24 Noyabr 2024

Bazar, 06:52

ADEKVAT CAVAB

Tehranın siyasəti Azərbaycan-İran münasibətlərindəki gərginliyi ciddi şəkildə artırıb

Müəllif:

15.04.2023

Azərbaycan-İran münasibətləri getdikcə daha da gərginləşir. İranın son aylar ərzində yürütdüyü siyasət münasibətləri çıxılması çətin olan dalana salıb və bəzi analitiklərin fikrincə, artıq iki qonşu arasında silahlı münaqişənin başlaması ehtimalı belə var.

 

Daxili işlərə müdaxilə yolverilməzdir

Bu gün İran KİV-i və hərbi-siyasi dairələrinin Azərbaycan əleyhinə davamlı təbliğat kampaniyasına, İran hökumətinin davamlı təhdidlərinə şahid olunur. Bundan başqa, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş sui-qəsddə də İran izləri görünür. Odur ki, Azərbaycan xüsusi xidmət orqanlarının bu cinayətin iştirakçılarının aşkarlanaraq saxlanılması istiqamətində həyata keçirdiyi əməliyyatlar Azərbaycan ərazisində İranın geniş agentura şəbəkəsini də üzə çıxarıb. Bütün bunlar və bir sıra digər faktlar iki ölkə arasında münasibətlərin bərpası perspektivini sual altına qoyur. Üstəlik, Azərbaycanın Tehrandakı səfirliyinə yanvarın 27-də edilmiş və qətllə nəticələnmiş silahlı hücumdan sonra diplomatik nümayəndəliyin fəaliyyəti də dayandırılıb. Eyni zamanda Azərbaycan İranın Bakıdakı səfirliyinin 4 əməkdaşını persona non-qrata elan edib. Səbəb onların fəaliyyətinin diplomat statusuna uyğun gəlməməsi, diplomatik münasibətlərə dair Vyana konvensiyasının tələblərilə ziddiyyət təşkil etməsidir. Aydındır ki, Azərbaycanın atdığı addımlar İran tərəfinin siyasətinə, əməllərinə cavab xarakteri daşıyır.

Bu da son deyil. İran parlamentinin qəbul etdiyi bəyanatda Azərbaycanın İsraildə səfirlik açması «islam dünyasının maraqlarına zidd addım» kimi qiymətləndirilib, «Azərbaycan hökumətinin fəaliyyətinin çoxsaylı mənfi siyasi nəticələrə yol açacağı» bildirilib. Bundan başqa, iranlı deputatlar müsəlman dövlətlərinə və İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək, onları Bakının siyasətini pisləməyə çağırıblar.

Cavabında Azərbaycan Respublikası Milli Məclisi İran parlamentinin sözügedən qətnaməsini «Tehranın növbəti təxribatı», «Azərbaycanın daxili işlərinə müdaxilə» kimi qiymətləndirib. Azərbaycanlı deputatlar İranın, təxminən, 30 il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yumduğunu xatırladıb, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra isə açıq şəkildə Azərbaycan dövlətinə qarşı çıxdığını bildiriblər. Misal kimi, iki ölkə sərhədində hərbi təlimlərin keçirilməsi, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun təşkili, Ermənistanla münasibətlərin gücləndirilməsi göstərilir.

İsraildə Azərbaycan səfirliyinin açılmasına gəlincə, Milli Məclisin də bəyan etdiyi kimi, bu, «müstəqil dövlət kimi, Azərbaycanın suveren hüququdur». İran parlamentinin əsassız ittihamları həm də ona görə qəbulolunmazdır ki, İsraildə Mərakeş, Çad, Bosniya və Herseqovina, Qazaxıstan, Özbəkistan, Türkiyə kimi müsəlman ölkələrinin səfirlikləri çoxdan fəaliyyət göstərir. «Amma bu ölkələrin heç biri İranın belə qərəzli münasibəti ilə qarşı-qarşıya qalmayıb», - deyə Milli Məclisin bəyanatında bildirilir. Bəyanatda ayrıca olaraq o da deyilir ki, Azərbaycan eyni vaxtda Fələstində də diplomatik nümayəndəlik açıb.

Lakin Tehranın qərəzli münasibəti həm də özünü onda göstirər ki, İran mollakratiyası Azərbaycanla İsrail arasındakı tərəfdaşlıq münasibətlərini guya özünün islamafob və türkfob Ermənistanla dostluğu və qardaşlığına bəraət kimi təqdim edir. Lakin bu «bəhanə» cəmi bir köhnə sualla darmadağın olur: məgər, İsrail İran ərazisini işğalda saxlayır və ya nə vaxtsa saxlayıb? İranın dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq siyasəti yürütdüyünün isə sübuta ehtiyacı yoxdur.

İran istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı əsasən gizli şəkildə erməni işğalçılarını dəstəkləyib. Odur ki, Azərbaycan hərbçilərinin və dinc sakinlərinin qanının axıdılmasına görə o da məsuliyyət daşıyır. 44 günlük müharibə zamanı İranın Ermənistana kəşfiyyat məlumatları ötürdüyü, işğalçıların silah tədarükü üçün İran ərazisindən istifadə etdiyi, İran Silahlı Qüvvələrinin 2020-ci ilin payızında, o cümlədən İranla həmsərhəd ərazilərini işğaldan azad edən Azərbaycan hərbçilərinə mane olmağa çalışdığı sirr deyil. Halbuki Ermənistan istər hazırda özünə məxsus, lakin əzəli Azərbaycan torpaqları olan ərazilərdə, istərsə də 30 illik işğal dönəmində işğal etdiyi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın zəngin irsini, o cümlədən müsəlman mədəniyyətinə aid irsi məhv edib. Yeri gəlmişkən, ermənilər dağıdılmış abidələrin Azərbaycana deyil, farslara məxsus olduğunu deyir, lakin Tehran buna rəğmən, erməni vandallığını pisləyən bir bəyanat belə, səsləndirmir və səsləndirməyib. Bu, İran mollakratiyası üçün dinin sadəcə, çirkin siyasi məqsədlərə çatılması üçün vasitələrdən biri olduğunu təsdiqləyir. Söhbət bir çox müsəlman ölkələrində sabitliyin pozulması, müxtəlif terror təşkilatlarının fəaliyyətinin təşviqi, dini şüarlar altında fəaliyyət göstərən casus şəbəkələrinin yaradılması kimi məqsədlərdən gedir. «İslam inqilabı ixracı» siyasəti yürüdən İran siyasi dairələrinin bu cür əməlləri ilə bu və ya digər dərəcədə Azərbaycan da qarşılaşıb və Bakı hər dəfə İran agentlərinin fəaliyyətinin qarşısının alınması üçün ciddi və qəti addımlar atıb.

 

Qarşıdurmaya necə son qoyula bilər?

Aydındır ki, ikitərəfli münasibətlərin birdəfəlik pozulmasına yönəlmiş bu proses nə Bakının, nə də Tehranın maraqlarına cavab verir. Bundan başqa, Bakı uzun illər Tehranla mehriban qonşuluq siyasətinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi mövqeyindən çıxış edib. Halbuki İran siyasətində anti-Azərbaycan elementləri hər zaman müşahidə olunub.

İrana gəlincə, bu ölkədə Azərbaycanla hərbi toqquşmanın onlar üçün hansı fəsadlara yol aça biləcəyini anlamaya bilməzlər. Bu, istər Azərbaycanın hərbi gücü və bir sıra nüfuzlu fövqəldövlətlərlə müttəfiq münasibətləri, istərsə də İranın özünün daxilindəki bir sıra amillərlə, o cümlədən ölkənin parçalanma təhlükəsi ilə əlaqəlidir.

Belə bir vəziyyətdə məhz İran tərəfinin təşəbbüsü ilə aprelin 7 və 8-də iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian arasında telefon danışığının aparılması təəccüblü deyil. Axərbaycan XİN-in məlumatına görə, nazirlər iki ölkə arasındakı anlaşılmazlıqları müzakirə edib, onların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb, bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətlərini ifadə ediblər.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani nazirlər arasında baş tutmuş danışıqları müsbət qiymətləndirdiklərini bildirib. Onun azərbaycanlı həmkarı Ayxan Hacızadə isə deyib ki, nazirlər söhbət zamanı yaranmış vəziyyəti ətraflı müzakirə ediblər. «Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və müzakirələrin davam etdirilməsini vacib sayır», - deyə A.Hacızadə qeyd edib.

Göründüyü kimi, Bayramov ilə Abdullahianın söhbəti, həmçinin Hacızadə ilə Kənaninin şərhləri Bakı ilə Tehranın ikitərəfli münasibətlərdəki böhranı aradan qaldırmaq, yaxud ən azı onun daha da dərinləşməsinin qarşısının alınması niyyətini təsdiqləyir. Demək, regionu növbəti miqyaslı hərbi eskalasiya riskindən xilas etmək üçün ciddi şansın olduğunu düşünə bilərik.

Bəs vəziyyəti Azərbaycan-İran böhranının bilavasitə səbəblərini aradan qaldırılmadan düzəltmək mümkündürmü? İranlı siyasətçilər və generalların Azərbaycanın ünvanına durmadan təhdidlər səsləndirdikləri şəraitdə bu cəhdlərin mənası varmı? Üstəlik, xatırladaq ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş silahlı hücumla bağlı hələ də hər hansı araşdırma aparılmayıb, bu terror aktına görə günahkar olan şəxslər məsuliyyətə cəlb edilməyib.

Ən əsası, İranın Azərbaycanla bağlı siyasəti Ermənistana nümayişkaranə dəstəklə paralel həyata keçirilir. Məsələn, 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini, o cümlədən onunla həmsərhəd əraziləri işğalda saxlamasını sakitcə seyr etmiş İran 44 günlük müharibənin yaratdığı yeni reallıqda guya Ermənistanın ərazi bütövlüyünə təhdidi özünün «qırmızı xətti» adlandırır. Bu məntiqdən çıxış edən Tehran Ermənistan-İran sərhədinin 40 kilometrliyində Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirərək daha sonra Türkiyəyə uzanacaq Zəngəzur dəhlizinin çəkilməsinə qarşı çıxır. O da aydındır ki, İran siyasətinin əsasını həm də Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da güclənməsinə mane olmaq istəyi təşkil edir. O, bu birliyin regional təhlükəsizliyin, siyasətin və iqtisadiyyatın aparıcı amillərindən birinə çevrilməsini istəmir.

Tehran bütün bu məsələlərlə bağlı konstruktiv mövqe tutmağa hazırdırmı? Hər halda, Bakı ilə onun münasibətlərindəki böhranı yalnız bu aradan qaldıra bilər. Abdullahianın «anlaşılmazlıqları aradan qaldırmaq» niyyətini dilə gətirməsi, əlbəttə ki, vəziyyəti dəyişmək üçün kifayət deyil.

İstənilən halda, Bakı heç kimin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, milli maraqlarına hörmətsizlik etməsinə imkan verməyib və verməyəcək. Bu, İrana da aiddir. Tehran bunu anlamalı, üstəlik, anladığını konkret konstruktiv fəaliyyəti ilə təsdiqləməlidir. Əks təqdirdə, Bakı-Tehran münasibətlərindəki gərginlik bütünlükdə region, ilk növbədə isə İranın özü üçün ən arzulanmaz fəsadlara yol aça bilər.



MƏSLƏHƏT GÖR:

105