü Qərb ölkələrinin öz silahlarını döyüş şəraitində sınaqdan keçirməsinə də imkan verir və bunu rəsmi Kiyev də etiraf edir. Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Politico” nəşrinə müsahibəsində deyib ki, bu, onlar arasında effektivlik yarışına bənzəyir. Nazir Ukrayna ordusunun səkkiz ədəd müxtəlif 155 millimetrlik artilleriya sisteminə malik olduğunu və döyüşlərdə onlardan istifadə edildiyini bildirib.
İsrail bitərəfdir
Artıq İsrail parlamenti belə, neytrallığını pozaraq, Ukraynaya silah təklif edib. O, bunu İranın Rusiyaya raket tədarükünə cavab olaraq edir. Qeyd olunan təşəbbüslə Knesset üzvü, İsrailin diasporla iş naziri Nahman Şay çıxış edib.
Bəli, İran Rusiyaya kütləvi şəkildə silah tədarük etməklə, faktiki olaraq münaqişədə açıq şəkildə Moskvanın tərəfini tutur. İsrail üçün bu, Ukrayna Ordusunun İran dronlarının və raketlərinin hücumlarını dəf etməsinə kömək göstərmək üçün stimul verir. Yəhudi dövləti bununla həm də potensial hədəflərlə mübarizədə öz hərbi texnikasının effektivliyini yoxlamaq imkanı qazanır.
Amma Nahman Şayın çağırışı İsrailin bu istiqamətdə hərəkətə keçməsi istəyindən çox, seçkiqabağı ritorikaya bənzəyir. Onun çağırışından bir neçə gün sonra İsrailin müdafiə naziri Beni Hantz faktiki olaraq, hökumətdəki həmkarına cavab verərək deyib: “Mən müdafiə naziriyəm və İsrail silahlarının ixracına mən cavabdehəm. Açıq şəkildə demək istəyirəm ki, biz Ukraynaya silah satmayacağıq”.
Prinsipcə, İsrail Ukraynanı Beni Hantzın ukraynalı həmkarı ilə planlaşdırılan müzakirələrdən əsas gətirmədən imtina etməsindən sonra məyus olmuşdu.
İsrailin Rusiya ilə münasibətləri zaman-zaman çətin görünsə də, yəhudi dövləti üçün bu münasibətlər hələ də vacibdir. Çünki bu, onun regionda lazımi maraqlar balansını yaratmasına imkan verir.
Suriyada müstəsna təsirə malik olan Moskva İranın təsir gücünün artmasına maneədir. Üstəlik, Suriyada fəaliyyət göstərən iranlı proksilər dəfələrlə İsrailin raket hücumlarına məruz qalıb və bu zaman Rusiya ordusu bu hücumların qarşısını almayıb. Bu isə Tehranı çox qıcıqlandırır. Hər halda, Rusiya ilə İsrailin maraqları o qədər üst-üstə düşür ki, Təl-Əviv Moskvaya qarşı çıxa bilmir.
Bununla yanaşı, “Ramştayn”ın iştirakçısı olan İsrail Ukrayna Silahlı Qüvvələrini lazımi hərbi kəşfiyyat məlumatları ilə təmin edir. Bu isə Kiyevin İrana məxsus pilotsuz uçuş aparatları ilə mübarizəsində effektiv ola bilər. Kiyev İsraildən lazımi humanitar yardım da alır.
Lakin bu, heç də o demək deyil ki, İsrailin Ukraynaya silah tədarükü məsələsi həmişəlik qapanıb. Bir müddət əvvəl Ukrayna prezidenti V.Zelenski bildirmişdi ki, onun ölkəsi İsraillə kəşfiyyat və müdafiə sahəsində əməkdaşlığa başlayıb. İsrailin “Debka” saytı xəbər verir ki, Kiyev İran dronlarını ələ keçirmək üçün İsraildən “Smart Shooter” sistemləri də alıb. Məlumatda bildirilir ki, bu sistemlər Ukraynanın yüngül təyyarələrinə və dronlarına quraşdırılıb. “Smart Shooter” süni intellekt və təkmil radar sistemi ilə idarə olunur. Onun müəllifləri iddia edirlər ki, sistem hədəfi hər zaman dəqiq vurur və heç vaxt səhv etmir.
İran Rusiya ilə eyni cərgədə
İrana gəlincə, Ukrayna rəsmi olaraq onu Rusiya Federasiyası ilə birgə hərbi təcavüzdə ittiham edir, Tehranı faktiki olaraq Rusiya ilə bərabər tutur. Bildirilir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərini İrana sanksiyaların tətbiqinə çağırıb. O, bunu Tehranın Rusiyanın ukraynalılara qarşı törətdiyi terrora dəstək verməsi ilə əsaslandırıb. Nazir hesab edir ki, Tehran Moskvaya ballistik raketlər verməyə hazır olduğundan, sərt sanksiyalarla üzləşməlidir. Ukrayna tərəfi həmçinin İran səfirinin ölkədən çıxarılması və onunla diplomatik münasibətlərin kəsilməsi variantını nəzərdən keçirir.
Kiyevin çağırışına artıq cavab verilib. Aİ-nin oktyabrın 20-21-də keçirilən növbəti sammitində sözügedən sanksiyalar elan olunub. Onlar İranın 11 fiziki və 4 hüquqi şəxsinə, o cümlədən Aİ-nin məlumatına görə, ölkədə repressiyalara görə məsuliyyət daşıyan əxlaq polisinə yönəlib.
Ukraynaya iqtisadi yardımlara gəlincə, Kiyev ilin sonuna kimi Aİ-dən 5 milyard avro alacaq. Bu, 9 milyardlıq yardımın bir hissəsidir və Ukrayna hökuməti bununla, maliyyə sabitliyini qorumağı düşünür.
Söhbət Avropa Komissiyasının 2022-ci il mayın 18-də qəbul etdiyi qərarın icrasından gedir. Ukrayna 1 milyard avroluq ilk tranşı iyulun sonunda alıb. Lakin sonradan yerdə qalan 8 milyard avro ilə bağlı Aİ üzvləri arasında mübahisələr yaranıb və yardım dayandırılıb.
Sammitin demək olar ki, əsas mövzusu isə təbii qaz üçün maksimal qiymətin müəyyənləşdirilməsi ilə bağlı olub. Almaniya bunun onun qaz tədarükünə mənfi təsir göstərəcəyinə əmindir. Nəticədə, Brüssel yenə də bu haqda ümumi qərar qəbul edə bilməyib. Bununla yanaşı, sammitdə qazın qiyməti ilə bağlı hər hansı məhdudiyyətin Macarıstanın qaz tədarükü ilə bağlı uzunmüddətli müqavilələrinə, xüsusən də Rusiyanın “Qazprom” şirkəti ilə 15 illik müqaviləsinə təsir etməyəcəyi barədə razılıq əldə olunub.
Qaranlıq müharibədə sülh axtarışı
Ukraynada və ətrafında hadisələr müharibə məntiqi ilə inkişaf edərkən, sülhün mümkünlüyündən danışan siyasətçilər də var. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı bu ölkənin baş nazir İrakli Qaribaşvili Ukraynada baş verənlərə münasibət bildirərkən, problemin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. Qaribaşvili İlham Əliyevlə görüşdən sonra deyib: “Biz dünyanın üzləşdiyi çətin vəziyyəti müzakirə etdik, təbii olaraq regiondakı vəziyyətə toxunduq. Hamımız razıyıq ki, Ukrayna problemi danışıqlar yolu ilə tənzimlənməlidir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə “Hürriyyət” qəzetinə müsahibəsində Rusiya ilə Ukrayna arasında mümkün danışıqlara toxunaraq deyib: “Biz ümidsiz deyilik. Arzu edirik ki, iki lideri bir araya gətirərək, sülh yolu ilə davam edək. Çünki hər iki tərəf ciddi itkilər verir. İnanıram ki, sülh məğlub olmayacaq”.
Başqa sözlə, regional liderlər hesab edirlər ki, Kiyev ilə Moskva arasında danışıqlara alternativ yoxdur. Buna müxtəlif cür yanaşmaq mümkündür. Lakin nəzərə alsaq ki, bu mövqedən öz regionlarında çəkisi və nüfuzu olan, yüksək təcrübəyə malik siyasətçilər çıxış edir, deyilənlərə etinasız yanaşmaq doğru olmazdı.
Paralel olaraq, dünyanın əsas problemi haqda Romada təşkil olunan “Sülhə çağırış” beynəlxalq forumunda da danışılıb. İtaliya prezidenti Serco Mattarella bildirib ki, “belə dəhşətli ssenarilər (nüvə müharibəsi təhlükəsi) qarşısında vicdanımız bizi sülhü müdafiə etməyə çağırır və bizi bu gün burada bu amil birləşdirir”.
Forumda iştirak edən Fransa prezidenti Emmanuel Makron isə hətta xəyanət kimi görünsə belə, Moskva ilə dialoqu davam etdirməyə hazır olduğunu, sülh arzuladığını bildirib. “Sülh perspektivi var və bir gün o, gələcək. Hadisələrin necə inkişaf etməsindən asılı olaraq, bir gün bu, baş verəcək. Ukrayna xalqı və onun liderləri lazımi qərarları qəbul edən zaman, onların şərtləri əsasında sülh tapılacaq və bugünkü düşmənlər danışıqlar masası arxasına əyləşəcək. Bu zaman dünya ictimaiyyəti də onların yanında olacaq”.
Təbii ki, Türkiyə və Fransa prezidentlərinin bu sülhə yanaşmaları fərqlidir. Ola bilsin ki, Fransa lideri bununla əsas sülhməramlı rolunu Türkiyədən “qoparmağa” çalışır. Hər halda, bu gün münaqişənin sülh yolu ilə həlli ehtimalı cüzi də olsa, Kiyevlə Moskva arasında əlaqələrin qurulması prosesində Ankaradan başqa vasitəçi yoxdur. Prezident Makronun ölkəsinin coğrafi sərhədlərinə sığmayan iddiaları isə onun Türkiyənin artan geosiyasi təsiri fonunda müşahidəçi qalmasına imkan vermir.
Bununla belə, yekun qərarı hələ də müharibə aparan tərəflərin özləri qəbul etməlidir.
MƏSLƏHƏT GÖR: