Müəllif: Nurlanə QULİYEVA
Qlobal maliyyə bazarı mart ayı ərzində şokdan çıxmağa başlayıb və ABŞ, həmçinin Avropa ölkələri son 15 ilin ən dramatik bank böhranının nəticələrini öyrənib. ABŞ-ın “Silikon vadisi”ndəki bankların və “Signature Bank”ın müflisləşməsi səbəbindən qlobal maliyyə sektoru 465 milyard dollar itirib. Nəticədə İsveçrənin aparıcı bankı “Credit Suisse”in də maliyyə vəziyyəti pisləşib və onu ölkənin ən böyük bankı - UBS alıb.
Amma ABŞ Federal Ehtiyat Sistemi (FED) yenidən uçot dərəcəsini 25 baza bəndi - illik 4,75-5%-ə qədər artırmaq qərarına gəlib. Bunun uçot dərəcəsi 2006-cı ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Xatırladaq ki, 2006-cı ildə uçot dərəcəsi 5,25%-ə çatırdı.
Ekspertlər isə mənfi xarici fonun Azərbaycanın maliyyə bazarına müəyyən təsir göstərə biləcəyini düşünür və çox şeyin bununla bağlı hadisələrin gələcək inkişafından asılı olacağını vurğulayırlar.
Ən böyük müflislik
ABŞ-da martın əvvəlində bir neçə böyük bank müflis olub. Məsələn, martın 8-də əsasən kriptovalyuta birjaları, kripto bazarı şirkətləri və startaplarla işləyən “Silvergate Bank”ın müflis olduğu elan edilib. Bu xəbər investorların və əmanətçilərin narahatlığına səbəb olub. Buna görə də onlar oxşar kredit təşkilatlarındakı əmanətlərindən pul çıxarmağa başlayıblar. Bunun fonunda martın 11-də startapların maliyyələşdirilməsi üzrə ixtisaslaşan “Silicon Valley Bank” (SVB) müflis olub. O, cəlb edilmiş əmanətlərin həcminə görə 16-cı yerdə idi. Lakin bu əmanətlərin 87%-i sığortalanmamışdı. Aparıcı KİV-lər bunu 2008-ci il maliyyə böhranından bəri, yəni son 15 ildə bank sahəsində baş vermiş ən böyük iflas adlandırıb.
Bununla bağlı hadisələr ənənəvi şəkildə davam edib: “Silicon Valley Bank”ın müştəriləri də əmanətlərini tez bir zaman geri götürməyə çalışıblar. Bazarlardakı təlatümlər faiz dərəcələrinin kəskin artmasının nəticələri və digər problemlərlə mübarizə aparması üzündən zəifləmiş maliyyə institutlarına zərər vurub. Nəticədə, daha bir bank çöküb: martın 12-də ABŞ-ın maliyyə tənzimləyiciləri kriptovalyuta üzrə ixtisaslaşmış, Nyu-Yorkda yerləşən “Signature Bank”ı bağlayıb.
Bundan başqa, SVB-nin iflası dünya birjalarındakı ticarət əməliyyatlarında bank səhmlərinin qiymətlərinin təyin edilməsi prosesinin çökməsinə səbəb olub. Onların ABŞ, Avropa və Yaponiyadakı bazar dəyəri 459 milyard dollar azalıb. Bu 16%-lik azalma 2020-ci ilin martından bəri ən kəskin düşüş olub.
Hazırda ABŞ-ın əksər banklarının səhmləri bazar kapitallaşmasının 80%-ni itirib. Birjalar hətta panik vəziyyəti yumşaltmaq üçün bir neçə dəfə ticarəti dayandırmalı olub. ABŞ-ın bank sektorunun fond indeksinin təxminən 8% dəyər itirdiyi barədə xəbər verilib. Üstəlik, “Bank of America”ın səhmləri 6,2%, “Citigroup”un 4,1%, “Morgan Stanley”in 3,9%, SVB-nin isə 60%-dən çox dəyər itirib.
Amerikalı rəsmilər bu yaxınlarda açıqlama veriblər ki, FED əmanətçilər qarşısında öhdəliklərini tam yerinə yetirə bilmələri üçün iflas olmuş banklara maliyyə yardımı göstərəcək. ABŞ Prezidenti Cozef Bayden martın 13-də təcili müraciətində amerikalıları ölkənin bank sisteminin, həmçinin pullarının təhlükəsizlikdə olduğuna əmin edib. Lakin bu, gərginliyin son həddə çatdığı maliyyə bazarına ciddi təsir göstərməyib.
Bu arada, volatillik Avropa bank sektoruna da təsir edib. İsveçrənin “Credit Suisse” kimi nəhəng bankı da böhranla üzləşib. Nəticədə onun İsveçrənin ən böyük bankı olan UBS ilə birləşəcəyi açıqlanıb. Müqavilənin 3,2 milyard dollar dəyərində olduğu bildirilib. “Societe Generale” və “Deutsche Bank” da təzyiq altında olsa da, onlar hələ maliyyə baxımından sabitliyi qorumağı bacarır.
Beynəlxalq Valyuta Fondunun (IMF) baş icraçı direktoru Kristin Laqard bildirib ki, hazırda Avropada 2008-ci ildə olduğu kimi, böhranın qarşısını almaq üçün lazımi vasitələr var. O vurğulayıb ki, Avropanın bank sektoru indi daha güclü mövqedədir.
Eyni zamanda, maliyyə sahəsində təlatümlər və bir sıra bankların iflası fonunda Böyük Britaniya, Avropa İttifaqı (Aİ), Kanada, İsveçrə, Yaponiyanın mərkəzi bankları və FED bazarda dollar vəsaitləri ilə bağlı təklifi artırmaq üçün əlaqələndirilmiş tədbirlər haqqında razılığa gəliblər.
Yüksək uçot dərəcəsi
Ekspertlər indi daha çox Qərb maliyyə bazarında vəziyyətin kifayət qədər xoşagəlməz olmasının əsas səbəblərinə diqqət yetirirlər. Əsas səbəb kimi bu amil göstərilir: ABŞ iqtisadiyyatında inflyasiyanın sürətlənməsi FED-i pul-kredit siyasətini sərtləşdirməyə vadar edib və bu da bankın balansında olan borc qiymətli kağızların dəyərdən düşməsinə səbəb olub. Nəticədə SVB-nin əsas müştəriləri olan startaplar depozitlərdən pul çıxarmağa başlayıblar.
COVID-19 pandemiyası şəraitində milli iqtisadiyyatı stimullaşdırmaq üçün FED-in son iki ildə həyata keçirdiyi ultra-yumşaq monetar siyasəti texnologiya vençurlarına sərmayə axınına yardım göstərib. Uçot dərəcələrinin kəskin artması investorların pullarının həddən artıq “qızmış” texnologiya sektorundan xaricə axmasına, eləcə də istiqraz qiymətlərinin aşağı düşməsinə səbəb olub. Bundan başqa, uçot dərəcəsinin artması ilə yeni istiqraz emissiyaları daha yüksək faiz dərəcəsinə malikdir, yəni investorlar üçün daha cəlbedici olur. Əksinə, aşağı faiz dərəcəsi olan köhnə emissiyalar isə ucuzlaşır. Üstəlik, əmanətlərin faiz dərəcələri də artmalıdır. Bir sözlə, müştərilərə aşağı faizli köhnə əmanətlərdən maliyyə vəsaitini götürərək daha yüksək faiz dərəcəsi olan yeni hesaba köçürmək sərfəli olur.
Lakin bank bazarı üçün belə mənfi nəticələrə baxmayaraq, FED martın 22-də federal fondlar üzrə uçot dərəcəsini yenidən 25 baza bəndi artırıb. İndi uçot dərəcəsi illik 4,75-5% təşkil edir. Qeyd etdiyimiz kimi, bu, 2006-cı ildən bəri ən yüksək göstəricidir.
“ABŞ bank sistemi etibarlı və sabitdir. Güman ki, son hadisələr ev təsərrüfatları və biznes üçün kredit şərtlərini sərtləşdirəcək, həmçinin iqtisadi fəaliyyətə, məşğulluğa və inflyasiyaya təsir edəcək. Bu təsirlərin miqyası aydın deyil. Komitə inflyasiya ilə bağlı riskləri yaxından izləməyə davam edir”, - FED-in bəyanatında qeyd edilib.
Yeri gəlmişkən, əksər analitiklər hadisələrin bu istiqamətdə cərəyan edəcəyini proqnozlaşdırırdılar: artan inflyasiya iqtisadiyyat üçün bankların iflasından qat-qat təhlükəlidir. Ekspertlərin fikrincə, ABŞ tənzimləyicisi maliyyə institutlarını xilas etməyə deyil, istehlak qiymətlərinin artımını cilovlamağa üstünlük verərək düzgün mövqe seçib.
Qeyd edək ki, FED son açıqlamasında ABŞ üçün bu il inflyasiya proqnozunu 3,1%-dən 3,3%-ə qaldırıb, 2024-cü il üçün isə 2,5%-də saxlayıb. Cari il və 2024-cü il üçün ÜDM üzrə proqnozlar pisləşdirilib: müvafiq olaraq 0,5%-dən 0,4%-ə və 1,6%-dən 1,2%-ə qədər endirilib.
Daha əvvəl məlumat verilmişdi ki, 2023-cü ildə Yaxın Şərq və Şimali Afrikanın əksər ölkələrində istehlak qiymətlərinin artımı 10%-i keçəcək. Bunu IMF-nin idarəedici direktoru Kristalina Georgieva proqnozlaşdırıb. Bu barədə təşkilatın mətbuat xidməti bəyanat verib.
O qeyd edib ki, regionun inkişaf etməkdə olan bazarları və aşağı gəlirli iqtisadiyyatları olan ölkələri üçün qiymət artımı ilə bağlı belə göstərici digər amillərlə yanaşı, milli valyutaların dəyər itirməsini əks etdirir.
Saxlamaq və qorumaq
Uçot dərəcələrinin artırılması üzrə qlobal tendensiya Azərbaycandan da yan keçməyib: Azərbaycan Mərkəzi Bank (AMB) onu 25 baza bəndi artıraraq, 8,75%-ə qaldırıb. Bu, ardıcıl dördüncü artımdır. Martın 29-da yayılan məlumatda qeyd olunub ki, faiz dəhlizinin aşağı həddi 6,75%-dən 7%-ə, yuxarı həddi 9,5%-dən 9,75%-ə qaldırılıb.
Sevindirici haldır ki, qlobal tendensiyalar fonunda Azərbaycanda maliyyə bazarı tənzimləyicisi inflyasiyanın artacağını gözləmir və hələlik proqnozu 8% səviyyəsində saxlayır.
“2023-cü ilin fevralında illik inflyasiya 14,1% təşkil edib ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15.6%) ilə müqayisədə 1,5 faiz bəndi azdır”, - AMB-nin uçot dərəcəsi ilə bağlı məlumatında bildirilib.
AMB qeyd edib ki, daxili bazarda inflyasiyanın pikdən azalma dinamikası müşahidə edilir. Qeyd edilib ki, inflyasiyanın bu göstəricidə saxlanılmasına səbəb olan amillərdən biri FAO-nun (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) son 11 ayda ərzaq qiymətlərində azalma ilə bağlı məlumatıdır.
Bunlar müsbət ssenarinin əsas məqamlarıdır. Amma mənfi məqamlar da var. Bunlar stimullaşdırıcı fiskal siyasət və ölkəyə valyuta axınının artması şəraitində iqtisadiyyatda likvidliyə tələbin artacağı təqdirdə yarana bilər. AMB qeyri-neft sektorunun yüksək artım templərinin davam etdiyini qeyd edib. Bu tələbi məhz qeyri-neft sektorunun yüksək artımı formalaşdırır.
Digər tərəfdən, 2023-cü ilin əvvəlindən dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin bir sıra tariflərinə yenidən baxılması inflyasiyaya mənfi təsir göstərə bilər.
AMB mənfi məqamların qarşısını almaq üçün bu il fevralın 23-dən sterilizasiya əməliyyatlarının effektivliyini yüksəltmək üçün bir günlük depozit daimi imkan alətləri üzrə kvotanı artırıb, həmçinin 7 günlük REPO əməliyyatlarının keçirilməsinə başlayıb.
Bundan başqa, pul təklifinin effektiv tənzimlənməsi məqsədilə fevraldan etibarən bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlayıb. Nəticədə martda bankların manatla saxlamalı olduğu məcburi ehtiyatların məbləği yanvar ayı ilə müqayisədə 57% artıb.
Beləliklə, bütün bu alətlər iqtisadiyyatda tarazlığı saxlamaqla uçot dərəcəsinin inflyasiya proseslərinə təsirini artırmalıdır. “Biz elə siyasət həyata keçirməyə çalışırıq ki, inflyasiyanı hədəflənən səviyyədə saxlamaq istəyimiz ölkədə iqtisadi fəallığa mənfi təsir göstərməsin”, - ölkənin baş bankiri Taleh Kazımov bu yaxınlarda bildirib.
Amma yenə də bununla bağlı bir çox məsələ xarici konyukturdan asılı olacaq. ABŞ və Avropadakı bank böhranının Azərbaycan iqtisadiyyatına birbaşa təsiri olmasa da, Qərbdə mənfi tendensiyalar dərinləşərsə, qlobal tənəzzülün miqyası genişlənəcək. İstənilən halda, AMB bu prosesin monitorinqi və qabaqlayıcı tədbirlərin hazırlanması baxımından çətin aylardan keçməli olacaq. Hər ehtimala qarşı.
MƏSLƏHƏT GÖR: