Müəllif: Ağasəf NƏCƏFOV
2023-cü ildə Azərbaycan və onun Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə tərəfdaşları Orta Dəhlizin logistik infrastrukturunun genişləndirilməsi üçün irimiqyaslı layihələrə başlayacaq. Avrasiya məkanında yüklərin daşınmasında gözlənilən ciddi artımı nəzərə alsaq, bu təşəbbüslərin çətinlik yaradan halların aradan qaldırılmasına, TBNM-nin ötürücülüyünün artırılmasına, transsərhəd, gömrük, tarif rejimlərinin sadələşdirilməsinə yönəldiyini söyləyə bilərik.
Azərbaycan Prezidenti İlham Əliyev də bu yaxınlarda Davosda Dünya İqtisadi Forumunda keçirilən panel iclasında dəhlizin mövcud potensialı və perspektivləri barədə danışıb.
Yeni marşrutun üstünlükləri
Rusiya-Ukrayna müharibəsi və bundan sonra Moskvaya qarşı sanksiyaların nəticələrindən biri Qərbin Rusiyanın nəqliyyat strukturları ilə əməkdaşlıqdan imtina etməsi olub. Belə ki, son bir il ərzində Qərbin nəqliyyat və ekspeditor şirkətləri yük daşımalarını ardıcıl olaraq məhdudlaşdırıb və Rusiyanın dəniz limanı, dəmir yolu, anbar və digər nəqliyyat sahələri ilə məşğul olan şirkətlərlə logistika müqavilələrini ləğv edib. Eyni zamanda Şimal dəhlizi vasitəsilə Çin, Yaponiya və Mərkəzi Asiya dövlətlərindən Rusiyanın dəmir yolu şəbəkəsi ilə Avropa istiqamətində yük daşımaları minimuma enib. Hazırda Trans-Sibir və Baykal-Amur magistralının və digər dəmir yolu şəbəkələrinin potensialı əsasən Asiya regionundan birbaşa Rusiya daxili bazarına məhsulların çatdırılması üçün istifadə olunur. Amma bu istiqamətdə də tranzit həcmləri minimuma enib.
Rusiya marşrutlarının rəqabət qabiliyyəti zəiflədikcə, nəhəng Avrasiya regionunda əsas nəqliyyat arteriyasının funksiyaları Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Türkiyə və Avropa dövlətləri ilə birləşdirən Orta Dəhlizə keçir. Bu istiqamətdə dəmir yolu-liman və avtomobil infrastrukturu Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) beynəlxalq layihəsinə uyğun olaraq son 25 ildə formalaşıb. İpək yolunun əsas marşrutları, əsasən, uzun müddət ərzində Mərkəzi Asiya regionu və Azərbaycandan Qərbə neft və digər xammalın daşınması üçün istifadə edilib. Lakin son 5 ildə dəhlizin funksiyalarının keyfiyyətcə şaxələndirilməsi baş verib. 2018-ci ildə Ankara, Bakı, Tbilisi və Astananın təşəbbüsü ilə TBNM işə düşüb və həmin ilin dekabrında Azərbaycan və Türkmənistanın təşəbbüsü ilə Lapis Lazuli marşrutu üzrə yüklərin daşınmasına başlanılıb.
Bu marşrutların hər ikisi Orta Dəhlizin tərkib hissəsidir və multimodal daşıma sxemi ilə qeyri-neft yüklərinin daşınmasına yönəlib. Bu marşrutlardan böyük ölçüdə Çin və Türkiyədən konteyner bloku qatarları vasitəsilə yük daşımalarında istifadə olunur. Orta Dəhliz marşrutlarının üstünlükləri arasında məsafənin nisbətən qısa olması, həmçinin qışda maneəsiz hərəkəti təmin edən daha mülayim iqlim kimi amillər var. Belə ki, TBNM-dən keçən standart konteyner bloklu qatar Çin məhsullarını orta hesabla 20-25 günə Avropaya çatdırır. Bu, Süveyş kanalı vasitəsilə Çin və Cənub-Şərqi Asiyadan Avropaya yük daşınması ilə müqayisədə nəzərəçarpacaq dərəcədə sürətlidir. Süveyş kanalı vasitəsilə yüklərin daşınma müddəti orta hesabla təxminən 40 gün çəkir.
Artım statistikası
2022-ci ildə TBNM və TRACECA vasitəsilə yük daşımalarında nəzərəçarpacaq artımı təmin edən dünyada baş verən geosiyasi dəyişikliklər Azərbaycanı qlobal nəqliyyat şaxələndirilməsinin əsas benefisiarlarından birinə çevirib. Son 20 ildə ölkəmiz nəqliyyat infrastrukturunun inkişafına, həmçinin ticarət gəmilərinin, dəmir yolu nəqliyyatının alınmasına milyardlarla dollar sərmayə qoyub. Nəticədə, bu, onun Avrasiya regionunun beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyini gücləndirib.
“Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Biz Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikik. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır”, - Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında vurğulayıb.
Əslində, ölkəmizin regional yükdaşımalarda iştirakdan mühüm üstünlüklər əldə etməsi artıq ötən ildən görünməyə başlayıb. Azərbaycan ərazisindən tranzit yüklərin daşınması 75% artıb. Bu da nəqliyyat strukturlarının gəlirlərinə müsbət təsir edib. Ümumilikdə, bütün dəniz limanları və liman məntəqələrində (Ələt, Bakı, Astara, Lənkəran və Sumqayıt) 2022-ci ildə yüklərin daşınması 32,4% artaraq 11,750 milyon tondan çox təşkil edib. Bu istiqamətdə ən böyük artım minik avtomobillərinin və TIR-ların daşınması seqmentində müşahidə olunub. Məsələn, minik avtomobillərinin daşınması düz 3 dəfə artıb.
Bu məqamda qeyd edək ki, Ələtdəki dəniz limanında bərə, fider gəmiləri və digər quru yük gəmiləri vasitəsilə konteynerlərin daşınması düz 16% artıb. Ümumiyyətlə, 2022-ci ildə son üç ildə ilk dəfə olaraq dəmir yolu vaqonları vasitəsilə yüklərin boşaldılıb-yüklənməsində 27%-lik artım qeydə alınıb. Bunların təxminən dörddə üçü tranzit yüklər olub. Tranzitin bu dərəcədə artması Çin və Mərkəzi Asiya ölkələrindən tədarük edilən yük daşımaları ilə əlaqədardır. Əvvəllər bu ölkələrdən yüklər Rusiya, Ukrayna və Belarusun dəmir yolu şəbəkəsi vasitəsilə nəql edilirdi.
TRACECA Avrasiya nəqliyyat marşrutu üzrə ötən ilin statistikası da tranzit daşımaların artımından xəbər verir. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında ölkəmiz vasitəsilə daşınan yüklərin həcmi 29% artıb. Eyni zamanda bu dəhliz üzrə tranzit yüklərin payı 26,8% təşkil edib.
Ələt limanı – vacib həlqə
Bu gün Azərbaycan və onun TBNM üzrə tərəfdaşları qarşısında Orta Dəhlizin imkanlarının daha da genişləndirilməsi, yüklərin daşınması prosesinin sadələşdirilməsi və sürətləndirilməsi vəzifəsi dayanır. Bu məsələ nəzərə alınaraq, ötən il Qazaxıstanın Aktau dəniz limanının bazasında konteyner qovşağının yaradılması üzrə işlərə başlanılıb. Üstəlik, Qazaxıstanın Xəzərdəki ticarət donanmasına dörd bərə əlavə olunacaq. 2025-ci ilə qədər “Dostıq-Moyıntı” dəmir yolunun elektrikləşdirilməsi və ikinci yolun inşası nəzərdə tutulur.
Çin isə bu yaxınlarda Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. Xəzər dənizinin limanlarını birləşdirəcək bu dəmir yolu Azərbaycan istiqamətində əlavə həcmdə yüklərin keçirilməsini təmin edəcək.
Yeri gəlmişkən, İ.Əliyevin sözlərinə görə, bu məqsədlə Azərbaycan yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələtdəki Bakı Beynəlxalq Dəniz Limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb.
Bu dəniz limanında hazırda gücü ildə 2,5 milyon ton olacaq mineral gübrələr üçün terminalının tikintisi üzrə işlər davam etdirilir. Qeyd edək ki, bu terminal, ilk növbədə, regionun ən iri gübrə istehsalçıları – Qazaxıstan, Özbəkistan və Türkmənistandan olan ixracatçılara xidmət göstərmək üçün nəzərdə tutulub. Bu ölkələrdə istehsal potensialı ildə 10 milyon ton qiymətləndirilir. Azərbaycan mineral gübrələrin Aİ ölkələrinə sonrakı tədarükü üçün tranzit nəqli ilə bağlı artıq ilkin razılaşmalar əldə edib.
Bundan başqa, gələcəkdə Ələt limanında taxıl terminalının tikintisi nəzərdə tutulur. Bu isə ölkəmizin ərzaq təhlükəsizliyini artırmaqla yanaşı, limanın tranzit imkanlarını genişləndirəcək. Ötən il iyulun 15-də Azərbaycan Türkiyənin ən böyük holdinqi olan “Albayrak Group” ilə Ələt limanına əlavə 60 min TIR cəlb etməyi planlaşdıran müqavilə imzalayıb. Bu məqsədlə limanda TIR parkının salınması planlaşdırılır.
Orta və uzunmüddətli perspektivdə limanın genişləndirilməsinin ikinci mərhələsi çərçivəsində iri konteyner terminalının tikintisi düşünülür. Bununla, dəniz limanının ötürücülük qabiliyyəti 100 min TEU konteynerdən 500 min TEU-ya çatdırılacaq. Ələt limanının modernləşdirilməsi məqsədilə blok qatarlarının yüklənməsi/boşaldılması və sonrakı daşınması üçün terminalın tikilməsi, həmçinin idxal olunan malların emalı və qablaşdırılması üçün multimodal logistika terminalı yaradılması mümkündür.
İşbirliyi
“Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz, həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik”, - Azərbaycan dövlət başçısı bildirib.
O, Azərbaycanın bütün regional və beynəlxalq nəqliyyat təşəbbüslərində əsas tərəfdaşları olan Gürcüstan və Türkiyə ilə yüksək səviyyədə əməkdaşlığı xüsusilə qeyd edib. Qərb istiqamətində Orta Dəhliz infrastrukturunun gücləndirilməsi üçün bu il Bakı-Tbilisi-Qars (BTQ) dəhlizinin ötürücülük qabiliyyətinin artırılması proseslərinin maliyyələşdirilməsi nəzərdə tutulur.
“Azərbaycanla Gürcüstanı avtomobil və dəmir yolları, o cümlədən hər iki ölkə üçün strateji əhəmiyyətli nəqliyyat layihəsi - BTQ birləşdirir. Bu gün biz Bakı ilə birlikdə BTQ-nin ötürücülük qabiliyyətini 5 milyon ton yükə çatdırmaq üçün onun modernləşdirilməsi layihəsini həyata keçiririk. Bu yaxınlarda Azərbaycan bu layihəyə əlavə maliyyə ayırıb və biz onu 2024-cü ilə qədər başa çatdırmağı planlaşdırırıq”, - Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
Gürcüstanın Marabda ərazisindən Türkiyə sərhədinə qədər dəmir yolunun modernləşdirilməsi üzrə işlərin sürətləndirilməsi, həmçinin BTQ-nin “polad” magistrallarının marşrutunda yerləşən Gürcüstanın Axalkalaki və Türkiyənin Qars regionlarında logistik terminalların tikintisinin başa çatdırılması planlaşdırılır.
Eyni zamanda Azərbaycan TBNM marşrutu üzrə infrastruktur təşəbbüslərini təkcə büdcə vəsaitləri hesabına deyil, həm də beynəlxalq donor yardımı cəlb etməklə maliyyələşdirməyi planlaşdırır. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın “Gemza Group” MMC şirkətinə ümumi sahəsi 24 min kvadratmetr olan üç müasir anbarın tikintisi üçün kreditin ayrılmasını artıq təsdiqləyib. Layihənin ümumi dəyəri 19,1 milyon avrodur. O, Orta Dəhliz marşrutları boyunca müasir anbarların çatışmazlığını həll etməlidir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) yaxın vaxtlarda EBRD-dən daha bir böyük kredit - 100 milyon dollar ala bilər. Bu, digər məsələlərlə yanaşı, ASCO donanmasının modernləşdirilməsinə, Orta Dəhliz üzrə yüklərin daşınması imkanlarının daha da genişləndirilməsinə xidmət edəcək.
Bu arada, nəqliyyat sektorunda regional əlaqələrin gücləndirilməsi üçün heç də az əhəmiyyət kəsb etməyən məsələ transsərhəd prosedurların sadələşdirilməsi və Orta Dəhliz üzrə yüklərin keçidinin sürətləndirilməsidir.
“Düşünürəm ki, bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Çünki biz bu marşrutu digər marşrutların olmaması nöqteyi-nəzərindən yox, kommersiya baxımından cəlbedici etməliyik”, - İ.Əliyev vurğulayıb.
Bir sözlə, ən qısa müddətdə qarşıya qoyulan məqsədlərə çatılacağına şübhə yoxdur. Axı, Azərbaycanın tərəfdaşları da yaxşı başa düşürlər ki, hazırda yeni nəqliyyat marşrutlarına artan tələbat və marağın fonunda nəzərdə tutulan layihələrin icrasını sürətləndirmək və bu sahədə boşluğun olduğu istiqamətləri vaxtında doldurmağın vaxtı çatıb.
MƏSLƏHƏT GÖR: