Müəllif: Natiq NAZİMOĞLU
Fransa Prezidenti Emmanuel Makronun Qabon, Anqola, Konqo Respublikası və Konqo Demokratik Respublikasını (KDR) əhatə edən Mərkəzi Afrika turnesinin məqsədi heç şübhəsiz ki, Parisin «Qara qitə»də hökmran mövqeyinin qorunub saxlanması cəhdi idi. Amma deyəsən, hər şey əksinə olub: bu səfər Fransa siyasətinin neomüstəmləkəçi xarakterini daha açıq ortaya qoyub, bu isə illər boyu Fransa imperiyasının ayağı altında qalmış xalqlarda daha böyük hiddət doğurur.
«Balanslı tərəfdaşlıq»
Makron hələ turneyə çıxmazdan əvvəl Yelisey sarayında Fransanın «yeni kurs»unu təqdim edib. Onun məğzini Fransanın təhlükəsizlik siyasətini müəyyən qədər dəyişməsi və Afrika qitəsində biznesi gücləndirməsi təşkil edir.
Fransa Prezidenti Afrika ölkələrinə səfərinin gedişində söhbətin Parisin birbaşa hərbi mövcudluğunun məhdudlaşdırılmasından getdiyini təsdiqləyib. Onun dediklərindən məlum olub ki, Fransa bundan sonra daha çox «yumşaq güc»ə üstünlük verəcək. Makron bir tərəfdən Afrikanın ayrı-ayrı ölkələrində fransalı hərbçilərin sayının azaldılması ilə həmin ölkədəki Fransa bazalarını yerli hökumətlərlə birgə idarə etmək niyyətindədir. Digər yandan o, iqtisadiyyat, mədəniyyət, təhsil kimi sahələrdə konkret əməkdaşlıq layihələrinin icrasına qərar verib və bunun üçün 40 milyon avronun ayrılmasını planlaşdırır.
Makronun praqmatik yanaşması özünü onun Afrika turnesi çərçivəsində baş çəkdiyi ölkələrin siyahısında da göstərib. Söhbət enerji resursları ilə zəngin Qabon ilə Anqoladan, həmçinin dünyadakı kobalt ehtiyatlarının 60%-dən çoxuna malik olan KDR-dən gedir. Bu ölkələrə səfər zamanı Makron «Fransafrik» («Franceafrique») hekayəsinin başa çatdığını bildirib. O, bildirib ki, «fransız Afrikası» dövrü Parisin qitədəki keçmiş müstəmləkələrini himayə etməsini nəzərdə tuturdu. İndi isə bu, keçmişdə qalır və yerini «balanslı tərəfdaşlığa» verir.
«Mən buraya iqlim və müxtəliflik mövzularında, iqtisadiyyatda, sənayedə balanslı tərəfdaşlıq qurmaq üçün gəlmişəm. Məqsəd maraqlarımızı qorumaq və ümumi rifahımız naminə işləməkdir», - deyə Makron qeyd edib. Bəs Fransanın keçmiş müstəmləkələrinə münasibətdə bu cür «çox mühüm» dəyişikliyə getməsinin səbəbi nədir?
Əsas səbəb bütün Afrikada antifransız əhvalının yüksəlməsidir. Fransanın Afrikanın Sahel regionunda keçirdiyi «Barhan» hərbi əməliyyatının faktiki iflasa uğramasından sonra Parisə qarşı etirazlar əhəmiyyətli dərəcədə artıb. Xatırladaq ki, bu əməliyyatın hədəfi terrorçu qruplaşmalar olsa da, mübarizə o qədər uğursuz alınıb ki, regionu terrorçular deyil, Fransa hərbçiləri tərk etməli olub. Nəticədə, Fransa qoşunları Mali və Burkina-Fasodan çıxıb. Amma məsələ yalnız hərbi müvəffəqiyyətsizliklə məhdudlaşmır. İndi onun Afrika qitəsində hər zaman güclü olmuş mədəni təsir imkanları da zəifləyir: elə həmin Malidə fransız dili əvvəllər rəsmi dil idisə, indi işçi dil səviyyəsinə düşüb.
Daha bir önəmli amil Afrika qitəsindəki digər nəhəng oyunçularla rəqabəti uduzmasıdır. İndi Afrikanın hərbi, siyasi və iqtisadi həyatında başqa fövqəldövlətlərin, məsələn, Çin, Rusiya, Hindistan, Türkiyə, İsrail, Səudiyyə Ərəbistanının rolu getdikcə artır. Bu, xüsusilə sıralamadakı ilk iki dövlətə aiddir. Onlar faktiki olaraq, Fransanı Afrika geosiyasətinə təsir imkanları baxımından üçüncü yerə atıblar. Belə ki, Rusiya hərbi-siyasi dividendlər qazanılması işində xeyli irəli gedib. Hər halda, artıq Afrikanın bir çox ölkəsində özəl hərbi təşkilat olan «Vaqner» mövcudluğunu əməlli-başlı gücləndirib. Məsələn, Mali və Burkina-Faso hərbi baxımdan Moskvaya arxalandığını açıq şəkildə ifadə edir. Daha bir qlobal miqyaslı oyunçu olan Çin isə burada əsas iqtisadi tərəfdaş kimi möhkəmlənir. O, Afrikanın bir çox ölkəsinin əsas investoruna çevrilib və buraya Fransanın keçmiş müstəmləkələri də aiddir.
Bütün bunlar Fransanı «Qara qitə»də nüfuzunu qoruyub saxlamaq üçün müxtəlif yollar axtarmaq məcburiyyətində qoyur. Lakin «balanslı tərəfdaşlıq» planını düşünən Paris, görünür ki, özünün «Afrika doktrinası»nın əsas məğzini dəyişmək fikrində deyil. Söhbət aşkar neomüstəmləkəçilikdən gedir.
Uçuruma aparan kurs
Makron «yeni kurs»unu belə izah edib ki, «Fransanın rolu Afrikanın bütün problemlərinin həll edilməsi deyil». Bəs Paris bu qitənin hansı «problem»lərini həll etmək niyyətindədir? Güman ki, Makron Afrika dövlətlərinə yardımın, o cümlədən hərbi yardımların azaldılmasına getməklə, bu işi seçim əsasında görəcək. Yəni Paris iqtisadi, siyasi və ekoloji sahələrdə yardımı daha çox fransapərəst olan dövlətlərə edəcək. Bununla yanaşı, özünü dünya demokratiyasının dayağı sayan Fransa, himayə etdiyi rejimlər arasında, müstəmləkəçilikdən sonrakı onilliklər boyu olduğu kimi, ən iyrənc Afrika “demokratiyaları”nın olacağında problem görmür.
Fransanın Afrika xalqlarının faciəvi keçmişi və kifayət qədər problemli bu günü ilə bağlı üzərinə hər hansı mənəvi məsuliyyət götürməkdən boyun qaçırması da çox şeydən xəbər verir. Bu haqda da ürəyini açan Makron deyib: «Belə bir fikir var ki, hər şeyin günahı Fransadadır. Bəziləri isə bizim bəzi məsələlərdə günahkar olduğumuzu deyirlər. Xeyr, bu, bizim günahımız deyil».
Makronun Mərkəzi Afrika turnesinin gedişində daha bir maraqlı epizod yaşanıb. Bu, onun KDR Prezidenti Feliks Çisekedi ilə keçirdiyi birgə mətbuat konfransında baş verib. Çisekedi Makrona Fransanın 1994-cü ildə Ruandada baş vermiş vətəndaş müharibəsi zamanı törədilmiş soyqırımına Fransanın aidiyyətini xatırladıb, həmin hadisələrin iqtisadi və humanitar fəsadlarının KDR-ə də ciddi təsir göstərdiyini bildirib. Lakin Emmanuel Makron yenə də məsuliyyətdən qaçmağa çalışıb: «Fransa sizin üçün gözəlliklər yaratmağa borclu deyil. Bu, sizin vəzifənizdir».
Afrika xalqlarına münasibətdə üzərinə hər hansı öhdəlik götürmək istəməyən Paris onlara müstəmləkə və postmüstəmləkə dövründə yaşadılmış iztiraba görə hər hansı maliyyə kompensasiyasının verilməsi versiyasını da rədd edir. Bununla yanaşı, Fransanın bu ölkələrə vurduğu miqyaslı zərərin qarşılığını ödəməkdən imtina etməsi ilə onun Afrika ölkələrinin iqtisadi həyatında «iştirak etmək», onların təbii sərvətlərindən ciddi gəlir götürmək istəyi eyni şeydir. Bunu Makron özü də açıq etiraf edib: «Bizim Afrika siyasətimizi dəyişməyimiz buradan getmək qərarına gəldiyimiz demək deyil. Biz qalacağıq. Lakin bunu elə edəcəyik ki, qitədə izimiz daha az görünsün».
Beləliklə, Fransanın «Afrika siyasəti»nin sadəcə forması, o da qismən dəyişir. Bu siyasət hələ Şarl de Qollun vaxtından başlayaraq, bütün postmüstəmləkə dövründə keçmiş müstəmləkələrlə son dərəcə ağır şərtlərlə iqtisadi sazişlərin bağlanmasına əsaslanıb. Bütün ötən dövrdə korrupsiya içərisində batan, demokratiyadan xəbəri olmayan hökumətlərə belə, dəstək verməkdən çəkinməyən Paris əvəzində onlardan əhəmiyyətli imtiyazlar əldə edib. Bu, özünü həm də Fransa büdcəsinə qarşılıqsız axan vəsaitlərdə, Afrikanın təbii resurslarının Fransa sənayesinə yönəldilməsində də göstərib. Eyni zamanda Fransanın «Qara qitə»də hərbi mövcudluğu da təmin olunub. İndi isə Fransa bu hərbi mövcudluğu aradan qaldırmaq və ya azaltmaq niyyətindən danışır. Amma bu, o demək deyil ki, Paris keçmiş müstəmləkələrinin suverenliyini təmin etməyi düşünür. Əksinə, fransızlar onları yeni informasiya və texnologiya siyasətinə uyğun «yumşaq güc» ilə əsarət altına almaq istəyir. Yəni «balanslı tərəfdaşlıq» kimi təqdim olunan bu bicliyin arxasında əslində, Fransanın iqtisadi baxımdan cinayətkar diktələrini qoruyub saxlamaq istəyi dayanır.
Afrikanın ən yoxsul dövlətlərindən olan Nigerin vəziyyətini misal göstərmək olar. Qeyd edək ki, o, zəngin uran ehtiyatlarına malik olmaq «xoşbəxtliyi»nə də sahibdir. Fransanın bu ölkədə həyata keçirdiyi «insansevər» siyasəti İtaliyanın hazırkı baş naziri Corca Meloni hələ hakimiyyətə gəlməmiş ifadə etmişdi. Makronun Romanın miqrasiya siyasətilə bağlı ittihamlarına cavab verən Meloni demişdi: «İyrənc olan Fransanın Afrikanın istismarını davam etdirməsidir – o, 14 Afrika dövləti üçün senyoraj şərtilə pul çap edir, afrikalı uşaqları mədənlərdə zülm çəkməyə məcbur edir. Məsələn, Nigerdə Fransa uran filizlərinin 30%-ni öz AES-lərinin fəaliyyətinə yönəldir, halbuki nigerlilərin 90%-i elektrik enerjisinə həsrətdir! Makron, bizə nəsihət verməyə ehtiyac yoxdur! İnsanlar Afrikadan sizin əlinizdən qaçırlar! Bu problem afrikalıların Avropaya daşınması ilə yox, Afrikanın belə avropalılardan azad edilməsi ilə çözülməlidir».
Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Təmas Qrupunun bu günlərdə Bakıda keçirilmiş Zirvə görüşündə Fransa neomüstəmləkəçiliyi ilə bağlı səsləndirdiyi fikirləri də yada salmaq yerinə düşər. «Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır», - deyə dövlət başçısı qeyd edib. Eyni zamanda o, Fransanı «Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə» də çağırıb.
Beləliklə, Fransa görüntüdə siyasətinin şəklini dəyişməyə, onu müasir reallıqlara uyğunlaşdırmağa çalışsa da, neomüstəmləkəçi mahiyyətini dəyişmək istəmir. Belə bir vəziyyətdə Afrika ölkələrində insanların çoxunun onu «Makron, get!» şüarı ilə qarşılaması təəccüblüdürmü? Görünür, afrikalılar artıq Parisin «xoş niyyəti» ilə bağlı xəyal qurmur. Məsələ sadəcə ondadır ki, «Qara qitə» ölkələri «humanist» və «demokratik» Fransanın ən eybəcər formada həyata keçirdiyi əzablı müasir müstəmləkəçilikdən qurtulmaq üçün özləri özlərini dolandıra, müstəqilliklərini lazımi qədər gücləndirə biləcəklərmi?
MƏSLƏHƏT GÖR: