22 Noyabr 2024

Cümə, 08:40

SÖZLƏRDƏN MÜQAVİLƏLƏRƏ

Avropa ölkələri Azərbaycan təbii qazının alınması ilə bağlı müraciətlərini rəsmiləşdirməyə başlayır

Müəllif:

15.02.2023

Təbii qaz qıtlığı, Avropaya enerji təchizatı mənbələrinin şaxələndirilməsi, bazarın ehtiyacları, enerji səmərəliliyi və “yaşıl enerji”yə keçid – uzun müddətdir müxtəlif səviyyələrdə və formatlarda aparılan danışıqlarda əsas mövzulardır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında belə aktual məsələlərlə bağlı səmərəli dialoq aparılıb.

Sirr deyil ki, Avropada enerji təchizatı baxımından uzunmüddətli əməkdaşlığa ümid edilərək Azərbaycana daha çox diqqət yetirilir. Üstəlik, bəzi Avropa ölkələri bizim “mavi yanacağımızı” tez bir zamanda əldə edəcəyinə ümid bəsləyir. Bakının təsadüfən fikrini dəyişməməsi üçün bununla bağlı müqavilələr belə bağlanılır: bu məsələdə daha çox Rumıniya və Macarıstan uğur qazanıb.

 

“Gizli silah”

Macarıstan Avropa İttifaqında (Aİ) Rusiya neft və təbii qazından asılı qalan azsaylı ölkələrdən biridir. Bəlkə də o, məhz buna görə Brüsselin Moskvaya qarşı enerji sanksiyalarına davamlı olaraq qarşı çıxan yeganə dövlət olub. Macarıstan hakimiyyəti hətta Rusiya təbii qazına görə rublla ödəniş etməyə razılaşıb. Üstəlik, o, Rusiyadan tədarük edilən bu enerji resursundan potensial olaraq imtinanı ölkə iqtisadiyyatının məhvi ilə müqayisə edib.

Əslində, Macarıstan rəhbərliyinin mövqeyi tamamilə başa düşüləndir. Belə ki, bu ölkənin “mavi yanacaq” idxalının, təxminən, 85%-i Rusiyanın payına düşür: Rusiyadan Macarıstana gündəlik 12 milyon kubmetrdən çox təbii qaz “Türk axını” kəməri vasitəsilə tədarük olunur. Gələcəkdə - 2050-ci ilə qədər - Macarıstan təbii ki, ölkənin genişmiqyaslı elektrikləşdirilməsi yolu ilə Rusiya təbii qazının idxalından imtina etməyi planlaşdırır. Bu ölkənin hakimiyyətinin hesablamalarına görə, 2030-cu ilə qədər Macarıstanın ümumi enerji istehlakında təbii qazın payı 36%-dən 25%-ə, yəni 2,4 milyard kubmetrə qədər azalacaq. Odur ki, hazırda Budapeşt üçün tədarük mənbələrinin şaxələndirilməsi ciddi məsələ olaraq qalır. Macarıstan hakimiyyəti hesab edir ki, bu məsələdə ən real ssenari Azərbaycan təbii qazının Türkiyə vasitəsilə idxalının təşkil edilməsidir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin Budapeştə rəsmi səfəri zamanı aparılan danışıqların əsas mövzusu təbii qazla bağlı olub. Dövlət başçısı macarıstanlı həmkarı Katalin Novakla görüşdə gələcəkdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın daha da sıx olacağına ümid etdiyini bildirib.

K.Novak isə vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu iqtisadi və enerji böhranları, Macarıstanın əla ikitərəfli əlaqələrinin olduğu Azərbaycan kimi strateji tərəfdaşların dəyərini yüksəldib: “Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır. Çünki bildiyimiz kimi, hazırda biz Rusiyanın neft və qazından asılıyıq”.

Macarıstanın Baş naziri Viktor Orban da Avropaya enerji təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsinin vacibliyinə diqqət çəkib. Onun fikrincə, bu, mövcud vəziyyətlə bağlı yeganə ümidverici cavabdır.

“Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir”, - o, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Yeri gəlmişkən, 2027-ci ilə qədər Azərbaycan təbii qazının Avropaya tədarükünün iki dəfə artırılması və Qara dənizin dibi ilə Azərbaycandan Aİ-yə “yaşıl elektrik enerjisi”nin nəqlinin təşkili Macarıstanın çox əlverişli mövqe tutmasına səbəb olub. Beləliklə, ölkə bununla ehtiyaclarını ödəyə və tranzit ölkə kimi, imtiyazlardan yararlana biləcək, çünki bütün bu enerji axınları Macarıstan ərazisindən keçəcək.

Danışıqların məntiqi nəticəsi İ.Əliyev və V.Orban arasında Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin və daha altı sənədin imzalanması olub. Buraya təbii qaz, bitki karantini və mühafizəsi, miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlər sahəsində əməkdaşlıq, Şuşa və Vesprem şəhərləri arasında dostluq əlaqələrinin təsis edilməsi, həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq daxildir.

İ.Əliyev təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunu təbii qazın tədarükü mexanizmini işə salacaq mühüm addım kimi qiymətləndirib: “Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”.

Macarıstan hakimiyyəti dəfələrlə Azərbaycandan təbii qaz almaq istəyini bəyan edib, hətta bununla bağlı rəqəm belə göstərilib - ildə 2 milyard kubmetrə qədər. Üstəlik, o, yaxın vaxtlarda Azərbaycan “mavi yanacağı”nın idxalına başlanılacağına ümid bəsləyir. Lakin bunun hansı həcmdə olacağı gələcək danışıqların mövzusudur.

İ.Əliyevin Budapeştə səfəri ərəfəsində məlum olub ki, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Azərbaycan təbii qazının nəqli məqsədilə infrastrukturun inkişafına, yeni interkonnektorların tikintisinə və mövcud olanların ötürücülük qabiliyyətinin artırılmasına vəsait ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib.

 

Üçüncü artıq deyil

Əgər Macarıstan hələ Azərbaycan təbii qazının tədarükü məsələsində ilkin mərhələdədirsə, Rumıniya SOCAR və “Romgaz” arasında ötən ilin dekabrında imzalanmış saziş sayəsində artıq istehlakçılarını yeni mənbədən nəql edilən “mavi yanacaq”la sevindirə bilər. Belə ki, təbii qaz TAP kəmərinin bir qolu olan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Bolqarıstandan Rumıniyanın qaz nəqli sisteminə daxil olur. Doğrudur, bu saziş qısamüddətlidir: 2023-cü il yanvarın 1-dən aprelin 1-dək. Bununla, 300 milyon kubmetrədək təbii qazın tədarükü nəzərdə tutulur. “Transgas”ın məlumatına görə, Rumıniyada təbii qaz istehlakı ildə təxminən 11-12 milyard kubmetrdir. Amma bu göstərici belə SOCAR və “Romgaz” arasında imzalanmış sazişin əhəmiyyətini azaltmır. Rumıniya alternativ mənbə və etibarlı təchizatçı əldə etməklə ən vacib məsələyə nail olub. Məhz bu amillər Buxaresti bir illik saziş imzalamağa təşviq edib.

SOCAR və “Romgaz” arasında yeni sazişin imzalanacağını fevralın 2-də Bakıya ikigünlük rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannis elan edib. Bu sənəd isə fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında imzalanıb. Bu sazişlə Azərbaycandan Rumıniyaya 1 milyard kubmetrə qədər “mavi yanacağ”ın tədarükü nəzərdə tutulur.

“Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək... Regional əməkdaşlıq, mənbə və marşrutların şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi layihələrin təməl prinsipinə əsaslanır. Biz Azərbaycanın etibarlı tərəfdaş olaraq belə layihələri gələcəkdə də irəli sürəcəyinə əminik”, - K.Yohannis bildirib.

Eyni zamanda Buxarest Bakı ilə strateji tərəfdaşlığı dərinləşdirməyə və təkcə enerji sahəsində deyil, həm də ticarət, investisiya, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində böyük strateji əhəmiyyətə malik regional layihələri həyata keçirməyə hazırdır.

Azərbaycan da öz növbəsində Rumıniya ilə nəqliyyat sahəsində, xüsusilə Bakı və Konstansa limanları arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı ticarət həcminin artırılması üçün yaxşı perspektivlər görür. Bundan başqa, Azərbaycandan Avropaya “yaşıl enerji”nin çatdırılması üçün Qara dənizin dibi ilə Gürcüstandan Rumıniyaya yüksək gərginlikli elektrik xəttinin çəkilməsi üzrə birgə layihənin həyata keçirilməsindən böyük gözləntilər var.

Bakıda rumıniyalı həmkarını qəbul edən İ.Əliyev bu gün Rumıniyada 70-dən çox yanacaqdoldurma məntəqəsi və bir neçə yanacaq deposu şəbəkəsi yaradan SOCAR-ın bu ölkədəki uğurlu fəaliyyətini diqqətə çatdırıb.

“İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən (2022-ci ilin dekabrında – “R+”) təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdı. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcək”, - Azərbaycan lideri əminliyini ifadə edib.

Bu arada, Kişineu da Bakı və Buxarest arasında enerji əməkdaşlığının bəhrələrindən yararlanmağı planlaşdırır və bununla enerji resursları mənbələrinin şaxələndirilməsi məsələsini həll etmək istəyir.

“Ölkəmiz üçün enerji mənbələrinin şaxələndirilməsi yolu ilə gedəcəyik. Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın genişləndiyini görməyə şadam. Şübhəsiz ki, belə tərəfdaşlıq Moldovanın xeyrinədir!” - Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu sosial şəbəkələrdə bildirib.

Məlum olub ki, Moldova SOCAR və “Romgaz” arasında imzalanmış saziş çərçivəsində Rumıniya vasitəsilə Azərbaycandan təbii qaz almaq niyyətindədir.

“Bu sazişə əsasən, Azərbaycan təbii qazı Türkiyədən keçməklə Trans-Balkan kəməri vasitəsilə Rumıniyaya nəql ediləcək. Bu, Moldovanın onu almasına imkan verəcək. Biz bu əlavə qaz mənbəyindən istifadə edəcəyik”, - Moldova parlamentinin spikeri İqor Qrosu deyib.

 

Cənub Qaz Dəhlizinin perspektivləri

İ.Əliyev və K.Yohannis ertəsi gün, yəni Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində enerji əməkdaşlığı mövzusunda müzakirələri davam etdiriblər. Artıq 9-cu ildir ki, Bakıda keçirilən toplantı təkcə ötən ilin yekunlarına və Cənub Qaz Dəhlizinin fəaliyyətinin nəticələrinə dair müzakirələr aparmaq üçün deyil, həm də bu müddət ərzində qlobal təbii qaz bazarında baş verən dəyişiklikləri, enerji problemlərini qiymətləndirmək, əməkdaşlıq üçün yeni təklifləri və Cənub Qaz Dəhlizinin imkanlarını iki dəfə artırmaq üçün addımları müzakirə etmək üçün yaxşı imkandır.

“Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq”, - İ.Əliyev bəyan edib.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson deyib ki, təbii qaz yaxın onilliklərdə Aİ-nin enerji keçidində mühüm rol oynamağa davam edəcək: “Sıxılmış maye qaz təchizatını artırdığımız halda Cənub Qaz Dəhlizi Avropa İttifaqına boru kəməri ilə nəql edilən qazın az sayda sabit və rəqabətcil mənbələrdən biri kimi qalacaq. Bu, həmçinin Azərbaycanla birgə qüvvələrini birləşdirmək baxımından Xəzər bölgəsində digər tərəflər üçün iqtisadi cəhətdən potensial fürsətdir”.

İclas zamanı Serbiya və Albaniya Azərbaycan təbii qazının idxalı ilə bağlı istəklərini təsdiqləyib. Eyni zamanda Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviçin sözlərinə görə, 2024-cü ilin əvvəlində Azərbaycan təbii qazının ilk tədarükünü gözləyir: “Bu, bütün maraqlı tərəflər arasında kommersiya danışıqlarının sürətindən də asılıdır. Ümid edirik ki, Azərbaycandan təbii qazın Serbiya istiqamətində qısa zamanda nəqli üçün danışıqlarda maksimum səmərəliliyə nail olacağıq”.

Albaniyanın energetika və infrastruktur nazirinin müavini İlir Beytiya isə bildirib ki, Bakı və Tirana ildə 700 milyon kubmetr təbii qaz tədarükü imkanları üzərində işləyir və Albaniya Azərbaycanın Avropaya ixrac edəcəyi ikinci 10 milyard kubmetrlik təbii qazdan həcmləri rezerv etməyi planlaşdırır (TAP kəmərinin genişləndirilməsindən sonra - “R+”).

Azərbaycan “mavi yanacağı”nın əlavə həcmlərinin potensial alıcıları ilə bağlı artıq müəyyən aydınlıq var. Bəs Cənub Qaz Dəhlizi sisteminin genişləndirilməsi üzrə işlərə nə vaxt başlanılacaq? Müxtəlif ölkələrin ərazilərində müxtəlif operatorlar tərəfindən idarə olunan, üç qaz kəmərini birləşdirən Cənub Qaz Dəhlizi sistemi çoxkomponentli xüsusiyyətə malikdir. Odur ki, bu proses üçün müəyyən miqdarda vəsait və müxtəlif hesablamalara görə, təxminən 4-5 illik vaxt tələb olunacaq. Düzdür, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz əmin edib ki, yaxın 3-4 ildə TANAP kəmərinin ötürücülük qabiliyyəti iki dəfə artırılacaq. 

TAP-ın ötürücülüyünün azı 20 milyard kubmetr səviyyəsinə çatdırılmasına gəlincə, TAP AG konsorsiumu bununla bağlı işlərin mərhələli şəkildə həyata keçirilməsini təklif edir. Belə ki, 2023-cü il yanvarın 16-dan 22-dək şirkət bazar sınaqlarının birinci mərhələsini keçirib. Bu müddət ərzində yükgöndərənlər əlavə uzunmüddətli ötürmə gücü tələb edə bilərdilər. TAP AG konsorsiumu belə sınaqların nəticələrindən sonra kəmərin ötürücülük qabiliyyətinin ildə 1,2 milyard kubmetrə qədər genişləndirilməsinin birinci mərhələsinə start verib.

 

Dəniz enerjisi

Fevralın 3-də keçirilən nazirlərin görüşündə ayrıca müzakirə mövzusu “yaşıl enerji” sahəsinin inkişafı, gücü 1000 MVt və uzunluğu 1195 kilometr olan “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi layihəsinin həyata keçirilməsi olub. Xatırladaq ki, söhbət Azərbaycanda istehsal edilən “yaşıl elektrik enerjisi”nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, daha sonra Macarıstana və Avropanın qalan hissəsinə tədarükü üçün bir növ enerji dəhlizinin yaradılmasından gedir.

Qeyd edək ki, ilk dəfə olaraq Bakıda az sayda iştirakçı ilə (Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya) layihənin müzakirəsi üçün Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilib. Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku “yaşıl enerji” sahəsinin inkişafı və ötürülməsi sahəsində gələcək fəaliyyət konsepsiyasını müzakirə ediblər.   

İclas başlamamışdan qabaq Azərbaycan Prezidenti İlham Əliyev müzakirəsi tələb edilən əsas məsələləri sadalayıb: layihə çərçivəsində hər bir ölkənin məsuliyyəti, özəl şirkətlərin cəlb edilməsi imkanları, şirkətlərin konsorsiumunun yaradılıb-yaradılmayacağı, yoxsa hər bir ölkə öz suveren ərazisində öz işinin bir hissəsini yerinə yetirəcək, həmçinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq.

İclasın nəticələri ayrıca açıqlanmayıb, yalnız onun iştirakçıları iki həftə ərzində Xəzər dənizindən Avropaya “yaşıl enerji”nin ötürülməsi ilə bağlı məsələlərin icrasını əlaqələndirmək üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bu ilin sonuna qədər tərəflər layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını başa çatdırmağı planlaşdırırlar. Bu məqsədlə Gürcüstan Dünya Bankına 75 milyon ABŞ dolları kredit verilməsi ilə bağlı müraciət etmək qərarına gəlib. Bu vəsait Qara dənizin dibinin ətraflı geofiziki və geotexniki tədqiqatlarının aparılmasına, Gürcüstanda yerüstü elektrik verilişi xəttinin gücləndirilməsinə, həmçinin layihənin məsləhətçilərinə sərf olunacaq. Avropa Komissiyası artıq dünyada ən uzun kabel xəttinin çəkilməsi üçün 2,3 milyard avro ayırmaq niyyətini açıqlayıb. Onun tikintisi 3-4 il çəkəcək.

Yaşıl Enerji Məşvərət Şurasının növbəti iclası gələn ilin fevralında keçiriləcək. Bu o deməkdir ki, layihənin həyata keçirilməsinin məqsədəuyğunluğunu qiymətləndirmək, onun parametrləri (büdcə, müddət), maliyyə mənbələri barədə qərar vermək və gələcək tədbirlər planını tərtib etmək üçün kifayət qədər vaxt var. Prezident İlham Əliyev Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi təsdiqləyib. Yəni bu sənəd qüvvəyə minib və Azərbaycan “Black Sea Energy” layihəsi üzrə işlərə rəsmən yaşıl işıq yandırıb. Növbə digər ölkələrdədir.



MƏSLƏHƏT GÖR:

124