26 Dekabr 2024

Cümə axşamı, 10:18

KOSOVO YENİDƏN QAYNAYIR

Belqradla Priştina silahlı münaqişənin bərpası təhlükəsini aşa biləcəklərmi?

Müəllif:

01.01.2023

Kosovo yenidən Avropa və dünya siyasətinin diqqət mərkəzindədir. 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etmiş, lakin Serbiyanın öz ayrılmaz hissəsi saydığı bu bölgədə vəziyyətin gərginləşməsi Qərbi Balkanları hərbi əməliyyatların bərpası təhlükəsi ilə qarşı-qarşıya qoyub. Qərblə Rusiya arasındakı ənənəvi geosiyasi mübarizə isə bu ssenarinin gerçəkləşməsi ehtimalını daha da artırır.

 

İbar çayından şimaldakı hadisələr

Münaqişənin əsasını Serbiya ilə birtərəfli qaydada müstəqilliyini elan etmiş və bu qərarı BMT üzvü olan, təxminən, 100 dövlət tərəfindən tanınmış Kosovo Respublikası arasındakı qarşıdurma təşkil edir. Lakin Azərbaycan da daxil olmaqla, digər ölkələr əsasən albanların yaşadığı Kosovonu bu gün də Serbiya ərazisi kimi tanıyır. Onlar bölgənin Serbiyadan qanunsuz aktla ayrıldığı məsələsində Belqradla həmrəydirlər.

Kosovonun əsasən ABŞ və Avropa ölkələrinin dəstəyi ilə müstəqilliyini elan etməsindən bu yana orada yaşayan, təxminən, 100 min serb ətrafında gərginlik bitmir. Serb azlıqla alban çoxluq arasında münaqişənin episentri Kosovonun şimalı, konkret desək, İbar çayından şimaldakı ərazidir. Buradakı 4 bələdiyyədə, demək olar ki, yalnız serblər yaşayır (təxminən, 60 min nəfər) və onların əksəriyyəti Kosovonun müstəqilliyini qəbul etmir, faktiki olaraq, Priştinaya tabe olmaqdan boyun qaçırır. Doğrudur, onlar Kosovo parlamentində zəmanətli 10 deputat mandatına və hökumətdə 2 nazir portfelinə malikdirlər. Amma bu, vəziyyəti dəyişmir: Kosovo serbləri faktiki olaraq, Serbiyanın bir hissəsidir və onlar Belqradın siyasətini və maraqlarını müdafiə edirlər. Nəticədə, bölgədə vəziyyət zaman-zaman partlama həddinə çatır. Növbəti belə gərginlik bu ilin yayından müşahidə olunmaqdadır. Səbəb Priştinanın Serbiya hökumətinin verdiyi avtomobil qeydiyyat nömrə nişanlarını qadağan edərək, onları Kosovo nömrələri ilə əvəzləməsidir. Yeni qaydanı pozan şəxsləri cərimə gözləyirdi. Belə bir vəziyyətdə Kosovo serbləri qərara etiraz olaraq boykot elan edib: Kosovonun şimalında yerləşən və əhalisi əsasən serblərdən ibarət 4 bələdiyyənin merləri istefa verib, az sonra Assambleya üzvləri, hakimlər, prokurorlar, şimalda fəaliyyət göstərən Kosovo polisi əməkdaşları da onlara qoşulub. Əvəzində Priştina dekabrın 18-nə 4 bələdiyyədə seçki elan edib. Bu, vəziyyəti daha da qarışdırıb və noyabrın sonu, dekabrın əvvəlində gərginlik xeyli artıb. Serb fəallar barrikadalar qurub, bölgənin şimalındakı əsas magistralları bağlayıb. Bunun ardınca Kosovo rəhbərliyi serb əhalinin çoxluq təşkil etdiyi rayonlara əlavə polis patrulları göndərib. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında atışma halları belə yaşanıb.

Ən sərt qarşıdurmalardan biri milliyyətcə serb olan Kosovo polisi Deyan Pantiçlə bağlıdır. O, baş verənlərə etiraz olaraq istefa vermiş 600 polisdən biridir. Pantiçin Kosovo xüsusi xidmət orqanları tərəfindən Şimali Mitrovisada seçki komissiyasının binasında terror aktı törətməkdə təqsirləndirilərək həbs olunması etiraz aksiyalarını daha da kəskinləşdirib. Belqradın Kosovonun şimalına qoşun yeritmək hədəsi vəziyyətin nə qədər təhlükəli olduğunu bir daha təsdiqləyir. Məsələ ondadır ki, BMT Təhlükəsizlik Şurasının NATO-ya zərbələr endirməsindən sonra – 1999-cu ildə qəbul etdiyi 1244 saylı qətnamə Belqrada Kosovoya asayiş keşikçiləri göndərmək hüququ verir. Lakin o, BMT-nin NATO-nun rəhbərliyi altında fəaliyyət göstərən kontingentlə məhdudlaşır. Söhbət KFOR beynəlxalq hərbi missiyasından gedir. Serbiya prezidenti Aleksandr Vuçiç məhz bu üzdən Kosovonun şimalına mümkün ordu yeridilməsindən danışarkən bu razılaşmanın əldə ediləcəyinə skeptik yanaşdığını bildirib. Bununla yanaşı, Belqradın mövqeyi onun Priştina ilə qarşıdurmada Kosovo serblərinin hüquqlarının qorunması üçün bütün mümkün vasitələrə əl atmağa hazır olduğunu göstərir.

Bitmək bilməyən gərginlik, üstəlik, Avropada daha bir «qaynar nöqtə»nin yaranmasında maraqlı olmayan ABŞ və Aİ-nin təzyiqləri Kosovo rəhbərliyini yerli seçkini 2023-cü ilin aprelinə təxirə salmağa, eyni zamanda Serbiyaya məxsus avtomobil nömrələrinin sahiblərini cərimələmək fikrindən daşınmağa vadar edir. Bununla yanaşı, Kosovonun baş naziri Albin Kurti KFOR missiyasını serb barrikadalarını yığışdırmağa, bölgənin şimalında hərəkət azadlığının təmininə zəmanət verməyə çağırıb. Kurti əks təqdirdə məsələyə Kosovo polisinin müdaxilə edəcəyini də bildirib. Kosovonun daxili işlər naziri Celal Sveçlya isə fikrini daha açıq ifadə edib: «Biz barrikadaların tez bir zamanda yığışdırılmasını gözləyirik. Bunu etməsələr, məsələni təkbaşına həll etmək imkanımız var».

Bütün bunlara baxmayaraq, Kosovonun şimalında serblərin etiraz aksiyaları bitmir. Aksiya iştirakçıları Albin Kurtiyə ünvanladıqları müraciətdə bildiribər ki, «Kosovo sənin mülkiyyətin yox, serblərin torpağıdır».

Belə bir vəziyyətdə NATO qüvvələri (KFOR), həmçinin Aİ-nin Kosovodakı məhkəmə-polis missiyası (EULEX) mümkün toqquşmaların qarşısını almağa hazır olduğunu bəyan ediblər. Görünən odur ki, Qərb instansiyaları yeni Balkan müharibəsinin başlamaması üçün əllərindən gələni edirlər. Güman ki, onlar bu vəziyyətdən tam çıxılması üçün həm serbləri, həm kosovalıları Avro-Atlantik məkana inteqrasiya etmək, regionun Rusiyanın nəzarətindən tam və birdəfəlik çıxarılmasına çalışırlar. Rusiya-Ukrayna müharibəsi fonunda Qərblə Moskva arasında qarşıdurmanın qızışması isə bu hədəfi daha da aktuallaşdırır.

 

Gələcəklə bağlı variantlar

Qərb 2008-ci ildə «Kosovo presedenti» yaratsa da, bölgənin Serbiyadan ayrılması qərarının dünya tərəfindən tanınması problemini həll edə bilməyib. Onu Qərbin əksər dövlətləri tanısa da, İspaniya və Yunanıstan kimi «avropalı»lar öz ərazilərindəki separatçılıq problemləri üzündən buna getməyiblər. Lakin Kosovonun BMT tərəfindən tanınmasına əsas maneə Serbiya ilə dost olan Rusiya və Çinin mövqeyidir. Məlum olduğu kimi, onlar qurumun Təhlükəsizlik Şurasında veto hüququna malikdirlər. Avratlantik mərkəzlərdə məhz bu səbəbdən anlayırlar ki, Kosovonun beynəlxalq arenada legitimləşdirilməsi perspektivi bu və ya digər dərəcədə onun Kosovo ilə münasibətlərindən asılı olacaq. Belə bir vəziyyətdə Fransa və Almaniyanın Belqradla Priştina arasında müqavilənin imzalanması təşəbbüsü ilə çıxış etdiklərinə dair xəbərlər maraqlıdır. Məlumata görə, onun əsasını 1972-ci ildə Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikası arasında imzalanmış sənəd modelinin təşkil etməsi təklif olunur. Bu müqavilə formulunun Belqrad-Priştina münaqişəsinin həllinə tətbiqini təklif edənlər məsələnin çözümünü belə görür: Serbiya məcbur olmasa da, Kosovonun müstəqilliyini tanısın, ən əsası onun beynəlxalq qurumlara üzvlüyünə mane olmasın. Bununla yanaşı, istər Serbiya, istərsə də Kosovo üçün təşviq olaraq gələcəkdə Aİ-yə üzvlükdən danışılır.

Aİ-nin Qərbi Balkan ölkələri hesabına genişlənməsi yaxın perspektivin işi kimi görünməsə də, Serbiya artıq Aİ üzvlüyünə rəsmi namizəddir. Maraqlıdır ki, dekabrın ortalarında, Belqrad-Priştina qarşıdurmasının qızışdığı vaxtda Kosovo da Aİ-yə üzvlük üçün ərizə verib. Lakin Serbiya XİN-i bu ərizəni «parodiya» adlandıraraq, Kosovonun beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərə malik dövlət olmadığını xatırladıb. Buna baxmayaraq, Aİ Kosovo üçün viza rejiminin liberallaşdırılmasına dair sənədin mətnini razılaşdırıb. 2024-cü il yanvarın 1-də qüvvəyə minəcək sənədə əsasən, Kosovo pasportuna malik şəxslər Aİ-yə 90 gün müddətinə vizasız yollana biləcəklər.

Belqrad-Priştina qarşıdurmasında Qərbin Kosovo albanlarının tərəfində olduğu çoxdan məlumdur. Bu, özünü hazırkı gərginlik zamanı da göstərir. Məsələn, Aİ-nin xarici məsələlər üzrə ali komissarı Jozep Borrel Kosovo serblərini barrikadaların dərhal sökülməsinə çağırıb. ABŞ, Aİ və NATO-nun kosovopərəst mövqeyi isə son aylarda özünü daha bir cəhətdən göstərir: onlar Serbiyanın Rusiya ilə ənənəvi dostluq münasibətlərindən qaynaqlanan addımlarının qarşısını almağa çalışır. Məsələ ondadır ki, Belqrad Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Serbiya prezidenti Aleksandr Vuçiç isə Aİ və Avropa Parlamentini Rusiyanı «terrorçuluğun sponsoru olan ölkə» kimi tanıyan qətnamələr hazırlamaqdansa, enerji və inflyasiya ilə bağlı məsələləri həll etməyə çağırıb.

Belqradın Brüsselə ünvanladığı tənqidlər də diqqətəlayiqdir. Xatırladaq ki, Brüssel faktiki olaraq, Serbiyanın Aİ-yə qəbulu üçün Kosovonun müstəqilliyini tanımasını və Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb edir. Serbiyanın baş naziri Ana Brnabiç isə hesab edir ki, Belqraddan öz ərazisindən imtina etməsinin, eyni vaxtda Rusiyanın Ukraynadakı əməllərinin pisləməsinin istənilməsi ziddiyyətdir. Yəni Serbiyanı bir yandan öz ərazi bütövlüyünün pozulması ilə barışmağa, digər tərəfdən isə Moskvanı Ukraynanın ərazi bütövlüyünü pozduğu üçün pisləməyə çağırırlar.

Rusiyaya münasibət zəmnində faktiki olaraq Belqradla Priştina arasında daha bir şifahi mübahisə meydanı formalaşıb. Kosovonun baş naziri Kurti Serbiyanı regionda «serb dünyası»nı bərpa etmək cəhdində günahlandırır və bunu Moskvanın postsovet məkanında «rus dünyası» yaratmaq istəyi ilə müqayisə edir. Serbiya prezidenti Vuçiç isə öz növbəsində, Kurtini «balaca Zelenski» adlandırır. O, hesab edir ki, Kosovonun baş nazirinin davranışları Ukrayna prezidentinin hərəkətlərinə bənzəyir.

Bütün bu məqamlar münaqişənin çətinliyini, onun həllinin çox qəliz olduğunu təsdiqləyir. Bu, sırf Serbiya ilə ondan ayrılmış Kosovonun problemi olmaqdan çoxdan çıxıb. Bu qarşıdurmada daxili, ərazi, geosiyasi amillər cəmləşib və bu, Belqradla Priştinanın mövqelərinin üst-üstə düşməsini praktik olaraq, mümkünsüz edir. Balkan regionunun qərb hissəsindəki mübahisənin yeni silahlı münaqişəyə çevrilməsi perspektivi, yəqin ki, beynəlxalq təzyiqlərin dərəcəsindən və istiqamətindən asılıdır.



MƏSLƏHƏT GÖR:

127