Müəllif: Samir VƏLİYEV
Zaman Rusiya-Ukrayna müharibəsini amansızcasına bir ilin tamamına doğru aparır. Geridə qalan aylarda Ukrayna nəinki Rusiya qoşunlarının hücumunun qarşısını ala bilib, hətta fevralın 24-dən sonra işğal edilmiş ərazilərinin 40%-ni geri qaytarıb. Söhbət 40 min kvadrat kilometrlik ərazidən gedir. Bu, Ukraynanın ümumi ərazisinin 28%-i deməkdir. İndi bütün qüvvələr yerdə qalan ərazilərin azad olunması üçün həlledici əks-hücuma hazırlaşır.
Tank nə qədər çox olsa da, azdır
Ukrayna Silahlı Qüvvələri (USQ) uzunluğu nə az, nə çox – düz 1200 kilometrə çatan sərhəd xətti boyu miqyaslı əks-hücum planının reallaşdırılması üçün çox sayda hücum texnikasına ehtiyac duyur. Onun əsasını isə tanklar təşkil edir. Ötən aylar ərzində ukraynalı rəsmilər Qərbdən dəfələrlə ABŞ və Almaniya istehsalı olan tankların nümunəsində müasir tanklar istəyib.
«Mən sizə yüz dəfələrlə təşəkkürümü bildirə bilərəm. Bizim artıq nələr etdiyimizi nəzərə alsaq, bu, tamamilə ədalətli və düzgün olacaq», - deyə Ukrayna prezidenti Vladimir Zelenski müdafiə idarələrinin rəhbərləri ilə Ramştaynda keçirdiyi görüşdə bildirib: «Lakin yüzlərlə «təşəkkür» yüzlərlə tank demək deyil». Ukrayna lideri bununla göstərib ki, Kiyev üçün ən arzuolunan dəstək forması onlara müasir hücum texnikasının, məsələn, tankların verilməsidir. Debat əsasən Almaniya istehsalı olan «Leopard 2» tankları ətrafında aparılıb. Xatırladaq ki, hazırda bir sıra NATO üzvləri də daxil olmaqla, dünyanın 20 ölkəsinin arsenalında bu tanklara rast gəlinir.
«Leopard 2» dünyanın ən məşhur tanklarındandır. O, yalnız ABŞ istehsalı olan «M1 Abrams»dan geri qala bilər. «Leopard 2» 1970-ci illərdə – «soyuq müharibə» dövründə Qərbi Almaniya ordusu üçün hazırlanıb. Bu maşınlar müxtəlif ərazilərdə sürətli hərəkət edilməsi, düşmənin zirehli texnikasının (məsələn, hazırda Rusiyanın Ukraynada istifadə etdiyi tip tankların) qarşısına çıxarılması üçün yaradılıb.
Tank 44 və ya 55 kalibrli 120 millimetrlik əsas toplarla, 1500 at gücünə malik mühərriklə təchiz olunub. Bu, ona saatda 74 mil sürətlə hərəkət etmək imkanı verir. Təxminən 60 tonluq zireh ekipajı düşmənin atəşindən qoruyur. «Leopard 2» tanklarını istismar edən ölkələr arasında Polşa da var və o, bu tanklardan 14 ədədini Ukraynaya göndərəcəyini bildirib. Bunun üçün Polşa artıq texnikanın istehsalçısı olan Almaniyadan icazə də alıb.
Ötən ilin fevralında başlamış Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən bu döyüşlərdə tanklar önəmli yer tutur. Əvvəllər Kiyev əsasən Sovet istehsalı olan «T-72» tanklarının ümidinə qalmışdı. Lakin onların sıradan çıxması ilə Qərb dövlətləri Ukraynaya öz zirehli texnikalarını daha çox göndərməyə başlayıb, eyni zamanda tədarükün getdikcə daha da artırılacağını bəyan edib. Bu dövrdə Kiyev ABŞ-dan «Bradley» və «Stryker» hərbi maşınları, Böyük Britaniyadan «Challenger 2» tankları da əldə edib. Bu haqda qərar 2023-cü ildə qəbul edilib.
Qeyd etmək lazımdır ki, Almaniya tankları dəqiqliyinə, atəş gücü və sürətinə görə sadalanan texnikalardan daha üstündür. Ukrayna rəsmiləri bu tankların Ukraynanın savaşı tezliklə, hətta bu il qələbə ilə başa vurmasında həlledici rol oynaya biləcəyini təsadüfən söyləmirlər.
Beləliklə, Almaniya kansleri Olaf Şoltsun Ukraynaya 14 ədəd «Leopard 2» verilməsinə razılığı, həmçinin arsenalında bu zirehli maşınların olduğu bir sıra başqa ölkələrin də prosesə qoşulmağa hazır olması Kiyevdə böyük ruh yüksəkliyi, Mosvada isə narahatlıq yaradıb. Kreml bununla əlaqədar, Berlinlə münasibətlərin daha da pisləşə biləcəyinə dair xəbərdarlıq da edib.
Təlim ağır keçirsə…
Qərb KİV-nin hesablamalarına görə, Almaniya tərəfdaşları ilə birlikdə Ukraynaya 88 ədəd «Leopard 2» verə bilər. Bununla yanaşı, ABŞ ordusunun istefada olan general-leytenantı Ben Xoces deyib: «Gümüş güllə olmur. Bütünlükdə münaqişənin gedişini tam dəyişə biləcək heç nə yoxdur».
Mütəxəssislər iddi edir ki, vəd olunan bütün tankların Kiyevə verilməsi bir neçə ay çəkə bilər. Almaniya Müdafiə Nazirliyinin spikeri isə bildirib ki, sözügedən tanklardan istifadə qaydalarının öyrədilməsi prosesinə «güman ki, bu ay, lakin fevralın əvvəlindən gec olmayaraq» başlanıla bilər. Spiker onu da əlavə edib ki, hədəf Ukraynanın «bu rübün sonunadək» əsas tankları müdafiəyə inteqrasiya edə bilməsidir. Beləliklə, bu texnika döyüşlərdə öz rolunu yazda oynaya bilər. Gözlənilir ki, hər iki tərəf məhz yazda hərbi əməliyyatların fəal fazasına keçəcək.
Ötən ilin sonlarında ABŞ Ukrayna ordusunun böyük bir hissəsinə ümumqoşun taktikası təlimi keçəcəyini bəyan edib. Bu məqsədlə eyni vaxtda aviasiya, artilleriya və zirehli texnika da daxil olmaqla, müxtəlif növ silahlardan istifadə edilməklə, miqyaslı hərbi əməliyyat təlimi təşkil olunacaq.
İndiyədək Rusiyanın bu savaşda əsas nailiyyəti Donbas ilə Krım arasındakı Ukrayna ərazisini nəzarətə götürməsi sayılır. Rusiya Krıma 2014-cü ilin martından nəzarət edir və tammiqyaslı müharibənin başlamasınadək Krımla Rusiya arasında yeganə əlaqə uzun avtomobil və dəmir yolu körpüsü idi. Rusiya qoşunları Mariupol və ətraf əraziləri ələ keçirməklə, tərəflər arasında quru əlaqəsi də yaradıb. Ukraynanın yeni əks-hücumunun əsas hədəfi məhz bu ərazi ola bilər. Bununla yanaşı, Kiyev hərbi əməliyyatlarda əsas hədəfin Krım istiqaməti olduğunu da gizlətmir. Belə bir vəziyyətdə USQ potensialını artırmaq üçün Qərb istehsalı olan tanklara ehtiyac duyur. Bunsuz bəzi istiqamətlərdə yüksək intensivlik tələb edən əks-hücum əməliyyatlarını aparmaq ümumiyyətlə, mümkün olmayacaq.
Partlayış səsləri altında islahatlar
Hücum əməliyyatlarına hazırlıq Ukraynanın idarəçilik iyerarxiyasında da dəyişikliklərlə müşayiət olunur. Vladimir Zelenski yalnız administrasiyasında və vilayətlərdə bir sıra rəhbər şəxsləri vəzifədən kənarlaşdırmayıb, həm də səfərbərlik və hərbi vəziyyət dövründə dövlət qulluqçularının xaricə getməsinə, xidməti ezamiyyətlərə yollanmasına imkan verən sərəncam imzalayıb. Bu sənədin imzalanması ərəfəsində prezident bildirib ki, yaxın vaxtlarda həm hökumətdə, həm də güc strukturlarında struktur dəyişikliyi aparılacaq. Bu, çoxsaylı korrupsiya qalmaqalları ilə bağlıdır. Avropa İttifaqı ötən il Kiyevə quruma üzvlüyə namizəd statusu verdikdən sonra anti-korrupsiya islahatlarını bunun əsas şərti elan edib.
2022-ci ildə Ukrayna iqtisadiyyatı təxminən 30% geriləyib və indi ölkə Qərbin maliyyə yardımından çox asılıdır. Donorlar, o cümlədən Beynəlxalq Valyuta Fondu və Avropa İttifaqı Kiyevi dəfələrlə daha şəffaf olmağa və idarəçiliyi təkmilləşdirməyə çağırıb. Ukrayna hökumətinin Qərbdən olan tənqidçiləri bu ölkəyə iqtisadi yardımın davamının anti-korrupsiya islahatlarının effektivliyi ilə birbaşa əlaqəli olacağını deyirlər.
Miqyaslı istefaların elan edilməsindən cəmi bir neçə gün əvvəl məlum olub ki, Ukrayna Müdafiə Nazirliyi əsgərlər üçün ərzaq məhsullarını şişirdilmiş qiymətlərlə alıb. Bu, Dövlət satınalmalarında şəffaflıq məsələsini gündəmə gətirib. Bununla əlaqədar olaraq, Ali Rada komitəsi qaydaları sərtləşdirmək qərarına gəlib.
Milli Anti-Korrupsiya Bürosu isə öz növbəsində, bu alqı-satqı zamanı vəsaitlərin mümkün mənimsənilməsi və ya vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı araşdırmalara başlanıldığını bəyan edib. Deyilənə görə, mənimsəmə 13 milyard qriveni (352 milyon dollar) aşır. Müdafiə naziri Aleksey Reznikov isə komitəyə nazirlikdə korrupsiya halları haqda məlumatların «texniki yanlışlıqlarla bağlı» olduğunu bildirib. Bu haqda məlumatı yerli KİV yayıb.
Elə həmin günlərdə anti-korrupsiya polisi infrastruktur nazirinin müavininin 400 min dollar həcmində «geri dönüş» almaqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb. Nazir müavininin bu hala ötən ilin sentyabrında savaşın getdiyi ərazilərə generatorların gətirilməsi zamanı yol verdiyi deyilir. O, dərhal vəzifəsindən kənarlaşdırılıb.
Bundan başqa, Ukrayna baş prokurorunun müavini Aleksey Simonenko da istefa verib. Buna səbəb onun dekabr və yanvar aylarında İspaniyaya məzuniyyətə lvovlu iş adamına məxsus «Mercedes»lə getdiyi haqda xəbərlər olub.
Güman edilir ki, səs-küylü istefalar davam edəcək, korrupsiyaya bulaşmış məmurlar isə bir-birinin ardınca həbsxanaya göndəriləcək. Ukrayna prezidenti islahatların miqyaslı xarakter daşıyacağını bildirib. «Artıq kadrlarla bağlı qərarlar var – kimsə bu gün, kimsə sabah. Bu, nazirliklərdə və hakimiyyətin digər mərkəzi strukturlarında, həmçinin regionlarda və hüquq-mühafizə sistemindəki müxtəlif səviyyəli məmurlarla bağlıdır», - deyə Zelenski qeyd edib.
Ukrayna 2021-ci ildə «Transparency International» təşkilatının «Korrupsiyanı qavrama indeksi»ndə 180 ölkə arasında 122-ci yerdə qərarlaşıb.
Son söz Vaşinqtonundur
Ukrayna ətrafında baş verənlər fonunda vacib hadisələrdən biri ABŞ prezidenti Co Baydenin çıxışı olub. O, Vaşinqtonun Ukraynaya 31 ədəd «Abrams» tankı verəcəyi haqda məlumatı təsdiqləyib. Bununla yanaşı, Bayden dərhal bildirib ki, söhbət Rusiya üçün hücum təhdidinin yaradılmasından getmir.
Maraqlıdır ki, Vaşinqton son dövrlərədək belə planının olduğunu təsdiqləmirdi. Üstəlik, amerikalı siyasətçilər və hərbçilər iddia edirdilər ki, bu ağır və idarə olunması çətin tanklar çətin ki, USQ-yə kömək etsin.
Vəziyyət bəzi NATO üzvlərinin, ilk növbədə, Polşa, Fransa və Böyük Britaniyanın öz tanklarını Kiyevə verməyə razılaşmalarından sonra dəyişib. Sonradan onlara Almaniya da qoşulub. Belə olan təqdirdə, Vaşinqton kənarda qala bilməyib və Bayden ölkəsinin müdafiə naziri Lloyd Ostinin ona bu məsələ ilə bağlı müraciət etdiyini və artıq bu addımın atılmasının vacibliyini bildirib. ABŞ Ukraynaya dəstək qrupunun (Ramştayn) aparıcı ölkəsidir və Kiyevə yardım kampaniyasında son sıralarda qala bilməz. Ağ Ev göstərir ki, əvvəllər də belə olub, indi də belə olacaq.
MƏSLƏHƏT GÖR: