24 Noyabr 2024

Bazar, 10:49

«DONDURULMUŞ» DRAM

Dnestryanı münaqişə yeni eskalasiya mərhələsinə qədəm qoyur?

Müəllif:

15.01.2023

2022-ci ilin sonlarında tanınmamış «Dnestryanı Moldova Respublikası» («DMR») ətrafında vəziyyət qarışıb. Söhbət Moldova Respublikasının ərazisindəki separatçı qurumdan gedir. Orada hadisələr Rusiya ilə Qərb arasında Kişineuya təsir imkanları uğrunda mübarizənin kəskinləşməsi fonunda baş verir və bu, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin gedişi ilə birbaşa bağlıdır.

 

Separatçılığa qarşı dəyişikliklər

Eskalasiyanın nümunəsi kimi, Moldova parlamentinin Cinayət Məcəlləsinə bir sıra yeni maddələrin əlavə edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul etməsini göstərmək olar. Yeniliklər arasında «Separatçılıq» və «Moldovaya qəsd» kimi maddələr də var. Bununla yanaşı, Moldova Cinayət Məcəlləsinə «anti-konstitusion subyekt», «tanınmamış hakimiyyət», həmçinin «qeyri-qanuni informasiya strukturu» kimi anlayışlar da salınır. Eyni zamanda yeni layihədə «Moldovanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə zərər verəcək informasiyanın toplanılması və ya oğurlanması»na görə cəza da nəzərdə tutulur.

Bu dəyişikliklərin ilk növbədə, Dnestryanı bölgədə separatçılığın qarşısının alınmasına hesablandığı şübhə doğurmur. «DMR» tərəfindən məsələyə dərhal reaksiya verilməsi də bunun nəticəsidir. Separatçı qurumun «Ali Sovetinin xarici siyasət və beynəlxalq əlaqələr komissiyası»nın Moldova parlamentinə müraciətində son oxunuşda qanun layihəsinin təsdiqlənməməsi istənilib. «Komissiya» bildirib ki, sənədin təsdiqlənəcəyi təqdirdə «DMR» «mümkün cavab tədbirləri görməyə» hazırdır.

Moldovalı parlamentariləri Moskva da tənqid edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, «separatçılıq» və «anti-konstitusion subyekt»lə bağlı dəyişikliklər «tərəflər arasında aparılan danışıqlar prosesində qarşılıqlı inamı artırmır». Moskvada hesab edirlər ki, bu dəyişikliklər «Tiraspol-Kişineu danışıqlarının baza prinsipi – tərəflərin bərabərhüquqluluğu prinsipinə ziddir».

Rusiyanın məsələyə reaksiyası bir faktı növbəti dəfə təsdiqləyib: Moldova ətrafında baş verənlər postsovet məkanının Avropa hissəsində gedən amansız geosiyasi mübarizənin tərkib hissəsidir. Bu hadisəyə istər Moldovanın geosiyasi oriyentasiyasından, istərsə də Rusiya-Qərb münaqişəsində əsas meydana çevrilmiş Ukrayna müharibəsindən kənar yanaşmaq mümkün deyil.

Maya Sandunun Moldova prezidenti seçilməsi ilə ölkə Avropa İttifaqı və ABŞ ilə yaxınlaşma siyasətini daha da gücləndirib. Kişineunun Avro-Atlantik məkana inteqrasiya kursu özünü onun Qərb ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığının dərinləşməsində də göstərir. 2022-ci ildə Aİ Moldovanın silahlanmasına təxminən 50 milyon avro xərcləyib. Kişineuda Şimali Atlantika Alyansı ilə əlaqələr üzrə büro və informasiya mərkəzi də fəaliyyət göstərir. Üstəlik, Moldova ərazisində NATO ölkələrinin hərbi kontingentlərinin iştirakı ilə hərbi təlimlər davamlı prosesə çevrilib.

Ötən il noyabrın sonunda Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku NATO üzvü olan ölkələrin XİN başçılarının Buxarestdə keçirilən toplantısında iştirak edib. Dekabrın ortalarında isə Kişineuda «Dəyişən təhlükəsizlik şəraitində NATO ilə tərəfdaşlığın inkişafı» adlı beynəlxalq konfrans təşkil olunub. Tədbirin gedişində NATO baş katibinin müavini Mirça Coane bildirib ki, Alyans «Rusiyanın artan təzyiqi qarşısında Moldovanın dayanıqlılığının möhkəmlənməsi üçün lazımi yardımları davam etdirəcək». Bundan başqa, Müdafiə Potensialının Artırılması Təşəbbüsü (DCBI) çərçivəsində Moldova ordusunun müasirləşdiriləcəyi də elan olunub. Bununla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya və Rumıniya Kişineuya ayrı-ayrılıqda konkret hərbi yardımlar göstərir.

Qərbin Moldovanın müdafiə qabiliyyətini artırmasına yardımını istər Kişineuda, istərsə də Avro-Atlantik mərkəzlərdə bu ölkənin Rusiyanın təcavüzünə məruz qalma riski ilə əsaslandırırlar. Bununla yanaşı, Rusiya ordusunun Dnestryanı bölgədəki «quru dəhlizini bağlamaq» imkanına xüsusi diqqət yetirilir. Aydındır ki, söhbət dəhlizin Ukrayna ərazisi vasitəsilə mümkün qapadılmasından gedir.

Moskva isə təbii ki, baş verənləri dəstəkləmir. Əvəzində, o, Popeskunun Moldovanın müdafiə imkanlarını artırmalı olduğuna, bu işdə Kişineunun xüsusilə Rumıniya, Almaniya və Fransa ilə hərbi əməkdaşlığa arxalandığına dair bu yaxınlarda verdiyi açıqlamaya münasibət bildirib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Kişineunun NATO ölkələri ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı gücləndirməsi «daha çox Moldovanın özünün təhlükəsizliyinin ziyanına olan amildir». «Təcrübə göstərir ki, bu və ya digər ölkənin düşünülmədən Qərb silahları ilə doldurulması, onların ərazisində NATO kontingentinin yerləşdirilməsi nəinki bu ölkələrin təhlükəsizliyini, suverenliyini möhkəmləndirmir, əksinə, onları fəlakətə yaxınlaşdırır», - deyə Qaluzin qeyd edib.

Beləliklə, Moskva demək istəyir ki, o, Moldovanın Qərblə yaxınlaşması ilə barışmaq niyyətində deyil və bu prosesə qarşı getmək əzmindədir. Bu işdə Rusiyanın əsas aləti isə «DMR» olaraq qalır.

 

Yol ayrıcında

Əsasən Dnestr çayının sol sahilində yerləşən, əhalisi ruslar, ukraynalılar və moldovanlardan ibarət «DMR» 1990-cı ildə Sovet İttifaqının guya «Rumıniyanın hücumu» təhlükəsi haqda təbliğatı fonunda yaradılıb. Moldova isə faktiki olaraq ərazisinin bir hissəsinin ondan ayrılması ilə barışmayıb və tezliklə bölgədə Rusiya hərbçilərinin də birbaşa iştirakı ilə hərbi əməliyyatlar başlayıb. Nəticədə, mindən artıq insan həlak olub və 1992-ci ilin yayında «Moldova Respublikasının Dnestryanı bölgəsindəki silahlı münaqişənin sülh yolu ilə həlli prinsipləri haqqında» razılaşma imzalanıb. Sənədə əsasən, Rusiya «sülhməramlı» statusunda çıxış etməyə başlayıb və regiona hərbi kontingent göndərib. O vaxtdan münaqişənin həlli üçün «5+2» sxemi əsasında danışıqlar aparılır: Moldova ilə «MDR» münaqişə tərəfləri, Rusiya, Ukrayna və ATƏT vasitəçilər, Aİ ilə ABŞ isə müşahidəçilər qismində çıxış edir. Amma bu danışıqlar hələ də heç bir nəticə verməyib. Beləliklə, Dnestryanı bölgə 30 ildir ki, Kişineunun nəzarətində deyil.

Moldova prezidenti Maya Sandu birmənalı olaraq qərbpərəst siyasətçidir. O, Kişineunun siyasi kursunda rusiyapərəst xəttin tam ləğvinə nail olmasa da, kifayət qədər zəifləməsi üçün əlindən gələni edir. Moldova hökuməti Rusiya qoşunlarının dislokasiya olduğu və rusiyapərəst administrasiyanın fəaliyyət göstərdiyi «DMR»in mövcudluğunu tamamilə haqlı olaraq, ölkənin Avropa İttifaqına inteqrasiyasına maneə sayır. Odur ki, Sandu hər imkanda Rusiya qoşunlarının Moldovadan çıxarılmasının vacibliyini dilə gətirir. Cavabında «DMR»in separatçı rəhbərliyi Rusiyanın tərkibinə daxil olmaq niyyətini ifadə edir. Təbii ki, onlar bunu Moskvanın dəstəyi ilə edir. Yeri gəlmişkən, Rusiya «DMR» ətrafında eskalasiya təhlükəsinin yarandığını kifayət qədər açıq ifadə edir. Hər halda, onun xarici işlər naziri Sergey Lavrov son bəyanatlarından birində «Moldova hökumətinin Dnestryanı bölgə ilə danışıqlar aparmaq istəməməsi»ni sərt tənqid edib, bildirib ki, Kişineu «məsələni qeyri-diplomatik yolla çözməyi düşünür».

Bununla yanaşı, bu tezisi praktik olaraq təsdiqləyən heç bir dəlil yoxdur. Başqa sözlə, Kişineunun Dnestryanı bölgə üzərində nəzarəti güc yolu ilə bərpa etməyə hazırlaşdığını göstərən əlamətlərə rast gəlmək mümkün deyil. Bunun əsas səbəbi isə sadədir: prezident Sandunun da bu yaxınlarda açıq şəkildə ifadə etdiyi kimi, Moldova döyüş qabiliyyətli orduya malik deyil. Görünən isə odur ki, bu vəziyyəti Qərbin hərbi köməyi belə, ən azı yaxın perspektivdə dəyişməyəcək. Üstəlik, Moldova ictimaiyyətinin böyük hissəsi də məsələnin dinc yolla həllini istəyir. Ölkə rəhbərliyinin fərqli mövqedə olduğunu düşünmək üçün heç bir əsas yoxdur.

Nəhayət, Moldovanın hərbi yola əl atmasına mane olan daha bir vacib məqam var. Bu, onun Rusiyadan enerji asılılığıdır. Prezident Sandu qaz mənbələrini şaxələndirməyə çalışsa da, Rusiyanın «Qazprom» şirkəti Moldovanın əsas «mavi yanacaq» tədarükçüsü olaraq qalır.

Amma bütün bu amillər Kişineunun ərazi bütövlüyünü bərpa etmək niyyətində olmadığı anlamına gəlmir. Əgər o, bölgənin yalnız dinc yolla reinteqrasiyasına çalışırsa, öz torpaqlarını hərbi yolla azad etmək niyyətini ifadə etmirsə, bu, o demək deyil ki, Kişineu Dnestryanı bölgə üzərindəki suveren hüquqlarından imtina etməyə hazırdır. Bunu təsdiqləyən amillərdən biri də onun Moskvadan mütəmadi gələn bir mesajı rədd etməsidir: Kişineunun birdəfəlik Rusiyanın nüfuz dairəsinə daxil olması halında Moskva Moldovanın ərazi bütövlüyünü tanımağa hazırdır.

Moldova siyasi elitasının qərbpərəst hissəsi Dnestryanı problemin Rusiya-Ukrayna müharibəsinin nəticələri kontekstində həllinə bel bağlayır. Bu savaşın tezliklə həll olunacağı isə hələ ki, gözlənilmir. Maya Sandu düşünür ki, Ukraynanın bu savaşdan qalib ayrılacağı təqdirdə Dnestryanı problemin həlli üçün də imkanlar açılacaq. Kişineunun əsas ümidi isə Rusiyanın Moldova ərazisindəki hərbçilərini oradan çıxarmaq məcburiyyətində qalma ehtimalınadır. Moldovada düşünürlər ki, bu halda onu BMT və ya Aİ missiyası əvəzləyə bilər.

Moskva Moldovadakı bu əhvalı reaksiyasız qoymur. Onun Cinayət Məcəlləsinə separatçılıqla bağlı maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsinə reaksiyası da bu qəbildəndir. İndi Kreml Sandunun siyasətindən narazılığını daha aydın ifadə edir. Üstəlik, belə bir vəziyyətdə Ukrayna Dnestryanı bölgənin işğaldan azad olunmasında Moldovaya yardım göstərməyə hazır olduğunu bildirir…



MƏSLƏHƏT GÖR:

117