Müəllif: Kənan RÖVŞƏNOĞLU
Türkiyədə prezident və parlament seçkilərinin vaxtı məlum olub - 2023-cü il mayın 14-də. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 23-də Bursada ilk dəfə səs verəcək gənclərlə görüşü zamanı məlumat verib. Türkiyə Cümhuriyyətinin yaranmasının yüz illiyində keçiriləcək bu seçkilər bir çox parametrlərinə görə həlledici və tarixi əhəmiyyətə malik olacaq.
Niyə 14 may?
Ərdoğan gənclərlə görüşdə prezident və parlament seçkilərinin təqvimdəki kimi iyunun 18-də deyil, mayın 14-də keçirilməsi ilə bağlı qərarını bir sıra amillərlə izah edib. O, bunu kənd təsərrüfatında mövsümi işlər, dövlət məmurları üçün müsabiqə və tələbələrin yay semestri imtahanları ilə əlaqələndirib. Türkiyə dövlət başçısı qarşıdan gələn seçkilərin keçiriləcəyi günü tarixi adlandırıb. Belə ki, 1950-ci il mayın 14-də Türkiyədə keçirilən ilk çoxpartiyalı seçkilərdə Adnan Menderesin rəhbərlik etdiyi Demokrat Partiyası qələbə qazanıb.
“Rəhmətlik Menderes 14 may 1950-ci il seçkilərində “Yetər, söz millətin” demiş və seçkilərdə böyük bir üstünlüklə qalib gəlmişdi. Millətimiz 73 ildən sonra yenə də eyni gündə “altılı masa” deyərək qarşımıza çıxan çevrilişçilərə və səriştəsiz insanlara “bəsdir” deyəcək”, - Ərdoğan bəyan edib.
Məlum olduğu kimi, Türkiyədə Cümhuriyyət qurulduqdan sonra uzun bir dövr ərzində təkpartiyalı sistem fəaliyyət göstərib və hökuməti CHP formalaşdırıb. Lakin İkinci Dünya müharibəsindən sonra Türkiyədə siyasi şərait yumşaldılıb və 1946-cı ildə çoxpartiyalı sistemə keçid baş verib. Beləliklə, yeni partiyalar yaranıb və 1950-ci il mayın 14-də keçirilən seçkilərdə Demokrat Partiyasının lideri Adnan Menderes qalib gələrək CHP-nin uzun illər davam edən iqtidarına son qoyub.
Ərdoğan 2023-cü il 14 may seçkilərini də Menderesin qalib olduğu seçkilərə bənzətməklə CHP və digər müxalifəti çevriliş tərəfdarı, başqa sözlə, xalqdan qopmuş qüvvə adlandırır. Bununla da, bu seçkiləri də 1950-ci ildə olduğu kimi CHP-yə qarşı bir mübarizə olduğunu elan edir.
Uzun illərə söykənən seçki təcrübəsinə malik prezident Ərdoğan anlayır ki, 20 illik hakimiyyətə malik bir partiya və liderin yenidən qalib olması üçün mütləq tarixə dayanan və cəmiyyətin bütün qatlarına işləyə biləcək şüarlara ehtiyac var. Bu mənada 14 mayın seçilməsi təsadüfi deyil. Menderes CHP-nin 27 illik təkpartiyalı iqtidarına qarşı xalqın seçimi idi. Məhz onun hakimiyyətə gəlişi ilə Türkiyə demokratiya yönündə addımlar atıb – ölkədə dini azadlıqlar verilib və sair. Üstəlik, Menderes kimi Ərdoğanın da əsas rəqibi CHP-dir. Yeganə fərq odur ki, Menderesin rəqibi iqtidar partiyası olub, indiki CHP isə müxalifətdədir.
Bu seçkilərin daha bir xüsusiyyəti Ərdoğanın sonuncu şansı olmasıdır. O, ilk dəfə 2014-cü ildə Türkiyə prezidenti olsa da, prezident üsul-idarə formasına keçidlə bağlı 2017-ci ildə keçirilən konstitusiya referendumundan sonra cəmi bir dəfə, yəni 2018-ci ildə yenidən prezident seçilib. Buna görə də 2023-cü il seçkisi Ərdoğana sonuncu dəfə ölkəsini idarə etmək şansı verəcək. O, özü də bəyan edib ki, bu, onun sonuncu seçkisi olacaq.
Digər mühüm məqam isə seçkilərin Türkiyə Cümhuriyyətinin 100-cü ilində keçirilməsidir. Respublikanın 100-cü ilini AKP, yoxsa başqa bir partiyanın hakimiyyətində keçirməsi 14 may seçkilərindən asılı olacaq. Yəni onun nəticəsi Ərdoğanın Türkiyədə və xaricdə iyirmi illik siyasi kursunun dəyişməsinə təsir göstərə bilər. Bu baxımdan, Türkiyədə başlayan seçki prosesi həm ölkə daxilində, həm də xaricdə yaxından və böyük maraqla izlənilir.
Əsas şüarlar
Həmişə olduğu kimi, prezident Ərdoğan hakimiyyətin seçki təbliğatının əsas fiquru olacaq. 2014-cü ilə qədər baş nazir, sonrakı 9 ildə isə prezident olan Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin uğurları, xarici siyasət arenasında əldə etdiyi nailiyyətlər, hərbi sənaye və yol-nəqliyyat infrastrukturunun inkişafı, ixracda böyük artım və s. hökumətin əsas üstünlükləridir.
Hakimiyyət sadə vətəndaşları da unutmur. Builki minimum əməkhaqqının kəskin artımı, eləcə də yeni pensiya islahatları, həmçinin Cümhuriyyət tarixində ən böyük hesab olunan borc amnistiyası ilə bağlı hökumət qərarları seçkiyə hesablanmış addımlardır.
Yeri gəlmişkən, yanvarın 23-də hökumət vətəndaşların dövlət qurumlarına görə yaranan cəzaları və cərimələri ləğv edib. Bundan başqa, restrukturizasiya nəticəsində onlara dövlət müəssisələrinə olan borclarını hissə-hissə ödəmək imkanı yaradılacaq. 2022-ci il dekabrın 1-nə qədər olan müddətdə 2 min lirədən çox olmayan borclar silinəcək.
Hökumət belə tədbirlərlə sosial-iqtisadi sahədə narazılıq və inflyasiyanın doğurduğu səs itkilərini kompensasiya etməyə çalışır. Amma prezidentin açıqlamalarından və təyin etdiyi seçki tarixindən belə görünür ki, Ərdoğan seçki kampaniyasında əsasən siyasi və ideoloji tezislərə arxalanacaq.
Qeyd edək ki, hakim partiyanın baş örtüyü ilə bağlı məhdudiyyətləri tamamilə ləğv edən konstitusiya dəyişikliyi ilə bağlı müzakirələri aktuallaşdırması Türkiyə cəmiyyətinin dini təbəqələrini aktivləşdirmək məqsədi daşıyır. Bu mənada 2023-cü il kampaniyasında Türkiyənin mühafizəkar bir hakimiyyətin idarə etdiyi və xarici siyasətdə əldə olunmuş uğurların qorunub saxlanılması şüarı üstünlük təşkil edəcək. Müxalifətin qələbəsi mühafizəkar camiə üçün Türkiyənin hazırkı xəttindən imtinası deməkdir. Bu mənada Ərdoğan ənənəvi mühafizəkar seçicilərini qoruyub saxlamağa çalışacaq. Xüsusən də 2016-cı il uğursuz hərbi qiyam cəhdindən sonra dindar-mühafizəkar və millətçi cinahı əlində tutmağı bacaran Ərdoğan bu seçkilərdə də əsas hədəfi kütləsi kimi bu iki qrupa üz tutacaq.
İkinci əsas məqam gənclərdir. Türkiyə hakimiyyəti artıq bir ildən çoxdur gənc nəslin seçkilərdəki əhəmiyyətini təhlil edir. Çünki builki seçkilərdə təxmini hesablamalara görə 4,9 milyon gənc ilk dəfə səs verəcək. Ümumi olaraq 7 milyona yaxın gənc seçici olacaq. Doğrudur, ümumi olaraq 64 milyon yaxın seçicinin olduğu ölkədə 7 milyon seçici həlledici olmasa da, onu da nəzərdən qaçırmaq olmaz. Burada gənclərin siyasətə tamamilə fərqli münasibəti də nəzərə alınmalıdır. Bu gənclərin hamısı Ərdoğan hakimiyyəti illərində doğulub, boya-başa çatıb. Onlar keçmiş Türkiyəni, hazırkı iqtidarın tənqid hədəfi olan hadisələri canlı olaraq görməyiblər. Yeni nəslin zövqləri, həyata baxışı, tələbləri çox fərqlidir. Bunu Türkiyədə hər kəs, ilk növbədə, hakimiyyət yaxşı anlayır. Buna görə də AKP hökuməti və eləcədə müxalifət gənclər qarşısına xüsusi proqramla çıxmağa çalışacaq.
Ərdoğan = ?
İqtidardakı AKP və onun müttəfiqi MHP-nin birləşdiyi “Cumhur İttifaqı” blokunun namizədi bəllidir. Rəcəb Tayyib Ərdoğan elan edib ki, 2023-cü il seçkisində prezidentliyə namizəd özü olacaq. O, seçki kampaniyası çərçivəsində mitinqlər və görüşlər keçirməyə davam edir.
Müxalifət isə hələ tələsmir. Türkiyə mediasi mənbələrə istinadən xəbər verir ki, müxalifət yanvarın sonunda vahid namizədlə bağlı qərar verəcək, fevralın əvvəlində isə onun adını açıqlayacaq. Ancaq mümkündür ki, bu proses irəli və ya geri çəkilsin. Müxalifətin vahid namizədi açıqlama prosesini yubatması bir sıra amillərlə izah olunur.
Birincisi, müxalifət vahid namizədin açıqlanmasını təxirə salmaqla diqqəti öz üzərində saxlamağa və ictimaiyyətin diqqətini bu mövzuya daha çox cəlb etməyə çalışır.
İkincisi, o, narazı müxalif elektoratın bu mövzuda baxışını öyrənmək, ortaq və azı böyük çoxluğun qəbul edib dəstəkləyəcəyi şəxsi müəyyən etmək üçün prosesin uzanmasında maraqlıdır.
Üçüncüsü, müxalifət vahid namizədin adının açıqlanmasını gecikdirməklə, əks düşərgədən namizədin özünə və ətrafına yönəlmiş qarayaxma kampaniyası riskini minimuma endirməyə çalışır. Belə ki, bundan əvvəlki iki prezident seçkiləri zamanı müxalifətin vahid namizədləri (2014-cü ildə Ekmaləddin İhsanoğlu, 2018-ci ildə isə Məhərrəm İncə) iqtidar cəbhəsinin sərt hücumlarına məruz qalıb və bu da seçkiyə təsir edib.
Nəhayət, doğru namizədin müəyyənləşdirilməsi prosesi olduqca çətin məsələdir. Türkiyə demokratik seçkilərin təşkili və keçirilməsində zəngin təcrübəyə malik ölkədir və o, dəfələrlə seçkiqabağı kəskin mübarizə səhnəsinə çevrilib. Üstəlik, nəzərə almaq lazımdır ki, müxalifətin alternativi 20 illik silsilə qalibiyyətlərə malik, seçki meydanlarının əvəzolunmaz ustası Rəcəb Tayyib Ərdoğandır. Buna görə də seçkilərdə qalib gəlmək üçün müxalifətin ilk uğurlu addımı və əslində qalibiyyətin əsasını təşkil edən amil layiqli namizədi müəyyən etməkdir. Çünki müxalifətin vahid namizədi Ərdoğan kimi təcrübəli, inzibati və maddi, media resurslarına malik güclü rəqib ilə qarşı-qarşıya dayanıb.
Bundan başqa, müxalifət özü yekcins deyil, hazırkı faktiki müxalifət bloku hesab olunan “altılı masa” adlı ittifaqda sol, dindar, sağ mərkəz, milliyyətçi cinaha yaxın siyasi təşkilatlar təmsil olunub. Bütün bu qrupların, ən əsası Türkiyənin milyonlarla seçicisinin dəstəyini alacaq liderin seçilməsi seçkinin taleyini həll edəcək mühüm amildir. Yəni başqa sözlə, vahid namizəd dəqiqliklə seçilməli, bu seçim zamanı heç bir qrup narazı qalmamalıdır.
Üç cümhuriyyətçidən biri
Maraqlıdır ki, hazırda Türkiyə müxalifətinin vahid namizədi kimi adı hallanan hər 3 namizəd CHP-ni təmsil edir. Onlardan biri partiya sədri Kamal Kılıçdaroğludur. Rəsmi olaraq namizədliyi təsdiqlənməsə də, o, artıq müxtəlif şəhərlərdə insanlarla görüşlər keçirir, siyasi tezislər və seçki şüarları səsləndirir.
CHP-dən ikinci namizəd Ankara şəhər bələdiyyəsinin sədri Mansur Yavaşdır. Daha əvvəl MHP-də təmsil olunmuş M.Yavaş artıq 4-cü ildir ki, Türkiyə paytaxtına rəhbərlik edir. O, hazırda Türkiyədə ən yaxşı işləyən bələdiyyə sədri kimi çox nüfuzludur.
Üçüncü namizəd İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğludur. Barəsində bir qədər əvvəl 2 il 7 aylıq həbs cəzası verilməsi prezidentliyə namizədliyi yolunda hüquqi maneə yaratsa da, əvvəlki iki namizəddən daha gənc olması, mühafizəkar camiəyə yaxınlığı və İstanbul kimi böyük şəhərə rəhbərlik etməsi İmamoğlunun şansını artırır. Bundan başqa, müxalifətin ikinci ən güclü partiyası hesab olunan Meral Akşenerin rəhbərlik etdiyi İYİ partiya da İmamoğlunun namizədliyinə isti yanaşır.
İmamoğludan fərqli olaraq M.Yavaş daha çox millətçi dairələrə yaxın şəxs hesab olunur. Yaxşı perspektivlərə baxmayaraq, Yavaş təvazökar kampaniya aparmağa üstünlük verir və jurnalistlərə deyib ki, vahid namizədlə bağlı birgə qərar qəbul olunmayana qədər Kılıçdaroğluna qarşı çıxmaq fikrində deyil.
Türkiyənin ən böyük müxalifət partiyası olan CHP-nin lideri, 74 yaşlı Kamal Kılıçdaroğlu hazırda vahid namizəd kimi seçilmək ehtimalı yüksəkdir. Onun rəhbərliyi dövründə partiya tərəfdarlarının sayını artırıb, ən əsası sonuncu bələdiyyə seçkilərində ölkənin ən böyük 3 şəhərində bələdiyyə sədri postunu məhz onun dəstəklədiyi namizədlər qazanıb. İndi o, ölkəni parlament idarəetmə sisteminə qaytarmaq üçün yeni siyasi dövrə keçid etmək istəyən lider kimi özünü prezidentliyə namizəd kimi irəli sürür. Bu mənada hazırda K.Kılıçdaroğlunun vahid namizəd olmaq imkanları daha yüksək hesab olunur. Əlbəttə ki, yekun qərar partiyaların ali orqanlarında və nəhayət partiya liderlərinin ümumi yığıncağında konsensus əsasında qəbul olunacaq. Amma hər gün vaxt daha da azalır.
MƏSLƏHƏT GÖR: