28 Noyabr 2024

Cümə axşamı, 01:35

«XARİCİ AGENTLƏR» VƏ ETİRAZLAR

Gürcüstanda daxili siyasi vəziyyətin kəskinləşməsi Qərb-Rusiya qarşıdurmasının elementidir

Müəllif:

15.03.2023

Gürcüstanda daxili siyasi sabitlik ciddi imtahan qarşısındadır. Ölkənin iri şəhərlərini hökumət əleyhinə nümayişlər bürüyüb. Nəticədə, hakim «Gürcü arzusu» partiyası «xarici agentlər» haqqında parlamentə təqdim etdiyi qanun layihəsini geri çəkmək məcburiyyətində qalıb. Amma onun özünün ortaya çıxması və ardınca vəziyyətin qarışması faktiki olaraq, Qərb-Rusiya qarşıdurmasının Gürcüstan və bütünlükdə postsovet məkanındakı qarşıdurmasının növbəti elementidir. Ukrayna müharibəsi fonunda bu qarşıdurma daha kəskin xarakter alıb.

 

Qanun layihəsi geri çağırılsa da, qeyri-sabitlik davam edir

Gürcüstan parlamentinin birinci oxunuşda qəbul etdiyi «Xarici təsirlərin şəffaflığı haqqında» qanun layihəsi illik maliyyəsinin 20%-dən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları və KİV-in üzərinə «xarici agent» kimi qeydiyyatdan keçmək və hər il maliyyə bəyannaməsi vermək öhdəliyi qoyurdu. Onun pozulması halında 25 min lari (təxminən, 9,5 min dollar) cərimə nəzərdə tutulurdu.

Qanun layihəsinin qəbulunun bilavasitə təşəbbüskarı «Xalqın gücü» ictimai hərəkatından olan deputatlar idi. Bu, hakim «Gürcü arzusu» partiyasının keçmiş üzvləri, 2022-ci ilin avqustunda hakimiyyətin Avropaya inteqrasiya kursuna etiraz olaraq siyasi təşkilatdan ayrılmış şəxslərdir. Ekspertlər isə hakim qüvvə sıralarında «parçalanma»nın Gürcüstanın ən zəngin adamı, sabiq baş nazir, «Gürcü arzusu»nun qurucusu Bidzina İvanişvilinin təşəbbüsü olduğunu istisna etmir. Güman olunur ki, o, bu addımla hakim elitanın xarici siyasi «gediş»lərinin idarə olunması prosesini sadələşdirib. Belə ki, indi İvanişvilinin nəzarətində olan qüvvələrdən «Gürcü arzusu» özünü qərbpərəst siyasətin tərəfdarı, «Xalqın gücü» isə onun əleyhdarı kimi göstərir.

«Gürcü arzusu»nun dəstəklədiyi, lakin parlamentə «Xalqın gücü» tərəfindən təqdim edilmiş qanun layihəsini çoxları Qərbin əleyhinə olan rusiyapərəst addım kimi qiymətləndirib. Hər halda, o, Rusiyada «xarici agentlər» haqqında qüvvədə olan qanunu xatırladırdı. Lakin sənədin ortaya çıxması ilə paytaxt Tbilisini və ölkənin bir sıra digər iri şəhərlərini Avropaya inteqrasiya tərəfdarlarının nümayişləri bürüyüb. Onlar parlamentdə birinci oxunuşdan keçmiş sənədin geri çağırılmasını tələb ediblər. Nümayişçilər hesab edirlər ki, bu layihənin təsdiqlənməsi KİV və müxalif təşkilatların fəaliyyətini məhdudlaşdıracaq, Gürcüstanın Avropa İttifaqına üzvlüyü yolunda maneəyə çevriləcək. Lakin az sonra aksiyalara qatılmış kütlənin tələbləri genişlənib. Artıq onlar Rusiyapərəst saydıqları hökumətin istefasını və növbədənkənar parlament seçkisinin keçirilməsini də tələb edirlər.

Ümumilikdə, Gürcüstan daxilində yaşanmaqda olan böhranın əsas səbəbi xarici siyasi kursdur. Müxalifət bildirir ki, «Gürcü arzusu» ölkəni yenidən Rusiyanın nəzarətinə qaytarmaq istəyir. Onlar bu siyasətə sonadək müqavimət göstərəcəklərini deyirlər. «Gürcü arzusu» isə öz növbəsində, Gürcüstanın «Ukraynalaşmasına» imkan verməyəcəyini, ölkəni Rusiya ilə müharibəyə sürükləməyə çalışan «xarici və daxili düşmənlər»in planlarını pozacağını bildirir. Bu mənada, «Gürcü arzusu»nun sədri İrakli Kobaxidzenin (parlamentin sabiq spikeri İvanişvilinin rəsmi gedişindən sonra partiyaya rəhbərlik edir) bəyanatı da maraqlıdır. O, hesab edir ki, Gürcüstanda Ukraynanı müharibəyə sürükləmiş Maydan hadisəsinin təkrarlanmasına yol vermək olmaz. «Maydan nə oldu? Ukraynaya nə verdi? Onlar Krımı, həmçinin Luqansk və Donetskin böyük hissəsini itirdilər, bütün bunların davamı isə Ukraynada gedən müharibədir», - deyə Kobaxidze qeyd edib.

Bütün bunlarla yanaşı, «xarici agentlər» haqqında qanun layihəsinin geri çağırılması tələbini Gürcüstan Prezidenti Salome Zurabişvili də dəstəkləyib. O, ölkəsində baş verənlərlə əlaqədar ABŞ-a səfərini yarımçıq kəsərək vətənə dönüb və bildirib ki, mübahisəli qanun layihəsinin qəbuluna veto qoyacaq. Amma onun mövqeyi həlledici ola bilməz. Çünki birincisi, prosedur parlamentdəki çoxluğa prezidentin vetosunu aşmaq hüququ tanıyır, ikincisi isə hakimiyyətdaxili bölgüdə Zurabişvilinin əsl rolu heç də tam aydın deyil. Bəziləri onu «Gürcü arzusu»nun siyasətində son dönəmlərdə özünü daha aydın göstərən Rusiyapərəst xəttin səmimi əleyhdarı sayırsa, digərləri prezidentin mövqeyini İvanişvilinin kələyi kimi qiymətləndirir. Onlar hesab edir ki, İvanişvili dəstək verməsəydi, Zurabişvili prezident postuna gələ bilməzdi. Yəni prezidentin «xarici agentlər» haqqında qanun layihəsi ilə bağlı tənqidi fikirlərinin «kölgə hökuməti»nin oyununun tərkib hissəsi olduğu istisna edilmir. Bunun Qərblə Rusiya arasında balans yaratmaq cəhdi olduğunu düşünənlər az deyil.

Nümayişlər zamanı zorakılıq hallarından qaçmaq mümkün olmayıb. Etirazçılar parlamentin binasına hücum etməyə çalışıb, barrikadalar qurub, asayiş keşikçilərini və inzibati binaları daş-qalaq edib, hətta «Molotov kokteyli»nə əl atıblar. Polis isə nümayişçilərə qarşı rezin dəyənəklərdən, gözyaşardıcı qazdan, su şırnaqları və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb.

Nümaiyşçilərlə güc strukturları arasında toqquşmalarla müşayiət olunan iki günlük etirazlardan sonra «Gürcü arzusu» rəsmi bəyanat yayaraq bildirib ki, «Xalqın gücü» partiyası ilə məsləhətləşmələrdən sonra qanun layihəsini parlamentdən geri çağırmaq qərarına gəlinib. «Bunu ölkədə sülhün qorunması, Gürcüstanın Aİ-yə inteqrasiya yolunda irəliləməsinin təmini baxımından vacib saydıq», - deyə partiyanın açıqlamasında bildirilir. Eyni zamanda saxlanılmış 160 nümayişçinin 130-dan çoxu sərbəst buraxılıb.

Lakin hökumətin bu güzəştlərinə baxmayaraq, etiraz aksiyaları dayandırılmayıb. Doğrudur, onların intensivliyində azalma müşahidə olunur. Amma aksiyalar tamamilə dayandırılsa belə, aydındır ki, Gürcüstan hakimiyyət uğrunda və ölkənin geosiyasi gələcəyi ilə bağlı savaşdan qaça bilməyəcək. Əksər ekspertlər əmindirlər ki, indiki şəraitdə Gürcüstanda daxili siyasi qüvvələr nisbətinin, hətta hakimiyyətin dəyişməsinə müxalif düşərgədə parlaq liderin yoxluğu mane olur. Belə bir vəziyyətdə «Gürcü arzusu»nun xeyrinə işləyən daha bir məqam müxalifətin önündə həbsdə olan eks-prezident Mixail Saakaşvilinin tərəfdarlarının yer almasıdır. Cəmiyyətin əhəmiyyətli bir hissəsinin Saakaşviliyə münasibətinin mənfi olması ümumilikdə müxalifətin populyarlığına da zərbə vurur.

Amma Saakaşvili amili bu və ya digər dərəcədə yaşanmaqda olan hadisələrdə də rol oynayır. Onun yaratdığı «Vahid Milli Hərəkat» partiyası Gürcüstanın ən böyük müxalifət partiyasıdır. Onun hazırkı lideri Levan Xabeişvili isə Saakaşvilinin türmədən zorla azad olunacağını istisna etmir. Digər müxalifətçi, sabiq müdafiə naziri Vano Merabişvili də açıq şəkildə bildirir ki, «Milli hərəkat» üçün eks-prezidentin həbsdən azad edilməsi bir nömrəli məsələdir və buna mitinqlər vasitəsi ilə nail olunacaq.

Hakimiyyət nümayəndələri, məsələn, parlamentin vitse-spikeri, «Gürcü arzusu»nun liderlərindən olan Giya Vaolski isə deyir ki, Saakaşvilinin Ukraynada döyüşərək Gürcüstana qayıtmış tərəfdarları gəncləri dövlət çevrilişinə cəlb etməyə çalışır. Məşz bu vəziyyət dolayısı ilə də olsa göstərir ki, xarici amillərin ciddi təsiri olmadan, yaxın perspektivdə müxalifət istəyinə nail ola bilməyəcək. Söhbət, əlbəttə ki, «Gürcü arzusu»nun hakimiyyətinə son qoyulması istəyindən gedir.

 

Xarici amil

Gürcüstanda daxili vəziyyətin kəskinləşməsi Cənubi Qafqazda və ümumilikdə postsovet məkanında Qərblə Rusiyanın maraq toqquşmasının getdikcə daha da qızışdığının göstəricisidir. Gürcüstan uzun illərdir Avropaya inteqrasiyanın regional lokomotivi rolunu oynayır. Lakin 2012-ci ildə Bidzina İvanişvilinin «arzu»sunun hakimiyyətə gəlişi ilə Tbilisinin bu siyasəti ABŞ və Aİ-yə yarımçıq, inamsız təsir bağışlamağa başlayıb. Qərbin bu vəziyyətdən narazılığının piki 2022-ci ilə təsadüf edib. Həmin vaxt Ukrayna və Moldovadan fərqli olaraq, Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməyib. Qərb Gürcüstanın hazırkı hökumətinin Rusiyaya tətbiq edilmiş sanksiyalara birbaşa dəstək verməməsindən hiddətləndiyini gizlətmir. Bəli, rəsmi Tbilisi birmənalı şəkildə Ukraynapərəst mövqe tutmaqdan çəkinir, bunu Gürcüstanın ilk növbədə, iqtisadi sahədəki milli maraqları ilə əlaqələndirir. Ölkəni hökumət əleyhinə miqyaslı etiraz aksiyalarının bürüdüyü indiki vəziyyətdə isə nümayişlərə Qərbin dəstək verdiyini görmək çətin deyil. Məsələn, ABŞ və Avropa təmsilçiləri Gürcüstan parlamentinin müzakirəsinə çıxarılmış «xarici agentlər» haqqında qanunu kəskin şəkildə pisləyib. Amerikanın Tbilisidəki səfiri Kelli Deqnan baş verənləri «Gürcüstan demokratiyasının qara günü» adlandırıb. Dövlət Departamentinin rəsmisi Ned Prays isə bildirib ki, belə qanunun qəbulu Vaşinqtonla Tbilisinin tərəfdaşlığını sual altına salacaq.

Avropanın xarici əlaqələr xidməti isə öz növbəsində, sözügedən qanun layihəsinin Aİ-nin dəyərlərinə və standartlarına uyğun gəlmədiyini, həmçinin Gürcüstanın Aİ-yə üzvlüklə bağlı elan etdiyi və ölkə əhalisinin böyük əksəriyyəti tərəfindən dəstəklənən məqsədlərə zidd olduğunu bildirib.

Daha bir önəmli siqnal isə Gürcüstanın Avro-Atlantik məkana inteqrasiya siyasətinin ənənəvi dəstəkçisi olan Baltikyanı dövlətlərdən gəlib: Latviya, Litva və Estoniyanın xarici işlər nazirlərinin yaydıqları birgə bəyanatda Tbilisi demokratiya prinsiplərinə sadiq qalmağa çağırılır.

Rusiya isə Gürcüstanda baş verənlərlə bağlı tam əks mövqedədir. Diplomatlar, siyasətçilər, Dövlət Dumasının deputatları Gürcüstandakı Qərbpərəst qüvvələrin etirazlarını ABŞ və Avropa İttifaqının qurduğu tamaşa kimi qiymətləndirir. Onlar hesab edir ki, burada məqsəd Rusiyaya qarşı nisbətən neytral olan «Gürcü arzusu»nun devrilməsi, Moskvaya qarşı ikinci cəbhənin açılmasıdır. Marqarita Simonyan kimi təbliğatçılar isə Gürcüstanı ölkədə Qərbpərəst qüvvələrin zəfər qazanacağı təqdirdə «bombardmanlar»la, «zərbələr»lə hədələməkdən belə, çəkinmir.

Bütün bunlar Rusiya ilə Qərb arasında Cənubi Qafqazda və ümumilikdə postsovet məkanında qarşıdurmanın getdikcə qızışdığının göstəricisidir. Bu qarşıdurmanın gedişində Gürcüstanda siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi çox böyük əhəmiyyət daşıyır.



MƏSLƏHƏT GÖR:

106