Müəllif: İrina XALTURİNA
Fransa parlamentinin aşağı palatasının 2022-ci il noyabrın 30-da qəbul etdiyi qətnaməni Azərbaycana qarşı növbəti təxribatdan başqa necəsə qiymətləndirmək mümkün deyil. Onun heç bir praktik nəticəsinin olmayacağı bilinsə belə…
Xatırladaq ki, noyabrın 15-də analoji sənədi Fransa Senatı da qəbul edib. İttihamlar və tələblər yenilik deyil – guya Azərbaycan Ermənistana qarşı təcavüzkar siyasət yürüdür, Azərbaycanın Qarabağ regionunun müstəqilliyi tanınmalıdır, Bakıya iqtisadi sanksiyalar tətbiq edilməlidir və s.
Fakt faktlığında qalır
Fransalı parlamentarilərin bu qərarından hansı nəticələri çıxarmaq olar? Birincisi, onların hansı motivlərə əsaslandıqları vacib deyil. Aydındır ki, onlar qərarlarının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı onsuz da zərif olan prosesə, ümumilikdə isə Cənubi Qafqaz regionunda sülh və sabitliyin qurulması cəhdlərinə zərbə vuracağını anlaya bilməzdilər. İkincisi, fransalı qanunvericilər onların həmrəyliklə səs verdikləri formulların beynəlxalq hüququn norma və prinsiplərinə tam zidd olduğunu da başa düşməyə bilməzlər. Belə demarşlardan sonra neytral vasitəçi roluna iddia etmək isə təbii ki, mümkün deyil. Halbuki Fransa ABŞ və Rusiya ilə birlikdə təxminən 30 il ATƏT-in Minsk qrupuna həmsədrlik edib. Söhbət 1992-ci ildə Ermənistanla Azərbaycan arasındakı Qarabağ münaqişəsini dinc yolla həll etmək üçün yaradılmış qurumdan gedir. Üçüncüsü, bir sualın cavabını heç cür almaq olmur (sivil diplomatik yolla): 2020-ci ilin İkinci Qarabağ müharibəsinədək Azərbaycan bütün ali kürsülərdən suveren ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini car çəkərkən bu fransalı parlamentarilər harada idilər? Azərbaycanın münaqişəni təkbaşına çözdüyü, yəni BMT TŞ-nin Qarabağla bağlı 4 qətnaməsini icra etdiyi indiki şəraitdə onların arqumentləri nə ola bilər? Həmin qətnamələrin BMT-nin timsalında beynəlxalq birliyin mövqeyinin ifadəsi olduğunu xatırlatmağa lüzum varmı? Lap elə son addımlara nəzər salsaq, xatırlatmaq olar ki, bu il Bakı ilə İrəvan Brüssel, Praqa və Soçidə keçirilmiş görüşlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdıqlarını rəsmən bəyan ediblər. Belə bir vəziyyətdə Fransa Senatı və parlamentariləri burunlarını hara soxurlar axı?
Bu yerdə Azərbaycan Xarici İşlər Nazirliyinin bir bəyanatı da maraqlıdır: dinləmələr zamanı Fransa hökumətinin nümayəndəsi faktiki olaraq, qətnaməyə dəstək verib. Bakıda hesab edirlər ki, bu, «qətnamənin qəbulunun arxasında son zamanlar müxtəlif platformalarda açıq anti-Azərbaycan təşəbbüsləri ilə çıxış edən Fransa rəhbərliyinin dayandığını təsdiqləyir».
Fransa XİN isə cavab olaraq, əlbəttə ki, Fransa parlamenti palatasında Azərbaycana sanksiyaların tətbiqi çağırışı ilə qəbul edilmiş qətnamənin rəsmi Parisin mövqeyi olmadığını bildirib: «Parlamentarilərin bu çağırışı Fransa hökumətinin rəsmi mövqeyi deyil və hakimiyyət bölgüsü prinsipinə əsasən, tamamilə müstəqil şəkildə həyata keçirilib». Fransa XİN-i xarici işlər naziri Katrin Kolonnun bir bəyanatını da xatırladıb: «Fransa sülhə nail olunması imkanından yararlanmaq üçün, tərəflərin danışıqlarda irəliləməsinə çalışacaq».
