26 Dekabr 2024

Cümə axşamı, 10:32

BALKAN VEKTORU

Cənub-Şərqi Avropa ölkələri Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi prosesini sürətləndirir

Müəllif:

01.01.2023

Bakının 2022-ci ildə Balkan regionu istiqamətindəki səylərini ən vacib və parlaq xarici siyasi addımlardan biri kimi qiymətləndirmək olar. Hər halda, Azərbaycanla Balkan yarımadası ölkələri arasındakı 30 illik münasibətlər tarixində belə sürətlə yaxınlaşma müşahidə olunmamışdır.

 

Balkan marşrutunun ilk dayanacağı

Bu kontekstdə ilk vacib addım Bolqarıstan istiqamətində atılıb. Ötən il sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev bu ölkəyə səfər edib. Məlum olduğu kimi, Bolqarıstan, Yunanıstan və İtaliya Azərbaycan qazının Avropaya nəqli nöqteyi-nəzərindən əsas ölkələrdir. İlham Əliyevin bu səfərdən bir neçə həftə əvvəl İtaliyaya da baş çəkdiyini nəzərə alsaq, Sofiya səfərinə Bakının Avropadakı strateji tərəfdaşları ilə yaxınlaşma siyasətinin davamı kimi baxılırdı.

Bolqarıstan və Azərbaycan prezidentləri Rumen Radev ilə İlham Əliyevin sentyabrın 30-da verdikləri birgə bəyanatda deyilir ki, Azərbaycandan əlavə qaz almaq istəyən daha üç ölkə – Rumıniya, Macarıstan və Slovakiya Sofiyaya müraciət ediblər.

Bolqarıstanda danışıqlar əsasən qaz və elektrik enerjisi tədarükünün həcmi və parametrləri, nəqliyyat, investisiya və digər sahələrdə əməkdaşlığın perspektivləri mövzusunda aparılıb. Yaranmış vəziyyətdən istifadə edən Sofiya Aİ-də Cənub-Şərqi Balkan və Şərqi Avropanın digər ölkələrinin boru xəttilə nəql olunan qazla təchiz edilməsində birləşdirici ölkə kimi, rolunu artırmağa çalışır. Bununla yanaşı, bu ölkədə Azərbaycanı etibarlı dost sayırlar. Çünki söhbət 14 il əvvəlki razılaşmanın reallaşdırılmasından gedir. Ötən illər ərzində tərəflər müəyyən olunmuş kursdan yayınmayıb, bu kursa sadiqlik nümayiş etdirib.

Bolqarıstan hələ ki, Aİ-nin Azərbaycandan elektrik enerjisi tədarük edən yeganə ölkəsidir. Bununla yanaşı, o, Azərbaycandan Avropanın digər ölkələrinə də elektrik enerjisinin nəqlində «qapı» rolu oynaya bilər.

Bakı ilə Sofiya arasındakı «enerji bağı» Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prinsipinə tam uyur. Söhbət tərəflər arasında 2022-ci ilin iyununda Bakıda imzalanmış enerji sahəsində əməkdaşlığa dair memorandumda nəzərdə tutulmuş prinsiplərdən gedir.

Oktyabrın 1-də Bolqarıstan Prezidenti Radev Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) rəsmi açılış mərasimindəki çıxışında Rumıniya, Macarıstan və Slovakiyanın Azərbaycandan qaz tədarükünü artırmaq istəyini Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin nəzərinə çatdırıb. Burada söhbət həm də qaz tədarükünün infrastrukturunun Mərkəzi Avropayadək uzadılmasından gedir.

Bakı bu təşəbbüsü dəstəkləyib. Sofiyada keçirilən mərasimdə çıxış edən Azərbaycan Prezidenti bildirib ki, Bakı artıq tərəfdaşları ilə TANAP-ın nəql gücünün 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın bu imkanının isə 10 milyard kubmetrdən 20 milyard kubmetrədək artırılmasına dair müzakirələrə başlayıb. Çünki bu təmin edilməzsə, əlavə həcmin tədarükü çətin olacaq.

Hazırda Avropa Komissiyasından bu ideyaya yalnız siyasi dəstək yox, həm də əlavə vəsaitin ayrılması tələb edilir. Güman ki, bununla bağlı qərar yaxın zamanlarda qəbul olunacaq.

 

Albaniya ilə Serbiya arasında

Enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi məsələsinə təxminən ayyarım sonra – noyabrın 15-də İlham Əliyevin Albaniyaya səfəri zamanı da toxunulub. Tərəflərin tərəfdaşları ilə birlikdə Trans-Adriatik qaz kəməri layihəsini uğurla icra etməsindən sonra Tirana ilə Bakı bu əməkdaşlığın davam etdirilməsi perspektivlərini nəzərdən keçirir. Yeri gəlmişkən, bu, Albaniya üçün daha vacibdir. Məsələ ondadır ki, bu Balkan ölkəsi alınan qazı öz qaz kəmərləri sistemi vasitəsilə məişət ehtiyacları üçün istifadə etməklə qaz tranzitindən benefisiarına çevrilmək istəyir.

Məlum olduğu kimi, Azərbaycanın SOCAR şirkəti Albaniyanın qazlaşdırılması layihəsində iştirak edir. Bu şəbəkənin qurulmasına yeni başlanılıb. Hesab olunur ki, artıq bir neçə il sonra Albaniya TAP vasitəsilə nəql edilən təbii qazdan elektrik enerjisinin istehsalı üçün istifadə edə, həmçinin digər sektorlarda enerji mənbələrini şaxələndirə biləcək.

Bundan başqa, Albaniya İon-Adriatik qaz boru kəməri (IAP) ideyasını onun TAP-a birləşdirilməsi vasitəsilə inkişaf etdirməyi də hədəfləyir. Albaniyanın magistral qaz kəmərləri sisteminin Çernoqoriya, Xorvatiya və Bosniya ilə birləşdirilməsi bu ölkənin regional qaz nəqli habına çevrilməsinə imkan verir. Bu isə onu Qərbi Balkanlarda və ümumilikdə Avropada geostrateji əhəmiyyətli ölkəyə çevirir.

Belə bir vəziyyətdə Azərbaycan münasibətləri intensivləşdirmək üçün Tiranada səfirliyin açılması haqda qərar qəbul edib. Bu, Bakının xarici siyasətində Albaniyanın rolunun artdığını təsdiqləyən daha bir amildir.

Balkanların Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini təsdiqləyən daha bir fakt Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyadan bir həftə sonra (noyabrın 23-də) Serbiyaya səfər etməsidir. Səfər iki ölkə arasındakı strateji əməkdaşlığa yeni məzmun qazandıran, onu daha yüksək səviyyəyə qaldıran vacib razılaşmaların imzalanması ilə yadda qalıb. Məsələn, iki ölkə prezidentləri «Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum» imzalayıblar və bu, ikitərəfli dialoqu əməkdaşlığın vacib istiqamətləri üzrə konkret qərarların qəbulu mərhələsinə daşıyır.

Güman olunur ki, tərəflər arasında enerji layihələrinin reallaşdırılmasının sürətləndirilməsi Serbiyanın enerji təhlükəsizliyini artıracaq vahid enerji infrastrukturunun yaradılmasına imkan verəcək.

Avropanın alternativ enerji mənbələrinə getdikcə daha çox ehtiyac duyduğu bir vaxtda Azərbaycan Avropa dövlətlərinə onlara sərf edən şərtlərlə neft, qaz və elektrik enerjisi təklif edir. Bundan əvvəl Serbiya ilə Azərbaycan Belqradın enerji resursları idxal etməsi ilə bağlı razılığa gəlmişdilər.

İlham Əliyevin Serbiyaya səfəri günü dövlət qaz şəbəkəsi operatoru olan «Bulqartransqaz» qaz kəmərinin Bolqarıstan hissəsinin tikinti xərclərinin ödənilməsi üçün Serbiyaya təxminən 49 milyon avro (50,6 milyon dollar) bank maliyyəsinin ayrılması üçün tender elan edib.

Tərəflər birgə layihələrin reallaşdırılması yolu ilə biznes əlaqələrinin fəallaşdırılması haqda da razılığa gəlib. Bunun üçün hüquqi əsas rolunu «Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Serbiya Respublikasının Serbiya İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu» oynayacaq.

Azərbaycanla Serbiya bir-birlərinə ərazi bütövlüyünün təmini məsələsində də dəstəyi davam etdirəcək. Bəzi məlumatlara görə, İlham Əliyev Tiranada olarkən Albaniya rəhbərliyinə Kosovo məsələsində Bakıdan dəstək ala bilməyəcəklərini göstərən fikirlər səsləndirib. O, bunu Belqradda da təsdiqləyib. Vuçiç Azərbaycan Prezidentinin bu mövqeyini yüksək qiymətləndirib.

Qeyd etmək lazımdır ki, Serbiya və Azərbaycan liderləri arasında şəxsi dostluq münasibətləri və qarşılıqlı inam da var. Bakı Azərbaycanın 1 nömrəli bortunun Serbiya HHQ tərəfindən müşayiət olunmasını, həmçinin aeroportda İlham Əliyevi Vuçiçin şəxsən qarşılamasını xüsusi ehtiram əlaməti kimi qiymətləndirib.

 

Rumıniyaya «yaşıl dəhliz»

Bir ay keçməmiş – dekabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev işgüzar səfərlə Rumıniyaya yollanıb. O, bu ölkəyə «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»in imzalanması mərasimi ilə bağlı keçiriləcək plenar iclasa qatılmaq üçün səfər edib.

Ötən il ərzində tərəflər arasında iqtisadi və enerji məsələləri ilə bağlı fəal əlaqələr olub. İyunda Rumıniyanın energetika naziri Vircil Popesku Bakıya səfər edib, elə həmin ay Azərbaycanda iqtisadi-ticari əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə birgə komissiyanın altıncı iclası keçirilib. Sentyabrda Buxarestdə keçirilən V Rumıniya Beynəxalq Qaz Konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov tərəflər arasında enerji sahəsində əməkdaşlığı genişləndirmək planından danışıb. Hazırda SOCAR bu ölkədə 67 yanacaqdoldurma məntəqəsinə malikdir və onların sayını, həmçinin müvafiq müəssisəyə investisiyanın həcmini artırmağı planlaşdırır.

Bununla yanaşı, IGB-nin istismara verilməsindən az sonra artıq 2023-cü ilin yanvarından Azərbaycan qazının Rumıniyaya nəqli ilə bağlı razılığa gəlinib. SOCAR-ın bu ölkədə fəaliyyətini genişləndirməsi potensialı da diqqət mərkəzində olub.

Azərbaycan Prezidentinin Rumıniyaya səfəri zamanı Azərbaycandan bu ölkəyə elektrik enerjisinin ixracı imkanları da detallı müzakirə edilib. Söhbət Gürcüstanla Rumıniyanı birləşdirəcək min meqavat gücündə 1195 kilometrlik kabelin çəkilişi layihəsindən gedir. Bu kabel Azərbaycanı Gürcüstanın Qara dəniz sahili ilə birləşdirən yüksək gərginlikli elektrik enerjisi xəttinin davamı olacaq.

Azərbaycanda yeni elektrik stansiyalarının, o cümlədən «yaşıl enerji» istehsal edən stansiyaların istismara verilməsi ilə ölkənin elektrik enerjisi ixracı potensialı əhəmiyyətli dərəcədə artır. 2021-ci ildə Azərbaycan rekord həcmdə – 1 milyard 673,4 milyon kVt/saat elektrik enerjisi ixrac edib. Ötən ilin 11 ayı ərzində isə bu həcm 2 milyard 546,8 milyon kVt/saat təşkil edib. Bu, 2021-ci ilin analoji dövrü ilə müqayisədə 83,6% çoxdur. Yəni söhbət ilin yekununa ixracın ikiqat artımından gedir.

Elektrik enerjisi təchizatında ciddi problemlər yaşayan Avropa İttifaqı ölkələri əlavə həcmdə enerji tədarükündə çox maraqlıdırlar. Bu vəziyyət Azərbaycanın maraqlarına tam cavab verir. Çünki o, enerji infrastrukturuna ciddi sərmayə qoyub və indi ölkənin gəlir mənbələrini şaxələndirmək imkanı yaranır.

 

Serbiyanın ümidləri

2022-ci ilin sonuna yaxın – dekabrın 20-21-də Serbiya Prezidenti Aleksandr Vuçiç də Azərbaycana işgüzar səfər edib. Əlaqələrin bu qədər intensiv olması Serbiyanın enerji təchizatı ilə bağlı vacib məsələlərin operativ çözülməsi zərurəti ilə izah olunur. Məlum olduğu kimi, hazırda Brüssel Belqrada təzyiqləri artıraraq, onun Rusiya ilə enerji sahəsində əməkdaşlığı məhdudlaşdırmasına çalışır. Serbiya ən yaxın vaxtlarda Moskvadan optimal qiymətlərlə aldığı neft, qaz və neft məhsullarından məhrum ola bilər. Belə bir vəziyyətdə Belqrad Azərbaycanın timsalında enerji sahəsində sabit tərəfdaş qazanmağa çalışır.

Bu səfər ərəfəsində Serbiyanın energetika naziri Dubravka Cedoviç bildirib ki, onlar Rusiya yanacağından asılılığı azaltmaq üçün bu ölkədən qaz tədarükü həcmində azalmaya getməyi düşünürlər. Bununla yanaşı, söhbət Azərbaycandan yanacaq tədarükü və Yunanıstanın terminalları ilə birləşmək üçün «yüz milyonlarla avroluq» layihələrdən gedir. Bunun üçün Bolqarıstanla interkonnektor tikilir. Serbiya lazımi vəsaiti əldə edə bilərsə, o, gələn il istismara veriləcək.

Məlumdur ki, Avropa İttifaqının 93 milyon avroluq qrantı Bolqarıstanla interkonnektorun tikilməsi xərcinin yalnız yarısını ödəyir. Əlavə transsərhəd boru xətlərinin çəkilişi üçün Serbiya Aİ-nin əlavə dəstəyinə ümid edir. Hər halda, bu, ölkəni vacib tranzit marşrutuna çevirə bilər.

Serbiya tərəfi Azərbaycandan Gürcüstandan keçməklə Qara dənizin dibi ilə Rumıniya və Macarıstana «yaşıl enerji»nin nəqlinə dair çoxdan əldə edilmiş razılaşmaya qoşulmaq niyyətini də ifadə edib. Azərbaycan Prezidenti bildirib ki, Azərbaycandan Serbiyaya elektrik enerjisinin nəqli ilə bağlı praktik addımların atılmasına artıq gələn ildən start veriləcək.

Ümumilikdə Belqrad yeni imkanlar şəraitində və qonşuların tələbatının getdikcə artması fonunda maksimum böyük həcmdə Azərbaycan qazı və elektrk enerjisi ehtiyatı toplamağa çalışır.

Səfər çərçivəsində iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu sahədə hər iki ölkənin potensialı var və ən yaxın vaxtlarda bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılacağı gözlənilir. Hər halda, səfər zamanı Serbiya prezidenti Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev ilə də görüşüb ki, bu da təsadüf deyil. Güman edilir ki, atıcı silahların birgə istehsalı və onların üçüncü ölkələrə ixracı sahəsində kooperasiya hərbi-texniki kontekstdə çoxplanlı əməkdaşlığın əsasına çevrilə bilər.

Bundan başqa, tərəflər enerji, yol tikintisi, kənd təsərrüfatı, nəqliyyat kimi sahələrdə investisiya layihələrinin reallaşdırılması imkanlarını da detallı müzakirə edib.

Serbiya ilə Azərbaycan bir-birinin ərazi bütövlüyü və suverenliyinə dəstəyi davam etdirir, bu isə onların siyasi dialoqunu daha da gücləndirir. Hər iki ölkə Aİ ilə fəal əməkdaşlıq edir, lakin daxili və xarici siyasətdə öz yanaşmalarından çıxış etməyə çalışır.

Azərbaycan Prezidenti Belqrad ilə Bakının ümumi yanaşmasını xarakterizə edərkən deyib: «Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır».

Azərbaycanın xarici siyasət vektorunun əsasını məhz beynəlxalq hüquq təşkil edir və onun Balkan regionu istiqamətində əlaqələri sürətlə inkişaf etdirməsi də buna parlaq nümunədir.



MƏSLƏHƏT GÖR:

115