26 Dekabr 2024

Cümə axşamı, 09:57

«QİYMƏT BALANSI»NIN BƏRPASI

Daşkənd, Bakı və Astana “Avtomobil sənayesinin türk konqlomeratı” yaradır

Müəllif:

01.01.2023

Postpandemiya dövründə əksər ölkələrdə avtomobillərin qiymətlərinin artması müşahidə edilir. Ekspertlər bunu 2020-2021-ci illərdə ABŞ və Avropa İttifaqının (Aİ) iqtisadiyyatında böyük likvidlik üzündən monetar inflyasiya amili ilə əlaqələndirirlər. Avtomobil sənayesi yarımkeçirici ehtiyat hissələrinin çatışmazlığı səbəbindən ciddi təzyiq altındadır. Qərb sanksiyaları isə təkcə Rusiyadakı konveyer istehsalını dayandırmayıb, həm də enerji böhranını dərinləşdirib. Bu, polad prokat, polimer və digər komponentlərin qiymətinin artmasına səbəb olmaqla sənayenin dezinteqrasiyasını daha da gücləndirib. Bu gün MDB regionunda avtomobil klasterinin uğurlu inkişafı yalnız Mərkəzi Asiya ölkələrində qorunub saxlanılır: Özbəkistan bu sahədə liderlik edir. O, Azərbaycan və Qazaxıstanla birlikdə “Avtomobil sənayesinin türk konqlomeratı”yaratmağı planlaşdırır .

 

Avtomobil almaq lüksa çevrilir?

Qlobal avtomobil sənayesində ikinci ildir ki, davam edən böhran hələ də aradan qaldırılmayıb. Böyük ehtimalla 2023-cü ildə də mənfi tendensiyalar davam edəcək. Almaniyanın nüfuzlu avtomobil klubu ADAC-ın araşdırmasına əsasən, Avropa və ABŞ-da yeni avtomobillərin qiymətlərində nəzərəçarpacaq artım beş ildir ki, davam edir. Bildirilib ki, son iki ildə əhəmiyyətli dərəcədə qiymət artımı müşahidə olunur. Belə ki, 2017-ci ildən 2022-ci ilə qədər yeni avtomobillər (xüsusilə də ekonom tipli avtomobil modellləri) orta hesabla 19% bahalaşıb. Üstəlik, son vaxtlar qiymət artımı ABŞ və Aİ-də orta illik inflyasiya səviyyəsini xeyli üstələyib. Məsələn, 2017-ci ildə Almaniyada yeni orta səviyyəli avtomobilin orta qiyməti 44,9 min avro idisə, 2022-ci ildə bu rəqəm artıq 54 min avroya yaxınlaşıb. Qiymət artımı Aİ-də avtomobil satışlarına daha çox təsir edib: 2022-ci ilin yanvar-noyabr aylarında əvvəlki göstəricilərlə müqayisədə 6,1% azalma qeydə alınıb: 8,4 milyon avtomobilə qədər.

Avtomobil istehsalının maya dəyərinə qlobal amillə yanaşı, 2020-ci il ressesiyası zamanı Qərb iqtisadiyyatına təminatsız likvidliyin daxil olması üzündən idxal inflyasiyanın təzyiq göstərməsi, Çin və Cənub-Şərqi Asiya ölkələrində istehsal edilən komponentlər üçün təchizat zəncirlərinin pozulması, aparıcı çip tədarükçüsü olan Yaponiyanın “Renesas” zavodunda 2021-ci ildə baş vermiş yanğın və nəqliyyat xərclərinin dəfələrlə artması təsir göstərib. Yarımkeçirici çiplərin çatışmazlığı Almaniyada, digər Aİ ölkələrində və ABŞ-da avtomobil istehsalına təsir edir. Görünür, bu problem 2023-cü ildə də davam edəcək.

Bu da son deyil. Avropada və dünyanın bir sıra digər regionlarında avtomobil istehsalçılarının vəziyyəti 2022-ci ilin fevral ayından etibarən daha da pisləşib, çünki Ukraynadakı müharibə bu ölkədə bir çox təchizatçı müəssisələrin dağıdılmasına və ya işinin dayandırılmasına səbəb olub. Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyaları bu ölkənin milyonlarla ton polad və alüminium prokatını, mis kabelini, müxtəlif plastik məmulatlarını və avtomobil istehsalında istifadə olunan digər xammalı dünya bazarından çıxarılmasına səbəb olub.

Rusiya ilə sənaye əməkdaşlığına qoyulan qadağa postsovet məkanında yeni avtomobillərin bahalaşmasına da təsir edib. Belə ki, Avropa, ABŞ və Yaponiyanın aparıcı böyük avtomobil şirkətləri 2022-ci ilin mart-dekabr aylarında Rusiyada demək olar ki, bütün avtomobil istehsalı müəssisələrinin fəaliyyətini dayandırıb. Cənubi Koreya da eyni yolu tutub. Bu yaxınlarda “Hyundai” və KIA Rusiyada avtomobil istehsalının dayandırıldığını elan edən son şirkətlər arasında idi.

Rusiyada komponentlərin istehsalı ilə bağlı sektoral lokalizasiya səviyyəsi, hətta ən yaxşı illərdə belə, 15-20%-i keçmirdi və ən mürəkkəb aqreqatların - mühərriklərin, sürətlər qutularının, şassi komponentlərinin və demək olar ki, bütün elektronikanın hər zaman xaricdən tədarük edilməsinə görə vəziyyət daha da ağırlaşıb. Bundan əlavə, avtomobillərin kuzovlarının və daxili hissələrinin metal və plastik elementlərinin ştamplanması, digər hissələrin istehsalı seqmentində də rusiyalı istehsalçılar əsasən beynəlxalq tədarüklərdən asılı idi. Buna görə də hazırda keyfiyyət itkisi olmadan istehsal tsiklini bərpa etmək mümkün deyil. Dünya brendlərindən komponentlərin bütün rəsmi tədarükü dayandırılıb. Odur ki, ikinci dərəcəli Qərb sanksiyalarından qorxmayan və Rusiya avtomobil sənayesini dəstəkləməyə hazır olan bir neçə ölkədən olan “boz” dilerlərin fəallığı mühüm əhəmiyyət kəsb etmir. Onlar əsasən İran və Çindən olan avtomobil istehsalçılarıdır. Lakin bu halda belə yeni avtomobil modelləri və digər yığma texnologiyaları üçün istehsalın yenidən profilləşdirilməsi prosesi çox vaxt aparacaq.

Bu arada, rusiyalı ekspertlər 2022-ci ilin sonuna qədər ölkədə yarım milyondan az avtomobil istehsal ediləcəyinii proqnozlaşdırırlar ki, bu da yığım həcmlərinin demək olar ki, beş dəfə azalmasından xəbər verir. Rusiya bazarı bu gün ekonom modellərinin ciddi çatışmazlığını yaşayır. Üstəlik, Rusiya uzun müddətdir ki, avtomobil ixrac edən ölkələrin siyahısından kənarda qalıb.

 

Xarici mənfi təsirə qarşı müqavimət göstərmək

Sadalanan amillər (Aİ, ABŞ, Yaponiya və Koreyada istehsal xərclərinin artması, habelə Rusiyada avtomobillərin yığılmasının dayandırılması) geniş postsovet avtomobil bazarına çox mənfi təsir göstərib və yeni avtomobillərin qiymətini əhəmiyyətli dərəcədə artırmasına səbəb olub.

Bu proseslərin nəticələri Azərbaycanda da hiss olunur. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana avtomobil idxalı əvvəlki göstəricilərlə müqayisədə düz 19,3% azalaraq 61,6 min ədəd təşkil edib. Lakin bu idxalın ümumi dəyəri 5,4% - 743 milyon dollardan çox artıb. Yəni ölkəyə avtomobillər nəzərəçarpacaq dərəcədə az idxal edilib, amma onlar xeyli bahalaşıb. Bu, təkcə yeni avtomobillərə aid deyil. Söhbət həm də Azərbaycana əsasən Koreya, Yaponiya və Avropadan tədarük edilən ikinci əl avtomobillərdən də gedir. Bu baxımdan, 2022-ci ilin əvvəlindən işlənmiş ekonom modellərinin qiymətlərində orta hesabla 5-10% artım müşahidə olunur. Üstəlik, Rusiyada xarici avtomobillərin yığılmasının faktiki olaraq dayandırılması ilə əlaqədar olaraq, bu ölkədən Azərbaycana avtomobil idxalı dayanıb. İstənilən bazarda xarici tədarükün azalması qiymətlərin artmasına gətirib çıxarır. Bu da qaçılmazdır. Belə vəziyyət yerli istehsalın dinamikasına dolayısı ilə də təsir göstərir.

Belə ki, avtomobillərin yığılması üçün komponentlərin və detalların qiymətinin qlobal miqyasda artımı ölkəmizdə formalaşan avtomobil yığma sənayesinə kifayət qədər mənfi təsir göstərib. Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda cəmi 1812 ədəd minik avtomobili yığılıb. Bu da istehsalın 2021-ci illə müqayisədə 10,7% azaldığını göstərir. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycanda avtomobil istehsalı 2020-ci illə müqayisədə düz 4,8% artaraq 2000 ədədi ötmüşdü.

Xatırladaq ki, hazırda ölkədə minik avtomobillərinin istehsalı üzrə üç müəssisə qeydiyyatdan keçib. Bunlardan biri Neftçala Sənaye Məhəlləsindəki “Azərmaş” ASC-dir. Burada 2018-ci ildən “Xəzər” markalı avtomobillər sislsilə istehsal olunur. Avtomobillər İrandan olan tərəfdaş şirkət –  “IranKhodro” ASC tərəfindən təchiz edilmiş detallardan yığılır.

Digər müəssisə isə 2010-cu ildən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən, ucuz Çin komponentləri ilə ekonom avtomobillərin yığıldığı “NAZ-Lifan” zavodudur. Son zamanlar onun fəaliyyəti və istehsal həcmi barədə məlumat verilmir. Əvvəllər “Lifan” markalı kiçik minik avtomobillərinin xeyli hissəsi muxtar respublikada taksi kimi istifadə olunurdu. Üstəlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə alınaraq müharibə veteranlarına, əlillərə və s. verilirdi. Lakin bu təşəbbüs kommersiya baxımından əhəmiyyətli uğur qazanmayıb.

Bu sahə ilə bağlı ən yaxşı uğur 2021-ci ilin sentyabrında Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC ilə Özbəkistanın “UzAutoMotors” SC-nin birgə müəssisəsi olan “SamAvto” MMC fəaliyyətə başladıqdan sonra əldə edilib. Birinci mərhələdə burada “Chevrolet Nexia” və “Chevrolet Cobalt” modellərinin, ikinci mərhələdə isə ildə 5 min ədədə qədər “Chevrolet Damas” və “Chevrolet Labo” modellərinin yığılmasına başlanılıb. Gələcəkdə onların sırasına “Chevrolet Onix” və “Chevrolet Tracker” modelləri də əlavə olunacaq.

Beləliklə, ortamüddətli perspektivdə Azərbaycanda minik avtomobillərinin ümumi istehsalının ildə 7 min ədədə çatdırılması planlaşdırılır. Bu sahənin dəstəklənməsi məqsədilə 2022-ci il martın 2-dən avtomobillərin sənaye yığımı üçün ölkəyə tədarük edilən detallar və ehtiyat hissələrinin idxalı 7 il müddətinə gömrük rüsumlarından azad edilib. Bu tədbir istehsalın maya dəyərinin aşağı salınması, yerli avtomobillərin daxili bazarda rəqabət qabiliyyətinin artırılması və gələcəkdə onların ixrac imkanlarının yaxşılaşdırılması üçün nəzərdə tutulub.

 

Faydalı əməkdaşlıq

Hələ nisbətən zəif olan yerli avtomobil sənayesi üçün ən vacib məsələ ehtiyat hissələri tədarükçüləri ilə yüksək səviyyədə əməkdaşlığı təmin etmək, tədarüklərin logistikasını ən xırda detallara qədər işləyib hazırlamaqdır. Nəticədə müəssisələr avtomobil yığımı zamanı praktiki olaraq mürəkkəb və çoxsaylı elektron detalların qıtlığından asılı vəziyyətdə olmayacaq. Buna görə də avtomobil sənayesinin inkişaf səviyyəsinə görə postsovet məkanında Rusiyadan sonra ikinci dövlət olan Özbəkistanla əməkdaşlıq optimal variant kimi görünür. Hər il Özbəkistan avtomobil sənayesinin bir neçə müəssisəsi 250 minə yaxın avtomobil istehsal edir və respublika istehsalın lokallaşdırılmasının ideal səviyyəsinə nail olub: korpusun demək olar ki, bütün hissələri, daxili aksessuarlar, həmçinin mühərriklər və digər mürəkkəb komponentlər yerli müəssisələrdə hazırlanır. Müvafiq olaraq, istehsal olunan məhsulların maya dəyəri nisbətən aşağıdır və avtomobillərin yığılması üçün Azərbaycana tədarük olunan hissələr daha ucuzdur.

Bir sözlə, bu amillər, həmçinin Bakı və Daşkəndin sənaye əməkdaşlığını genişləndirmək istəyi avtomobil sənayesində layihələrin aktivləşməsinə kömək edir. Belə ki, dekabrın 24-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev arasında keçirilən danışıqlarda iki dövlət arasında maliyyə və 700 milyon dollardan artıq olan beş iri layihənin həyata keçirilməsi üçün texniki aspektləri müzakirə edib və qarşılıqlı fəaliyyəti əlaqələndirmək üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Eyni zamanda Azərbaycan və Özbəkistan arasında birgə investisiya fondunun yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Birgə investisiya layihələrinin ən mühüm istiqaməti kimi Bakı və Daşkənd arasında avtomobil sənayesində əməkdaşlığın inkişafı müəyyən edilib.

Üstəlik, bu yaxınlarda KİV-lərdə Özbəkistanın yeni təşəbbüsü ilə bağlı məlumatlar yayılıb. Bu ölkə Azərbaycan və Qazaxıstanla birlikdə “Avtomobil sənayesinin türk konqlomeratı” yaratmağı planlaşdırır. Bu, 65 milyona yaxın əhalisi olan üç ölkənin bazarlarını əhatə edəcək. Bu məqamda qeyd edək ki, Qazaxıstan avtomobil sənayesinin gücünə görə postsovet ölkələri arasında üçüncü yerdədir. Bu ölkədə əsasən “Chevrolet”, “Hyundai” və KIA markalı avtomobillər istehsal edilir. Məsələn, 2022-ci ilin yanvar-noyabr aylarında Qazaxıstanda 99,2 min ədəd bütün növ avtomobil istehsal olunub. Bu, 2021-ci illə müqayisədə 24,9% çoxdur. Konqlomeratın yaradılması isə Qazaxıstana istehsalın həcmini və çeşidini daha da artırmağa kömək edəcək. Xüsusilə, dekabrın 21-də Daşkənddə keçirilən Özbəkistan-Qazaxıstan biznes forumu çərçivəsində avtomobil istehsalı sahəsində bir sıra sazişlər imzalanıb. Buraya 500 milyon dollar məbləğində “Chevrolet” markalı avtomobilin ehtiyat hissələrinin Qazaxıstana tədarükünün təmin edilməsi daxildir.

Ümumilikdə, konqlomeratın yaradılması ideyası ilə Özbəkistanın “UzAuto Motors” şirkəti, Azərbaycanın “Azərmaş” zavodu və Qazaxıstanın ən böyük avtomobil istehsalçısı olan “Sarıarka Avtoprom” MMC arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutulur. Sadalanan şirkətlər bir neçə ildir ki, Özbəkistanda istehsal edilən ehtiyat hissələrindən sitifadə etməklə “Chevrolet” avtomobillərinin yığılması ilə məşğuldur. Konqlomeratın yaradılması mövcud imkanları genişləndirməyə və ehtiyat hissələrinin tədarükünü artırmağa kömək edəcək. Gələcəkdə ölkələrin konqlomeratda iştirakı balanslaşdırılmış qiymət siyasətinin aparılmasına, üç ölkənin maşınqayırma sahəsində əlaqələrinin möhkəmləndirilməsinə, istehsalın lokallaşdırılmasının genişləndirilməsinə yardım göstərəcək.



MƏSLƏHƏT GÖR:

129