24 Noyabr 2024

Bazar, 13:56

AMERİKALILAR TƏHDİD AXTARIŞINDA

ABŞ-da keçirilən seçki cəmiyyətdə daha ciddi parçalanmanın olduğunu göstərir

Müəllif:

15.11.2022

«Bu, indiyədək yaşadığımız ən böyük qırmızı dalğa olmalı idi. Çünki Baydenin reytinqi Amerika tarixində ən aşağı reytinqlərdəndir. Amerikalıların 70%-dən çoxu hesab edir ki, ölkə doğru istiqamətdə getmir. Amma biz yenə də qalib gələ bilmədik».

Bu sözlərin müəllifi Merilend ştatının respublikaçı qubernatoru Larri Xoqandır. O, Senatda çoxluğu demokratların qazandığı bəlli olar-olmaz, Donald Trampın ünvanına ittihamlar yağdırmağa başlayıb. «Bu, Donald Trampın bizim qələbə qazanmağımıza imkan vermədiyi ardıcıl üçüncü seçkidir. Təkrar-təkrar eyni addımları atmaqla fərqli nəticə gözləmək ağılsızlıqdır», - deyə Xoqan bildirib.

Yeri gəlmişkən, 2023-cü ilin yanvarında Xoqanı demokrat Ues Mur əvəzləyəcək. O, seçkidə namizədliyi Tramp tərəfindən irəli sürülmüş respublikaçı Den Koksa qalib gəlib. Xoqan partiyadaşının «psixi durumunun qaydasında olmadığını» deyərək, onu dəstəkləməkdən imtina edib.

Bu sözlər və onların müəllifi ABŞ-da hansı proseslərin baş verdiyini kifayət qədər aydın göstərir. Amma bir məsələdə Xoqan biclik edib. Baydenin reytinqi heç də ən aşağı həddə deyil. Onun sələfləri bu mənada daha acınacaqlı durumda olublar. Məsələn, 2017-ci ildə elə həmin Trampı cəmi 37, 2009-cu ildə isə Obamanı 12% amerikalı dəstəkləyirdi. Ötən yüzillikdə isə dəstəyi cəmi 2-3% olmuş ABŞ prezidentlərinə də rast gəlinib.

 

İstifadə etdi və tulladı

Larri Xoqan Trampı uğursuz sayan, partiyanı özü ilə aşağı çəkməkdə təqsirləndirən azsaylı respublikaçılardan biridir. O, 2022-ci ildə Respublikaçılar Partiyasının iflasa uğramasında böyük rolu məhz Tramın oynadığını düşünür. Sıravi respublikaçılar arasında böyük dəstəyə malik olan Tramp Konqress, qubernator və digər seçkili vəzifələrə şəxsən özünə sadiq və ultrasağçı mövqeli namizədləri irəli sürüb. Onun namizədlərdən əsas tələbi 2020-ci il seçkisinin saxtalaşdırıldığını, Baydenin legitim prezident olmadığı etirafını etmələri olub. Başqa sözlə, namizədlərin peşəkarlıq keyfiyyətləri Trampı narahat etməyib. Nəticədə, onun namizədlərinin əksəriyyəti seçkini uduzub.

Maraqlıdır ki, Trampın bəzi ittihamlarını həvəslə təkrarlayaraq ilkin seçkidə sabiq prezidentin dəstəyini qazanan bəzi namizədlər sonradan həmin sözlərdən imtina ediblər. Məsələn, istefada olan briqada generalı Don Boldyuk Senata namizədlərin müəyyənləşdirilməsi üçün avqustda keçirilən partiyadaxili seçkidə deyib: «Mən 120 başqa general və admiralla birlikdə Trampın seçkini (2020-ci ildə) qazandığına dair məktub yazmışam. Lənət olsun! Mən həmin fikrimdə qalıram. Mən atı dəyişməyəcəm, oğlum! Vəssalam!».

Lakin Boldyuk praymerizdə qalib gəldikdən sonra ritorikasını tam dəyişib. «Bu məsələ ilə bağlı çox araşdırma aparmışam və belə qənaətə gəlmişəm ki, seçki saxtalaşdırılmayıb», - deyə o, «Fox News»a müsahibəsində bildirib. «Bəs əvvəl niyə fərqli danışırdınız?» sualına Boldyuk əsl hərbçi kimi cavab verərək deyib ki, «siyasi reallıq qarşısında əyilmək məcburiyyətində olub». Başqa sözlə, o, Trampdan istifadə edib, sonra isə sabiq prezidenti «tullayıb». Amma həqiqəti danışmağı generala kömək etməyib – o, seçkini uduzub. Səbəb isə yəqin ki, Tramp ilə assosiasiya olunmasıdır.

 

Trampı dəyişməli

Artıq Respublikaçılar Partiyasında Trampın liderliyindən imtina çağırışları daha ucadan eşidilir. Amma bunu etmək asan deyil. Çünki o, mötədil seçiciləri partiyadan «uzağa itələsə» də, təşkilatın ətrafına daha çox – 15-20 milyon insan cəlb edə bilib və söhbət, indiyədək seçkilərə ümumiyyətlə getməmiş insanlardan gedir. Ultrasağçı baxışlara malik bu kütlənin partiyanı Tramp ilə birlikdə tərk edəcəyinə şübhə yoxdur.

Partiya analitikləri iddia edirlər ki, respublikaçıların elektoratını 3 əsas qrupa bölmək olar. Onların təxminən 10%-i «Trampa sadiq olmayanlar», onun əleyhinə çoxdan və açıq çıxış edənlərdir. Daha böyük qrup – təxminən 40% sabiq prezidentin sadiq tərəfdarları, «Trampçılar»dır və onlar liderlərini heç zaman tərk etməyəcəklər. Yerdə qalan 50% ümumilikdə Trampın siyasətindən razı olanlar və 2 dəfə ona səs verənlər, amma indi sabiq prezidentin yaratdığı xaosdan xəcalət çəkənlərdir. Demək, yeni liderə tələbat var.

Bəli, son seçkidən sonra yeni lider axtarışı nəzərəçarpacaq dərəcədə güclənib.

 

Yeni favorit?

Floridanın qubernatoru postuna təkrar seçkidə 20% kimi inanılmaz üstünlük qazanmış Ron DeSantisin parlaq qələbəsi onu respublikaçılar arasında ən populyar siyasətçiyə çevirib. Partiyanın bir çox üzvü artıq DeSantisi Trampa alternativ sayır və bu, təbii ki, eks-prezidentin xoşuna gəlmir. Hər halda, Tramp dərhal DeSantisə nifrət püskürməyə başlayıb. Ağ Evin sabiq başçısı qubernatorun siyasi yüksəlişini öz adına çıxıb, bildirib ki, DeSantis ona meydan oxumaq fikrinə düşərsə, peşman olacaq.

«Düşünürəm ki, o, namizəd olacaqsa (2024-cü ildə keçiriləcək prezident seçkisində), özünə çox ciddi ziyan vuracaq», - deyə Donald Tramp «Fox News» telekanalına müsahibəsində bildirib: «Sizə onun haqqında elə şeylər danışa bilərəm ki… Bu, yaxşı olmaz. Mən onun haqqında hamıdan çox bilirəm. Ola bilsin ki, məndən yaxşı onu yalnız xanımı tanıyır».

Lakin qəflətən məlum olub ki, Trampın parlamaqda olan ulduza hücumları mühafizəkar şərhçilərin xoşuna gəlməyib. Buraya sabiq prezidenti 2016 və 2020-ci illərdə dəstəkləmiş şəxslər də aiddir. «Trampın 2024-cü il seçkisini qazanmaq şansı sıfıra bərabərdir», - deyə sağçı düşərgəni təmsil edən şərhçi, Ağ Evə əvvəlki seçkidə Trampı dəstəkləmiş Mayk Çernoviç özünün «Twitter» hesabında yazıb: «Dövr dəyişir. 2024-cü ildə ya DeSantis, ya da tam məğlubiyyət».

Tramp üçün ən böyük gözlənilməzlik isə yəqin ki, «Fox News» kimi mühafizəkar KİV-in də Floridanın yeni qubernatorunun tərəfini saxlamasıdır. İllərlə Trampa inamla xidmət göstərmiş bu kabel televiziyasının saytında yer almış məqalədə partiya bundan sonra «sabiq prezident olmadan» irəliləməyə çağırılır. «New York Post» nəşri isə ilk səhifəsində sabiq prezidentin kərpic hasardan yıxılan formadakı şəklini (Şaltay-Baltay uşaq şeirinə eyham) dərc edib. Üstəlik, eyni nəşr DeSantisi «DeFyuçer» («Gələcək») adlandırıb.

Amma Trampa meydan oxumaq fikrində olan yalnız DeSantis deyil. Onun Virciniyadan olan həmkarı Qlenn Allen Yanqkin, sabiq vitse-prezident Mayk Pens, ABŞ-ın BMT-dəki eks-səfiri Nikki Xeyli və bir sıra digər siyasətçilər də «Trampın vaxtının bitdiyi» qənaətindədirlər.

 

Bayden maneə kimi

Demokratlara gəlincə, onlar hələ növbəti prezident seçkisi haqda o qədər də ciddi düşünmürlər. Noyabrın 20-də Co Baydenin 80 yaşı olacaq və o, növbəti seçkiyə qatılmaq niyyətində olduğunu deyir. Baydenin sözlərinə görə, o, yekun qərarını gələn ilin əvvəlində açıqlayacaq.

Hələliksə sorğular seçicilərin Baydenin işini əsasən bəyənmədiklərini göstərir. Elektoratın böyük hissəsi hesab edir ki, hazırkı prezidentin siyasəti ölkəyə ziyan vurur. Seçicilərin təxminən 70%-i Baydenin təkrar prezident seçilməsini istəmir. Demokratların belə, üçdə ikisi 2024-cü il seçkisinə fərqli namizədlə qatılmağa üstünlük verir. Əsas səbəb kimi isə Baydenin yaşı göstərilir.

Bayden administrasiyasının reytinqi artıq 1 ildən artıqdır ki, çox aşağıdır. Yayda uğurun demokratlara geri döndüyü düşünülsə də, seçki ərəfəsində yüksək inflyasiya və iqtisadiyyatda durğunluğun başlayacağı ilə bağlı narahatlıq demokratların Konqresin hər iki palatası uğrunda mübarizəsini xeyli çətinləşdirib. Amma nəticələr gözləntiləri nəinki üstələyib, hakim partiya üçün son 20 ilin ən yaxşı göstəriciləri qeydə alınıb. Halbuki ənənəvi olaraq, Ağ Evə rəhbərlik edən partiya aralıq seçkilərində hər zaman mandat itirir.

İkinci Dünya müharibəsindən bu yana yalnız 2 prezident – 1962-ci ildə Con Kennedi və 2002-ci ildə oğul Corc Buş ilk aralıq seçkilərində Senatda məğlubiyyətdən qaça, Nümayəndələr Palatasında isə 10-dan az «itki» verə biliblər.

Amma gələcək haqda düşünmək lazımdır, demokratların «ehtiyat oyunçular skamyası» isə boşdur. Demokratlar Partiyasının bəzi funksionerləri isə bunu məhz Baydenin günahı sayır, onu potensial varis hazırlamağa gecikməkdə, özünü bilərəkdən və ya bilmədən əvəzolunmaz şəxsə çevirməkdə təqsirləndirirlər.

Əslində, məntiqlə partiya hər hansı uğur qazanırsa, burada liderin rolunun olmadığını demək yanlışdır. Lakin «The New York Times» nəşrinin Nümayəndələr Palatasındakı demokratlar arasında apardığı sorğudan bəlli olub ki, onlar partiyanın nailiyyətlərini prezidentin xidməti kimi qiymətləndirmirlər. Qanunvericilərdən biri qəzeti açıqlamasında bildirib ki, əksinə, Baydenin göstəriciləri demokrat namizədlərin qarşısında «böyük maneə» olub və seçkini qazanmış demokratlar prezidentin sayəsində deyil, «ona rəğmən» qalib gəliblər.

Keçirilmiş «Exit-poll»arın nəticələri göstərir ki, bütün seçicilərin üçdə ikisindən çoxu Amerikada demokratiyanın «böyük təhdid qarşısında» olduğu qənaətindədir. Lakin paradoks ondadır ki, təhdidlə bağlı hər kəs fərqli düşünür. Demokratiyanın «böyük təhdid qarşısında» olduğunu düşünən seçicilərin yarısı təhlükənin aradan qaldırılacağı ümidi ilə respublikaçılara səs veribsə, digər yarısı xilası demokratlarda görür. Demokratlar üçün təhlükə seçkilərin nəticələrini rədd edən, hansısa saxtakarlıqdan danışan demokratlardan, həmçinin şəxsən Trampın özündən gəlir. Səsverməyə qatılmış seçicilərin 35%-i isə hesab edir ki, Bayden 2020-ci ildə qələbəni qanuni yolla qazanmayıb. Onların, demək olar ki, hamısının respublikaçılara səs verməsi hər halda, təəccüblü deyil.

Qarşıda isə daha ciddi parçalanma gözlənilir: Respublikaçılar Partiyası daxilində Trampın tərəfdarları və əleyhdarları, Demokratlar Partiyasının daxilində isə Baydenin tərəfdarları və əleyhidarları. Hamını yenidən birləşdirə biləcək ideya hələ ki, görünmür. Bəlkə də ABŞ üçün «ən böyük təhdid» elə budur.



MƏSLƏHƏT GÖR:

122