Müəllif: Kənan RÖVŞƏNOĞLU
Misirin xarici işlər naziri Sameh Şukrinin fevralın 27-də Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərin bərpası istiqamətində növbəti addım kimi qiymətləndirilib. Oxşar barışıq cəhdi fevralın 6-da baş vermiş zəlzələdən sonra Türkiyə-Yunanıstan münasibətləri baxımından da edilib.
Zəlzələ baş vermiş regiona gələn S.Şukri Mersin hava limanında türkiyəli həmkarı Mövlud Çavuşoğlu tərəfindən mehriban qarşılanıb. Çavuşoğlu Misirlə Türkiyə arasında münasibətlərdə yeni səhifənin açıldığını, 2022-ci ilin noyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Misir dövlət başçısı Əbdülfəttah əs-Sisi arasında Qətərdə baş tutan görüşün bu istiqamətdə çox məhsuldar cəhd olduğunu vurğulayıb. Türkiyə XİN rəhbəri əlaqələrin inkişafının yalnız iki ölkə deyil, bütünlükdə regionun sabitliyi, inkişafı üçün də əhəmiyyətli olduğunu qeyd edib.
Misir XİN başçısı isə əmindir ki, iki ölkə arasında əlaqələr yaxşılaşacaq: “Misir hər zaman Türkiyədəki qardaşlarının yanında olacaq, münasibətlərimizin bundan sonra ən yüksək səviyyəyə çatacağına inanıram”.
Bir çox ekspertlərin fikrincə, hazırda həm Türkiyə, həm də Misir əlaqələrin yaxşılaşmasında maraqlıdır. Bu mənada S.Şukrinin Mersinə səfəri həm də 2020-ci ildən başlayan yumşalma prosesinin davamı hesab olunur.
Araya girən “qardaşlıq”
Misir tarixinin mühüm bir hissəsi Osmanlı türkləri ilə bağlıdır. 1517-ci ildə Misiri ələ keçirdikdən sonra bu ölkə 400 ilə yaxın Osmanlının tərkibində qalıb. Amma XX əsrin əvvəllərində Osmanlı imperiyasının süqutu və yeni dövlətlərin yaranmasından sonra Türkiyə-Misir münasibətlərində xüsusi bir yaxınlıq olmayıb. Xüsusən də 1953-cü ildə Camal Əbdül Nasirin Misirdə monarxiya hakimiyyətinə son qoyaraq respublika qurması və sovetlərlə yaxınlaşması iki ölkə arasında əlaqələrin soyumasına səbəb olub.
Sovet İttifaqı dağılandan sonra, yəni Hüsnü Mübarəkin hakimiyyəti dövründə belə Misir-Türkiyə münasibətlərində xüsusi bir yaxınlıq qeydə alınmayıb. Əksinə, 2003-cü ildə Misir Aralıq dənizində enerji resurslarının istismarı və ixracı ilə bağlı İsrail və Kiprlə Türkiyənin maraqlarına uyğun olmayan müqavilə imzalamışdı.
Ankara ilə Qahirə arasında əlaqələrin sürətli inkişafı 2000-ci illərin əvvəllərinə, xüsusən də “ərəb baharı”ndan sonrakı dövrə təsadüf edir. Bu dövrdə Türkiyənin fəal xarici siyasət kursu ərəb ölkələri ilə əlaqələrin inkişafı ilə xarakterik olub. Türkiyə və onun islamçı hakimiyyəti ərəb ölkələri üçün müsəlman-demokrat idarəçilik nümunəsi idi.
Misirdə 2011-ci il fevralın 11-də prezident Hüsnü Mübarəkin istefası ilə nəticələnən inqilab Türkiyə ilə bağlı status-kvonu ciddi şəkildə dəyişib. Tezliklə “Müsəlman Qardaşları” seçkilərdə qalib gəlib, hərəkatın lideri Məhəmməd Mursi isə 2012-ci ilin yayında Misirin Prezidenti seçilib.
Mursinin hakimiyyəti dövründə Türkiyə-Misir əlaqələri ən yüksək səviyyədə inkişaf etmişdi. Hətta Mursi Hüsnü Mübarəkin 2003-cü ildə yunanlar və israillilərlə imzaladığı müqaviləni belə ləğv etmişdi.
Amma 2013-cü ildə Misirdə dövlət çevrilişi baş verib. Nəticədə, Mursi və “Müsəlman Qardaşları”nın hakimiyyəti devrilib, onların tərəfdarlarının etirazları ordu tərəfindən ciddi şəkildə yatırılıb. Rəsmi Ankara çevrilişi və onun nəticələrini kəskin şəkildə pisləyib. Türkiyə siyasi xadimləri və mediası Misirdə baş verənləri, o cümlədən ordu və onun komandanı, hazırkı prezident Əbdülfəttah əs-Sisini kəskin tənqid etmişdi. Bu, Misir tərəfindən mənfi qarşılanıb, hətta hər iki ölkənin səfirləri geri çağırılıb, münasibətlər ən aşağı səviyyəyə düşüb.
Barışığa mane olan amillər
Ankaranın 2013-cü ildən sonra Misir hakimiyyətinə qarşı kəskin bəyanatları, diplomatik həmlələri iki ölkə münasibətlərinin soyuq olaraq qalmasında əsas səbəb olaraq göstərilir. Lakin bu yeganə amil deyil, digər və daha vacib olanlar da var.
Yaxın vaxtlara qədər Türkiyə-Misir münasibətlərinin gərginləşməsinin əsas səbəblərindən biri “Müsəlman Qardaşları” problemi idi. Sirr deyil ki, Türkiyə hökuməti müsəlman dünyasının bu ən qədim siyasi islam hərəkatı ilə əlaqələri qoruyub saxlayırdı. Az qala bütün müsəlman ölkələrində təşkilatlanmış hərəkat həm də Fars körfəzindəki ərəb monarxiyalarının qorxulu yuxusudur. Bu səbəbdən də, Misirdə 2013-cü il çevrilişinə dəstək verən ilk ölkələr sırada Fars körfəzi ölkələri idi. Rəsmi Qahirə uzun illər Ankaranı “qardaşlar”ı himayə etməkdə və onlara sığınacaq verməkdə ittiham edib. Amma son illərdə Türkiyə hərəkatın tərəfdarı olan bir çox şəxsi ölkədən çıxarıb və ya həbs edib. Bununla da, faktiki olaraq Türkiyə-Misir yaxınlaşması istiqamətində addım atılıb.
Ankara ilə Qahirənin barışmasına mane olan digər amil Liviya məsələsidir. Türkiyə və Qətər Liviyanın qərbində fəaliyyət göstərən islamçı hökuməti, Misir isə digər ərəb ölkələri ilə birlikdə mərkəzi Tobrukda yerləşən hökuməti dəstəkləyib. Hətta 2020-ci ilin yayında Türkiyənin dəstəklədiyi qüvvələrin Liviyanın mərkəzi hissələrinə qədər irəliləməsi Misir və Türkiyə arasında gərginliyi ən yüksək səviyyəyə çatmasına səbəb olub. İki ölkə arasında gərginliyin azaldılması yalnız atəşkəs elan edildikdən sonra mümkün olub.
Nəhayət, iki ölkə münasibətlərində gərginliyin son səbəbi isə Aralıq dənizinin şərq hissəsində kəşf olunan enerji ehtiyatları və onların istismarıdır. Misir, İsrail və Yunanıstanın üçtərəfli ittifaqına cavab olaraq, Türkiyə 2019-cu il noyabrın 28-də rəsmi Liviya hökuməti ilə Aralıq dənizində dəniz sərhədlərinin demarkasiyasına dair saziş imzalayıb. Bu sənəd faktiki olaraq dənizi Türkiyə və Liviya arasında bölüb, Misirlə Yunanıstan arasındakı su hövzəsini ləğv edib və Misir-Yunanıstan qaz kəməri layihəsinin həyata keçirilməsini sual altına qoyub. Beləliklə, Türkiyə-Liviya razılaşması Şərqi Aralıq dənizi regionunda vəziyyəti daha da mürəkkəbləşdirdi.
Barışığın vacibliyinin səbəbləri
Məlum olduğu kimi, siyasətdə əbədi dostlar və düşmənlər olmur, maraqlar olur. Şərqi Aralıq dənizi regionunun iki böyük ölkəsinin uzun illər düşmən olaraq qalması heç bir tərəfə sərfəli deyildi. Dəyişən geosiyasi şərait onları güzəştə getməyə sövq etdi.
İlk növbədə, ərəb barışığının baş verməsi, Qətər və Fars körfəzi ölkələri arasında yumşalma, necə deyərlər, gərgin ab-havanın yumşalmasına səbəb olub. Paralel olaraq, Türkiyənin Səudiyyə Ərəbistanı və BƏƏ ilə münasibətlərinin yumşalması Misirlə barışıq üçün yol açıb.
İkincisi, Aralıq dənizində vəziyyətin mürəkkəbləşməsi və qarşıdurmanın dərinləşməsi hər iki ölkəni müəyyən mənada çıxılmaz vəziyyətə salıb. Aralıq dənizi ilə bağlı sıx “düyünü” açmaq üçün güzəştə getmək, heç olmasa, ortaq dil tapmaq lazım idi.
Digər tərəfdən Misir və Türkiyə münasibətlərində gərginliyin əsas səbəblərindən biri olan “Müsəlman Qardaşları”nın siyasi proseslərdən rəsmən çəkildiyini elan etməsi barışıq prosesini sürətləndirən amil olub.
Hazırda Ankara ilə Qahirə arasında yeganə kəskin problem Liviya olaraq qalır. Doğrudur, Liviyada atəşkəs və birgə hökumətin yaranmasından sonra gərginlik xeyli azalıb. Lakin 2021-ci ilin payızında Liviyada siyasi proseslərin dalana dirənməsi Misir-Türkiyə barışıq prosesinə təsir etmişdi. O vaxt xarici işlər naziri Sameh Şukri açıq şəkildə bildirmişdi ki, Ankara Liviyadakı siyasətini dəyişmək üçün heç bir addım atmır, bu səbəbdən də, Türkiyə ilə Misir arasında barışıq prosesi dayandırılacaq.
Bu mənada Liviyada vahid milli hökumət qurulmayana qədər Türkiyə-Misir münasibətlərində bu cür büdrəmələrin olması qaçılmazdır. Lakin ümid verən odur ki, həm Ankara, həm də Qahirə qeyd olunan şərtləri nəzərə alır və münasibətlərə daha realist yanaşma baxışını ortaya qoyur. Bu isə müsbət nəticələrə ümidləri artırır. Barışıq prosesi isə artıq uzun bir yol qət edib.
Barışığa aparan çətin yol
2020-ci ildə artıq Türkiyə və Misir mediasında barışıq prosesi barədə iddialar ortaya atılsa da, ilk dəfə rəsmi olaraq 2021-ci ilin yazında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasında kəşfiyyat və xarici işlər nazirlikləri səviyyəsində təmasların baş verdiyini açıqlamışdı. Bu açıqlamadan sonra Misir və Türkiyə xarici işlər nazirləri arasında uzun illərdən sonra ilk telefon danışığı olub. Bu, əslində, 2013-cü il çevrilişindən sonra ölkələr arasında ən yüksək səviyyəli ilk təmas idi.
2022-ci ilin noyabrında iki ölkə arasında yeni səhifəni açan prezidentlər arasında görüş baş tutdu. Türkiyə və Misir prezidentləri Qətərdə keçirilən dünya çempionatı zamanı Dohadakı “Əl-Beyt” stadionunda təşkil olunan ziyafətdə görüşüb. Mediada yayılan görüntülərdə iki liderin əl sıxıb daha sonra ayaqüstü söhbət etdiyi görünüb. Amma Misirin “Qahirə-24” internet portalı xəbər verib ki, Ərdoğanla əs-Sisi ani görüşdən əlavə, masa arxasında danışıqlar aparıb və ölkələr arasında münasibətlərin gələcəyini müzakirə ediblər. Daha sonra prezidentlər Qətər - Ekvador qarşılaşmasını izləyiblər.
Qətərdən geri dönərkən Ərdoğan Sisi ilə görüşünü “yeni dönəmin ilk addımı” kimi xarakterizə edərək prosesin ən yüksək səviyyədə görüşlərə qədər irəliləyəcəyinə inandığını bildirib. Misir Prezident Administrasiyası isə Dohadakı görüşlə bağlı bəyan edib ki, Ərdoğan və əs-Sisinin əl sıxması ikitərəfli əlaqələrin başlanğıcı olacaq.
Səudiyyə mediası isə Misir-Türkiyə barışığının martda XİN rəhbərləri, maya qədər isə prezidentlər səviyyəsində görüş formasında davam edəcəyi barədə məlumat vermişdi. Görünür, Türkiyədə baş verən zəlzələ ikitərəfli yaxınlaşmanı sürətləndirib. Lakin Türkiyədə prezident və parlament seçkilərinin may ayında keçirilməsi barədə qərar, yəqin ki, prezidentlərin görüşünə təsir edəcək. Çox güman ki, bu görüş seçkilərdən sonra baş tutacaq.
Göründüyü kimi, həm Misir, həm də Türkiyə hakimiyyəti münasibətlərin qurulmasında, barışıq prosesində maraqlıdır. Çox güman ki, Liviya məsələsində vəziyyəti kökündən dəyişə biləcək hadisə baş verməsə, yaxın aylarda biz iki ölkənin daha da yaxınlaşacağının şahidi olacağıq. Nəzərə alsaq ki, son 10 ildə Türkiyə ilə Misir arasında ticari-iqtisadi əlaqələr getdikcə inkişaf edir, bu, ümumilikdə münasibətlərin bərpası üçün əlverişli prosesə ümidləri artırır.
MƏSLƏHƏT GÖR: