24 Noyabr 2024

Bazar, 11:19

ERMƏNİSTAN CAVAB VERMƏLİ OLACAQ

İlham Əliyev Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı məsələni gündəliyə qaytarır

Müəllif:

15.01.2023

Dünya tarixində hazırkı və istefada olan siyasətçilərin istər həmin dövrdə, istərsə də sonradan tarixi adlandırılan bir çox çıxışları olub. Onların tarixə «müsbət», yoxsa «mənfi» çıxış kimi düşməsi məsələsi ilə mübahisəlidir. Buraya Uinston Çörçillin Fultonda etdiyi və «soyuq müharibə»nin başlanğıcı hesab olunan çıxışını, Roneld Reyqanın ABŞ-ın Milli Yevangelistlər Assosiasiyası qarşısında 1983-cü il martın 8-də etdiyi və SSRİ-ni ilk dəfə «şər imperiyası» adlandırdığı çıxışını və s. aid etmək olar. Nəhayət, Vladimir Putinin 2007-ci ildə Münhen konfransındakı çıxışı bu qəbildəndir. Siyahını sonsuzluğadək uzatmaq olar.

Gələcəkdə tarixçilərin Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı qarşısında etdiyi çıxışı da bu cür qiymətləndirəcəklərinə şübhə yoxdur. Dövlət başçısı orada yürüdülən siyasətin yeni strateji istiqamətini aydın və birmənalı ifadə edib: ölkəmiz Qərbi Azərbaycandan, yəni müasir Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmalarına nail olmaq üçün əlindən gələni edəcək.

 

Unudulmuş faciə və real xronologiya

Ola bilsin ki, Qərbi Azərğbaycanın tarixi torpaqlarından qovulmuş azərbaycanlıların taleyi haqda söhbətlərə «janr qanunlarına» əsasən, daha əvvəl, hələ Xankəndidə (o zaman «Stepanakert» adlanırdı) «miatsum» şüarı ilə mitinqlərin başlaması ilə Ermənistandanilk azərbaycanlı qaçqınların Azərbaycana üz tutmağa başladığı dövrdə başlanılmalı idi. O zaman Sovet Ermənistanı etnik təmizləməyə dərrakəli şəkildə başlamışdı. Rəsmi İrəvan, sadəcə, mağara millətçiliyinə göz yummurdu – burada Azərbaycanla Ermənistan arasında «Qobl planı» da daxil olmaqla, ərazi mübadiləsi planı da beşikdəcə boğulurdu. Üstəlik, Azərbaycanın Ermənistanda yaşayan azərbaycanlılara DQMV-yə bərabər muxtariyyətin verilməsi təklifinin də qarşısına sədd çəkilirdi. İrəvan «xalq yoxdursa, problem də yoxdur» prinsipi ilə hərəkət edirdi. Bu sürgünün qansız-qadasız olmadığını isə yəqin ki, xatırlatmağa ehtiyac yoxdur. Ermənistanda qətlə yetirilmiş azərbaycanlıların sayı rəsmən açıqlanmasa da, müstəqil mənbələr onların sayının qocalar, qadınlar və uşaqlar da daxil olmaqla, 200-ü ötdüyünü bildirir…

Qərbi azərbaycanlıların qorxulu taleyi son dövrlərədək «naməlum faciə» olaraq qalırdı. Sumqayıt hadisələr haqda danışmaqdan tənbəllik etməyənlər təxribatın detallarına varmadan, mümkün qədər «ağlayıb». Lakin Azərbaycan kənarda yüklərlə öldürülmüş, yüz minlərlə sürgün olunmuş azərbaycanlının taleyi isə görünür, heç kimi maraqlandırmayıb.

Qərbi Azərbaycandan olan ziyalılar qarşısında çıxış edən İlham Əliyev müasir Ermənistan ərazisindən azərbaycanlıların yaşadıqları faciənin xronoloji çərçivəsini əhəmiyyətli dərəcədə böyüdüb. Dövlət başçısı azərbaycanlıların Ermənistandan İkinci Dünya müharibəsindən sonra – 1948-1953-cü illərdəki deportasiyasını da xatırladaraq, bunu Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı cinayəti adlandırıb. Beləliklə, göründüyü kimi, 1988-1991-ci illərdə Ermənistandan azərbaycanlıların qovulması prosesinin son mərhələsi olan etnik təmizləmə yeganə epizod deyil. Tarixçilər azərbaycanlıların 1944-cü ildə Vedibasardan deportasiya olunduğunu, Andranikin 1918-1920-ci illərdə Zəngəzurda törətdiyi qanlı reydləri, 1905-ci il qətliamını da xatırladır…

Sadalanan faktlar Azərbaycana yalnız erməni millətçilərini deyil, həm də SSRİ rəhbərliyini ittiham etmək üçün kifayət qədər əsas verir. Bu, 1988-1991-ci illərdə həyata keçirilmiş etnik təmizləməyə də aiddir. Bəli, 1946-1953-cü illərdən fərqli olaraq, azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı Kremldən birbaşa göstəriş olmayıb. Lakin müttəfiq mərkəzin bu dəfə də azərbaycanlılara qarşı talanların qarşısının alınması istiqamətində heç bir addım atmadığı faktdır. Üstəlik, baş verənlər fonunda əvvəlcə xüsusi, sonra isə fövqəladə vəziyyət İrəvanda yox, Bakıda elan olunmuşdu. Qanunsuz erməni silahlı dəstələrinin tərk-silah olunması istiqamətində də heç bir tədbir görülməmişdi. Amma bütün baş verənləri görmək, «fikir vermək» istəməyiblər. Nəhayət, Azərbaycan Prezidenti hər kəsə göstərib ki, heç nə unudulmur!

 

«Azərbaycan məsələsi»nin coğrafiyası

Köklü dəyişiklik özündə «Qərbi Azərbaycan» terminindən istifadəni də əks etdirir. Nəzəri baxımdan ən azı ekspertlərin bir hissəsində Azərbaycanın azərbaycanlıların Qərbi Zəngəzura qaytarılması məsələsini qaldıra biləcəyi fikri yarana bilər. Söhbət Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı hissəyə düşən ərazisindən gedir. Bu ərazilər Ermənistana ötən əsrin iyirminci illərində, Azərbaycanın «sovetləşdirilməsindən» sonra verilib. Lakin indi İlham Əliyevin sözlərindən məlum olur ki, söhbət yalnız Zəngəzurdan getmir. Bakı azərbaycanlıların praktik olaraq, bütün Ermənistan ərazisinə qayıtmasına nail olmaq niyyətindədir.

Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığı, çətin ki, kimin üçünsə sirr və ya təəccüblü xəbər olsun. Ermənistan Respublikasının bu gün yerləşdiyi torpaqlarda XIX əsrin birinci yarısına qədər ermənilərin sıx yaşamasına rast gəlinməyib. Yəni, bu Azərbaycan torpaqlarına İran və Osmanlı imperiyasından ermənilərin köçürülməsinə yalnız bölgənin Rusiya imperiyasına daxil edilməsi və orada «Erməni vilayəti»nin yaradılmasından sonra başlanılıb. Bu arzulanmaz faktları Ermənistan, təbii ki, daim yaddaşlardan silməyə çalışıb və çalışır. Məhz bu məqsədlə bölgənin tarixi toponimləri də məhv edilib. Əgər rus hərbi topoqrafları tərəfindən iki əsr əvvəl hazırlanmış xəritələrdə bir dənə də erməni adına rast gəlinmirsə, bu gün müasir Ermənistanın xəritəsində tarixi türk adlarının uydurma erməni adları ilə əvəzləndiyini görürük. Məsələn, Göyçə gölü «Sevan»a, Zəngi çayı «Razdan»a, Basarkeçər «Vardenis»ə, İstisu «Cermuk»a çevrilib və s. Müasir Ermənistan şəhərlərinin tarixi memarlığı da məhv edilib. Bu, ilk növbədə, paytaxt İrəvana aiddir. Bu şəhərin mərkəzi Azərbaycan mənşəli olduğu aşkar bilindiyi üçün yer üzündən silinib. Buradakı Sərdar sarayı, İrəvan qalası, 7 məsciddən 6-sı evlər, hamamlar dağıdılıb… Bu gün erməni «şəhərsalma mütəxəssisləri» tarixi şəhərin son guşəsinin məhvinə girişiblər. Söhbət azərbaycanlıların Təpəbaşı məhəlləsindən gedir – o, «Kond» adlandırılıb.

 

Yeni qayıdış strategiyası

Bakı isə indi yalnız tarixin çətin səhifələrini vərəqləməklə məşğul deyil. Azərbaycan Prezidenti, əslində, «İkinci Böyük Qayıdış» proqramının anonsunu verib. Bu dəfə söhbət tarixi Azərbaycanın qərbinə qayıdışdan gedir. Bakıda bildirirlər ki, buna dinc, diplomatik üsullarla nail olunacaq.

Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfüqar jurnalistlərə Ermənistanda aparılmış etnik təmizləmədən əziyyət çəkənlərə dəymiş ziyan və onların qeydiyyatı ilə bağlı açıqlamasında deyib: «Son deportasiya (1988-1991) çox da uzaq olmayan keçmişdə baş verdiyindən, biz prosesə həmin dövrdən başlamışıq ki, işimiz sürətli getsin. Hazırda həmin dövrdə azərbaycanlıların yaşadığı 300 yaşayış məntəqəsindən 150-dən çox insanın qeydiyyatı aparılıb. İşlər davam etdirilir». Onun sözlərinə görə, ayrıca olaraq, doğma torpaqlarından əvvəlki dövrlərdə (1905, 1918-1920, 1948-1953) deportasiya olunmuş şəxslərin və onların nəslindən olan insanların da qeydiyyatı aparılır.

Bu işlər qayıdış prosesinə hazırlığın vacib hissəsidir. Azərbaycan bu işdə beynəlxalq konvensiyalara əsaslanaraq, dinc xarakterli addımlar atacaq. Bunu Prezident İlham Əliyev də təsdiqləyib. Qanuna və vicdana əsasən, etnik təmizləmə qurbanları və onların övladlarının qayıdışına hüququ kağız üzərində deyil, fakt olaraq zəmanət verilməlidir. Bundan başqa, burada təhlükəsizlik zəmanətindən tutmuş, itirilmiş mülkiyyətə görə kompensasiyayadək bir çox məsələlər öz əksini tapmalıdır. Bakıda artıq prosesə beynəlxalq hüquqşünasların cəlbindən də danışılır. Hələliksə siyahılar tutulur, dəymiş zərər hesablanır və digər lazımi sənədlər hazırlanır.

İstər Azərbaycanda, istərsə də ondan kənarda müşahidəçilər bir şeyi dəqiq bilir: Azərbaycan Prezidenti vəd verirsə, ona əməl edir.



MƏSLƏHƏT GÖR:

111