Xatırladaq ki, bir müddət əvvəl avropalı müşahidəçilərin Ermənistana göndərilməsində əsas rolu məhz rəsmi Paris oynayıb, Fransa prezidenti Emmanuel Makron isə Praqa danışıqlarında heç də sonuncu rolda olmayıb. Bəs, görəsən, Parisin fikrincə bu «motivasiya çağırışları»na Bakı necə yanaşmalıdır? Hər halda, Bakı artıq Parisə kifayət qədər aydın cavab verib.
Bəli, demək olar ki, fransalı deputatlar qəbul etdikləri qətnamə ilə yalnız öz hökumətlərinə müraciət edirlər və hökumət çağırışa reaksiya vermək məcburiyyətində deyil. Başqa sözlə, bu qətnamənin, çətin ki, hər hansı praktik nəticəsi olsun və o, deklarativ xarakter daşıyır. Fransadakı erməni diasporunun gücü də bəllidir və aydındır ki, ayrı-ayrı siyasi qüvvələr zaman-zaman onunla hesablaşmaq məcburiyyətində qalır. Lakin fakt faktlığında qalır. Bu, Fransanın Azərbaycanın ünvanına açıq demarşıdır. Üstəlik, ilk demarş deyil. Qəbul edilmiş qətnamələri bir çox erməni politoloq Azərbaycana təzyiq imkanı kimi qiymətləndirib. Bu, nə deməkdir? Paris faktiki olaraq, erməni tərəfinin revanşist qüvvələrinə ümid verir, beləliklə, Bakı ilə İrəvan arasında sülh razılaşmasının qəbuluna aparacaq adekvat qərarların qəbulunu ləngidir. Bu isə öz növbəsində, növbəti eskalasiya riskini artırır, bütün regionu sabitliyin pozulması riski ilə qarşı-qarşıya qoyur.
Məsələn, politoloq Andrias Qukasyan «Kavkazsiy uzel» nəşrinə müsahibəsində bildirib ki, sözügedən qətnamənin qəbulu ilə Fransada faktiki olaraq, bir ideya təsdiqlənib: Paris Ermənistanın və Qarabağın təhlükəsizliyinin qarantı kimi çıxış edə bilər və etməlidir. «İndi Ermənistan hökuməti üçün iki il əvvəl olduğundan daha böyük imkanlar yaranır. Ermənistan bundan yararlanmalı və Fransa ilə münasibətlərdə yeni səviyyəyə keçməlidir. Fransa addımını atdı. İndi hər şey Ermənistan hökumətindən asılıdır», - deyə Qukasyan bildirib.
Məşhur erməni siyasi şərhçisi Naira Ayrumyan daha da irəli gedərək, bildirib ki, Fransa Senatında keçirilmiş səsvermə ermənilərin maraqlarına cavab verən beynəlmiləl prosesin göstəricisidir. Yəni dünya ictimaiyyətinin Ermənistanı münasibətlərin normallaşdırılması prosesini pozmaqdan çəkinməyə məcbur etməli olduğu bir vaxtda fransalı parlamentarilər tam əks mövqe tutmaq qərarına gəliblər. Halbuki regionda təhlükəsizlik və əməkdaşlığın yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Bəs Aİ buna çalışmır?
Bu da son deyil. Fransa parlamentinin aşağı palatasında qətnamənin qəbulundan cəmi bir neçə gün sonra Qarabağ separatçılarının lideri Araik Arutunyan Fransaya səfər edib, senator Valeri Buaye, Senatın sosialistlər, ekoloqlar və respublikaçılar qrupunun rəhbəri Patrik Kanner, hətta Fransa prezidentliyinə namizəd, Mərkəzi regionun rəhbəri İl-de-Frans Valeri Pekress ilə görüşlər keçirib. Arutunyanın «France 24» telekanalı, «Frans-press» agentliyi və digər KİV-ə müsahibələri belə, təşkil olunub. Azərbaycan XİN-in bildirdiyi kimi, bu, faktiki olaraq, Parisin separatçılığı təşviq etdiyinin nümayişidir.
Düşünməyə dəyər
Bütün bunlar məsələnin bir tərəfidir. Digər tərəfdən isə (fransızlar bunu bilməli idilər) qətnamələrdən ermənilərin arasında da narazı olan kifayət qədər insan var. Onların arqumenti belədir: «Siz bizə dəstəyi yalnız sözdə verirsiniz. Bəs sonra? Reallıqda hansı addımları atmağa hazırsınız? Əgər heç bir addım atmağa hazır deyilsinizsə, buna imkanınız yoxdursa, danışmağın nə mənası var?» Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyasının (EAFJD) təsisçisi və keçmiş rəhbəri, Parisin «Qafqaz» Hüquq və münaqişələrin həlli mərkəzinin başçısı Hilda Çoboyan hesab edir ki, «bu qətnamənin mənəvi əhəmiyyətindən başqa heç nəyi yoxdur».
Diqqət yetirsək, görərik ki, Fransa hökuməti müharibə vaxtı yürütdüyü siyasəti davam etdirir. O, bitərəf görünməyə çalışır, halbuki Ermənistana dəstəyini ifadə edir, «Ermənistan ərazilərindən Azərbaycan qüvvələrinin çıxarılmalı olduğunu» və s. deyir. Amma Parisin bu dəstək məsələsində daha da dərinə gedəcəyini gözləməyə dəyməz. Yeri gəlmişkən, Senatda qəbul olunmuş qətnamədən fərqli olaraq, aşağı palatanın qətnaməsinin mətni daha ehtiyatla seçilib. Çünki onun hazırlanmasında hakim fraksiyanın nümayəndələri də iştirak ediblər. Yuxarı palatadakı səsvermə zamanı onlar bitərəf qalmışdılar. Yəni burada daxili siyasi rəqabət aşkardır və «Qolos Armenii» qəzeti də diqqəti məhz buna çəkir.
Əlbəttə ki, Fransa parlamenti bu qətnamədən o tərəfə keçməyəcək. Əgər keçərsə belə, Avropa İttifaqında bu məsələdə heç kim onunla həmrəy olmayacaq. Fransa deputatları vasitəsilə erməni separatçılarına mənəvi dəstək vermək qərarına gəlib? Bəli, o, bunu edə bilib. Hətta o, separatçılıq probleminin Parisin özünə də yad olmadığını unudaraq, Araik Arutunyana qucaq da açıb. Fransızlara Korsikanı, Bretanı, digər «uzaq» əraziləri xatırlatmağa dəyərmi?
Paris hazırda Bakının beynəlxalq arenada özünü hər zaman mədəni aparmasından, beynəlxalq hüququn norma və prinsiplərini heç vaxt pozmamasından istifadə edir. Amma sülhsevər Bakı üçün belə, Parisdə cinayətkarların, separatçıların alqışlanması ifratçılıqdır. Ola bilsin ki, Fransa Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün ermənilərdən yararlanır. Bəlkə də, fransalı deputatlar sadəcə, erməni seçicilərin səsləri uğrunda yarışır. Bəs sonra? Fransa seçiciləri bundan nə qazanacaq? Ümumilikdə, bu, Fransanın özünə nə verəcək? Bəs Avropa İttifaqı? Onun xarici siyasəti bu vəziyyətdən qazanclı çıxacaqmı? Fransalı və ümumilikdə avropalı politoloqlar və siyasətçilər məhz bu sualların cavabı haqda düşünməlidirlər.
MƏSLƏHƏT GÖR: