25 Noyabr 2024

Bazar ertəsi, 03:28

LABÜD RƏQƏMSALLAŞMA

Azərbaycanın bank sektorunu IT xidmətləri və kiberhücumlara qarşı dayanıqlılığın inkişafına yönəlmiş islahatlar gözləyir

Müəllif:

01.12.2022

Azərbaycan bankları artıq uzun illərdir ki, xarici bazarlarda baş verən qlobal dəyişikliklərin zərbələrinə tab gətirir. “Azərbaycanın bank sektoru son illərdə gözlənildiyindən daha çox makroiqtisadi çağırışlara dayanıqlı olub. Aktivlərin keyfiyyətinə təzyiq azalır”, - “S&P Global” Beynəlxalq Reytinq Agentliyinin son icmalında qeyd olunub.

Bir tərəfdən banklar özünü pandemiyadan, geosiyasi münaqişələrdən, tərəfdaş ölkələrdəki inflyasiya prosesləri nəticəsində yaranan mənfi məqamlardan qorumalı idi. Digər tərəfdən isə onlar aktivlərin keyfiyyət və kəmiyyətinin qorunması məsələsindən heç də az əhəmiyyətli olmayan çağırışlara vaxtlı-vaxtında cavab verməli idi.

Sürətlə rəqəmsallaşan dünya maliyyə sektoruna öz şərtlərini diktə edir. Bu da qısa zamanda yeni tələblərə uyğunlaşmağı zəruri edir. Bununla əlaqədar, Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda məlum olub ki, Azərbaycan Mərkəzi Bankının (AMB) təşəbbüsü ilə bütöv bir proqram sənədləri paketi hazırlanır. Bu, sektorda növbəti islahatlar dalğasına təkan verəcək.

 

Artan dinamika

Azərbaycanın bank bazarı iştirakçılarının fikrincə, son illərin bütün çətinliklərinə baxmayaraq, sektorda sürətli artım müşahidə olunur. Bunu statistik göstəricilər də sübuta yetirir: son bir ildə bank aktivləri 26% - 43,6 milyard manatadək, kredit portfeli 23% (19,2 milyard manatadək), o cümlədən biznes kreditləri 20% (10,8 milyard manata qədər) artıb.

“Əhalinin banklardakı əmanətləri 27% artaraq ən yüksək artım tempini nümayiş etdirir. Bu göstərici 11 milyard manat həddinə yaxınlaşır, əmanətlər üzrə dollarlaşma səviyyəsi isə 39,2%-ə qədər azalıb”, - “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev forumda çıxışı zamanı məlumat verib.

Beləliklə, bankların balans kapitalı 5,3 milyard manata (artım 10%) çatıb, onların məcmu mənfəəti 1 milyard manata, xalis mənfəəti isə 683 milyon manata yaxınlaşır. Digər artan dinamika likvidliyin həcmi ilə bağlıdır. Burada vəziyyət daha əlverişlidir. Banklardakı nağd pul vəsaitlərinin, müxbir hesablardakı əmanətlərin və maliyyə institutlarının həcmi təkcə son bir ildə 25% artaraq 15,8 milyard manata çatıb. Bu da ümumi aktivlərin 36%-ni təşkil edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normanı düz 2 dəfə üstələyir. Bu, bir tərəfdən, təbii ki, yerli bankların dayanıqlılığını xarakterizə edən əla göstəricidir. Digər tərəfdən isə iqtisadçılar real iqtisadiyyatda izafi likvidlikdən istifadənin zəruriliyini daim qeyd edirlər. Yəni pul işləməli, dövriyyədə olmalı, xəzinədə “ölü yük” kimi saxlanmamalıdır. Məhz bu məqsədlə banklar tərəfindən biznesin kreditləşdirilməsi siyasətinə dəfələrlə yenidən baxılması təklif edilib.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, bu sahədə əsas problemlərdən biri də girov məsələsidir: “Bununla bağlı işçi qrupu yaradılıb və hesab edirəm ki, tezliklə bu sahədə də irəli gedə biləcəyik. Təbii ki, bank sahibləri də sahibkarlardır və dövlət onların marağını qoruyur. Ona görə də maliyyələşmə məsələsini həm sahibkarların, həm də bankların maraqlarına uyğun həll etmək lazımdır”.

Kifayət qədər yaxşı göstəricilərə baxmayaraq, bankirlərin fikrincə, gələn il bank sektorunun inkişaf tempi orta inkişaf tendensiyasına keçəcək. Bu həm də sektorun artımını dəstəkləmək üçün innovasiyaların tətbiqi, rəqəmsallaşmaya əlavə investisiyaların tələb edildiyi müasir texnologiya və məhsulların istifadəsinə daha dərin yanaşma zərurəti ilə bağlıdır. Üstəlik, yeni çağırışlar tənzimləyicinin (AMB) üzərinə qanunvericilik bazasını və sektorun inkişafı məqsədilə proqram bəndlərini yeniləmək üçün əlavə islahatların aparılması ilə bağlı öhdəliklər qoyur. Azərbaycan Mərkəzi Bankı isə artıq bu missiyanı yerinə yetirməyə hazırdır.

 

Yeni strategiya və islahatlar

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov forumda bildirib ki,  hazırda maliyyə sektorunun inkişafı strategiyasının hazırlanması istiqamətində işlər aparılır: “Gələn ilin yanvar ayından etibarən beynəlxalq konsultantlarla birgə maliyyə sektorunun inkişafı strategiyasını hazırlamaq istəyirik. Strategiya 3 illik dövrü əhatə edəcək”.

Onun sözlərinə görə, strategiya iki hissədən ibarətdir: AMB-nin və sektorun transformasiyası.

Sədr hesab edir ki, AMB tənzimləyici kimi bazarın inkişafı məqsədilə qabaqcıl informasiya texnologiyalarının fəal və geniş tətbiqi üçün daha artıq səy göstərməlidir. Bu məqsədlə İT-nin təsir səviyyəsinin xüsusilə yüksək olduğu “Ödəniş sistemləri haqqında” qanunun qəbulu da gözlənilir.

“Bu, fintex sektorunun qanunvericiliyi nöqteyi-nəzərindən böyük nailiyyət olacaq. Bir neçə aydan sonra “Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklərin təsdiqini gözləyirik. AMB-Sandbox xüsusi tənzimlənmə rejiminin tətbiqi planlaşdırılır. Bu da startap müraciətləri test rejimində yoxlamağa imkan yaradacaq”, - T.Kazımov deyib.

Bu məqamda qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bu sektorda bir sıra problemlərin olmasından narahatlığını ifadə edib. Deputat fintexlərin vergidən yayındığını, onların reklamının bazara mənfi təsir göstərdiyini vurğulayıb: “AMB ilə birlikdə biz bütün aktual problemlərin həlli üçün əməkdaşlıq edəcəyik”.

Parlament komissiyasının rəhbəri bankları ən son rəqəmsal texnologiyaları daha fəal tətbiq etməyə çağırıb: “Fəaliyyətinizin indiki mərhələdə xeyli gəlir gətirdiyini və islahatlara ehtiyac olmadığını düşünə bilərsiniz. İstehlak seqmentindən istehsal seqmentinə keçməklə kreditləşmə ilə bağlı yanaşmanızı dəyişməsəniz, yeniliklər tətbiq etməsəniz, rəqəmsal xidmətlərin inkişafına sərmayə qoymasanız və bunun əvəzində yalnız yeni filiallar açsanız, kredit skorinqin əvəzinə böyük data xidmətlərindən istifadə etsəniz, tezliklə gəlir baxımından olduqca xoşagəlməz nəticələrlə qarşılaşacaqsınız”.

Amma T.Kazımov Azərbaycanda bank sektorunun rəqəmsallaşmasının aşağı və ya qeyri-qənaətbəxş səviyyədə olduğuna inanmır: “Bu gün ölkədəki bankların 84%-i mobil əlavə istifadə edir, bankların müştərilərinin əməliyyatlarının 77%-i elektron bankçılıq vasitəsilə həyata keçirilir (mobil və internet bankinq). İnternet bankinqə gəlincə isə cari ilin 10 ayı ərzində əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 55%, mobil bankinq vasitəsilə əməliyyatların sayı – 3 dəfə artıb. Bu, kifayət qədər yaxşı göstəricilərdir”.

Ölkədaxili nağdsız ödənişlərin həcmi də kifayət qədər müsbət mövqedədir. Məsələn, ölkədaxili nağdsız əməliyyatların həcmi 2,2 dəfə artaraq 20 milyard manata yaxın olub. Üstəlik, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin payı 42%-i ötüb. Bu da ötən illə müqayisədə 12 faiz bəndi çoxdur.  

Eyni zamanda AMB rəhbəri qeyd edib ki, hazırkı qeyri-müəyyən şəraitdə daim inkişaf edəcək sahə İT-dir və maliyyə sektoru informasiya texnologiyaları olmadan inkişaf edə bilməz: “Biz İT olmadan siyasətimizi həyata keçirə bilmərik”.

Yeri gəlmişkən, bu strategiya çərçivəsində Mərkəzi Bank 2025-ci ilə qədər olan dövrü əhatə edəcək Açıq Bankçılıq (Open Banking) üzrə “Yol xəritəsi” də hazırlayır.

AMB-nin İT Departamentinin rəhbəri Sahib Həsənov bildirib ki, həm maliyyə alətlərinin, həm də ümumilikdə iqtisadiyyatın inkişafına imkan verəcək. Bundan əlavə, bu gün dünyanın 60 ölkəsində istifadə olunan, beynəlxalq standartlar əsasında açıq bankçılığın API standartlarının hazırlanması nəzərdə tutulur. Bir sözlə, bütün bunlar son nəticədə Azərbaycan qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsini, həmçinin bankların özlərində kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edir.

 

Təhlükəsiz Bankçılıq

Bu məqsədlə AMB Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə maliyyə sektoru üçün kibertəhlükəsizlik strategiyası hazırlayır. Taleh Kazımov vurğulayıb ki, kibertəhlükəsizlik qlobal müasir çağırışlar nəzərə alınmaqla maliyyə sektorunun davamlı inkişafının vacib elementidir.

AMB-nin Baş direktoru Fərid Osmanov isə vurğulayıb ki, kibertəhlükəsizlik qurumun diqqət mərkəzindədir və üç illik strategiya üzərində işlər bu il başa çatacaq, lakin onun tətbiqinə 2023-cü ildə başlanılacaq: “Maliyyə bazarı iştirakçılarının informasiya təhlükəsizliyinin qorunması və kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində normativ-metodoloji baza inkişaf etdirilir. Banklarda informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə qaydalar var. Bu istiqamətdə monitorinqlər həyata keçiririk. IFC ilə birlikdə hazırlanan strategiya sektorda kibertəhdidlərin tənzimlənməsi, preventiv olaraq qarşısının alınması məsələlərini özündə ehtiva edəcək”.

Məlum olub ki, hazırda bu sahədə də problemlər var. Xüsusilə bir fakt daha çox narahatlıq yaradır: Azərbaycanda bankların təhlükəsizlik əməliyyat mərkəzləri olmasına baxmayaraq, onların böyük əksəriyyətinin 24/7 rejimdə fəaliyyəti yoxdur. Əlbəttə ki, bu da kiberhücumlar üçün təhlükələr yaradır.

Azərbaycan Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyevin sözlərinə görə, monitorinqin nəticələrinə əsasən məlum olub ki, 10 aparıcı bankdan yalnız 3-də 24/7 mühafizə sistemi mövcuddur: “Bu məqam kibertəhlükəsizlik strategiyasında mütləq nəzərə alınacaq”.

O qeyd edib ki, bundan başqa, strategiyada maliyyə sektorunda kibertəhlükəsizliyin gücləndirilməsi, təkmilləşdirilməsi, yenilənməsi və təkamül səviyyəyə keçməsi üçün müəyyən addımlar öz əksini tapacaq.

E.Şahverdiyev əlavə edib ki, kibertəhlükəsizlik strategiyasını FinCERT-in formalaşdırılması kimi adlandırmaq olar: “Bu, CERT-lərin maliyyə sektorunda idarəetməsinin, paylaşılması, məlumatlılıq səviyyəsinin artırılmasına fokuslanacaq”.

“Dövlət qurumları ilə əlaqələrin, kommunikasiyaların çevikliyinin artırılmasını hədəfləyirik. Milli CERT-lə yeni yaradılacaq FinCERT arasında bir əməkdaşlığın yüksək səviyyəyə gətirilməsi hədəflənir”, - E.Şahverdiyev vurğulayıb.

Beləliklə, sadalanan məsələlər göstərir ki, Azərbaycanın bank sektorunda qarşıda duran islahatların əsas istiqaməti rəqəmsal xidmətlərin dərinləşdirilməsi və inkişafı, İT seqmentinin təhlükəsizliyinin gücləndirilməsini əhatə edəcək. Məhz bu yolla sürətlə dəyişən qlobal tendensiyalar fonunda yerli maliyyə institutlarının rəqabətədavamlılığını və dayanıqlılığını təmin etmək olar.



MƏSLƏHƏT GÖR:

129