Müəllif: Natiq NAZİMOĞLU
Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar bütünlükdə Yaxın Şərqdə siyasi proseslərə ən çox təsir göstərən amillərdən biri olaraq qalır. Bununla yanaşı, Ankara ilə Dəməşqin mümkün barışığı da regionun gələcəyi baxımından böyük əhəmiyyət daşıyacaq. Hər halda, bu istiqamətdə ilk baxışdan çox parlaq görünməsə də, kifayət qədər hiss olunan addımlar atılır.
Əməliyyatın məqsədləri
Türkiyə noyabrın 20-dən Suriya və İraqın şimal rayonlarında məskunlaşmış kürd terror təşkilatları – PKK (Kürd Fəhlə Partiyası) və onun YPG («Suriya kürdlərinin özünümüdafiə qüvvələri»), SDF («Suriya demokratik qüvvələri») kimi qalanlarına qarşı mübarizənin növbəti fəal fazasına başlayıb. Türkiyə və dünya KİV-i bu qruplaşmaların xüsusilə Kobani (Əyn-əl-Ərəb), Hələb, Rakka və Həsəki şəhərlərindəki mövqelərinə hava zərbələri endirildiyini xəbər verir. Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, türk ordusu İraqın şimal hissəsində 45 hədəfə zərbələr endirib.
Türkiyənin BMT Nizamnaməsinin 51-ci maddəsinin tanıdığı özünümüdafiə hüququna əsasən həyata keçirdiyi «Pəncə-qılınc» əməliyyatı belə başlayıb. Ona İstanbulun mərkəzində baş vermiş, 6 nəfərin ölümünə, 80-dən çox insanın yaralanmasına səbəb olmuş partlayışdan 1 həftə sonra start verilib. Araşdırmalar göstərib ki, terror aktına görə məsuliyyəti PKK ilə YPG daşıyır.
Amma görünən odur ki, Türkiyənin antiterror əməliyyatı yalnız Hərbi Hava Qüvvələrinin zərbələri ilə məhdudlaşmır. Ankara Suriyanın şimalında «istənilən an» yerüstü əməliyyatlara başlamağa hazır olduğunu bildirir. Kürd terrorçular da buna əlavə əsaslar verir: onlar Türkiyənin Suriya ilə sərhəddə yerləşən Qaziantep vilayətinin Karkamış şəhərini raket atəşinə belə, tutublar. Bu hücum nəticəsində ölənlər arasında bir uşaq da var.
Türkiyənin antiterror əməliyyatlarını nəzərəçarpacaq dərəcədə məhz indi artırmasının səbəblərilə bağlı müxtəlif versiyalar var. Bəziləri düşünür ki, «Pəncə-qılınc» əməliyyatı hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) reytinqinin artırılmasına və müvafiq olaraq, 2023-cü ilin iyulunda keçiriləcək prezident seçkisində Ərdoğanın qələbəsinin təmininə hesablanıb. Lakin bu əməliyyatın reallıqda ƏİP və şəxsən Ərdoğanın mövqelərinə hansı təsiri göstərəcəyindən asılı olmayaraq, hərbi əməliyyatların obyektiv səbəblərinin olduğu ortadadır. Çünki kürd terrorçuları Türkiyənin təhlükəsizliyi üçün görünməmiş həddə təhdidə çevrilib. Ölkənin bütün aparıcı siyasi güclərinin bu məsələdə həmrəy olması da təsadüf deyil. Məsələn, Suriya və İraqda hərbi əməliyyatlara başlanılmasına Türkiyənin əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyası (CXP) belə, tam dəstək ifadə edib.
Məsələ ondadır ki, «Pəncə-qılınc» Türkiyənin milli maraqlarına, suverenlik və təhlükəsizlik maraqlarına tam cavab verən strateji hədəflərə nail olunmasına yönəlib. Söhbət, ilk növbədə, bütünlükdə Türkiyə-Suriya sərhədi boyunca 30 kilometrlik təhlükəsizlik zonasının yaradılmasından gedir. Amma bununla əlaqədar, əməliyyatların xarici fonu məsələsi də aktual olaraq qalır. Suriya ətrafında yaşananların digər aparıcı iştirakçıları, ilk növbədə, ABŞ ilə Rusiya Türkiyənin hərbi əməliyyatlarını açıq narazılıqla qarşılayıblar.
Ankara «riyakarlığa dözməyəcək»
Birləşmiş Ştatlarla Rusiyanın Türkiyənin Suriya və İraq istiqamətindəki hərbi fəallığını qəbul etməməsi onların regional nüfuzuna zərbə dəyə biləcəyilə bağlıdır. Ərdoğanın son bəyanatları isə bu narahatlığın əbəs olmadığını bir daha təsdiqləyir. O, bildirib ki, Türkiyə Suriya və İraqdakı fəaliyyətinə görə başqa dövlətlərə hesabat verməyəcək, həmçinin «terrorçuları dəstəkləyən ölkələrin riyakarlığına dözməyəcək».
Türkiyə prezidentinin bu bəyanatının, ilk növbədə, ABŞ-a ünvanlandığına şübhə yoxdur. Vaşinqton illərdir YPG-ni dəstəkləyir və silahlandırır, öz geosiyasi ssenarisinin reallaşdırılmasında kürd qüvvələrinə arxalanır. Halbuki bu ssenaridə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə yer yoxdur. Kürd qruplaşmalarına himayədarlıq edən ABŞ faktiki olaraq, Ankaranın maraqlarını nəzərə almır. Ağ Evin Suriya-kürd siyasətinə qiymət verərkən Türkiyənin barışmaz mövqedən çıxış etməsi də bununla bağlıdır.
Ankaranın terrorçuluqla mübarizəsi heç bir ikili standartı qəbul etmir. Türkiyənin yalnız ABŞ-ın deyil, NATO çərçivəsindəki digər müttəfiqlərinin də qarşısına qoyduqları tələblər bunu təsdiqləyir. Bu mənada, Ankaranın İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qəbulu ilə bağlı nümayiş etdirdiyi mövqe nümunəvi sayılmalıdır. Ankara bəyan edib ki, onlar NATO sıralarına yalnız kürd terror qruplaşmalarına, bu qruplaşmaların fəallarına birbaşa və dolayı dəstəyi dayandırmaqla qoşula bilərlər.
Moskvaya gəlincə, Ankaranın onunla başqa «haqq-hesab»ı var. Ərdoğan onu da kifayət qədər açıq ifadə edib: «2019-cu ildə əldə etdiyimiz Soçi razılaşmasına əsasən, İraq və Suriyanın şimal hissəsinin terrorçulardan təmizlənməsi məsuliyyəti Rusiyanın üzərindədir. Lakin dəfələrlə etdiyimiz xəbərdarlıqlara baxmayaraq, Moskva öhdəsinə düşən işi görmür və görməkdən boyun qaçırır». Yəni Türkiyə liderinin sözlərindən belə məlum olur ki, «Pəncə-qılınc» əməliyyatı Rusiyanın öz öhdəliklərinə əməl etməməsi üzündən zərurətə çevrilib.
«Pəncə-qılınc» əməliyyatına tənqidi yanaşan Moskva isə Ankaranın mövqeyinə qarşı əsaslı arqumentlə çıxış edə bilmir. Bununla yanaşı, o, Suriya dövlətinin birliyinin qorunub saxlanmasında Türkiyə ilə həmrəy olduqlarına əsaslanaraq, gərginliyi azaltmağa çalışır. İki ölkənin Suriya məsələsində yaxınlaşmasının əsasını, həqiqətən də, məhz bu amil təşkil edir. Onlar bu mövqeyi «Astana formatı»nda da təsdiqləyiblər (bu formata əsasən, Suriya probleminin sülh yolu ilə həllinin qarantlarından biri də İrandır). Türkiyə ilə Rusiya Suriya ilə bağlı dialoqu dekabrın 8-9-da İstanbulda keçirilmiş siyasi məsləhətləşmələrdə də davam etdiriblər.
Rusiyanın göstərdiyi səylər arasında SDF ilə Kobani, Təl-Rifah və Mənbicdən çıxmaları üçün aparılan danışıqlar da qeyd olunur. Bununla yanaşı, Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavryentevin dediyi kimi, Moskva Türkiyə və Suriya prezidentləri arasında görüşün təşkili üçün də iş aparır. Türkiyə KİV-i də Ərdoğanın Rusiyanın vasitəçilyi ilə Suriya prezidenti ilə görüşə biləcəyini yazır.
Ərdoğanla Əsəd dil tapacaqlarmı?
Türkiyə ilə Suriyanın münasibətləri bu ərəb ölkəsində 2011-ci ildə başlamış vətəndaş müharibəsindən sonra pozulub. Suriya hökumətinin etirazçılara qarşı amansız mübarizəsindən qəzəblənən Ankara Suriya müxalifətini dəstəkləməyə başlayıb. Bundan başqa, Türkiyə rəsmi Dəməşqi kürd təşkilatları ilə oyun oynamaqda da ittiham edir ki, onların da hədəfi praktik olaraq, Türkiyənin özüdür.
İndi Türkiyə-Suriya münasibətlərinin mümkün bərpasının əsasını Ankaranın Suriyanın suverenliyi və ərazi bütövlüyünə prinsipial olaraq dəstək verməsi təşkil edəcək. Dialoqa daha bir əsas isə Amerikanın dəstəyi ilə Suriyanın parçalanmasına çalışan yerli kürdlərin hökumətə tabe etdirilməsində həm Ankaranın, həm də Dəməşqin maraqlı olmasıdır. Bundan başqa, Türkiyə rəhbərliyi ölkəyə axmış milyonlarla suriyalı qaçqının problemin həllindən sonra geri qayıdacağına da ümidlidir.
Dəməşq Türkiyənin başladığı son əməliyyatlara etiraz etsə də, onun Ankara ilə münasibətləri bərpa etməkdə maraqlı olduğu aşkar görünməkdədir. Dəməşqdən gələn siqnallar məhz bunu göstərir. Suriya rəhbərliyi terrorçuların məhvinə qarşı deyil. O, sadəcə, bu məsələlərin Dəməşqlə razılaşdırılmasını, Türkiyə və Suriya orduları arasında koordinasiyanın təşkilini istəyir.
Türkiyə-Suriya barışığı perspektivinin olduğunu iki dövlət başçılarının mümkün görüşü haqda yayılmış xəbərlər də təsdiqləyir. Hələ bu ilin avqustunda Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında telefon danışığının baş tuta biləcəyi deyilirdi. Halbuki onlar 2011-ci ildən ünsiyyətdə deyillər. İki prezidentin Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə (Özbəkistan) keçirilən sammitində görüşə biləcəkləri haqda da məlumatlar var idi. Lakin Əsəd həmin toplantıya qatılmadı. İki liderin mümkün görüşü haqda məsələ bu gün də gündəmdədir. Baş verənlər fonunda Ərdoğanın Əsədi Türkiyə-Suriya münasibətlərinə yeni səhifənin açılmasına çağırması maraqlıdır. «Siyasətdə əbədi acı, ədəbi inciklik ola bilməz. Vaxtı gəldikdə biz bir masa ətrafında əyləşə, hər şeyi müzakirə, əlaqələrimizi bərpa edə bilərik. Hazırda Türkiyə münasibətləri o qədər də yaxşı olmayan ölkələrlə əlaqələrin normallaşdırılması imkanlarını öyrənir. Məsələn, gələn il keçiriləcək prezident seçkisindən sonra biz vəziyyəti düzəldə, münasibətlərimizi bərpa edə bilərik», - deyə R.T.Ərdoğan qeyd edib.
Türkiyə KİV-də Əsədin türkiyəli həmkarının barışıq çağırışına müsbət cavab verdiyinə dair məlumatlar var. Onun yerli ziyalılarla bağlı qapılar arxasında görüşərək, bu məsələni müzakirə etdiyi də bildirilir. Məlumata görə, görüşdə Əsəd Suriya-Türkiyə münasibətlərinin bərpasının regionda həyata keçirilən «imperialist müdaxilə»yə sinə gərilməsi baxımından vacib olduğunu bildirib. Görünən odur ki, yaxın vaxtlarda ortaya Türkiyə-Suriya barışığının tezliklə baş tutacağını gözləməyə əsas verəcək başqa əsaslar da çıxacaq.
MƏSLƏHƏT GÖR: