Müəllif: Kənan RÖVŞƏNOĞLU
İsveçin paytaxtı Stokholmda yanvarın 21-də müsəlmanların müqəddəs kitabı “Quran”ın yandırılması Avropada islamofobiyanı və onun səbəbləri ilə bağlı məsələləri yenidən gündəmə gətirib.
“Quran”ı Stokholmda Türkiyə səfirliyi qarşısında yandıran danimarkalı radikal sağçı Sərt Kurs Partiyasının sədri, vəkil Rasmus Paludan daha əvvəl də belə təxribat xarakterli hərəkətləri ilə gündəmə gəlmişdi.
Türkiyəyə qarşı təxribat?
Daha sonra məlum olub ki, Paludana “Quran” yandırmağı isveçli jurnalist Çanq Frik təklif edib. O, hətta aksiya üçün icazə xərci daxil olmaqla, bütün xərcləri ödəyib. Jurnalist bunu “xəbər yaymaq” hüququ ilə izah edib.
Paludan isə törətdiyi əməlin gözlədiyi nəticəni vermədiyini, əksinə təhdid olunduğunu bildirib: “Türkiyəyə zərbə vurduğumu düşünürdüm, amma düşündüyüm kimi olmayıb”.
Amma o, əməlindən peşman olmadığını, etdiyi hadisənin siyasi “səbəblərinin” olduğunu düşündüyü üçün bu addımı atdığını deyib. Xatırladaq ki, bu, Paludanın ilk belə “hərəkəti” deyil. O, əvvəllər də etnik azlıqların yaşadığı ərazilərdə “Quran”ı açıq şəkildə yandırıb və bunu söz azadlığına hörmət adlandırıb. Hazırda “cəsur” danimarkalı İsveç hüquq mühafizə orqanlarının xüsusi mühafizəsi altındadır.
Aydındır ki, bu nifrət cinayətinin məhz Türkiyənin Stokholm səfirliyi önündə keçirilməsi Ankaraya ismarışdır. Bu mənfur aksiyanı sifariş edənlər Türkiyə hakimiyyəti və İsveç arasında ikincinin NATO üzvlüyü ilə bağlı danışıqlara zərbə vuracağını dəqiq bilirdilər. Belə də oldu - rəsmi Ankara İsveçlə danışıqların dayandırıldığını elan edib.
İlk baxışdan bu vəziyyət İsveç üçün problem kimi görünsə də, əslində, bu hadisə Türkiyəyə qarşı açıq-aşkar təxribatdır. Aydın məsələdir ki, Türkiyənin islamçı hakimiyyəti Quranın Türkiyənin səfirliyi qarşısında nümayişkaranə şəkildə yandırılmasına reaksiya verməli idi. Bəli, rəsmi Ankara hiddətləndi. Bu ölkədə qarşıdan gələn seçkiləri nəzərə alsaq, bu hadisə həm ölkə daxilində ictimai əhvali-ruhiyyə, həm də xarici siyasət baxımından Türkiyə üçün ciddi sınaq olacaq.
Güman ki, buaksiyanın sifarişçiləri bu amilləri də nəzərə alıblar. Bu hadisədən iki gün sonra Niderlandda “Quran”a qarşı təxribat törədilib. Belə ki, bu dəfə radikal faşist “Pegida” qrupunun üzvü Edvin Vaqensveld “fərqlənib”. Bu, onu göstərir ki, belə aksiyalar xüsusi planlaşdırılmış idarə olunan təxribatdır. Nəticədə, Avropada dini zəmində gərginlik yüksəlib, İsveçin NATO üzvlüyünə dair müzakirələr dalana dirənib və Türkiyə ilə Avropa qurumları, o cümlədən NATO arasında yeni gərginlik yaranıb.
Başqa sözlə, “Quran”ın yandırılması aksiyası bir tərəfdən Avropa və dünya müsəlmanlarını qisas almağa təhrik etməyə hesablanmış addımdır. Digər tərəfdən bu, Türkiyənin NATO, həmçinin ABŞ ilə münasibətlərinə təhdid yaradır və azı müəyyən müddət üçün İsveçin NATO üzvlüyünün qarşısını alır. Mövcud vəziyyəti nəzər alsaq, sifarişçilərin istəklərinə nail olduqlarını söyləyə bilərik.
Avropa üçün demokratiya imtahanı
R.Paludan Stokholmda Türkiyə səfirliyi qarşısında “Quran”ı yandırma aksiyasını İsveç rəsmi orqanları ilə razılaşdırıb. Hətta səfirlik qarşısında “Quran”ı yandırarkən Paludanın ətrafında polis mühafizəsi belə olub. Yeri gəlmişkən, ötən ilin aprelində də Paludan oxşar aksiyasını keçirmiş və nəticədə, müsəlmanlarla polis arasında toqquşma baş vermiş, onlarla insan xəsarət almışdı. Bu arada, Avropadakı ölkələrin hökumətləri isə “Quran”ın yandırılmasını “söz azadlığı” və “demokratiya” ilə izah edir.
Amma dünya ictimaiyyətinin bu aksiyanı kəskin qınamasından sonra İsveç hökuməti yerli müsəlman icmasını sakitləşdirmək üçün bəzi addımlar atıb. İsveçin Baş naziri Ulf Kristersson əvvəlcə hadisəni pisləyib, daha sonra isə ölkədəki müsəlman təşkilatlarının nümayəndələri ilə görüşüb.
Bəs bu görüş Avropada islamofobiya səviyyəsinin azaldılması məsələsində nə dərəcədə effektiv olacaq? Belə ki, Paludan yanvarın 21-də Stokholmda “Quran”ı yandırdıqdan sonra eyni addımı bu dəfə yanvarın 27-də Danimarkanın paytaxtı Kopenhagendə atıb. Onunla təxminən eyni günlərdə isə “Pegida” hərəkatının lideri Edvin Vaqensveld Niderlandın Haaqa şəhərindəki Nümayəndələr Palatası qarşısında “Quran”ı cırıb və daha sonra yandırıb. Aksiya müqəddəs kitabın yandırılmasından sonra ictimaiyyət tərəfindən tənqid edilən Paludana dəstək məqsədi daşıyıb.
Qeyd edək ki, Avropanın bir çox ölkələrində Cinayət Məcəlləsində dini dəyərlərin təhqir olunması ilə bağlı ayrıca maddə mövcuddur. “Blasphemy Laws” adı verilən bu qanunlar indi işlək deyil. Daha doğrusu, avropalı hüquqşünaslar ifadə azadlığı və dini dəyərlərin toxunulmazlığı ilə bağlı müxtəlif qərarlar qəbul etməyə məcburdurlar. Xüsusən də söhbət islam dini və onun dəyərləri barəsində gedirsə.
Məsələn, Danimarka ölkənin Cinayət Məcəlləsində 334 il mövcud olmuş “dini dəyərlərə təhqirə görə” cəza maddəsini 2017-ci ildə ləğv edib.
Almaniyada isə analoji 166-cı maddə isə mütəxəssislərin qeyd etdiyi kimi, demək olar ki, istifadə olunmur. Belə çıxır ki, hər dəfə dini etiqad və söz azadlığı arasında seçim dilemması ilə üzləşən Avropa ölkələri inanc toxunulmazlığı ilə bağlı məsələləri arxa plana keçirərək, ikinciyə üstünlük verir.
Eyni zamanda tarixi təcrübə və müxtəlif ölkələrdə baş verən hadisələrə reaksiyalar göstərir ki, hökumətlər belə məsələlərdə sadəcə ləng davranır. Belə ki, müəyyən məqamlarda bununla bağlı maddələrin işə salınmasına və təxribatçıların müqəddəs dəyərləri təhqir etmək planını həyata keçirməsinə mane edilməsinə dair təcrübələr də az deyil.
Avropanın “Quran” yandırma “ənənəsi”
Avropada müsəlmanların müqəddəs kitabına qarşı barbar münasibət yeni deyil. Belə ki, hələ 15-ci əsrdə İspaniyada Əndəlüs mədəniyyətini məhv edən İspan hakimiyyəti müsəlman mədəni mirası ilə birlikdə “Quran”ın ərəb dilindəki bütün nüsxələrini yandırmaq əmri vermişdi. 16-cı əsrdə isə Roma Papası VII Klementin “Quran”ın yandırılması üçün oxşar əmr verməsi ilə bağlı iddialar mövcuddur.
Avropada “Quran”a qarşı kütləvi barbar münasibət 2001-ci il hadisələrindən sonra qeydə alınıb. 2010-cu ildə Terri Cons adlı rahib sentyabrın 11-də “Quran”ı yandırma aksiyası çağırışı edib, ancaq rəsmilər həmin vaxt və sonrakı illərdə rahibin kütləvi “Quran” yandırma aksiyasına icazə verməyib. Lakin bu çağırış və ümumilikdə müsəlmanlara qarşı narazılıq “Quran”a münasibətdə özünü büruzə verib.
2008-ci ildə isə niderlandlı siyasətçi Qert Vilders 17 dəqiqəlik “Fitnə” adlı film çəkib və burada islamı terror dini kimi təqdim edib. Bu, Avropada islama qarşı düşmənçiliyi daha da qızışdırmışdı. Son hesablamalara əsasən, Avropada sağçıların 57%-i müsəlmanlara və islama düşmən münasibət bəsləyir. Vildersin 2016-cı ildə Avropada “Quran”ın qadağan edilməsi çağırışından sonra isə müqəddəs kitaba qarşı, xüsusən onun yandırılması ilə bağlı aksiyaların sayı artıb. “Quran”ın yandırılması və bu kitaba hücumların sayı artdı. 2020-ci ildə isə danimarkalı irqçi neonasist Rasmus Paludan “Quran”ı nümayişkaranə şəkildə yandırma aksiyaları ilə gündəmə gəlmişdi.
Modern kitab düşmənləri
“Quran” ilk növbədə kitabdır. Dünyada ən çox nəşr olunan, bəşər tarixində ən böyük təsirə malik olan kitablardan biridir. Eyni zamanda 2 milyarda yaxınlaşan dünya müsəlmanları üçün “Quran” müqəddəs kitabdır, Allahın hökmlərinin əsas qaynağıdır. Bu səbəbdən də, “Quran”ın nüsxəsinin qorunması, təmiz saxlanılması müsəlman üçün vacibdir. Təbii ki, hər bir müsəlman “Quran”ın yandırılmasını islama, onun müqəddəs dəyərlərinə müharibə elan etmək, təxribat hesab edir.
Əlbəttə, bütün dinlərdə müqəddəs dəyərlər var. İlk növbədə, bu, həmin dinlərin kitablarıdır. “Quran” müsəlmanların müqəddəs kitabı hesab edildiyi kimi, “Tövrat” (“Əhdi-Ətiq”) yəhudilər, “İncil” (“Əhdi-Cədid”) isə xristianlar üçün müqəddəsdir. Lakin Avropa modernizmi xristianlığın müqəddəslik anlayışını çoxdan məhv edib. Kilsənin etirazlarına rəğmən, Avropada incəsənəti və ədəbiyyatı xristian müqəddəslərini hədəfə alır.
Ancaq xristianlıqdan fərqli olaraq, islam və iudaizm bir-birindən fərqlənir. Təsadüfi deyil ki, Paludanın “Quran”la bağlı bədnam aksiyadan sonra İsveç hakimiyyəti onun “Tövrat”ı yandırmaq cəhdinin qarşısını alıb.
Əlbəttə, Avropa 80 il əvvəl nasizmin timsalında kitab düşmənçiliyinin ağır cəzasını çəkib. Almaniya şəhərlərində kitabları yandıran nasistlər sonrakı illərdə bütün bəşəriyyət üçün bəlaya çevrildilər. Demək, indi yəqin ki, keçmişin xatırlandığı Avropada “Quran” yandırılır. Tövratı yandırmaq istəyənlər də həmin nasistlərin davamçılarıdır. Bu gün Avropa paytaxtlarında polisin mühafizəsi altında “Quran”ı yandıranların gələcək illərdə müsəlmanlara qarşı “Varfolomey gecəsi” təşkil etməyəcəyinə kim zəmanət verə bilər? Onlar da bunu gizlətmirlər. Bu mənada indi Avropada “Quran” yandıranlar qitə üçün gələcək təhlükənin xəbərçiləridir. Odur ki, Avropa ölkələrinin mütəfəkkirləri nasizmin təkrar baş qaldırmaması üçün bu gün lazımi qətiyyəti göstərməlidir. Əks təqdirdə, Avropa və dünya ikinci dəfə bu təhlükəni yaşayacaq.
Beləliklə, “Quran”ı yandıranlar və onun sifarişçiləri ilkin məqsədlərinə nail olublar. Təxribat nəticəsində İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrə daha bir zərbə vurulub. Eyni zamanda bu hadisə Türkiyə ilə ABŞ arasında münasibətlərin soyumasına səbəb olub. Konqresin bəzi üzvləri hətta ABŞ-ın Türkiyəyə “F-16” qırıcılarının satışına dair proqramı dayandırmağa çağırıb.
Bir sözlə, hər dəfə bu aktlar Avropada islamofob əhvali-ruhiyyəni, xüsusən müsəlmanlara və ümumilikdə mühacirlərə qarşı düşmənçiliyi gücləndirir. Bu da son deyil. Belə islamofob aksiyalar müsəlman dünyasında radikal düşüncələr üçün “qida” funksiyasını yerinə yetirir. Avropada neo-nasistlər kimi Şərqdə də radikal islamçılar bu cür aksiyalardan bəhrələnir, tərəfdar toplayır. Bütün bunların cəzasını isə günahsız insanlar çəkir. Hər dəfə olduğu kimi.
MƏSLƏHƏT GÖR: