Müəllif: Samir VƏLİYEV
Coğrafi determinizm anlayışı var. Bu, ölkənin coğrafi mövqeyinin onun xarici, hətta daxili siyasətinin xarakterinə ciddi təsir göstərdiyi anlamını verir. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan üçün coğrafiya hər zaman müstəsna əhəmiyyət kəsb edib, həmsərhəd ölkələr və regionlarla əlaqədar isə həyati önəm daşıyıb. Eyni sözlər Bakının son 1-1,5 ildə intensiv dialoq qurduğu Mərkəzi Asiya regionuna da aiddir.
Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq etmədən «Orta dəhliz», TRASEKA kimi layihələrin reallaşdırılması mümkün olmazdı. Bundan başqa, Mərkəzi Asiyasız türk əməkdaşlığı, Qazaxıstan və Türkmənistanla əməkdaşlıq olmadan «Xəzər beşliyi» çərçivəsində dayanıqlılıq mümkün deyil. Çin, Avropa İttifaqı və ABŞ Azərbaycana, daha geniş yanaşdıqda isə Cənubi Qafqaza heç vaxt Mərkəzi Asiyadan ayrı baxmır. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan və Qazaxıstana bu yaxınlarda etdiyi səfərlər də bunun parlaq göstəricisidir.
Növbəti dayanacaq Düşənbə
İstər Azərbaycanda, istərsə də ondan kənarda Prezident İlham Əliyevin Tacikistana səfəri diqqətlə izlənilib. Bu, regionun Türk Dövlətlərin Təşkilatında (TDT) təmsil olunmayan yeganə ölkəsidir, lakin Bakının onunla möhkəm dostluq münasibətləri var.
Tacikistan Bakının Mərkəzi Asiyadakı xarici siyasi fəallığından obyektiv səbəblərdən kənar qalıb. Birincisi, o, region ölkələri ilə müqayisədə coğrafi baxımdan Azərbaycandan ən uzaqda yerləşən dövlətdir, ikincisi, artıq qeyd edildiyi kimi, TDT-nin üzvü deyil. Bakı ilə Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan arasında münasibətlərdəki dinamika isə həm də bu faktorla bağlıdır. Bununla yanaşı, Ankara və Bakının iştirakı ilə Astana, Daşkənd və Aşqabadla üçtərəfli əməkdaşlıq formatı yaradılıb, Türkmənistan və Qazaxıstan ilə isə aramızda «Xəzər beşliyi» çərçivəsində də davamlı dialoq aparılır. Beləliklə, Azərbaycan diplomatiyasının bu fəallığından yalnız türk və Xəzər platformalarında iştirak etməyən Tacikistan bir qədər kənar qalıb.
Amma MDB, AQFETM, ŞƏT sammitləri çərçivəsində yalnız ötən il Azərbaycan və Tacikistan Prezidentləri İlham Əliyev ilə Emoməli Rahmon arasında bir neçə görüş keçirilib. İki ölkənin ayrı-ayrı nazirlik və qurum rəhbərlərinin qarşılıqlı səfərləri də olub. Lakin Azərbaycanın Mərkəzi Asiya siyasətindəki şərti boşluğu məhz İlham Əliyevin Tacikistana səfəri doldurub. İndi bu siyasət tam mükəmməl şəkil alıb.
Qeyd edilməlidir ki, indiki mərhələdə ikitərəfli münasibətlərin vacib markeri kimi, iki ölkə liderlərinin yalnız ikitərəfli məsələlərdə deyil, beynəlxalq və regional siyasət üçün vacib olan mövzularda da tam anlaşdıqlarını göstərmək olar. Bu, özünü dövlət başçısı İlham Əliyevin Tacikistan səfərinin nəticələrində də göstərib. Bakı ilə Düşənbənin humanitar dialoqun qurulmasına ümumi yanaşmasında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin rolunun qiymətləndirilməsində də tam həmrəylik və qarşılıqlı anlaşma nümayiş olunub. İki ölkə liderləri xüsusi vurğulayıblar ki, bu şəxsiyyət bu gün də ikitərəfli humanitar əməkdaşlığın rəmzi sayılır. Prezident Rahmon çıxışında bildirib ki, Tacikistanda Nizami Azərbaycan şairi sayılır, onun tacik dilinə yaxın olan farsca yazması isə Tacikistan ictimaiyyətinin dahi Azərbaycan şairi və mütəfəkkirinin fəlsəfəsinə hörmət bəsləməsinə səbəb olur. Bu, eyni zamanda İrana da bir ismarışdır. Xatırladaq ki, onun Tacikistanın daxili işlərinə qarışmaq cəhdləri üzündən bu iki ölkə arasında münasibətlər o qədər də yaxşı deyil. Bir neçə il əvvəl bu münasibətlərdə xüsusilə kəskin, bu gün Bakı-Tehran münasibətlərində müşahidə olunan böhrana bənzər problemlər yaşanmışdı. Bu mənada, Tacikistan liderinin tonunda Nizaminin İran deyil (Tehran məhz bunu iddia edir), məhz Azərbaycan şairi olduğuna dair təbliğatda Bakını dəstəkləmək istəyi hiss olunub.
Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində, Bakının Nizamiyə Tacikistanda olan münasibəti bildiyiyi və yüksək qiymətləndirdiyini deyib, dahi Azərbaycan şairi Nizami Gəncəvinin «dünyaya doğma Gəncədə gəldiyini, orada yaşadığını və bu şəhərdə vəfat etdiyini» xatırladıb. «Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır», - deyə İ.Əliyev qeyd edib.
Tacikistanla Gürcüstanı birləşdirərək
İki ölkə münasibətlərində humanitar əməkdaşlıq əhəmiyyətli yer tutsa da, prioritet yenə də iqtisadi-ticari əlaqələrdir. Lakin ikitərəfli ticarətin gücləndirilməsi istəyinin reallaşdırılmasına effektiv nəqliyyat-logistika əlaqəsinin olmaması maneə yaradır. Nəticədə, iqtisadi əməkdaşlıq səviyyəsi arzulanan səviyyəyə çatmır. Bunu rəqəmlər də təsdiqləyir. Məsələn, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi cəmi 5,8 milyon dollar təşkil edib. Bunun 95%-ni isə Azərbaycan məhsullarının Tacikistana ixracı təşkil edib. İnvestisiyaların həcmi də real potensialı əks etdirmir. Təxminən 27 il ərzində iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşu cəmi 6 milyon dollar olub.
Danışıqların gedişində logistik əlaqələrin təkmilləşdirilməsi və Tacikistan dəmir yolu və avtomagistrallarının «Orta dəhliz» nəqliyyat kommunikasiyası sisteminə qoşulması məsələsinə təsadüfən xüsusi diqqət ayrılmayıb. Tacikistan rəhbərliyinin mövqeyindən belə məlum olub ki, Düşənbə Azərbaycanın əlverişli tranzit infrastrukturundan istifadə etməyə, dövlət və kommersiya strukturlarının yük daşımaları bu yolla həcmini artırmağa hazırdır.
Qeyd edək ki, Düşənbə hələ 2022-ci ilin oktyabrında yeni Tacikistan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə dəmir yolu marşrutunu sınaqdan keçirmişdi. İndi bu marşrut Xəzər dənizi, Azərbaycan və Gürcüstan istiqamətinə də yönələ bilər. Xatırladaq ki, İlham Əliyevin Tacikistan səfərindən dərhal sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana gəlib. Bu səfər çərçivəsində əsas müzakirə mövzusu enerji və nəqliyyat sahələrində birgə layihələrin durumu və perspektivləri olub. Məlum olduğu kimi, Azərbaycan və Mərkəzi Asiya dövlətləri rəhbərləri də ölkələr arasında nəqliyyat əlaqələrinin Türkiyə və Gürcüstanın Qara dəniz limanlarına çıxmaqla təkmilləşdirilməsi məsələsini müzakirə ediblər.
İlham Əliyev Gürcüstan hökuməti başçısını qəbul edərkən bildirib ki, onun Mərkəzi Asiya ölkələrinə davamlı səfərləri, Cənubi Qafqaz ölkələri vasitəsilə nəqliyyat əlaqələrinin inkişafı məsələlərinin müzakirəsi fonunda Azərbaycan-Gürcüstan dialoqu böyük əhəmiyyət kəsb edir.
Biznesdən təhlükəsizliyədək
Tacikistanda nəqliyyat sahəsində əməkdaşlıq məsələsilə yanaşı, investisiya layihələrinə dair də razılığa gəlinib. Düşənbə görüşündən bir gün əvvəl Tacikistan-Azərbaycan biznes forumu keçirilib. Forum çərçivəsində turizm, sənaye, energetika, xidmətlər və s. sahələrdə investisiya imkanları ortaya qoyulub. Aprelin 5-də dövlət başçılarının geniş tərkibdə keçirilmiş görüşündən sonra isə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığını gücləndirəcək sənədlərin imzalanması mərasimi keçirilib.
Əhatəli Azərbaycan-Tacikistan dialoqu özündə təhlükəsizlik məsələlərini də əks etdirir. Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin və silahların qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və transmilli cinayətkarlığın digər formaları ilə mübarizədə əməkdaşlığa maraq göstərir. Azərbaycanın 44 günlük müharibədə göstərdiyi təcrübə isə bir çox ölkələrdə olduğu kimi, Tacikistanda da dərindən öyrənilir. Bu ölkə illərdir ki, Əfqanıstan tərəfindən sərhədlərinin pozulması ilə mübarizə aparır. Belə cəhdlər zaman-zaman silahlı qarşıdurmalara da səbəb olur. Təəssüf ki, sərhəd gərginliyinin nə olduğunu Azərbaycan da yaxşı bilir. Odur ki, sərhədlərin effektiv mühafizəsi ilə bağlı təcrübə mübadilə hər iki ölkə üçün vacibdir.
Onu da qeyd etmək lazımdır ki, Tacikistanla Qırğızıstan arasında sərhəd münaqişəsi yaşanan zaman Azərbaycan neytrallıq göstərərək, onlardan heç birinin tərəfini tutmayıb. Bu, Bakının regional qarşıdurmalara qarışmamaq siyasətindən irəli gəlir. Azərbaycanda hesab edirlər ki, ölkələr arasında bütün mübahisəli məsələlər kənar müdaxilə olmadan, maraqlara qarşılıqlı şəkildə hörmət edilməsilə çözülməlidir.
Davamlı dialoq
Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına səfər edib. Bu, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin Bakıya 2022-ci ilin avqustunda etdiyi səfərə cavab idi. O zaman tərəflər arasında ikitərəfli münasibətlərin indiki mərhələsi üçün baza sayılacaq sənəd imzalanmışdı. Söhbət Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında bəyannamədən gedir. Həmin vaxt tərəflər «2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında» Kompleks Proqram da imzalayıb.
Bu səfərin vacib markeri kimi, tərəflərin Ali Dövlətlərarası Şuranın yaradılması ideyasını dəstəkləməsini vurğulamaq olar. Bu, ikitərəfli əməkdaşlığın institusional bazasını gücləndirməli, dayanıqlı, məhsuldar siyasi dialoqun əsasını təşkil etməlidir.
Maraqlıdır ki, Qazaxıstan Azərbaycanın müttəfiqlik münasibətlərinə dair saziş imzaladığı ilk dövlətdir və bu, hələ 2005-ci ildə baş verib. O vaxtdan Astana-Bakı dialoqu qarşılıqlı inama, dostluq münasibətlərinə əsaslanır.
Lakin müasir mərhələdə Qazaxıstanla Azərbaycan dialoqu yalnız qarşılıqlı fayda əsasında qurmur, mənəvi doğmalıq, mədəni-tarixi yaxınlıq da əsas götürülür. Bu, ikitərəfli münasibətlərin əlavə resursudur. Azərbaycan Prezidenti qazaxıstanlı həmkarı ilə geniş tərkibdə keçirdiyi görüşdə bildirib ki, «humanitar əlaqələr bizim dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır. Əlbəttə, qarşılıqlı maraq doğuran sahələr çoxdur. Biz, həqiqətən, qarşılıqlı fəaliyyətin müttəfiqliyin keyfiyyətcə yeni səviyyəsinə qədəm qoyuruq».
Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin ikitərəfli münasibətlərin xarakterinə dair bəyanatlarında dəfələrlə «qardaşlıq» ifadəsi işlədilib. Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılması isə iki xalq arasında əsl qardaşlıq münasibətlərinin olduğunun yaxşı nümunəsidir. İlham Əliyev bildirib ki, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və Azərbaycan xalqı bunu heç zaman unutmayacaq.
Dövlət başçısı Qazaxıstan rəhbərliyi və xalqına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə göstərilən hörmətə görə də xüsusi təşəkkür edib. Prezidentlər Tokayev ilə Əliyev Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Astananın mərkəzində ümummilli liderin adını daşıyan küçənin açılışına qatılıblar və bu hadisənin əlbəttə ki, rəmzi mənası var. İlham Əliyev bunu dostluq, qardaşlıq jesti, bütün Azərbaycan xalqına hörmət kimi qiymətləndirib.
Təbii ki, prezidentlər ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirəsi zamanı iqtisadi-ticari əməkdaşlığın perspektivlərinə, nəqliyyat-logistika əlaqələrinin effektivliyinin artırılması məsələsinə də xüsusi diqqət ayırıblar. Bu gün tərəflər sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi perspektivlərindən daha çox danışır. Qarşılıqlı ticarət dövriyyəsi həcminin 1 milyard dollara çatdırılması istiqamətində atılmalı olan addımlar sırasında sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalar və digər sahələrdə kooperasiyaların stimullaşdırılması müstəsna əhəmiyyət daşıyır.
İki ölkə arasında qarşılıqlı ticarətin 1 il ərzində 40% artması və onun strukturunda qeyri-neft sektoru məhsullarının getdikcə daha çox yer alması faktı ticarətin şaxələndirilməsilə bağlı nikbin gözləntilər yaradır. Görüşdə bildirilib ki, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin təxminən üçdə birini taxıl təşkil edib.
Əməkdaşlıqda daha bir prioritet istiqamət logistikadır. Keçirilmiş görüşlərdə 2022-2027-ci illər üçün «Orta dəhliz»in inkişafı ilə bağlı «yol xəritəsi»nin reallaşdırılması imkanları detallı şəkildə müzakirə olunub. Prezident İlham Əliyevin «biz Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdik» deməsindən bəlli olur ki, söhbət miqyaslı praktik işdən gedir.
Beynəlxalq gündəliyə gəlincə, tərəflərin ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi vurğulanıb. Bakı ilə Astananın bir-birinə dəstəyi xüsusilə onlardan hər hansının üzv olmadığı qurumlarda özünü göstərir və bu, ikitərəfli münasibətlərin nə qədər səmimi xarakter daşıdığını nümayiş etdirir.
MƏSLƏHƏT GÖR: