Müəllif: Samir VƏLİYEV
Ukrayna Silahlı Qüvvələrinin Xersonu azad etməsindən və ölkənin cənubunda bir sıra əsas istiqamətlərdə uğurlu əməliyyatlarından sonra cəbhədə vəziyyət nisbətən sabitləşib. Rusiyanın mülki infrastrukturlara hücumları haqda isə eyni şeyi demək mümkün deyil. O, getdikcə daha kritik xarakter alır.
Hədəfdə enerji sistemidir
İş o yerə çatıb ki, Kiyev meri Rusiyanın infrastruktura aviazərbələri davam etdirəcəyi təqdirdə, qışda Ukrayna paytaxtında «apokalipsis»in yaşana biləcəyini bildirib. Bununla yanaşı, o, hazırda sakinlərin təxliyəsinə ehtiyacın olmadığını desə də, hər kəsi hadisələrin istənilən istiqamətdə inkişafına hazır olmağa çağırıb. Şəhər rəhbərliyi bildirir ki, paytaxtda elektrik enerjisinin tam kəsiləcəyi təqdirdə 3,6 milyon insanın yerləşdirilməsi üçün isti sığınacaqlar yoxdur. «Biz 500-dək belə sığınacaq hazırlamışıq. Lakin 3 milyon əhalisi olan şəhər üçün bu, heç nədir», - deyə mer bildirib.
İnfrastrukturun təxminən 50%-nin dağıldığını nəzərə alan mütəxəssislər deyir ki, hücumların davam edəcəyi təqdirdə Ukraynanın enerji sistemi bir neçə həftə sonra tam çökə bilər.
Təəssüf ki, müharibə özü ilə iztirablar, məhrumiyyətlər gətirir və təəssüf ki, bunu ən çox adi insanlar hiss edir. Bu, yalnız Ukraynaya aid deyil. Analitiklərin fikrincə, Avropa İttifaqını da elektrik enerjisi məhrumiyyətindən bir neçə qradus ayırır. Hesab olunur ki, havanın hərarətinin bir qədər azalması ilə Fransa, Finlandiya, İrlandiya və İsveçdə miqyaslı «blgkaut» yaşana bilər. Bununla yanaşı, oktyabrın əvvəlində elektrik enerjisinin qısa müddətə kəsilməsi əksər dinc sakin üçün şok effekti vermişdisə, bu gün bu, adi hala çevrilib. Məsələn, ukraynalılara qurğuların enerji yığması və internetə çıxış məsələlərində kömək edən kiçik və orta biznes artıq elektrik enerjisinin kəsilməsinə vərdiş edib.
Ukraynanın baş naziri Denis Şmıqal ölkənin üç vilayətində enerji obyektləri Rusiyanın zərbələri nəticəsində zərər çəksə də, ümumi enerji sistemi ziyan çəkməyib və fəaliyyətini normal şəkildə davam etdirir.
Elektrik enerjisinin planlı şəkildə kəsilməsi Kiyevlə yanaşı, 3 vilayətdə – Dnepropetrovsk, Donetsk və Odessa da həyata keçirilir. Ukraynanın ən nəhəng enerji şirkəti olan DTEK-in məlumatında deyilir ki, o, dekabrın 5-dən elektrik enerjisinin verilməsində planlı fasilələr yaradır.
Prezident Vladimir Zelenski isə bildirib ki, dekabrın əvvəlinə 6 milyonadək mənzil müharibə üzündən elektriksiz qalıb.
Artıq bir çox Avropa ölkəsi Kiyevə yalnız ağır silahlarla deyil, həm də generatorlar və transformatorlarla ciddi yardım göstərir. Enerji Cəmiyyəti Katibliyinin bazasında Avropa Komissiyasının dəstəyi ilə elektrik enerjisi sektoruna dəstək üzrə xüsusi Fond yaradılıb. Ayrı-ayrı ölkələrdən və təşkilatlardan daxil olan bütün vasitələr buradan təmirə və Ukraynanın enerji sektorunun bərpasına yönəldilir. Bütün alqı-satqıları isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Enerji Təhlükəsizliyi Layihəsi həyata keçirir. Fondun əsas donorları arasında Böyük Britaniya, Almaniya, Danimarka, Avropa Enerji Tənzimləyiciləri Assosiasiyası da var. Növbədə isə Çexiya, Avstriya, Fransa və İsveçrədir.
Bu günlərdə Azərbaycan da Ukraynaya 45 transformator və 50 generator göndərib. Bakı bu istiqamətdə daha bir humanitar yardım partiyası göndərməyi planlaşdırır.
Amma söhbət daha çox enerji avadanlıqlarının tədarükündən yox, onların keyfiyyət göstəricilərindən gedir. Məsələ ondadır ki, Ukrayna Sovet İttifaqından miras olaraq güclü enerji sistemi qalıb. Buraya atom elektrik stansiyalarından elektrik enerjisinin nəqli üçün nəzərdə tutulan güclü elektrik xətləri şəbəkəsi də daxildir. SSRİ AES-lər vasitəsilə Şərqi Avropanın əlaltı ölkələrini sovet enerjisindən asılı vəziyyətdə saxlamaq istəyirdi. Odur ki, Ukraynanın əsas transformatorları 750 kV gücündədir. Onun ukraynalı tərəfdaşlarını isə əsasən 500kV, 380-400 kV və daha aşağı güclü qurğulara malikdir. Odur ki, xüsusi qurğuların tapılması müəyyən çətinliklər yaradır. Problemin həlli variantları arasında Avropadan elektrik enerjisinin birbaşa tədarükü məsələsi də var. Amma bu, Ukraynaya baha başa gələ bilər. Çünki bu halda 1kV elektrik enerjisinin qiyməti 20-40 qriven arasında dəyişə bilər. Ukraynalı özəl istehlakçılar isə bu həcmdə elektrik enerjisinə görə 1,68 qriven ödəyir.
Ukrayna hökuməti bu çətin vəziyyətin öhdəsindən müstəqil şəkildə gəlməyə çalışır, ölkəyə lazımi qurğuların gətirilməsində belə, o, yalnız öz gücünə arxalanır.
Sanksiyalar savaşı davam edir
Baş verənlər fonunda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edib. Aİ-nin sayca 9-cu məhdudlaşdırıcı paketi təxminən 200 insana, 3 banka, 4 telekanala və müdafiə sənayesi kompleksinə aid bir sıra şirkətlərə yönəlib. Aİ-nin ali nümayəndəsi Jozep Borrelin sözlərinə görə, qurumun sanksiyaları «hərbi əməliyyatlarda, təbliğat və dezinformasiya yayımında, Ukrayna taxılının talanında, qanunsuz və insanlığa yaraşmayan deportasiyalarda, Rusiyada ukraynalı uşaqların oğurlanmasında və sonradan onların qanunsuz olaraq övladlığa verilməsində iştirakı olanlara» yönəlib. Avropalı siyasətçi deyib ki, Rusiyanın dinc insanlara hücumu siyasi elitanın birbaşa göstərişi və nəzarəti ilə həyata keçirilir. «Onlar məsuliyyət daşıyırlar. Biz Rusiyanın hərbi və müdafiə sektorlarına növbəti ciddi zərbəni vuracağıq. Odur ki, mən sanksiyaların Rusiya hökumətinin, Dövlət Dumasının və Federasiya Şurasının üzvlərinə də tətbiq olunmasını təklif edirəm», - deyə Borrel qeyd edib: «Bundan başqa, biz informasiya məkanına dezinformasiyalar, qərəzli fikirlər buraxaraq Rusiyanı günahsız göstərməyə çalışan, insanların şüurunu zəhərləyən yeni kanallara, insanlara və təşkilatlara qarşı da məhdudlaşdırıcı tədbirlər görürük». Borrel xatırladıb ki, Avropanın sanksiyaları ərzaq məhsulları və gübrələrə «toxunmur».
Son məqam heç də təsadüf deyil. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Ticarət Təşkilatının araşdırmaları göstərir ki, kənd təsərrüfatı üçün həyati əhəmiyyətli resursların çatışmaması pandemiya ilə yanaşı, həm də Rusiya-Ukrayna müharibəsi üzündən tədarük zəncirində yaranmış problemlərlə əlaqədardır. Çünki tərəflərin hər ikisi nəhəng kənd təsərrüfatı məhsulları ixracatçısıdır. Söhbət xüsusilə kənd təsərrüfatı məhsullarının becərilməsində istifadə olunan gübrələrdən gedir. Bu savaş nəticəsində gübrə bazarında əsl böhran başlayıb.
Araşdırma onu da göstərir ki, bu çatışmazlıq yeni ildə də davam edəcək, bu isə bütün dünyada, xüsusilə idxaldan daha çox asılı olan regionlarda kənd təsərrüfatı istehsalına və ərzaq təhlükəsizliyinə öz mənfi təsirini göstərəcək.
Araşdırma müəllifi olan iki qurum hələ «Böyük iyirmilik» sammiti ərəfəsində ərzaq və gübrə tədarükündəki problemlərin həlli üçün «iyirmilik» liderlərinə bir sıra tutarsız tövsiyələr vermişdilər. İlk növbədə, tədarükün ən ciddi ehtiyacı olan ölkələrə çatması üçün «gübrə ticarətinin açıq olması istiqamətində ciddi səylərin göstərilməsi» təklif olunurdu. Eyni zamanda, qiymət dəyişkənliyindən qaçılması da təklif edilirdi, çünki ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, taxıl və qarğıdalı kimi əsas bitkilərin becərilməsi zamanı fermerlərin xərclərinin 35-36%-i məhz gübrəyə xərclənir.
Ərzaq bazarındakı qeyri-sabitliklə bağlı sevindirici olmayan perspektivlər müharibənin genişlənməsi riskləri ilə daha da pisləşir. Məsələ ondadır ki, son zamanlar Rusiya Ukraynanı onun ərazisinin dərinliklərinə zərbələrin endirilməsi məqsədi ilə dronlardan istifadə etməkdə daha tez-tez günahlandırmağa başlayıb. Moskva bu işə Vaşinqtonu da qatıb – ruslar bildirir ki, ABŞ Ukraynanın hərbi əməliyyatların əhatə dairəsini genişləndirməsi üçün ona leqal silahlar verir. Bu ittihamı ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays cavablandırıb. Prays deyib ki, Vaşinqton Ukraynaya ölkə sərhədlərindən kənardakı hədəflərə zərbələrin endirilməsi üçün hər hansı silah vermir. «Biz Ukraynaya Rusiya ərazisində istifadə edilməsi üçün silah verməmişik. Açıq bildirmişik ki, tədarük etdiyimiz silahlar müdafiə xarakterlidir. Prezidentin əvvəllər də bəyan etdiyi kimi, biz Ukraynanın sərhədlərindən kənara zərbələr endirməsinə imkan yaratmırıq», - deyə Prays bildirib. O, Vaşinqtonun bunun üçün Kiyevə təkan vermədiyini də söyləyib.
Müharibə «uzun proses» kimi
Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) mütəxəssisləri isə belə qənaətə gəliblər ki, Rusiya rəhbərliyi açıq şəkildə rusları Ukraynadakı «xüsusi əməliyyatlar»ın «uzun proses» ola biləcəyinə hazırlayır, yeni ərazilərin ələ keçirilməsi isə Rusiya üçün kifayət qədər əhəmiyyətli nəticədir.
Prezident Vladimir Putin etiraf edib ki, Ukraynada həyata keçirilən «xüsusi hərbi əməliyyat» gözlənildiyindən uzun çəkəcək. Bununla yanaşı, o, Rusiya ordusunun yeni ərazilər tutduğunu söyləyib, eyni zamanda ölkəsinin nüvə silahına malik olmasının münaqişənin eskalasiyasının qarşısını aldığını bildirib. Putin ərazilərin ələ keçirilməsini «Rusiya üçün əhəmiyyətli nəticə» adlandırıb, Azov dənizinin «Rusiya üçün daxili dənizə çevrildiyini» deyib. Kreml rəhbəri xatırladıb ki, «I Pyotr bu su hövzəsi uğrunda mübarizə aparıb».
Hərbi əməliyyatların xarakterindən danışan ekspertlər rusların bütün cəbhə boyu müdafiə xəttini gücləndirməyə çalışdığını, Ukrayna tərəfinin isə növbəti miqyaslı hücuma hazırlaşdığını, bunun üçün əlverişli məqamı gözlədiyini bildirirlər.
Kiyevdə əmindirlər ki, Ukraynanın müstəqilliyi uğrunda savaşda Donbas əsas cəbhə olaraq qalır. «O, düşmənin bizim müdafiəmizi yarmaq, arxa cəbhəyə keçərək Ukraynanın Donbas vilayətini tam ələ keçirmək məqsədi güddüyü əsas istiqamətdir. Bu, ilkin plandır», - deyə Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy bildirib.
Şərq həbcəsinin ən «qaynar» nöqtələri kimi isə Bahmut və Avdeyev istiqamətləri göstərilir. Rus qoşunları Xersondan əlavə qüvvələrin gətirilməsi nəticəsində Donbasda bir qədər irəliləyə bilib. Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu Rusiyanın şəhəri mühasirəyə almaq planı haqda məlumat yayıb. Lakin hələlik bu informasiyanı təsdiq və ya təkzib etmək çətindir. Eyni mənbənin məlumatına görə, Rusiya qoşunları Ukrayna ərazisinə zərbələrin endirilməsində İran istehsalı olan dronlardan fəal istifadəyə başlayıb. Söhbət qış şəraitində istifadə üçün nəzərdə tutulmuş dronlardan gedir.
Hər şey onu göstərir ki, qışda hərbi kampaniya gərgin keçəcək, eyni zamanda mövqelərə hücum çətin olacaq. Hələ qış ərəfəsində iddia olunurdu ki, bu dövrdə tərəflərdən hər hansının fəal hücum əməliyyatı keçirəcəyi gözlənilmir. Müşahidələr göstərir ki, hazırda tərəflər müharibənin aktiv fazasına intensiv hazırlıqla məşğuldur. Ukrayna üçün yaxın perspektiv üçün prinsipial məsələ Zaporojye və Xerson vilayətlərinin qalan hissələrinin azad olunmasıdır. Kiyev güman ki, hazırda məhz buna hazırlaşır və görünən odur ki, bununla bağlı proqnozlar doğrulur.
MƏSLƏHƏT GÖR: