24 Noyabr 2024

Bazar, 05:43

MARAQLAR ÜST-ÜSTƏ DÜŞƏRSƏ

Səudiyyə Ərəbistanının Yaxın Şərq siyasətində prioritet dəyişikliyi haqqında

Müəllif:

01.05.2023

Səudiyyə Ərəbistanı regionda müstəqil şəkildə maraqlar balansı yaratmaq siyasətini son həftələr daha da inkişaf etdirməyə başlayıb. Siyasi dinamikanın təhlili göstərir ki, hazırkı konyunktur ilə şərtlənməyən uzunmüddətli trenddən gedir. Burada ayrı-ayrı istiqamətlər özünü daha aydın göstərir.

 

Ankara ilə Ər-Riyad bir-birinə yaxınlaşır

Aprelin 10-da Ər-Riyadda Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri arasında uzun illər sonra ilk siyasi məsləhətləşmələr aparılıb. Rəsmi bəyanatın mətnindən bəlli olur ki, görüşdə hazırkı beynəlxalq vəziyyət, regional və beynəlxalq arenadakı əsas çağırış və böhranlar müzakirə edilib. Nazirlər müxtəlif sahələrdə birgə əməkdaşlığın gücləndirilməsi yollarından da danışıblar.

Maraqlıdır ki, görüş Türkiyədə qızğın seçki kampaniyası ilə eyni vaxta təsadüf edib. Bu isə dolayısı ilə də olsa, Ər-Riyadın dialoqun gücləndirilməsi yolu ilə Türkiyənin hazırkı prezidentini dəstəkləmək niyyətini göstərir. Bundan əvvəl – martda Səudiyyə Ərəbistanı hökuməti Türkiyə hökumətinə maliyyə yardımı göstərmək qərarına gəlmiş, Türkiyə Mərkəzi Bankına 5 milyard dollar depozit yerləşdirmişdi.

Bu iki ölkə arasındakı ikitərəfli münasibətlərdə fəal yaxınlaşma düz 1 il əvvəl – 2022-ci ilin aprelində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada səfəri ilə başlayıb. Bu ilin mart-aprel aylarında isə iki ölkənin müvafiq strukturları arasında əlaqələr ciddi dinamika alıb. Səudiyyə Ərəbistanının Türkiyə Mərkəzi Bankına önəmli məbləğ yatırmasının ardından martda 450 şirkətin iştirakı ilə ikitərəfli biznes forum keçirilib. Bu ilin yanvar-fevral aylarında isə Türkiyədən Səudiyyə Ərəbistanına ixrac rekord həddə çatıb. Rəsmi məlumata görə, qeyd olunan dövrdə ixrac həcmi 367,3 milyon dollara çatıb ki, bu da ötən ilin göstəricisini 30 dəfə üstələyir. İndi yaxın illərdə qarşılıqlı ticarətin həcminin 10 milyard dollara çatdırılması hədəflənir.

Qeyd edək ki, tərəflərin yaxınlaşması Suriya-Səudiyyə Ərəbistanı dialoqunun normallaşması, həmçinin Dəməşq, Moskva, Ankara və Tehran arasında Suriya probleminin həlli ilə bağlı əlaqələrin canlanması fonunda baş verir.

 

Dəyişən xarici vektor

Ər-Riyadın hədəfi ABŞ-dan strateji muxtariyyətin artırılması ola bilər. Məlum olduğu kimi, uzun illər Səudiyyə Ərəbistanınını xarici siyasət vektorunu Vaşinqtonun regional prioritetləri müəyyənləşdirib. Şahzadə Məhəmməd bin Salmanın «Baxış-2030» strategiyası çərçivəsində müstəqil siyasi kurs yürütmək xəttinə üstünlük verdiyi bir vaxtda Ər-Riyad qonşuları ilə etibarlı kommunikasiyaya daha çox ehtiyac duyur.

Türkiyə ilə İran regional güc mərkəzləridir. Ər-Riyad onlarla münasibət qurmaqla, regionda ABŞ-a arxalanmadan, öz resursları və imkanları hesabına qüvvələr balansı yaratmağa çalışır. Son illərin təcrübəsi göstərir ki, Ər-Riyad güc amilinə və öz maraqlarını birtərəfli qaydada irəli çəkməyə üstünlük verməklə, istədiyi nəticələri əldə edə bilmir. Onun Yəmənə müdaxiləsi ola bilər ki, husilərin nüfuzunu Sana hüdudlarına və ölkənin şimalına yaymasının qarşısını alıb. Lakin Səudiyyə Ərəbistanının başçılıq etdiyi və hazırda özü parçalanmış vəziyyətə düşmüş koalisiya əsas məqsədinə nail ola bilməyib. Söhbət husilər üzərində tam qələbədən gedir.

Bundan başqa, husilər pilotsuz uçuş aparatları və yaxın mənzilli raketləri ilə indi Ər-Riyadın özünün təhlükəsizliyinə ciddi təhdid yaradır. Beləliklə, yaranmış vəziyyət Səudiyyə Ərəbistanı qarşısına iki seçim qoyur: ya uğursuz «stavka»nı ikiqat artırmaqla, İranın məhdudlaşdırılması siyasətini davam etdirmək, ya da yeni regional qüvvələr balansı yaratmaq üçün İranla əməkdaşlığa getmək. Üstəlik, indi hər iki tərəflə yaxşı əlaqələrə malik olan Çin onlara vasitəçilik etməyə də hazırdır və səudiyyəlilər bu imkandan yararlanmaq qərarına gəlib.

Eyni sözləri Səudiyyə Ərəbistanının Suriya siyasəti haqda da söyləmək olar. Bu ölkədə etirazçıların hakimiyyətə gələcəyi düşüncəsi ilə Bəşər Əsəd hökuməti ilə əlaqələrin kəsilməsi özünü doğrultmayıb. Əsəd Rusiya və İranın dəstəyi ilə vətəndaş müharibəsindən qalib çıxıb və hakimiyyətdə qalıb, Səudiyyə Ərəbistanına arxalanan qruplaşmalar isə tam iflasa uğrayıb. İndi Suriya və Şərqi Aralıq dənizi regionunda nüfuzunu bərpa etmək istəyən Ər-Riyad nəinki Dəməşqlə dialoqa qayıtmağa çalışır, həm də Suriyanın ərəb dünyası ilə əlaqələrinin bərpası prosesinin liderinə çevrilmək istəyir. Əsəd hökuməti ilə münasibətlərin normallaşdırılmasına uzun müddət müqavimətin olduğu Səudiyyə Ərəbistanı indi bəyan edir ki, Suriyanın əsas regional müttəfiqi olan İranla yaxınlaşmadan sonra Dəməşqə də yeni münasibət sərgilənməlidir.

 

Suriya-ərəb dialoqunun moderatoru rolunda

Bu siyasət çərçivəsində aprelin 14-də 9 ərəb ölkəsindən olan nümayəndələr Ciddədə (Səudiyyə Ərəbistanı) görüş keçiriblər. Məqsəd Suriyanın Ərəb Dövlətləri Liqasına (ƏDQ) qayıtması imkanlarının müzakirəsi olub. Söhbət Körfəz Əməkdaşlıq Şurasına üzv 6 dövlətin nazirləri və yüksək rütbəli məmurlarından gedir. Bu, Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dən, həmçinin Ər-Riyadın dəvətini qəbul edərək Suriyanın bu formatda bərpasını müzakirə etmiş Misir, İraq və İordaniyadan gedir.

Yaxın Şərqin bir çox ölkəsi hələ də Bəşər Əsəddən qaçır. Çünki o, Qərb tərəfindən izqoy sayılır, həmin dövlətlər isə qərbli tərəfdaşları və müttəfiqləri ilə münasibətlərin korlanmasını istəmir. Ərəb paytaxtlarında anlayırlar ki, Suriyanı 22 üzvdən ibarət ƏDL-ə qaytarmaq istiqamətində atılacaq istənilən addım Qərbin etirazına səbəb olacaq. Məsələn, Qətərin baş naziri Suriyanın təşkilata qaytarılması haqda fikirləri kəskin tənqid edib. «Heç bir təklif yoxdur. Bu, yalnız ehtimaldır», - deyə Qətərin xarici işlər naziri Məhəmməd bin Abdurrahman bin Cassim Əl Tani öz növbəsində, televiziyaya müsahibəsində bildirib.

Beləliklə, Suriyanın asanlıqla ƏDL-yə qayıdacağını gözləməyə dəyməz. Bununla yanaşı, o da aydındır ki, əksər ərəb dövlətinin elitasında Suriyanın bu dünyaya reinteqrasiyası istəyi var. Bunu onlardan milli maraqları tələb edir. Suriya dağıdıcı vətəndaş müharibəsindən sonra bərpa olunmalıdır və bu baxımdan onun ciddi vəsaitlərə ehtiyacı var. Səudiyyə Ərəbistanı isə ərəb dünyasının ən zəngin dövləti olaraq, burada miqyaslı bərpa işləri apara, ölkəyə birbaşa investisiyalar yatıra, bununla da, Dəməşqi öz nüfuz dairəsinə qaytara bilər. Üstəlik, Ər-Riyad bundan rəqiblərini, ilk növbədə isə İranı sıxışdırmaq üçün də istifadə edəcək.

 

Vaşinqtonun həyəcanı və ümidləri

Ər-Riyadla Tehran arasında dialoqun qurulması, həmçinin Səudiyyə Ərəbistanı ilə Suriya arasında əlaqələrin bərpası Vaşinqtonda narahatlıqla qarşılanıb. Amerika bunu regional münasibətlərin onun iştirakı olmadan yenidən qurulması kimi qəbul edir.

Aprelin 14-də Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə böyük məsləhətçisi Eymos Xokstin Səudiyyə Ərəbistanında olublar. Onların məqsədi krallıq rəhbərliyi ilə Ər-Riyad-Tehran münasibətlərinin, həmçinin neft hasilatı və təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi olub.

Son dövrlərdə Vaşinqton-Ər-Riyad münasibətlərindəki soyuqluq yalnız ABŞ-ın Səudiyyə Ərəbistanında insan haqları ilə bağlı vəziyyəti tənqid etməsi ilə əlaqədar deyil. Səbəblər arasında onun neftin qiymətinin müəyyənləşdirilməsi siyasətindən narazılığı da var. 2022-ci ilin payızında «OPEK+» üzvləri neft hasilatının azaldılmasına dair razılığa gələn zaman Amerika hökuməti bu qərarın bir şeydən xəbər verdiyini bildirmişdi: Ər-Riyad öz enerji siyasətini Rusiya ilə razılaşdırır.

Qiymətləndirmələrə görə, amerikalı məmurların Ər-Riyada səfəri ikitərəfli münasibətlərin yaxşılıaşdırılması cəhdidir. Bildirilir ki, ABŞ rəsmiləri artıq xarici işlər naziri Veysəl bin Fərhan əl Səud ilə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə vəliəhd şahzadə, Səudiyyə Ərəbistanının baş naziri Məhəmməd bin Salman əl Səud arasında telefon danışığı da olmuşdu. Bildirilir ki, söhbət zamanı tərəflər İrandan gələn təhdidlərin qarşısının alınmasının vacibliyini bildirib, Yəməndəki vəziyyəti müzakirə edib.

Co Bayden administrasiyası Səudiyyə Ərəbistanı ilə münasibətlərə onu kökündən dəyişmək üçün yenidən baxdığını dəfələrlə bəyan etsə də, populyar «Politico» qəzeti prosesə start belə, verilmədiyini yazır.

İstənilən halda, Səudiyyə Ərəbistanı Yaxın Şərqin ən nəhəng iqtisadiyyatı, dünyanın «Böyük iyirmiliyə» daxil olan nüfuzlu dövlətlərindən biridir. İndi o, öz maraqlarını təmin etmək üçün himayədara ehtiyac duymadığını nümayiş etdirir. Ər-Riyad «parlaq gələcəyə» yolunu sınaqlar vasitəsilə, yanlışlıqlarla da olsa, özü çəkməyə çalışır, bu zaman regional reallıqlara və oyunçulara arxalanmaq istəyir. Doğrudur, onların çoxu ilə Ər-Riyadın münasibətləri problemlidir, bəziləri ilə isə hətta münaqişəsi var. Lakin burada yaxşı bilirlər ki, qonşuları seçmirlər və onlarla ümumi oyun qaydaları müəyyənləşdirmək qaçılmazdır.



MƏSLƏHƏT GÖR:

114