Müəllif: İrina XALTURİNA
Gözlənildiyi kimi, Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkisində hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev inamlı qələbə qazanıb (seçici fəallığının 80%-dən çox olduğu seçkidə təxminən 70% səs). Seçicilərin yalnız 5,8%-i «bütün namizədlərin əleyhinə» səs verib. Tokayevin rəqiblərini və onların qazandıqları nəticələri (ən ciddi rəqib sayılan «Auıl» partiyasının namizədi Jiquli Dayrabayev 3,4% səs qazanıb) müşahidəçilərin əksəriyyəti heç gündəmə belə, gətirməyib. Çoxları hesab edir ki, onlar sadəcə, bəzən ciddi bəyanatlar səsləndirsələr də, ciddi qəbul edilməyən və tanınmayan statist rolunu oynayıblar.
Əslində, ölkədə seçki kampaniyası, demək olar ki, keçirilməyib və bu da yuxarıda qeyd olunanları təsdiqləyən daha bir amildir. İnsanları Tokayevə səs verməyə isə «Öz seçimini et! Sənin səsin vacibdir!» kimi ciddi şüarların yer aldığı banerlərlə çağırıblar. Görünən odur ki, qazaxlar bu çağırışı qəbul edib. Odur ki, Qazaxıstanda keçirilmiş son seçkini ölkədə siyasi müasirləşmə elan etmiş Tokayevə ümumxalq etimadı kimi qiymətləndirmək olar.
Nəticələrin açıqlanmasını gözləyən yeni prezident də belə deyib: «Deyə bilərik ki, xalq mənə prezident kimi, qəti etimad göstərib. Xalqın inamı əsas dəyərdir. Biz xalqın inamını doğrultmalıyıq».
Müasirləşməyə aparan yol
Tokayev hakimiyyətə 2019-cu ildə istefaya gedən Nursultan Nazarbayevin onu varis seçməsindən sonra gəlib. Odur ki, birincisi, Tokayev əlbəttə ki, xüsusilə Qazaxıstanda bu ilin əvvəlində baş vermiş məlum hadisələrdən sonra adının keçmiş liderə bağlanmasından qurtulmaq istəyir. Xatırladaq ki, bir müddət əvvəl ölkə paytaxtı Nursultanın adı dəyişdirilərək, yenidən Astana adlandırılıb, Qazaxıstanın ilk prezidentinin adamları isə tədricən siyasi səhnədən çəkilir. Ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi haqda sərəncam isə sentyabrın sonunda Konstitusiyaya dəyişikliklərin qəbulundan sonra imzalanıb.
Dəyişikliyə əsasən, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bir şəxsin təkrar dövlət başçısı seçilməsi isə qadağan olunub. Artıq 2023-cü ilin ilk yarısında qazaxıstanlı seçicilər parlamentin aşağı palatasına və yerli hakimiyyət orqanlarına namizədlərə səs verməli olacaqlar. Bu da «təmizləmə» əməliyyatının davamı kimi görünür.
Kasım-Jomart Tokayev deyir ki, seçki vaxtına elektoratın səs verə biləcəyi partiyaların sayı artacaq, yəni bu sahədə rəqabət şəraiti yaradılmalıdır. Artıq siyasi qüvvələrin qeydiyyat proseduru sadələşdirilib, seçkilərdə qarışıq proporsional-mojaritar sistemdən istifadə olunması təklif edilir. Tokayev özü isə hakim «Amanat» partiyasından maksimum uzaq dayanmağa çalışır. İstənilən halda, dövlətin güclü parlamentlə işləməsi üçün (prezidentin sözlərindən məlum olur ki, o, məhz buna çalışır) ölkənin həm partiya sistemində, həm də qanunverici hakimiyyətində islahatlar zəruridir. Onlar elə balanslaşdırılmalıdır ki, istənilən an siyasi, sosial, humanitar, hərbi və ya hər hansı digər böhrana sinə gərə bilsin.
Dünyada son illər yaşanan geosiyasi burulğanları nəzərə alsaq, dövlət başçısının belə mümkün ssenarilərə hazırlaşması, həqiqətən, müdrik addımdır. Cəmiyyət ilk növbədə sabitlik, gələcəyin təxminedilən olmasını və əlbəttə ki, güclü lider istəyir.
Yeri gəlmişkən, prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılması Qazaxıstana siyasi fırtınalardan uzaq sərbəst vaxt qazandırır. Bu vaxt iqtisadiyyatda vəd olunmuş köklü dəyişikliklərin həyata keçirilməsi üçün də vacibdir. «Yeni model hakimiyyətdə müntəzəm rotasiyanı təmin edəcək, müasir Qazaxıstan dövlətinin gələcək demokratik inkişafını gücləndirəcək. Bu seçki Qazaxıstanda yeni siyasi ənənə yaradacaq, yeni siyasi dövrün başlanğıcı olacaq. Bundan sonra ədalət ideyası Qazaxıstanın dövlət siyasətinin özəyini təşkil edəcək, bu isə xalqın rifahının yüksəldilməsinə, vətəndaşların ehtiyaclarına, sorğularına operativ reaksiya verilməsinə yol açacaq», - deyə Tokayev bildirib.
Bütün bunlarla yanaşı, böyük diplomat təcrübəsinə malik Tokayev hakimiyyətdə olduğu dövrdə ölkənin xarici siyasətilə bağlı da ciddi addımlar atıb. İndi Qazaxıstanın xarici siyasəti getdikcə müxtəlif daha çoxşaxəli hal alır, sadəcə, kontekstdən asılı olaraq müxtəlif düzəlişlər edilir. Nəzərə almaq lazımdır ki, Qazaxıstanın geosiyasi vəziyyətinə təsir göstərən vacib amillər sırasında onun böyük həcmdə mineral resurslara, həmçinin karbohidrogen ehtiyatlarına malik olması, eyni zamanda dənizə çıxışının olmaması da var.
Xarici amillər
Müşahidəçilər Qazaxıstanın xarici siyasətində ciddi dəyişikliklər gözləmir. Lakin onlar bu haqda danışarkən diqqəti 4 əsas istiqamətə çəkir. Birincisi, hansı proqnoz və qiymətləndirmələrin səsləndirilməsindən asılı olmayaraq, Qazaxıstan Aİİ və KTMT kimi təşkilatlarda Rusiya ilə əməkdaşlığı davam etdirir. Bu mənada, bir məqamı vurğulamaq kifayətdir ki, ölkə iqtisadiyyatı Rusiya ilə çox bağlıdır, bu iki ölkənin ümumi sərhədinin uzunluğu isə təxminən 8 min kilometrdir. Üstəlik, Tokayev Rusiyanı qane edən fiqurdur və bunun səbəblərini sadalamaq artıq olardı. Moskvanın hazırda üzləşdiyi çətin geosiyasi vəziyyəti nəzərə alsaq, bu, aydındır.
İkincisi, Astana üçün Çinlə əməkdaşlıq vacib amil olaraq qalır və qalacaq. Bu istiqamətdə xüsusi şəkildə önə çəkilən, nümayiş etdirilən heç nə yoxdur, amma daimi fəallıq hiss olunur. Çin müntəzəm olaraq nəinki Qazaxıstanı, həm də Mərkəzi Asiyanın digər ölkələrini infrastrukturun qurulması, nəqliyyat layihələrinin həyata keçirilməsi ilə özünə çəkir. Pekin artıq az qala 15 ildir ki, Qazaxıstan xammalının (ilk növbədə, neft, qaz, təbii uran, mis və digər sənaye metalları) əsas alıcısıdır. Bu yaxınlarda isə dəmir yolunun daşıma qabiliyyətinin artırılması istiqamətində işlərə başlanılıb və yeni xəttin çəkilişinin 2025-ci ilin sonuna başa çatdırılması nəzərdə tutulub. Çinlə Aİ arasında Qazaxıstan ərazisi ilə konteyner daşımalarının həcmi bu il 84% artıb.
Üçüncüsü, Qazaxıstan Türk Dövlətləri Təşkilatında (TDT) iştirakla, ilk növbədə, Azərbaycan və Türkiyə ilə regional əlaqələrini gücləndirməyə çalışır. Qurumun bu yaxınlarda Səmərqənddə keçirilmiş sammitində Tokayev həmkarlarını bütün çağırış və təhdidlərə birlikdə müqavimət göstərilməsi üçün həmrəyliyə çağırıb. Qazaxıstan prezidenti Mərkəzi Asiya ölkələrinin Qərblə Şərqi, Şimalla Cənubu birləşdirməklə, dünya sivilizasiyalarını yaxınlaşdırmasını çox vacib amil sayır. Daha konkret desək, o, TDT çərçivəsində müxtəlif təşəbbüslər üçün fondun yaradılmasını və ümumilikdə rəqəmsallaşmaya, yüksək texnologiyalara və təhsilə diqqətin artırılmasını təklif edib. Məsələn, Tokayev «Astana Hub» beynəlxalq texnoparkının bazasında TDT-nin Rəqəmsallaşdırma Mərkəzinin yaradılmasını, 2023-cü ildə II Türk universiadasının keçirilməsini, «ali tədris ocaqlarının vahid təhsil məkanı»nın formalaşdırılmasını istəyir.
Nəhayət, dördüncüsü, Qazaxıstan hökuməti Qərbə marağını da gizlətmir (mümkün olduğu qədər). Maraqlıdır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qazaxıstana seçkidən 3 həftə əvvəl etdiyi səfər zamanı tərəflər arasında Genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin tam reallaşdırılması ilə bağlı razılıq əldə edilib. Daha sonra Qazaxıstan rəhbərliyinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrel və ABŞ-ın Astanadakı səfiri Daniel Rozenblyum ilə məhsuldar təmasları olub.
Hazırda Qazaxıstana bu qədər nəzərəçarpan maraq Ukrayna müharibəsi üzündən Avrasiyada ticarət logistikasının pozulması ilə bağlıdır. Və hər zamankı kimi, Rusiya, Qərb, Çin, Hindistan, Türkiyə və İran bəzən vəziyyətə uyğun olaraq müttəfiqlərə çevrilsələr də, bu «böyük oyun»da əsasən rəqiblərdirlər. Belə bir şəraitdə Jozep Borrel açıq şəkildə bildirir ki, Aİ keçmiş SSRİ ölkələrinin Rusiya Federasiyasından yan keçən tranzit dəhlizi yaratmalarının tərəfdarıdır. ABŞ-ın Astanadakı səfiri Rozenblyum isə Qazaxıstanın 2023-cü ildən Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixrac etmək planını alternativ tədarük marşrutlarına doğru atılmış ilk addım kimi qiymətləndirib.
Bu qarşıdurmanın nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. «Stavka»lar o qədər yüksəkdir ki, hər şey baş verə bilər. Odur ki, Qazaxıstanın təkrar seçilmiş prezidenti yaxın zamanlarda istər daxildə, istərsə də xarici siyasətlə bağlı çətin qərarlar qəbul etməli olacaq.
Beynəlxalq arenada Qazaxıstan yəqin ki, nəinki müxtəlif güc mərkəzləri arasında manevr cəhdlərini davam etdirəcək, bəlkə də bundan bonuslar da qazanacaq. Ümumilikdə isə artıq qeyd edildiyi kimi, çox şey dünyada, xüsusilə sadə bölgə olmayan Mərkəzi Asiyada hadisələrin hansı formada inkişaf edəcəyindən asılı olacaq.
MƏSLƏHƏT GÖR: