22 Noyabr 2024

Cümə, 08:46

ƏSAS ELEMENT

Ekspertlər əmindirlər ki, Xəzər regionunun “yaşıl hidrogen” istehsalı mərkəzinə çevrilməsi üçün hər cür şansı var

Müəllif:

01.03.2023

Hələ formalaşma mərhələsində olan beynəlxalq hidrogen bazarı 2050-ci ilə qədər əsas yanacaq mənbələrindən birinə çevrilə və hər il istehsalçılara trilyonlarla dollar gəlir gətirə bilər.

Beynəlxalq Enerji Agentliyi (BEA) 2030-cu ildən 2050-ci ilə kimi gələcəyin enerjidaşıyıcısı hesab edilən “yaşıl hidrogen” bazarında əhəmiyyətli artımın müşahidə ediləcəyini proqnozlaşdırıb. Onun istehsalı ilə 30-dan çox ölkə məşğul olmağı planlaşdırır. Bu prosesdə Avropa İttifaqı (Aİ), Avstraliya, Latın Amerikası Yaxın Şərq ölkələri, həmçinin Hindistan və Çin fəal iştirak edir. Çin hətta ekoloji cəhətdən təmiz H2 istehsalı üzrə dünyanın ən böyük müəssisəsinin yaradılmasını elan etməyə nail olub. Üstəlik, təkcə enerji resurslarını idxal edən dövlətlər deyil, həm də ənənəvi yanacaqları uğurla ixrac edən Səudiyyə Ərəbistanı, Norveç və ABŞ kimi  ölkələr bu istiqamətdə yeni layihələr açıqlayıb.

Xəzər regionu ölkələri də bu siyahıya qoşulmaq istəyir. Məsələn, Qazaxıstan 50 milyard dollarlıq layihə çərçivəsində 2030-cu ilə qədər “yaşıl hidrogen”in istehsalına başlamağa və onu Avropaya ixrac etməyi planlaşdırır. Rusiya isə bu ilin yanvarında “Qazprom” və “Rosatom” kimi dövlət şirkətlərinin iştirakı ilə hidrogen enerjisinin inkişafı üçün 2030-cu ilə qədər yeni “yol xəritəsi” qəbul edib.

Azərbaycana gəlincə, ölkəmizdə “yaşıl hidrogen”in istehsalının təşkili və onun Avropaya ixracı prosesi hələ araşdırılma mərhələsindədir. Bu istiqamətdə layihələrin həyata keçirilməsinə istək var. Üstəlik, bu, gələcəkdə maraqlı layihələrin icrası ilə nəticələnə bilər.

 

İstehlakçıya gedən yol

Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların başlaması ilə Rusiyanın enerji resurslarından asılılığın azaldılması məsələsi daha da aktuallaşıb. Belə ki, karbon neytrallığına doğru fəaliyyətini sürətləndirmək üçün Avropada bir sıra hidrogen layihələri hazırlanıb. Məsələn, 2022-ci ilin yayında Avropa Komissiyası ilk dəfə olaraq 14,2 milyard avro dəyərində hidrogen enerji infrastrukturunun yaradılması texnologiyalarının inkişafı üzrə ümumavropa layihəsini təsdiqləyib. Bunun 5,4 milyard avrosu dövlət subsidiyaları, 8,8 milyardı isə özəl investisiyalar şəklində cəlb olunacaq. Bütün paketə Aİ-nin 15 ölkəsindən olan 35 şirkət tərəfindən həyata keçiriləcək 41 layihə daxildir.

Bu layihə hidrogenin elektrik akkumulyatorları üçün element kimi istifadəsi, həmçinin bərpa olunan enerji mənbələrindən enerji istehsalının sabitləşdirilməsi vasitələri və bu istiqamətdə avtomobillər, gəmilər və təyyarələr üçün yanacağın istehsalı üçün texnologiyalar və sənaye layihələrinin hazırlanmasına istiqamətlənib. Hidrogen hələ Aİ-nin enerji istehlakının yalnız 2%-ni təşkil edir.

Paralel olaraq, Aİ Pireney yarımadasını Avropanın digər hissəsi ilə birləşdirəcək sualtı hidrogen boru kəmərinin tikintisinə də razılıq verib. 2022-ci ilin dekabrında İspaniya, Portuqaliya və Fransa H2Med hidrogen boru kəmərinin tikintisi üçün səyləri birləşdirib.

“Biz 2030-cu ilə qədər Aİ-də hidrogen istehsalını 10 milyon tona çatdırmaq və daha 10 milyon ton idxal etmək niyyətindəyik. Bu həcmdə hidrogen bizim sənayemizə çatmalıdır. Üstəlik, hidrogenin qərbdən şərqə nəqli üçün İber dəhlizi daxil olmaqla, strateji dəhlizlər sistemi yaratmaq niyyətindəyik”, - Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.

Bu il H2Med kəmərinin Almaniyaya qədər uzadılması barədə qərar qəbul edilib. Onun tikintisinə 2025-ci ildə başlanacaq və 2030-cu ilə qədər yeni sistem vasitəsilə ildə təxminən 2 milyon ton “yaşıl hidrogen” nəql ediləcək. Bu enerji resursu Avropa İttifaqında istehlakının 10%-ni ödəyəcək. Layihənin Almaniyaya qədər uzadılmasının ümumi dəyəri 2,5 milyard avro qiymətləndirilib.

Bu arada, Finlandiya, Polşa, Almaniya və Baltikyanı ölkələr Şimali Baltik Hidrogen Dəhlizinin yaradılması barədə razılaşıb. Onun vasitəsilə Baltik dənizi regionunda istehsal olunan “yaşıl H2” dəhliz boyu yerləşən ölkələrə, həmçinin Mərkəzi Avropadakı istehlakçılara tədarük ediləcək. Bundan başqa, Baltik dənizi ətrafında infrastruktur inkişaf etdikcə, hidrogen üçün güclü bazar yaradıla bilər. Beləliklə, bu layihənin regionun enerji təhlükəsizliyinin gücləndirilməsi, idxal olunan qalıq enerjidən asılılığın azaldılmasında, o cümlədən dəhliz boyu yerləşən ev təsərrüfatları və enerji tutumlu sənayelərdə karbon emissiyasının aşağı salınması məsələsində mühüm rol oynaması nəzərdə tutulub.

Böyük Britaniya isə 2030-cu ilə qədər 5 geqavatlıq aşağı karbonlu hidrogen istehsal gücünə nail olmaq niyyətini açıqlayıb. Bu ölkədə 2050-ci ilə qədər bazarın həcmi 13 milyard funt-sterlinq (17,88 milyard dollar) olacaq. Rəsmi şəxslər bildiriblər ki, 2050-ci ilə qədər Böyük Britaniyanın enerji istehlakının 20-35%-i hidrogenlə təmin oluna bilər. Ortamüddətli perspektivdə Böyük Britaniyanın hidrogen iqtisadiyyatı 2030-cu ilə qədər 4 milyard funt-sterlinq investisiya cəlb edə bilər. Nəticədə, bu ölkədə 9000-dən çox iş yerinin yaradılması mümkündür.

Bu məqamda qeyd edək ki, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts ABŞ hökumətinin “yaşıl keçid”i təşviq edən siyasətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ABŞ hakimiyyətinin yeni texnologiyalara, məsələn, “yaşıl hidrogen”ə sərmayə qoyuluşunu təşviq etmək təşəbbüsləri müsbət nəticələr verəcək. Digər tərəfdən B.Qeyts əlavə edib ki, hazırda faktiki olaraq “yaşıl hidrogen” bazarı yoxdur və hidrogen hələ lazım olduğundan düz 4 dəfə bahadır. Lakin ABŞ və Aİ-nin dəstəyi ilə yaxın onillikdə belə bir bazar yaradıla bilər.

Latın Amerikasında da bir sıra hidrogen layihələri uğurla həyata keçirilir. Nəticədə, bu qitə dünyanın üçüncü istehsal mərkəzinə çevrilə bilər. Asiya ölkələrində isə Çini qeyd etmək olar. O, hidrogen enerjisi sektorunun artımını stimullaşdırmağı və 2025-ci ilə qədər bərpa olunan enerji mənbələrindən 100-200 min ton hidrogen istehsal etməyi qarşısına məqsəd qoyub. Xatırladaq ki, ötən ilin dekabrın əvvəlində Çində H2 mühərrikli sənaye avtomobilləri üçün ölkənin ilk istehsal xətti artıq istifadəyə verilib. Hidrogen istehsalı avadanlığı və yanacaq elementləri üçün katalizatorlar istehsal edən Çin enerji nəhəngi Dövlət Enerji İnvestisiya Korporasiyasının törəmə şirkəti olan “Hydrogen Energy” 2024-cü ilə qədər 7 yeni istehsal xətti qurmağı planlaşdırır.

Hindistan da “yaşıl hidrogen” istehsalının inkişafına qoşulub və bu məqsədlə təxminən 2,2 milyard dollar sərmayə qoymaq niyyətindədir. Yeni beşillik proqramla ölkədə istehsalının maya dəyərini 20% azaltmaq üçün təmiz H2 sənayesinin əhəmiyyətli dərəcədə genişləndirilməsi nəzərdə tutulur.

 

Xəzərin hidrogeni

Xatırladaq ki, “yaşıl hidrogen” günəş və ya külək enerjisi kimi bərpa olunan enerji mənbələrindən istifadə etməklə suyun elektrolizi (elektrik cərəyanı keçirilməklə suyun hissələrə ayrılması ilə) yolu ilə əldə edilir. Ümumiyyətlə, hidrogen yandırıldıqda karbon qazı əmələ gəlmir.

Xəzər dənizinin bərpa olunan enerji mənbələrinin, ilk növbədə, külək enerjisinin inkişafı üçün böyük potensialın olduğunu nəzərə alan ekspertlər əmindirlər ki, bu regionun “yaşıl hidrogen” istehsalı mərkəzinə çevrilməsi üçün hər cür şansı var.

Belə bir fikri, məsələn, Böyük Britaniyanın enerji nəhəngi BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz da səsləndirib: “Ümumiyyətlə, əgər enerji keçidinin hidrogen – “yaşıl hidrogen” və onun digər növlərinin istehsalı kimi prioritet istiqamətindən danışsaq, bu region (Xəzər-“R+”) hidrogenin bütün növlərinin istehsalı mərkəzinə çevrilmək üçün çox böyük imkanlara malikdir”.

Hazırda beş Xəzəryanı ölkədən Qazaxıstan və Azərbaycan gələcəyini “yaşıl hidrogen” vasitəsilə Xəzər dənizinə bağlayır. Almaniya-İsveç şirkəti olan “Svevind Energy GmbH” Qazaxıstan hökuməti ilə öz vəsaiti hesabına 20 geqavat gücündə ekoloji təmiz hidrogen istehsalı zavodunun tikintisinə dair müqavilə imzalayıb. Layihənin dəyəri 50 milyard dollardır. İstehsalın 2030-cu ildə işə düşməsi planlaşdırılır. 2032-ci ilə qədər isə elektrik stansiyası tam gücünə çatacaq. Yəni burada ildə 2 milyon ton “yaşıl hidrogen” istehsal ediləcək. Bu, Aİ-nin 2030-cu ilə qədər “yaşıl hidrogen” idxalı ilə bağlı bəyan etdiyi hədəfin təxminən düz beşdə birinə bərabərdir. Bu layihə ilə sutkada 255 min kubmetr gücündə olacaq şor suyu təmizləyici aparatın, 40 QVt gücündə bərpa olunan enerji mənbələri (külək, günəş) stansiyasının və 20 QVt gücündə su elektrolizatorlarının tikintisi və istismarı nəzərdə tutulur.

Bundan başqa, Qazaxıstan hökuməti digər xarici investorlarla birlikdə “yaşıl hidrogen” istehsalı sahəsində daha iki layihə üzərində işləyir. Bütün bu planların həyata keçirilməsi gələcəkdə Qazaxıstanı dünyanın ən böyük hidrogen istehsalçılarından birinə çevirə bilər.

Azərbaycana gəlincə, o, bu mərhələdə 25 GVt-lıq bərpa olunan enerji istehsalının yaradılması üzrə layihələri planlaşdırır və həyata keçirir. Bu yolla istehsal olunan elektrik enerjisinin ixracı və ondan “yaşıl hidrogen” istehsalı üçün istifadə edilməsi gözlənilir. Azərbaycan dünyanın aparıcı şirkətləri və ölkələri (“Masdar”, “ACWA Power”, BP, “Fortescue Future Industries”) ilə H2 istehsalı üzrə təcrübə mübadiləsi qurur.

“Yaşıl hidrogen” istehsalına gəlincə, bu barədə düşündüyümüzü söyləyə bilərəm”, - Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

“Bugünkü vəziyyətə nəzər salsaq, mənbələrin şaxələndirilməsi üçün Azərbaycandan Avropaya daha çox qaz nəql oluna bilər. Eləcə də, hidrogen. Qaz kəmərindən istifadə etməklə gələcəkdə hidrogen Azərbaycanın ixrac edə biləcəyi yaşıl enerjinin bir forması ola bilər”, - Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Əl-Mazrouei bildirib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Azərbaycanın Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycanda elektrik enerjisi sektorunun inkişafına texniki dəstək haqqında Anlaşma Memorandumu imzalanıb. Bu memorandumla ölkəmizdə bərpa olunan enerjinin təşviqi, şəbəkənin təkmilləşdirilməsi, enerji səmərəliliyinin artırılması, metan emissiyalarının azaldılması, həmçinin “yaşıl hidrogen” daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur. Üstəlik, tərəflər enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət “yol xəritəsi”nin hazırlanması barədə razılığa gəliblər.

Bu məqamda qeyd edək ki, indiyədək Azərbaycanda dizel və benzinin hidrotəmizlənməsi üzrə Bakı Neft Emalı Zavodu və Etilen-Polietilen Zavodunda kiçik həcmdə yüksək təmiz hidrogen istehsalı yaradılıb.

Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrə bölməsi olan “SOCAR Energy Switzerland” “Alpiq” və “EW Hofe” şirkətləri ilə birlikdə Frayenbax bələdiyyəsində gücü 10 MVt-a qədər olan elektroliz zavodunun tikintisi layihəsində iştirak edir. Müəssisə ildə 1-1,2 min ton “yaşıl hidrogen” istehsal edəcək və bu enerji resursu yanacaqdoldurma məntəqələrinə tədarük olunacaq. Yeri gəlmişkən, bu ilin iyununda İsveçrədə SOCAR brendi ilə ilk hidrogen yanacaqdoldurma məntəqəsinin açılışı planlaşdırılır.

Ölkə miqyasında “yaşıl hidrogen” istehsalına gəlincə, müvafiq istehsal güclərinin yaradılması üçün günəş və külək elektrik stansiyalarının tikintisində olduğu kimi, əhəmiyyətli investisiyalar və xüsusi dövlət dəstəyi mexanizmləri tələb edilir.

Doğrudur, hazırda “yaşıl hidrogen” istehsalı çox bahalıdır. Lakin bərpa olunan enerji texnologiyalarında olduğu kimi, növbəti 10 il ərzində hər şey dəyişə bilər. Məsələn, günəş enerjisi istehsalı son 10 ildə düz 74% ucuzlaşıb.

Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlər, tədqiqat mərkəzləri və universitetlər hidrogen texnologiyasının qiymətini azaltmağa çalışır. Söhbət həm elektroliz yolu, həm də yanacaq elementləri ilə istehsaldan, o cümlədən hidrogen anbarlarının dəyərindən gedir. Bir sözlə, bu sahənin prioritet olduğunu nəzərə alsaq, bu məqsədlərə nail olunacağına şübhə olmadığını söyləyə bilərik. Odur ki, “hidrogen iqtisadiyyatı” bizə indi təsəvvür etdiyimizdən daha çox yaxın olacaq.



MƏSLƏHƏT GÖR:

126