24 Dekabr 2024

Çərşənbə axşamı, 23:06

ELEKTRON KƏND

Aİ-nin dəstəyi ilə Azərbaycanda aqrar sektorda biznes informasiya sisteminin formalaşdırılması layihəsi həyata keçirilib

Müəllif:

15.12.2022

Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində istehsalının rəqəmsal transformasiyasına və kənd icmalarının şəbəkə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş layihələr həyata keçirilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi belə layihələrin həyata keçirilməsinə əlavə təkan verib.

Bakıda “Kənd yerlərində biznes informasiya sisteminin yaradılmasına dəstək” mövzusuna həsr olunmuş forumda kənd yerlərinin rəqəmsal transformasiyasının əhəmiyyəti müzakirə olunub.

 

“Ağıllı həllər”

BMT informasiya və kommunikasiya texnologiyalarının hərtərəfli inkişafını 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin ən mühüm maddələrindən kimi müəyyən edib. Üstəlik, hərtərəfli rəqəmsallaşma təkcə inkişaf etmiş ölkələrdəki meqapolisləri və şəhərləri əhatə etməməlidir. Əksinə, indiki mərhələdə ən mühüm vəzifə inkişaf etməkdə olan ölkələrdə və ilk növbədə, kənd təsərrüfatı regionlarında ictimai, sosial və biznes həyatının bütün sahələrində İT texnologiyalarının tətbiqidir.

Yeri gəlmişkən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri hesab edir ki, kənd yerlərində yüksəksürətli internet infrastrukturunun genişləndirilməsi, elektron hökumət mexanizmlərinin və kənd sakinləri üçün müxtəlif sosial və biznes rəqəmsal xidmətlərin mövcudluğu Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi baxımından böyük potensiala malikdir. Onların fikrincə, kənd təsərrüfatı rayonlarının rəqəmsallaşdırılması aqrar sektorun məhsuldarlığını artırmağa, kiçik fermer təsərrüfatlarına informasiya və təşkilati nöqteyi-nəzərdən kömək etməyə, onların bazarlara çıxışını yaxşılaşdırmağa imkan verəcək. Rəqəmsal resursların mövcudluğu “ağıllı kəndlər”in və avtomatlaşdırılmış kənd təsərrüfatı komplekslərinin formalaşmasını sürətləndirəcək və bununla da, onların əsasında dayanıqlı kənd icmalarının yaradılmasına töhfə verəcək. Beləliklə, İT texnologiyalarının tətbiqi iqtisadi artımın sürətlənməsi, kəndlilərin layiqli işlə təmin olunması və şəhərlə kənd arasında bərabərsizliyin səviyyəsinin azalması ilə nəticələnəcək.

Dayanıqlı İnkişaf Məqsədlərindəki kənd icmalarının rəqəmsallaşdırılması məqsədləri son illərdə İT infrastrukturunun inkişafına və elektron xidmətlərin göstərilməsinə diqqətin kənd təsərrüfatı bölgələrinə də yönəldiyi Azərbaycan üçün də aktualdır. Xatırladaq ki, təxminən, 18 il əvvəl qlobal informasiya cəmiyyətinə doğru irəliləməyə yönəlmiş “Elektron Azərbaycan” dövlət proqramının icrasına başlanılıb. Artıq 10 ildir ki, dövlət idarəçiliyi sisteminin inkişafının və sosial innovasiyaların aparıcı qüvvəsinə çevrilmiş “e-gov” interaktiv informasiya sistemi - vahid elektron hökumət portalı fəaliyyət göstərir. Bu mexanizm kontaktsız formada vətəndaşlara, biznes qurumlarına və hakimiyyətin digər qollarına informasiya və dövlət xidmətləri paketini təqdim etməyə imkan verir. Hazırda ölkənin bütün nazirlikləri və əksər dövlət idarələrinin 700-dən çox elektron xidməti vahid elektron hökumət portalına (www.e-gov.az) inteqrasiya olunub. Bu portalın mobil versiyaları vasitəsilə dövlət sektorunda, mənzillərin özəlləşdirilməsi, biznes, fiskal uçot, subsidiyalaşdırma və kreditləşmə kimi sahələrdə müxtəlif elektron xidmətlər sahibkarlar və kənd yerlərinin sadə sakinləri üçün əlçatan olub. Eyni zamanda 25 “ASAN xidmət” mərkəzində “Elektron hökumət” portalının xidmətlərindən oflayn rejimdə də istifadə etmək olar.

Bu imkanlar 2022-2026-cı illərdə daha da genişləndiriləcək. Belə ki, azad edilmiş ərazilərdə əlavə olaraq bir neçə “ASAN xidmət” mərkəzi, həmçinin DOST mərkəzinin 7 filialı yaradılacaq. Üstəlik, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinin əsas prinsipi kimi qəbul edilib: rəqəmsal həllər ictimai nəqliyyat, rabitə, şəhər idarəetmə sistemləri və təhlükəsizlik sahələrində tətbiq olunacaq. Əhali və əmək resursları haqqında rəqəmsal məlumat bazasının yaradılması da nəzərdə tutulub.

 

İnvestisiya cəlb etmək üçün

Bu gün regionlarda biznes sferasında xidmətlərin göstərilməsinə yönəlmiş xidmətlərin rəqəmsallaşdırılmasının digər elementləri formalaşdırılır. Bunlardan biri Azərbaycanın kənd təsərrüfatı sektorunda biznes informasiya sisteminin yaradılması üzrə Avropa İttifaqı ilə birgə həyata keçirilən layihədir.

“Avropa İttifaqının texniki dəstəyi ilə Azərbaycanın regionlarında kənd təsərrüfatı üçün biznes informasiya sisteminin yaradılması tam başa çatıb. Bu layihə kənd təsərrüfatı məhsulları bazarı üzrə elektron sistemlərin və məlumat bazasının formalaşdırılması, o cümlədən investorların lazımi sənaye məlumatlarını əldə etməsinə imkan yaratmaq yolu ilə ölkənin regionlarında kənd təsərrüfatı fəaliyyətinin inkişafına yönəlib”, - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq üzrə attaşesi Viktor Qener vurğulayıb ki, bu sistem fermerlərə elektron məlumat bazasına və digər rəqəmsal xidmətlərə qoşulmağa kömək edəcək, həmçinin Azərbaycanın “e-gov” siyasətinin tərkib hissəsi olan biznes-dövlət münasibətlərində şəffaflığı artıracaq.

Attaşenin sözlərinə görə, bu təşəbbüs kənd təsərrüfatına investisiyaların artırılmasına yönəlib: “Eyni zamanda əldə edilən məlumatlar kənd yerlərinin inkişafı üzrə dövlət siyasətinin işlənib hazırlanmasında və qiymətləndirilməsində son dərəcə mühüm əhəmiyyət kəsb edir”.

Layihənin əsas nəticəsi Azərbaycan və ingilis dillərində “rbis.az” adlı informasiya portalının yaradılmasıdır. Gələcəkdə kənd təsərrüfatı sektorunda biznes informasiya sisteminin yaradılmasının elektron imkanlarının genişləndirilməsi, eləcə də digər ixtisaslaşmış informasiya sistemlərinə inteqrasiyası nəzərdə tutulur.

Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyinin bir neçə ildir həyata keçirdiyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) formalaşdırılması layihəsi çərçivəsində belə konvergensiya gözlənilir. Sistemin elektron məlumat bazası (BigData) yetişdirilən məhsulların həcmi və strukturu, məhsul proqnozları haqqında aydın təsəvvür yaradır. Üstəlik, bu, fermerlərə cari tələb və təklif barədə məlumat verməyə imkan verir, müəyyən mövsümdə ən perspektivli və gəlirli məhsulların seçilməsinə yardım göstərir.

EKTİS mexanizmi 450 000-dən çox fermer üçün subsidiyaların qaydaya salınmasında, nəzarətin gücləndirilməsində və prosesdə şəffaflığın təmin edilməsində misilsiz rol oynayıb. Bununla, subsidiya proqramlarına, o cümlədən gübrə və yanacağın alınmasına daha asan çıxışla yanaşı, fermerlər öz sahələrində məhsuldarlıq proqnozu əldə edə bilərlər.

Bundan başqa, EKTİS mexanizminin dəstəyi ilə iri kənd təsərrüfatı kompleksləri istifadəsiz torpaqları kənd təsərrüfatı dövriyyəsinə cəlb edərək, onların münbitliyinin artırılması prosesini optimallaşdıra biləcək. Fermerlərə güzəştli kreditlərin verilməsi mexanizmi, o cümlədən kənd təsərrüfatı sığortası sistemi EKTİS-in şəffaf məlumat bazasına əsaslanır. Bu da fermer təsərrüfatlarının bank təminatı ilə bağlı problemlərinin azalmasına kömək edir.

 

İlk qaranquşlar

Azərbaycanda kənd təsərrüfatı proqramının rəqəmsallaşdırılması kontekstində son illər digər qabaqcıl metodlar tətbiq edilib. Məsələn, “Aqrolizinq”in biçin texnikasına GPS sensorlarının quraşdırılması təcrübəsi tətbiq olunub. Bu da aqrotexniki tədbirlərin optimallaşdırılmasına və sürətləndirilməsinə imkan verib. Bundan əlavə, bir sıra aqroparklarda artezian quyularının istismarının avtomatlaşdırılması, IT sistemlərindən istifadə etməklə qənaətcil suvarma sistemləri (əşyaların interneti) və telemetriya və s. üzrə pilot layihələrə start verilib.

Bu məqamda qeyd edək ki, 2021-ci ildən Bakıətrafı qəsəbələrdə və Sumqayıtda kənd təsərrüfatı heyvanlarının elektron identifikasiyası işlərinə başlanılıb. Bu, onların sağlamlığına, qidalanma keyfiyyətinə və s. nəzarəti təmin etməyə imkan verib.

Bir sözlə, “yaşıl texnologiyalar”dan, həmçinin aqrotexniki proseslərin monitorinqi və idarə olunması üçün kompüter sistemlərindən istifadə etməklə kənd təsərrüfatının rəqəmsallaşdırılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının aqrar sektorunun inkişafı üçün təməl daşı olacaq. Söhbət Zəngilan və Füzuli rayonlarında salınan “ağıllı kəndlər”dən - Ağalı və Dövlətyarlıdan gedir. Günəş panelləri tətbiq olunur, digər bərpa olunan enerji mənbələri infrastrukturu inkişaf etdirilir, DATA və analitik mərkəzlər yaradılır, suvarma sistemlərinin və biçin sahələrinin idarə olunması üçün “ağıllı sistem”dən, əkin sahələrinə nəzarət etmək və torpaqları tozlandırmaq üçün dronlardan istifadə olunacaq. Avtomatlaşdırılmış təsərrüfatlar, emal müəssisələri, o cümlədən akvakultura və quşçuluq təsərrüfatlarının inkişafı üçün rəqəmsal sistemlər yaradılır.

“Ağıllı texnologiyalar”ın tətbiq olunduğu digər layihə isə 2022-ci ilin oktyabrında Zəngilan rayonunda istifadəyə verilmiş Azərbaycan-Türkiyə birgə “Dost Aqroparkı”dır. Birinci mərhələdə artıq burada 3,5 min baş mal-qaranın saxlanması üçün şərait yaradılıb, yem bazası qurulub.

Ümumiyyətlə, Azərbaycan kənd təsərrüfatı sahəsi, həmçinin “ağıllı kəndlər” üçün informasiya sisteminin yaradılması prosesində ən qabaqcıl texnologiyalar, proqram həllərini tətbiq edir. Bu zaman o, Türkiyə, İsrail və Avropa ölkələrinin mütəxəssisləri ilə fəal əməkdaşlıq edir. Aqrar sahənin rəqəmsallaşdırılması prosesini sürətləndirən ölkəmiz hazırda bu baxımdan postsovet məkanında liderlər sırasındadır.

 

Yeri gəlmişkən, FAO ekspertləri Azərbaycanın təcrübəsini elektron kənd təsərrüfatı və aqrar-sənaye kompleksinin rəqəmsal transformasiyası sahəsində ən yaxşı təcrübə kimi qəbul edirlər.

 

Növbəti mərhələ

Kənd yerlərində biznes informasiya sistemi və EKTİS-in elektron məlumat bazaları, həmçinin digər mexanizmləri dolayı yolla təsərrüfatların bank maliyyələşdirilməsi ilə bağlı maneələrin aradan qaldırılmasına, torpaq bazarının və girov təminatının inkişafına, kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsinə, yüksək keyfiyyətli aqronomik və digər məsləhət xidmətlərinin cəlb edilməsinə kömək edir.

Rəqəmsal mexanizmlər həmçinin qida təhlükəsizliyi sənədləri ilə bağlı çətinlikləri aradan qaldırmaq, kiçik fermerlərin bazara çıxışını genişləndirmək və elektron lisenziyaların verilməsini artırmaq üçün nəzərdə tutulub. Buna kənd təsərrüfatı rayonlarının sakinlərinin bu xidmətdən istifadəsini asanlaşdıracaq “ASAN xidmət” və KOB evləri töhfə verəcək.

Digər tərəfdən bölgələrin rəqəmsallaşmasına ciddi təsir göstərən daha bir mühüm problemi də nəzərdən qaçırmamalıyıq. Söhbət kənd yerlərində genişzolaqlı internetlə bağlı təminatın zəif olmasından gedir. Ötən ilin sonuna olan göstəricilərə əsasən, ev təsərrüfatlarının, təxminən, 70%-i (əsasən regionlarda) hələ də köhnəlmiş ADSL texnologiyasından istifadə etməklə şəbəkəyə qoşulur. Üstəlik, fiber-optik kabel vasitəsilə şəbəkəyə giriş istifadəçilərin yalnız beşdə biri üçün əlçatandır.

Kənd yerlərində internetə qoşulma əsasən ATS-in telefon xətlərinin mis kabeli vasitəsilə həyata keçirilir. Bu ərazilərdə orta sürət 2-4 mbit/s təşkil edir. Müasir tələbləri nəzərə alsaq, bunun çox aşağı olduğunu söyləyə bilərik. Bunu aradan qaldırmaq üçün Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir sıra layihələr həyata keçirir. Onlardan biri rəqəmsal transformasiya üçün zəruri infrastrukturun yaradılması üzrə işlərin sürətləndirilməsidir. Bununla, 2024-cü ilin sonuna kimi ölkənin bütün regionlarını əhatə edən yüksək sürətli fiber-optik internet şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.

Beləliklə, bütün bu fəaliyyətlərin yekunu olaraq kənd təsərrüfatı istehsalına investisiya qoyuluşu artırılmalıdır. Bu da, şübhəsiz ki, son məhsulun həcminə təsir göstərəcək. Bir sözlə, sonsuz qlobal böhranların və gözlənilməz dəyişikliklərin baş verdiyi belə çətin bir zamanda ölkənin ərzaq təhlükəsizliyini təmin etmək hökumətin ən mühüm məqsədidir.



MƏSLƏHƏT GÖR:

125