24 Noyabr 2024

Bazar, 07:56

AT GEDİŞİ

Bakı Qarabağda vəziyyəti kimin idarə etdiyini bir daha nümayiş etdirdi

Müəllif:

01.04.2023

Bakı-İrəvan qarşıdurması fonunda diplomatik fəallıq müşahidə olunur. ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də öz «telefon diplomatiyası»nı aparır. Bununla yanaşı, Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaarın regiona səfərinin anonsu da verilib…

Azərğbaycan KİV-də yer alan məlumatlara görə, ölkənin xarici işlər naziri Ceyhun Bayramov və onun ermənistanlı həmkarı Ararat Mirzoyan Vaşinqtona dəvət olunublar. Dövlət katibi Blinken isə Senatdakı dinləmələrdə maraqlı bəyanatla çıxış edib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında tezliklə sülh razılaşması imzalana bilər. «Hesab edirəm ki, bunun üçün yaxşı imkan var. Məsələni şişirtmək istəməzdim, lakin sülh razılaşmasının hazırlanması prosesinin başa çatdırılması üçün, həqiqətən də, əlverişli şərait mövcuddur», - deyə informasiya agentliklərinin məlumatına görə, o, bildirib: «Mən Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev ilə Münhen Təhlükəsizlik Konfransı zamanı görüşmüşəm (bu il). Nazirlər Vaşinqtonda da olublar və onları yenə gözləyirəm. Biz mətn (razılaşma) üzərində işləmişik». Sanki Bakı-İrəvan münasibətlərində çoxdan gözlənilən irəliləyişə nail olunub. Amma…

 

Ümidlər fonunda təxribat

Təəssüf ki, sağlam düşüncənin qalib gələcəyinə, diplomatiyada uğura ümidlər fonunda Ermənistan regionda növbəti təxribatlara əl atır. Bu, diplomatiya sahəsinə də aiddir. Prezident İlham Əliyevin azərbaycanlı qaçqınların qayıtmağa başladıqları Talış kəndinə səfərinə cavab olaraq, rəsmi İrəvan etnik erməniləri «Azərbaycanın nəzarət etdiyi» ərazilərə qayıtmağa çağırıb. Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdə ənənəvi ittihamlar səsləndirərək, ultimativ tonda Qarabağa «fakt toplayıcı beynəlxalq missiya»nın göndərilməsini tələb edib. Daha sonra o, Misir KİV-nə müsahibəsində köhnə demaqogiyaya qayıdaraq, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə zəmanət verəcək «beynəlxalq mexanizmlər»in vacibliyindən danışıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ona cavabı sərt olub. Mirzoyanın danışıqların məğzini təhrif etmək cəhdlərini «qəti qəbuledilməz» adlandıran Hacızadə «beynəlxalq mexanizm» haqda tələblərə belə cavab verib: «Bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq».

Ola bilsin ki, erməni tərəfini Sergey Lavrovun Mirzoyanla görüşdə səsləndirdiyi fikirlər ruhlandırıb. Rusiyalı nazir Qarabağdan danışarkən bildirib ki, hər şey razılaşmalara əməl edilməsindən asılı olacaq. Lavrovun sözlərinə görə, «Qarabağ sakinlərinin təhlükəsizliyinə zəmanət, onların hüquqlarının təmini Qarabağ və Bakı nümayəndələri arasında həll olunmalıdır, biz tərəfləri buna çağırırıq. Bununla yanaşı, anlamaq lazımdır ki, bu razılaşmalar nə qədər keyfiyyətli olacaq». Daha sonra Şərqi Ukrayna ilə bağlı Minsk razılaşmalarını xatırladan Lavrov Belqradla Priştina yerli sakinlərin hüquqları ilə bağlı öhdəliklərin yer aldığı razılaşmanı da yada salıb. «Qarabağlılar üçün də təxminən belə hüquqlar toplusu lazımdır. Hər şey razılaşmaya əməl etməli olanların özlərini nə qədər vicdanlı aparacaqlarından asılı olacaq. Qeyd etdiyim hallarda heç bir vicdandan söhbət gedə bilməz», - deyə nazir qeyd edib.

Qarabağla Donbas arasında paralelin aparılması Bakıda təbii olaraq, heyrətlə qarşılanıb. Doğrudur, rəsmi olaraq Rusiya səfirliyi XİN-ə çağırılmayıb və ondan hər hansı izahat tələb edilməyib. Amma fakt faktlığında qalır: Sergey Lavrov yumşaq desək, çox uğursuz nümunə göstərib. Əvvəlcə Rusiyanın «LXR» və «DXR»in müstəqilliyini tanıması, daha sonra Ukrayna müharibəsi və nəhayət, Donbasın Rusiyaya birləşdirilməsilə bağlı referendum – görəsən Sergey Viktoroviç nəyi nəzərdə tutub? O, 2014 və 2022-ci illərdə danışıqlar masası üzərində olmuş razılaşmalardan belə, danışırsa, paralel heç də uğurlu görünmür. Donbasla bağlı Minsk razılaşması Ukraynada hərbi əməliyyatların dayandırılması, müharibəyə «pauza» verilməsi tələbi ortata olarkən imzalanıb. Qarabağa isə Rusiya sülhməramlıları Azərbaycan Şuşanı, sonrakı 2 gündə isə daha 70 kənd və qəsəbəni azad etməsindən sonra daxil olub. Erməni tərəfi yanaqlarını şişirdərək yeni tələblər irəli sürmək gücündə deyil.

Yeri gəlmişkən, regionda artıq «Ştaynmayer formulu» və «Minsk razılaşması» ATƏT-in danışıqlar qrupu formasında mövcud olub və qismətdən, o da Minsk qrupu adlanıb. Lakin bu qrupun təkliflərini Azərbaycan yox, məhz Ermənistan rədd edib. Söhbət 44 günlük müharibədən sonra artıq fərqli şərtlərlə danışıqlar aparmaq məcburiyyətində qalmış Ermənistandan gedir. Azərbaycan öz vətəndaşları hesab etdiyi Qarabağ ermənilərinin təhlükəsizliyinə və hüquqlarının təmininə zəmanət verməyə hazırdır. Amma bu məsələ İrəvanın və beynəlxalq aktorların iştirakı olmadan, Qarabağ ermənilərinin özləri ilə müzakirə edilir.

Bir çox ekspert haqlı olaraq düşünür ki, Ermənistan hökuməti sadəcə olaraq, sülh müqaviləsi imzalamaqdan qorxur. Onlar yaxşı anlayırlar ki, bu xəbərin ictimaiyyətə çatdırılması asan olmayacaq.

 

Təhlükəli gedişlər

Nəticədə, Ermənistan regionda növbəti təxribat mərhələsinə başlayıb. Martın 20-də – Novruz bayramının ilk günü Zəngilan istiqamətində azərbaycanlı sərhədçi yaralanıb. Qarabağda isə vəziyyət daha təhlükəli xarakter alıb. Xankəndi-Xəlfəli-Turşsu yolu ilə oraya silah və şəxsi heyət daşımağa başlayıb və bu, Rusiya sülhməramlılarına məxsus BTR-lərin müşayiəti ilə baş verib. Məlum olduğu kimi, Qarabağa mülki və humanitar yüklər Xankəndi-Şuşa-Laçın yolu ilə daşınır. Demək, kənar yolla elə yüklər daşınır ki, onları ekofəalların aksiyasının davam etdiyi ərazidən keçirmək mümkün deyil.

Bakı belə əməllərin yolverilməz olduğunu dəfələrlə və ən yüksək səviyyələrdə bəyan edib. Hər dəfə xatırladılır ki, Üçtərəfli Bəyannaməyə əsasən, müvəqqəti olaraq sülhməramlıların nəzarət etdiyi ərazilərlə Ermənistan arasında əlaqə üçün Laçın-Şuşa-Xankəndi yolu müəyyənləşdirilib. O isə hələ də bütün razılaşmalara zidd şəkildə Qarabağda qalan 10 min erməni əsgəri üçün sursat və mina deyil, humanitar yüklərin daşınması üçündür. Yəni bunun üçün heç bir alternativ yol nəzərdə tutulmur.

Hər kəsin səbrinin son həddi var. Bakının səbrinin son həddini martın 24-də aşıblar. Nəticədə, Azərbaycan ordusu strateji yüksəkliyi ələ keçirərək, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunu nəzarətə götürüb. Beləliklə, indi separatçıların çəkmək istədikləri torpaq yol da Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Daha sonra – martın 30-da Azərbaycan Müdafiə Nazirliyi bir neçə hakim yüksəkliyin, əsas və köməkçi yolların, həmçinin Laçın rayonunun Cağazur və Zabux kəndləri arasındakı geniş həmsərhəd ərazinin nəzarətə götürüldüyünü bəyan edib. Nazirlikdən bildiriblər ki, bu, «yeni Laçın yolunun istismara verilməsi ilə əlaqədar» baş verib.

Bu, sadəcə qanunsuz tranzitin qarşısının alınması deyil. Bakı onun xəbərdarlıqlarını məhəl qoyulmamasının yolverilməzliyini sübut edib. Yəni o, öz ərazisində qanunsuz silah daşımalarına göz yummağı düşünmür. 44 günlük müharibə nəticəsində BMT TŞ-nin Qarabağla bağlı 4 qətnaməsinin tələbini öz gücü ilə icra etmiş Azərbaycan Üçtərəfli Bəyanatı da eyni qaydada reallaşdırmaq iqtidarındadır.

Bakı artıq yeni təşəbbüsləri bütün mənalarda yeni mövqedən çıxış edərək irəli sürür. Prezident Administrasiyası Qarabağın erməni icmasının nümayəndələri ilə danışıqların yeni raundunun Bakıda keçirilməsini təklif edir, Qarabağda reinteqrasiya və infrastruktur layihələrilə bağlı məsələləri onlarla müzakirə etməyə hazır olduğunu bildirir. İndi bu dialoqun alternativi yoxdur.



MƏSLƏHƏT GÖR:

102