Müəllif: İrina XALTURİNA
İsrail siyasəti bir daha sübut etdi ki, o, təxminedilməz, hər zaman müxtəlif variantların və imkanların olduğu meydandır. Son 4 ildə sayca 5-ci növbədənkənar seçki (yeri gəlmişkən, seçici fəallığı kifayət qədər yüksək olub – təxminən 71%) nəticəsində sol partiyaların populyarlığını kəskin şəkildə itirdiyi, sağ düşərgənin isə ciddi şəkildə gücləndiyi üzə çıxıb.
Böyük siyasətə qayıdış
Səslərin 90%-dən çoxunun hesablanmasından sonra məlum olub ki, sabiq baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi partiyalar bloku (Netanyahunun «Likud» partiyası, «Dini sionizm» bloku, «Şas» partiyası və «Tora yəhudiliyi») 25-ci çağırış parlamentdəki 120 yerdən 64-nə sahib çıxıb. Bu, 73 yaşlı Bibinin (Netanyahunu İsraildə çox vaxt belə adlandırırlar) böyük siyasətə və hakimiyyətə qayıtdığına şübhə yeri qoymur. Hazırkı «texniki» baş nazir Yair Lapid (mərkəzçi «Yeş Atid» partiyası) vəziyyəti şərh etməkdən uzun müddət yayınıb ki, bu da anlaşılandır – onun müttəfiqləri minimal səs həddini aşa bilməyiblər.
İsrail parlament respublikasıdır və səsvermə partiya siyahıları üzrə keçirilir. Minimum səs həddi isə çox aşağıdır – 3,25% səs, yaxud 120 yerlik birpalatalı Knessetdə cəmi 4 mandat. Seçkidən sonra ölkə prezidenti (hazırda bu postu İshak Hersoq tutur) parlamentə keçmiş bütün partiya və fraksiya rəhbərlərilə görüş keçirir, yeni koalision hökumətin formalaşdırılmasını onlardan ən güclüsünə (faktiki olaraq, gələcək baş nazirə) tapşırır.
Son seçkidə 40 partiya və siyasi blok iştirak edib. Adətən, Knessetdə ən azı 10 partiya təmsil olunur.
Bu sistem, şübhəsiz ki, demokratik sistemdir. Amma bir cəhət onun zəif yeri sayılır ki, son illərdə İsraildə məhz bu hal baş verir. Söhbət hər hansı partiyanın mütləq çoxluğa yiyələnə bilməməsindən gedir. Bu, təbii ki, hökumətin koalision razılaşma əsasında formalaşması zərurətini yaradır. Belə birliklər isə bəzən o qədər uyumsuz qüvvələrdən formalaşdırılır ki, sonda onun fəaliyyəti gözlənildiyi kimi, «iflic olur».
2021-ci ilin martında keçirilmiş son seçkidən sonra yaradılmış koalisiyanın taleyi də belə olub. O, özündə ultrasağçıları, ultrasolçuları, mərkəzçiləri, dini partiyaları və ərəb birliklərini birləşdirirdi. Bütün bunlar isə yalnız bir məqsədə qulluq edirdi – Binyamin Netanyahunun sıxışdırılaraq, kənarda qoyulması. Bəli, onu sıxışdıra bildilər. Bəs ölkəni idarə etmək? «Hamı hamı ilə» ittifaqı iyunda dağılıb, növbədənkənar seçki elan olunub, baş nazir postu isə müvəqqəti olaraq XİN başçısı Yair Lapidə həvalə edilib.
Qatı sağçıların qələbəsi
Son seçkinin ən vacib nəticəsi isə yalnız Netanyahunun faktiki qayıdışı deyil, ölkə əhalisinin əksəriyyətinin qatı sağçı qüvvələrə səs verməsidir. Məsələn, seçkinin əsas qalibi kimi əksəriyyət 46 yaşlı vəkil İtamar Ben-Qviri göstərir. Halbuki bu yaxınlaradək o, faktiki olaraq siyasi “izqoy” sayılırdı, çünki zorakılığa təhrik və ya nifrət alovlandırılması ittihamı ilə ən azı 50 dəfə məsuliyyətə cəlb edilib. Ben-Qvir ilə Betsalel Smotriç qatı sağçı millətçilər və dini radikallardan ibarət «Dini sionizm» blokunun («Xa-Tsionut xa-Datit» və «Otsma Yequdit» partiyaları) liderləridirlər. Digər partiyalar daha ənənəvi xarakterə malikdirlər – «Şas» ərəb ölkələrindən (Şimali Afrikadan) çıxmış ultraortodoksal yəhudilərə, səfərad yəhudilərinə xitab edir, «Yaadut a-tora» («Tora yəhudiləri») isə Avropadan olan mötədil dindar yəhudilərin (aşkenazilər) siyasi qüvvəsidir. Onların hamısı, xüsusilə «Dini sionizm» mövqeyini daha çox sağçı «Yamina» alyansının parçalanması sayəsində gücləndiriblər.
Ben-Qvir özü partiyasının sürətlə populyarlaşmasını fələstinlilərin hücumlarının artması fonunda İsraildə təhlükəsizliyin olmaması ilə əsaslandırır.
O da bildirilir ki, seçicilərin sağçı qüvvələrə meyillənməsinin səbəbləri arasında demoqrafiya da var. Belə ki, dindar ailələrdə ənənəvi olaraq, daha çox uşaq olur. Bu, qeyd edilən düşərgənin potensial seçicilərinin ildən-ilə artmasına yol açır. Bundan başqa, dindar yəhudilər səsvermə məsələsində çox həssas və intizamlıdırlar. Onlar seçim hüquqlarından hər zaman maksimum yararlanmağa çalışırlar. Nəticədə, Netanyahu ruhdan düşməyərək, bu dəstəkdən istifadə edib.
Lakin Netanyahunun müttəfiqlərinin tez-tez az qala ekstremist adlandırılması faktı hökumətin formalaşdırılmasını çətinləşdirə bilər. Çünki indi onların İsrailin siyasətinə təsir səviyyəsi xeyli artıb. Məsələn, yerli KİV yazır ki, Betsalel Smotriç müdafiə naziri, İtamar Ben-Qvir ictimai təhlükəsizlik naziri olmaq istəyir.
Ultrasağçılar, şübhəsiz ki, qanunvericiliyə dini normaların da əlavə edilməsinə çalışacaqlar. Məsələn, bu, şənbə günlərində mağazaların fəaliyyəti ilə bağlı ola bilər. Belə hallar isə İsrail cəmiyyətində fikir ayrılıqlarını artıracaq – məlum olduğu kimi, ölkənin sahil şəhərlərində çox sayda dünyəvi düşüncəli əhali yaşayır. Onlar dinin təsirinin güclənməsini, çətin ki, məmnunluqla qarşılasınlar. Ərəb-fələstin və bəzi digər millətlərdən olan sakinlər də öz yerində.
Artıq İsraildə LGBT cəmiyyətlərinin vəziyyəti ilə bağlı da narahatlıqlar eşidilməkdədir. Görünür, yaxın zamanlarda ölkə dinlə hakimiyyət arasındakı münasibətlərdən ciddi narahatlıq yaşayacaq. Üstəlik, bütün bunlar iqtisadi vəziyyətin pisləşməsi, ərzaq və mənzillərin bahalaşması fonunda baş verir.
Bu gün İsrail əhali artımı problemi ilə də qarşı-qarşıyadır. Bu, təbii olaraq nəqliyyat, təhsil və səhiyyə sistemlərində, həmçinin mənzil fonunda əlavə yüklənməyə səbəb olur. «Biz təhlükəsizliyimizi geri qaytaracağıq, bahalaşmanın qarşısını alacağıq, sülh halqasını böyüdəcəyik (İsrail ətrafında), biz İsraili böyüyən fövqəldövlətə çevirəcəyik. Seçicilər milli qürurumuzun bərpasını istəyir və zəiflik yox, güc vəd edən hökumət seçir», - deyə Netanyahu İsrail vətəndaşlarını sakitləşdirmək üçün bildirir, siyasi mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşın qayğısına qalacağını deyir. Lakin çoxları üçün bu ritorika populizmdən başqa bir şey deyil və Netanyahunun rəqiblərinin ona ünvanladıqları əsas ittiham məhz budur.
Güzəştsiz
Aydındır ki, sadalananlar Fələstin məsələsində də hansısa irəliləyişə nail olunması üçün heç də ideal şərait yaratmır. Əslində, seçki kampaniyasının gedişində də İsrail-Fələstin münaqişəsinin həllinə dair heç bir vədə rast gəlinmirdi. Odur ki, tərəflər arasında danışıqların bərpasını gözləməyə dəyməz. Bundan başqa, Netanyahu bildirir ki, o, İordan çayının qərb sahilinə nəzarəti saxlamaq, Qüdsü İsrailin paytaxtı kimi təsdiqləmək niyyətindədir. «Hələ fələstinlilərlə razılaşma olmasa da, İsrailin İordan çayının qərbindəki bütün ərazilərdə təhlükəsizliyə nəzarət etməsi, Yerusəlimin isə vahid, suveren İsrailin paytaxtı olaraq qalması ilə bağlı geniş konsensus var», - deyə B.Netanyahu noyabrın 6-da Knessetdə sabiq baş nazir İshak Rabinin qətlinin 27-ci ildönümünə həsr olunmuş mərasimdə bildirib.
Bu arada, Betsalel Smotriç və İtamar Ben-Qvir daha sərt anti-ərəb ritorikası ilə tanınırlar. Onlardan ərəblərin deportasiyası və ölkədə ərəb partiyalarının fəaliyyətinin qadağan olunması çağırışlarını belə eşitmək mümkündür. Məsələ ondadır ki, dindar yəhudilər münaqişənin bir çox cəhətinə tam fərqli yanaşırlar. Bu, xüsusilə İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə aiddir – onlar üçün bu, müqəddəs missiyadır və bu insanlar ərəblərə istənilən güzəştə qəti etiraz edirlər.
Sabitlikdən sərtliyədək
İsrailin xarici siyasətinə gəlincə, burada da proqnozlar fərqlənir – sabitlikdən sərtliyədək. Netanyahu İrana qarşı hər zaman barışmaz mövqedə olub və bu mənada nəyinsə dəyişəcəyi gözlənilmir. Yeni hökumət Tehranın, həmçinin «Hizbullah» və HƏMAS qruplaşmalarının güclənməsinə imkan verməmək üçün əlindən gələni edəcək. Bununla yanaşı, «Likud» «İbrahim razılaşması» çərçivəsində ərəb ölkələri ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirmək niyyətini elan edib. Yəqin ki, Türkiyə ilə münasibətlərin tam qaydaya salınması xətti də davam etdiriləcək. Üstəlik, indi Ankara özü də seçkinin nəticəsindən asılı olmayaraq, yəhudi dövləti ilə balanslı münasibət saxlamağa çalışır.
Amerika-İsrail münasibətlərinə gəlincə, burada yeni çağırışların olacağı dəqiqdir. Bu istiqamətdə Amerikada keçirilən aralıq seçkisinin son nəticəsindən çox şey asılı olacaq.
Beynəlxalq müşahidəçilərin diqqətində olan daha bir önəmli məqam geri dönən Bibinin Moskva ilə münasibətləri necə quracağıdır. Hər halda, onun hakimiyyətdən kənarda qaldığı dövrdə çox şey dəyişib. Söhbət, əlbəttə ki, ilk növbədə, Ukrayna kontekstində sərt Rusiya-Qərb qarşıdurmasından gedir. Netanyahunun Rusiya prezidenti Vladimir Putin ilə münasibətləri hər zaman kifayət qədər isti olub. O, «MSNBC»yə oktyabrın 19-da verdiyi müsahibədə münaqişənin eskalasiyası perspektivlərini faciəvi adlandırıb. Bununla yanaşı, Netanyahu Rusiya-İran əməkdaşlığının genişlənməsinə də reaksiya verməli olacaq. Bu, bir yandan İsrail üçün xoşagəlməz faktdır, digər tərəfdən isə Moskvanın İrana və əlbəttə ki, Bəşər Əsədə təsir rıçaqları var. Yeri gəlmişkən, bu yaxınlarda məlum olub ki, sonuncu ilə HƏMAS-ın yüksək çinli rəhbərləri də ünsiyyətdədir.
Beləliklə, İsrailin yeni hökuməti qarşısında çoxsaylı müxtəlif vəzifələr durur – evdə də, regionda da, ümumilikdə beynəlxalq arenada da. Bu vəziyyətdə Binyamin Netanyahunun rəqiblərini belə, sakitləşdirən məqam onun çətin problemləri həllində mahir olmasıdır. Yəni İsrail siyasəti bundan sonra da maraqlı və sürprizlərlə dolu olacaq.
MƏSLƏHƏT GÖR: