26 Dekabr 2024

Cümə axşamı, 08:52

2023-CÜ İLƏ ÜMİDLƏRLƏ

Gözləntilərə baxmayaraq, 2022-ci il Azərbaycanla Ermənistan arasında tam sülhə nail olunmasında dönüş ili olmadı

Müəllif:

01.01.2023

Ötən il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar prosesinin inkişafı nöqteyi-nəzərindən ən dinamik illərdən biri oldu. Qeyd etmək lazımdır ki, danışıqlar üç beynəlxalq (Moskva, Vaşinqton və Brüsselin vasitəçiliyi ilə) və üç tematik trek (sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin kommunikasiyaların və iqtisadi əlaqələrin qurulması) üzrə aparılıb.

Lakin təəssüf ki, danışıqların intensivliyi onların səmərəliliyi anlamına gəlmir. Ermənistan tərəfi istiqamətlərdən heç biri üzrə ciddi nəticənin əldə olunmaması üçün himayədarlarının köməyi ilə əlindən gələni etdi. Halbuki Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərini geri qaytarmasının üzərindən artıq iki il keçir.

 

Ermənistan əngəl kimi

2022-ci ilin əvvəllərində bu prosesdə Avropa treki ən ümidverici istiqamət kimi görünürdü. Bu çərçivədə Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Avropa İttifaqının rəhbəri formatında 4 görüş keçirilib. Şarl Mişel prosesdə o qədər fəallıq göstərirdi ki, tərəflərin artıq 2022-ci ildə sülh müqaviləsinin mətnini razılaşdıracağı, hətta mümkün olacağı təqdirdə onun Brüsseldə imzalanacağı belə, gözlənilirdi. Lakin ilin sonlarına yaxın, ən məsuliyyətli anda Fransa prezidenti Emmanuel Makron prosesə mane oldu. O, Azərbaycanın ünvanına bir sıra absurd ittihamlar səsləndirməsi azmış kimi, Brüssel formatında keçiriləcək növbəti – beşinci raundda vasitəçi kimi (!) iştirak etməyə hazır olduğunu bildirdi. Bu raund dekabrın 7-də baş tutmalı idi. Lakin Azərbaycan tərəfi bu görüşdən məlum səbəblərə görə imtina etdi. Avropa diplomatiyası isə Fransa rəhbərinə onun davranışlarının, Avropa İttifaqının son dərəcə diqqətlə təşkil etdiyi danışıqlar prosesinə ədəbsiz müdaxiləsinin yolverilməzliyini izah etməkdə gücsüz qaldı. Beləliklə, Avropa treki iflasa uğradı.

Başı Ukraynada hərbi əməliyyatlara qarışmış Rusiya ilin əvvəlində diplomatik fəallıq göstərmirdi. Lakin yayda Moskva Bakı-İrəvan danışıqlarında passivliyin onun təşəbbüsü əldən verməsi ilə nəticələnə biləcəyinə gətirib çıxaracağını anladı. Başqa sözlə, Moskvada öz sözləri ilə desək, təşəbbüsü avropalı tərəfdaşların ələ almaqda olduğunu gördülər. Buna imkan verilməməsi üçün yayda kommunikasiyaların açılması üzrə komissiyanın həmsədrləri formatında görüşlər bərpa edildi və bu formatda da danışıqlar ilin sonunadək müəyyən fasilələrlə davam etdirildi. Amma bu görüşlər də xüsusi nəticə vermədi. Yalnız ilin sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin ilə KTMT-nin İrəvanda keçirilən sammiti zamanı apardığı danışıqlardan sonra hansısa impulslar haqda qarışıq fikirlər söylədi. Amma tezliklə bu da hamının yadından çıxdı, çünki «yerlərdəki vəziyyət» bu impulsların qiymətləndirilməsinə imkan vermədi.

Bütün bunların fonunda dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfər də edib. Səfər çərçivəsində Bayramov-Lavrov-Mirzoyan formatında üçtərəfli danışıqların aparılması nəzərdə tutulsa da, görüş ikitərəfli olub. Çünki ən son anda Mirzoyan Rusiya sülhməramlıları və Azərbaycan tərəfinin Laçın dəhlizindəki fəaliyyətindən narazılığını bildirərək, Moskvaya yollanmaqdan imtina edib. Başqa sözlə, erməni tərəfi görüşün təşkilatçısına qarşı demarş edərək, üçtərəfli danışıqları pozub.

Beləliklə, Ermənistan danışıqları ikinci dəfə pozub – əvvəl Brüssel, sonra isə Moskva danışıqlarını. Bununla da, o, regionda dayanıqlı sülhə nail olunmasını əngəlləyib.

Xatırladaq ki, nazirlərin Moskva görüşü sülh müqaviləsinə dair məsələlərin razılaşdırılması çərçivəsində üçüncü görüş olmalı idi. Əvvəlki danışıqlar Cenevrə (2 oktyabr) və Vaşinqtonda (7 noyabr) keçirilmişdi.

Erməni tərəfinin demarşı hazırda Moskvanın danışıqlar prosesindəki mövqeyini kifayət qədər zəiflətməyə nail olmuş qərbli vasitəçilərin «gözünə girməyə» hesablanmış ola bilər. Hər halda, Ararat Mirzoyanın elə həmin gün Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə telefon danışığı aparması, regiondakı mövcud vəziyyəti müzakirə etməsi təsadüf sayıla bilməz.

 

Ziddiyyətlər fonunda sülh axtarışı

Bütün bunlar Rusiya və Azərbaycanın XİN başçılarının yaranmış vəziyyəti müzakirə etmələrinə mane olmayıb. Məsələn, tərəflər kiminsə regiona hər hansı müşahidə missiyasının göndərilmək səlahiyyətinin olmadığı haqda razılığa gəliblər. Xatırladaq ki, İrəvan birtərəfli şəkildə buna çalışır. Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel də Brüsselin Ermənistan-Azərbaycan sərhədinə uzunmüddətli mülki missiya göndərməyə hazır olduğunu bildirib. Brüsselin bu niyyəti Azərbaycan və Ermənistan liderlərinin Aİ rəhbərinin vasitəçiliyi ilə Praqada əldə etdikləri razılığa ziddir. Həmin razılaşmaya görə, missiya fəaliyyətini dekabrın 19-da başa vurmalı idi.

Maraqlıdır ki, Praqa razılaşması Bakının iştirakı ilə əldə edilmişdisə, son qərarın qəbulu zamanı Azərbaycan tərəfinin rəyi nəzərə alınmayıb. Düşünmək olar ki, Avropa diplomatiyası Fransanın təsiri altında fəaliyyət göstərir. Məsələ ondadır ki, Ermənistana Aİ missiyasının göndərilməsi ideyası məhz Makrona məxsusdur. Məlum olduğu kimi, bu ideya İrəvan tərəfindən dəstəklənsə də, Bakı onu rədd edib. Azərbaycan sözügedən missiya ilə yalnız zərurət yaranacağı halda əməkdaşlığa razılıq verib.

Ermənistanın siyasi rəhbərliyi üçün fəaliyyətini müsbət qiymətləndirdiyi bu missiyanın Rusiyanın regiondakı nüfuzu ilə balans yaratması vacibdir. Bundan əvvəl Paşinyan KTMT katibliyinin sərhədə müşahidə missiyası göndərmək təklifini rədd etmişdi. Beləliklə, güman etmək olar ki, Avropa xətti özündə Fransa-Ermənistan tandeminin maraqlarını əks etdirir. Bu isə iki əsas hədəfə hesablanıb: Rusiyanı Azərbaycanla sərhəd problemlərinin həllindən uzaqlaşdırmaq və Ermənistanla danışıqlarda mümkün güzəştlərə getməsi üçün Bakıya təzyiq göstərmək.

Bakı ilə Moskva isə bu vəziyyəti fərqli mövqelərdən qiymətləndirsələr də, bu yanaşma onların hər ikisi üçün qəbuledilməzdir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, «Praqada Azərbaycan və Ermənistanın adından sülh müqaviləsi üzərində işlərin bir sıra əsas prinsiplərə, o cümlədən BMT Nizamnaməsinə və 1991-ci ilin dekabrında imzalanmış Almata bəyannaməsinə əsaslanacağı təsdiqlənib. Bu yanaşmada – bu gün biz də bundan danışdıq – mən artıq sülh müqaviləsinin hazırlanması üzərində peşəkar işə başlanılmasına hər hansı ciddi maneə görmürəm. Çünki məncə bu halda sülh müqaviləsinin bütün komponentləri yer alır».

Ümumilikdə bu yanaşmaya Azərbaycan tərəfi də etiraz etmir. Vasitəçilər arasındakı ziddiyyətlərdən istifdə edərək özü üçün daha əlverişli şərtlər «qoparmağa» çalışan İrəvanın mövqeyi isə danışıqlar prosesinin gələcəyi ilə bağlı ciddi qeyri-müəyyənlik yaradır.

 

Yekun sammit

MDB-nin dekabrın 26-27-də Sankt-Peterburqda keçirilmiş qeyri-formal sammiti oktyabrda Astanada təşkil olunmuş görüş kimi, yalnız beynəlxalq məsələlərdə deyil, həm də Birliyin məsuliyyət zonasında son dərəcə ciddi qarışıqlıq fonunda baş tutub. İrəvan-Bakı münasibətlərinin həll olunmamış qalması, Qırğızıstanla Tacikistan arasında davam edən münaqişə, həmçinin davam edən Rusiya-Ukrayna müharibəsi MDB-nin gündəliyini son dərəcə çətinləşdirib. Ekspertlər bu qurum haqda artıq çoxdandır ki, keçmiş Sovet respublika liderlərinin mövcud və aktual siyasi və iqtisadi məsələləri müzakirə etdikləri klub kimi danışır. Amma xoş arzular, əməkdaşlığın vacibliyinə dair formal ifadələrlə yanaşı, iştirakçıların bir-birinin ünvanına kifayət qədər sərt iradlar səsləndirməsi üzündən bu müzakirələr heç də asan keçmir.

Məlum olduğu kimi, MDB-nin keçən sammitində Azərbaycan Prezidenti üç əsas trek üzrə (sülh müqaviləsinin imzalanması, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, həmçinin yolların açılması, iqtisadi əlaqələrin qurulması) danışıqlar prosesini bacardığı qədər uzadan Ermənistanın ünvanına sərt tənqidlər səsləndirib. Bütün bu istiqamətlər üzrə aktiv dinamika müşahidə edilsə də, onların heç biri üzrə ciddi irəliləyişə nail olunmayıb. Səbəb isə məsələyə Ermənistan tərəfindən kənar qüvvələrin, xüsusilə Fransanın fəal müdaxiləsi, həmçinin 44 günlük müharibədən sonra Cənubi Qafqazda gedən miqyaslı proseslərə mane olmağa çalışan İrəvanın hədsiz iddialarıdır. Söhbət yeni transregional nəqliyyat kommunikasiyalarının və «3+3» formulu üzrə yeni əməkdaşlıq formatının yaradılmasından gedir.

MDB-nin son qeyri-formal sammitində postmünaqişə nizamlanması mövzusuna Astanadakı qədər diqqət ayrılmasa da, güman ki, tədbirin kluarlarında bu mövzu fəal şəkildə müzakirə olunub. Lakin mövcud ziddiyyətlər fonunda tərəflərin ümumi məxrəcə gəldiyini düşünmək çətindir.

Yeri gəlmişkən, MDB-nin Sankt-Peterburq sammitinin yekununda yalnız Rusiya Prezidenti Vladimir Putin qısa bəyanatla çıxış edib. O, bildirib ki, qeyri-formal sammit çərçivəsində «üç lider – Rusiya, Azərbaycan və Ermənistan liderləri ali səviyyədə görüş keçirə biliblər».

«Üçlükdə söhbətləşə bildik. Əlbəttə ki, əsas məsələ ümumilikdə Cənubi Qafqazda vəziyyətin, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərini, Qarabağla əlaqədar hər şeyin sahmana salınmasıdır», - deyə Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib: «Odur ki, razılaşdığımız kimi, bu məsələləri detallı müzakirə edəcəyik».

Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, söhbət tamformatlı üçtərəfli danışıqlardan getmir. «Hamı danışıb. Tamformatlı danışıqlar (Putin, Əliyev və Paşinyan arasında – red.) olmayıb», - deyə o, qeyd edib.

Avropa ilə Rusiyanın vasitəçiliyindəki problemlər fonunda Amerikanın səyləri daha uyğun şərtlərdə həyata keçirilib. Vaşinqton nəinki Bakı və Yerevanla fəal əlaqə imkanlarını özündə saxlayıb, həm də Moskva və Brüssel treklərində danışıqların «yerində addımlamasından» istifadə edərək, tərəflərə onun vasitəçiliyi ilə razılığa gəlmək təklifini verib. Dekabrın sonunda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə telefon danışıqları aparıb. Sallivan onlarla son gərginlikləri müzakirə edib, tərəfləri gərginliyin azaldılması üzərində işləri davam etdirməyə çağırıb.

XİN başçıları səviyyəsində növbəti görüş və ya digər kommunikasiyalar haqda müzakirələrin aparılıb-aparılmadığı hələ ki, bəlli deyil. Amma bu variantın mümkünlüyünü də istisna etmək olmaz. İstənilən halda, görünən odur ki, Yerevanın destruktiv davranışları nəticəsində region növbəti qeyri-müəyyənlik ilinə qədəm qoyur. Onun münasibətlərin normallaşması prosesi nöqteyi-nəzərindən necə keçəcəyini tezliklə görəcəyik.



MƏSLƏHƏT GÖR:

119