Müəllif: NURANİ
İran ətrafındakı siyasi vəziyyət uzun illərdir «arabir kəskinləşən ləng xroniki böhran” termini ilə tam uzlaşır. Lakin indi o, «bəndin partlaması» prinsipi ilə inkişaf edir və bu, deyəsən, qonşu Ermənistanın rəhbərliyini İran rəhbərliyindən heç də az narahat etmir.
İran və Ermənistan rəhbərliyi arasında son dərəcə yaxın və isti münasibətlər hələ SSRİ dağıldıqdan dərhal sonra qurulub. O zaman Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan kimi dövlətlər İrəvanla diplomatik münasibətlər qurmaqdan imtina edibsə, Tehran bu işi qəbahət saymayıb. O, dərhal İrəvanda səfirlik açıb, Ermənistanda çoxtərəfli tərəfdaşlıq qurub, tərəflər hərbi, xüsusi xidmət və digər sahələrdə əməkdaşlığa başlayıb. Doğrudur, sıx siyasi münasibətləri ciddi iqtisadi əlaqələrlə möhkəmləndirmək mümkün olmayıb, amma buna nə Tehranda, nə İrəvanda fikir veriblər. Ötən dövrdə İran liderləri Ermənistana səfərlərdən çəkinsələr də, Ermənistanın ali rəhbərliyi Tehranda kifayət qədər tez-tez peyda olub.
İran ümidlərindən İran şokuna
Çoxları əmindir ki, bu gün İranla Ermənistanın «qucaqlaşması» özünün ən yüksək nöqtəsinə çatıb. Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı, Ermənistanın birinci ledisi statusuna iddialı Anna Akopyan bu günlərdə İrana səfər edib. Formal olaraq o, İrana nüfuzlu qadınların birinci beynəlxalq konqresinə qatılmaq üçün yollanmışdı. Reallıqda isə hədəf başqa idi – Tehran-İrəvan dostluğunun görünməmiş səviyyəyə çatdığının nümayişi.
Səfər boyu islam dininə uyğun geyimdə olan Anna Akopyan ölkənin müqəddəs şəhərlərindən olan Qumda yerləşən Fatimə-i Məsumə türbəsini ziyarət edib, həmçinin İran prezidentinin xanımı Cəmilə Alamolhoda ilə görüşüb. Bu görüşlərdə çətin ki, hansısa ciddi məsələlər müzakirə olunsun, baxmayaraq ki, 44 günlük müharibə zamanı erməni generalların postlardan xanım Akopyanın tələbi ilə çıxarıldığına dair söz-söhbətlər belə, yayılmışdı.
Amma forum iştirakçıları dostluq nümayişini bacarıblar. Bu isə əlbəttə ki, Bakının hiddətinə səbəb olub: bunu necə başa düşək? İranın ən yaxın və dəyərli tərəfdaşı Azərbaycan torpaqlarının işğalda olduğu illərdə oradakı məscidlərdə donuz saxlayanlardır?!
Növbəti «dostluq nümayişi» yanvarın sonlarına təsadüf edib. Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan cəmi bir gün əvvəl erməni kilsəsinin Tehran yeparxiyasının Yeparxiya Şurasının dəvəti ilə Ermənistan parlamentinin Koçaryanın «Hayastan» blokundan olan deputatı Aspram Krpeyan, erməni kilsəsinin «Artsax yeparxiyası»nın başçısı baş keşiş Vrtanes Abramyan və özünü «Dağlıq Qarabağın ombudsmanı» adlandıran Geqam Stepanyan İrana səfər ediblər. Yanvarın 27-də – Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra isə onlar erməni diasporunun «Laçın dəhlizinin açılması» tələbi ilə keçirdiyi mitinqə qatılıblar. Söhbət İrana məxsus yük maşınlarının Xankəndiyə gedib-gəldiyi, İran xüsusi xidmət orqanları əməkdaşlarının hərəkət etdiyi dəhlizdən gedir. Üstəlik, belə bir gərgin anda mitinqi təxirə salmaq İran hökumətinin ağlına belə, gəlməyib. Yanvarın 29-da – artıq Azərbaycan səfirliyi əməkdaşlarının təxliyəsindən sonra erməni qonaqlar ziyafətə toplaşıb, burada da Laçın-Xankəndi yolunun «blokadası»ndan danışıblar.
Ermənistanda bütün bunlar, əlbəttə ki, dərin məmnuniyyətlə qarşılanırdı. Orada Azərbaycanla İran arasında tammiqyaslı münaqişənin başlayacağına ümidlər əməlli-başlı artırdı, daha dəqiq desək, ermənilər düşünürdülər ki, bu münaqişə Ermənistanın Qarabağda hərbi revanşına, azad olunmuş torpaqları yenidən ələ keçirməsinə imkan yaradacaq.
Təbii ki, İrəvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin cavab olaraq keçirdiyi birgə hərbi təlimlərdən də xəbərdar idilər, ekspertlərin İran ordusunun 1970-ci illərin şah dövründən qalmış silahlarla təchiz olunduğu, bu məsələdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrindən bir neçə nəsil geridə qaldığına dair fikirlərini oxuyurdular. Lakin 44 günlük müharibə ərəfəsində İranın Ermənistana real hərbi dəstək verdiyi dövrlərdə olduğu kimi, indi də bu məlumatları «qulaqardına vururdular». Yeri gəlmişkən, 2022-ci ilin sentyabr döyüşləri zamanı Tehran Ermənistana kəşfiyyat məlumatları da ötürürdü və bunu Ermənistan xarici işlər nazirinin yeni müavini Vaan Kostanyan da ağzından qaçırıb. İrəvanda əmin idilər ki, İran ermənilərin ərazi iştahalarını təmin etmək üçün Azərbaycanla müharibə aparacaq dövlətdir. Moskvanın ermənilərdə yaratdığı məyusluq fonunda bu ümidlər lap yerinə düşürdü. Xatırladaq ki, İrəvanın bütün öyüd-nəsihətlərinə və tələblərinə baxmayaraq, Rusiya Ermənistan tərəfdən münaqişəyə qoşulmağa tələsmir. Odur ki, belə bir vəziyyətdə İranın simasında «yeni ümidlər»in yaranması tam yerinə düşmüşdü.
Amma… yanvarın 29-u gecə naməlum pilotsuz uçuş aparatları İsfahandakı hərbi zavoda zərbələr endirdi. Bu, İrəvanın ümidlərini də yox etdi…
Heç kimin hiss etmədiyi «qırmızı xətt»
İran ətrafında vəziyyətin qəlizləşməsi fonunda problemin hərbi həlli mövzusu daim gündəmdə olub. Rəsmi Tehrana qarşı sanksiyalar tətbiq olunub, mütəmadi olaraq KİV-də və ekspertlər arasında İrana qarşı hərbi əməliyyatlar riski müzakirə edilib, lakin bu, müzakirələrdən o yana keçməyib. Burada bir məşhur fikir yerinə düşür: «Bəli, biz müharibə aparmayacağıq, lakin Tehran buna tam əmin olmamalıdır».
İsfahandakı zavoda raket zərbəsinin endirilməsi isə bir gerçəkliyi aydın şəkildə ortaya çıxarıb: dünənə qədər sadəcə təhlükəli nəzəriyyə sayılan ssenari bu gün reallığa çevrilir. Doğrudur, bu, hələ müharibə demək deyil. ABŞ-ın təyyarə gəmiləri hələ İran sərhədlərinə yaxınlaşmaq əmri almayıb, Tehrana ultimatum verilməyib və strateji bombardmançılar havaya qaldırılmayıb. Amma baş verənlərin «müharibə məşqi», özünəməxsus «hərbi test» olduğuna şübhə yoxdur. Onun nəticələri isə istər Ermənistan, istər İran üçün faciəvi ola bilər. Məlum olub ki, İranın Hava Hücumundan Müdafiə sistemi ölkənin hava məkanını «çağırılmamış qonaqlar»dan müdafiə etmək, strateji obyektləri qorumaq iqtidarında deyil. Bundan başqa, bütün səs-küylü bəyanatlara baxmayaraq, İran ordusu «qisas zərbəsi» endirmək haqda qərar qəbul edə bilməyib, çünki bunun intihar olacağını yaxşı bilir. Tehran «müsəlman küçəsi»ndən də dəstək görməyib – əksər müsəlman paytaxtları İrana zərbələrin endirilməsini «görməməyə» üstünlük verib. Başqa sözlə, Tehranın düşmənləri «qırmızı xətt»i keçib, lakin bunu, demək olar ki, hiss edən olmayıb.
Nəticə: İrəvan qorxub. Həm də çox. İndi orada özünü qorumağa qadir olmayan İranın Ermənistanı «qanadı altına» almayacağını anlamağa başlayırlar. İndi İrəvan onu da anlayır ki, İrana qarşı başlayacaq hərbi əməliyyatlar ehtimalı qorxulu reallığa çevrilir.
Hələlik isə İrana qarşı sanksiyalar getdikcə daha sərt xarakter alacaq. Nəzərə alsaq ki, Tehran bu sanksiyalardan qaçmaq üçün açıq şəkildə Ermənistandan istifadə edir, ABŞ isə belə hallarda sanksiyaların üçüncü dövlətlərə də tətbiq ediləcəyini deyir, İrəvanın qorxmalı olduğu çox şey var.
MƏSLƏHƏT GÖR: