Müəllif: Natiq NAZİMOĞLU
ABŞ Konqresinə ənənəvi olaraq iki prezident seçkisi arasında keçirildiyi üçün «aralıq seçki» adlandırılan səsvermənin nəticəsi ümumilikdə gözlənilməz olmayıb. Bununla yanaşı, bu seçkinin ABŞ-ın gələcək siyasətinə mümkün təsirilə bağlı ənənəvi sual aktuallığını itirməyib. Söhbət, ilk növbədə, Vaşinqtonun xarici siyasətindən gedir ki, bu da bütünlükdə dünya ictimaiyyəti üçün əhəmiyyətlidir.
Amerikalılar yeni kursa hazırdırmı?
Qlobal proseslərə ən ciddi təsir gücünə malik, iqtisadi, siyasi və hərbi cəhətdən dünyanın ən qüdrətli dövləti olan ABŞ-da keçirilən növbəti aralıq seçki Respublikaçılar Partiyasının mövqelərini nisbətən gücləndirməsi ilə nəticələnib. Onlar bu seçkidə Nümayəndələr palatasına nəzarətə imkan verən səsi qazana biliblər – 435 yerdən 218-i respublikaçılara qismət olub. Son iki ildə Amerika parlamentinin yuxarı palatası – Senatda olduğu kimi, aşağı palatasında da çoxluq Demokratlar Partiyasında idi. Bu, prezident Co Baydenin administrasiyasına ortaya çıxardıqları qətnamələri Konqresdən maneəsiz keçirmək imkanı verirdi. Lakin indi respublikaçıların Nümayəndələr palatasında cüzi də olsa üstünlüyü ələ alması onların Ağ Evdən gələcək qərarların qarşısını kəsməsinə şərait yaradacaq. Söhbət, təbii ki, aşağı palatanın səlahiyyəti çərçivəsindəki maneədən gedir.
Bununla yanaşı, demokratlar Senata nəzarəti qoruyub saxlayıblar. Bu isə Konqresin bölündüyü anlamına gəlir. Demokratlar 100 senator yerindən 50-nə, respublikaçılar isə 49-na sahib çıxıb. Yerdə qalan 1 mandatın taleyi Corciya ştatında dekabrın 6-da keçiriləcək ikinci turda həll olunacaq. Həmin gün respublikaçılar 50-ci mandatı qazansalar belə, həlledici – 51-ci səs hüququ vitse-prezident, Demokratlar Partiyasının üzvü Kamala Harrisə məxsus olacaq.
Nümayəndələr palatasında çoxluğu ələ keçirmiş respublikaçıların aparıcı komitələrə başçılıq edəcəkləri gözlənilir. Demək, onlar konkret qanun layihələri təşəbbüsləri ilə çıxış etmək imkanı qazanacaqlar. Söhbət o cümlədən respublikaçıların anonsunu çoxdan verdikləri bir məsələdən də gedə bilər. Onlar prezident Baydenin, onun ailə üzvlərinin və Ağ Ev administrasiyası əməkdaşlarının fəaliyyətinin araşdırılması təşəbbüsü ilə çıxış etməyi düşünürlər. Lakin respublikaçıların Nümayəndələr palatasında dəstəklədikləri qanunvericilik təşəbbüslərinin qarşısında, güman ki, Senatdakı demokratik çoxluq kimi keçilməz sədd dayanacaq.
Bununla yanaşı, respublikaçılar son seçki kampaniyasını ümumilikdə özləri üçün uğur sayırlar. Partiyanın nüfuzlu üzvlərindən sayılan və artıq aşağı palatanın spikeri postunda demokrat Nensi Pelosini əvəzləyəcəyi deyilən Kevin Makkarti bildirib ki, «amerikalılar yeni kursa, respublikaçılar həmin kursu həyata keçirməyə hazırdır».
Görünən odur ki, Kapitolidə partiyalar arasında formalaşmış qüvvələr nisbəti demokratlarla respublikaçılar arasında rəqabəti daha da qızışdıracaq. Bu mənada, aralıq seçkinin nəticəsində formalaşmış siyasi konfiqurasiya əsas yarışa – 2024-cü ildə keçiriləcək prezident seçkisinə hazırlığın hansı fonda gedəcəyini göstərir. Sabiq prezidenti Donald Trampın Konqresə seçkidən dərhal sonra Ağ Evə rəhbərlik uğrunda yarışa qatılmaq niyyətini bir daha bəyan etməsi də təsadüf deyil.
Tramp yenidən meydanda. Bayden necə cavab verəcək?
Tramp Floridadakı iqamətgahının qarşısına toplaşmış tərəfdarlarına müraciətində hazırkı demokrat administrasiyanı iqtisadi sahədə ciddi uğursuzluqlarda günahlandırıb. O, ölkədə son 40 ilin ən yüksək inflyasiyasının qeydə alındığını xüsusi vurğulayıb. Eks-prezident Baydenin xarici siyasətini də son dərəcə pis qiymətləndirərək bildirib ki, Ağ Evin hazırkı rəhbəri Ukrayna münaqişəsi ilə bağlı doğru davranmamaqla, ölkəni nüvə müharibəsinin astanasına gətirib çıxarıb. Trampın çıxışının kulminasiyası ABŞ prezidentliyinə namizədliyini irəli sürməsi olub. O, bu addımı «Birləşmiş Ştatları yenidən qüdrətli və şöhrətli ölkəyə çevirmək üçün» atacağını deyib.
Ekspertlər Trampın prezidentlik yarışına bu qədər tez, növbəti seçkiyə 2 il qalmış qoşulmasını onun partiyasındakı rəqiblərini ruhdan salmaq istəyi ilə əlaqələndirir. Amma eks-prezidentin fəallığı onun rəqiblərini, çətin ki, respublikaçıların liderliyi uğrunda mübarizədən çəkindirsin. Söhbət, ilk növbədə, sabiq vitse-prezident Mayk Pensdən və Florida ştatının qubernatoru Ron Desantisdən gedir.
Aralıq seçkinin gedişində xüsusilə sonuncunun populyarlığı artıb və o, yenidən Floridanın qubernatoru seçilib. Desantis siyasi baxışlarına görə mühafizəkar sayılır: məsələn, o, ailə dəyərlərini müdafiə edir, abortlara qarşı çıxır. Respublikaçılar Partiyası daxilində, hətta Ağ Ev uğrunda mübarizədə isə Desantisin əhəmiyyətli uğurları qubernator postunda göstərdiyi fəaliyyətlə bağlıdır. O, bu uğurları xüsusilə pandemiya dövründə, koronavirusun yayılması ilə mübarizə sahəsində apardığı işlərlə qazanıb.
Respublikaçılardan prezidentliyə digər ciddi iddialı vaxtilə Tramp tərəfindən irəli çəkildiyi düşünülən Mayk Pensdir. Amma indi sabiq vitse-prezident keçmiş prezidentini dövlət başçısı postuna heç də ən yaxşı namizəd saymır. Pens bu mövqeyini belə izah edir: «Bu ölkəyə bizi ən uca ideallarımız ətrafında birləşdirəcək yeni rəhbərin gəlməsinin vaxtıdır».
«Ən uca ideallar»a çatmaq məsələsi demokratları da narahat edir. Lakin burada prezident seçkisi ilə bağlı partiyadaxili mübarizə hələ ki, başlamayıb. Bu, əsasən prezident Baydenin 2024-cü ildə namizəd olub-olmayacağı ilə bağlı qərar verməməsi ilə əlaqədardır. Bununla yanaşı, demokratların sırasında da kəskin rəqabətin olacağını gözləmək mümkündür – bu, Baydenin növbəti müddətə prezident seçiləcəyi təqdirdə belə, yenə də baş verəcək. Bu, partiyadaşların Baydenə münasibətinin birmənalı olmaması ilə izah edilir. Bu gün ABŞ-da Baydenin fəaliyyəti istər ölkə iqtisadiyyatının durumu, istərsə də Ağ Evin əsas xarici problemlərə yanaşması ilə bağlı sərt tənqid olunur. Əslində, beynəlxalq aləmdə siyasi və ekspert birliyinin ABŞ-dakı siyasi qüvvələr nisbətinə marağı, bu seçkilərin nəticələrinin mövcud olan beynəlxalq problemlərin həllinə təsir faktorundan qaynaqlanır.
Respublikaçılarla demokratları nə birləşdirir?
Bununla yanaşı, aralıq seçkinin nəticəsinin ABŞ-ın xarici siyasətinə hər hansı ciddi təsir göstərəcəyini gözləməyə dəyməz. Ən azı ona görə ki, Konqresdəki qüvvələr nisbətindən asılı olmayaraq, xarici siyasi məsələlər icraedici hakimiyyətin, yəni prezident və onun administrasiyasının səlahiyyətindədir. Üstəlik, Amerika siyasi elitasının vacib beynəlxalq məsələlərə münasibəti respublikaçılarla demokratların bu məsələlərə yanaşmasında ciddi fərqin olmadığını göstərir. Fərq ümumi yanaşmada yox, hansısa konkret detalda ola bilər. Bu, ilk növbədə, gündəmdəki əsas mövzu – Ukraynaya yardım məsələsinə də aiddir. Respublikaçıların nümayəndələri Vaşinqtonun Kiyevə ayırdığı yardımlara nəzarəti gücləndirmək niyyətlərini bəyan etsələr də, yardımın göstərilməsinin məqsədəuyğunluğunu inkar etmirlər. Respublikaçılar sadəcə hesab edirlər ki, bu məsələ ilə bağlı Konqresə dəqiq hesabat verilməlidir. Üstəlik, onlar Kiyevə hazırkından daha böyük həcmdə yardımın göstərilə biləcəyini də düşünürlər. Bundan başqa, respublikaçılar Ukraynaya yardımın əsas yükünü yalnız ABŞ-ın deyil, həm də onun NATO-dakı müttəfiqlərinin daşımalı olduğu qənaətindədirlər.
Amerika-Çin münasibətləri ilə bağlı vəziyyət də təxminən eyni cürdür. Respublikaçılar Pekinə münasibətdə daha sərt mövqe tutulmasını lazım bilsələr də, iki partiyanın ümumilikdə «Çin məsələsi» ilə bağlı mövqeyinin üst-üstə düşdüyü bəllidir. Bunun göstəricisi sayılan bir məqamı vurğulamaq yerinə düşər: Nümayəndələr palatasının əvvəlki spikeri Nensi Pelosinin ardınca onun respublikaçılardan olan mümkün varisi Kevin Makkarti də Tayvana səfərə hazırlaşır. O da maraqlıdır ki, Çinin qlobal miqyasda artan qüdrətinə sinə gərilməsinin əsas yolu kimi həm demokratlar, həm də respublikaçılar ABŞ-ın siyasətində Asiya-Sakit okean xəttinin gücləndirilməsini görür.
Ümumilikdə Vaşinqton qlobal liderliyə iddiasını qoruyub saxlayır. Bu faktı qlobal hədəfləri olan demokratlardan fərqli olaraq, respublikaçıların sıralarında ənənəvi təcrid xəttinin tərəfdarlarının olması belə, dəyişmir. Sonuncuların əsas nümayəndəsi özünü Amerika millətçiliyinin başçısı kimi təqdim edən Trampdır. Amma respublikaçıların sıralarında «klassik siyasət»in tərəfdarları da kifayət qədər ciddi mövqelərə malikdirlər. Onlar müasir ənənələri ABŞ-a 1981-1988-ci illərdə rəhbərlik etmiş Ronald Reyqanın adı ilə bağlayırlar. Bu siyasət qloballaşan dünyada «Amerika dəyərləri»nin yayılmasına və qəbul olunmasına hədəflənib. Amerika adlı fövqəldövlətin əsas oriyentiri də, güman ki, bu sintez olub və olaraq qalır. Respublikaçılarla demokratları məhz buna sadiqlik birləşdirir.
MƏSLƏHƏT GÖR: