24 Noyabr 2024

Bazar, 05:18

FƏSADA YOL AÇAN BOŞBOĞAZLIQ

Fransa prezidentinin Çində verdiyi müsahibə Avropa və ABŞ-da ciddi müzakirələrə yol açıb

Müəllif:

01.05.2023

Trans-Atlantika münasibətləri geosiyasi dünya düzəninin təməl daşı olaraq qalır, davamlı olaraq dəyişir və təhlil olunur. Aİ və ABŞ-ın kompleks münasibətlərində əsas çərçivə, əlbəttə ki, NATO-dur. Onu əbəs yerə həm də «Avropa masası arxasında Amerika kürsüsü» adlandırmırlar. Bununla yanaşı, qeyd edilməlidir ki, bu kürsü heç də masanın başında qoyulmayıb və bu vəziyyət uzun müddət hər kəsi qane edib.

 

Makronun «uğursuz» çağırışı

Tramp administrasiyası dövründə Vaşinqton-Brüssel əlaqələrində NATO-nun rolu ciddi sınaqlarla üz-üzə qalmışdı. Amma indi – Ukrayna müharibəsi fonunda sanki əksinə, bu birlikdə görünməmiş həmrəylik, vahid məqsəd uğrunda çalışma hiss olunur. Belə bir vəziyyətdə Fransa prezidenti Emmanuel Makron gözlənilmədən bəyan edir ki, Avropa «Amerikanın vassalı olmamalıdır». «Müttəfiq olmaq (ABŞ ilə) vassal olmaq deyil», - deyə Makron bildirib. Çoxları bunu faktiki olaraq, Avropanın ABŞ-dan müstəqil siyasət yürütmək qərarının elanı kimi qiymətləndirib. Başqa sözlə, Çinlə ticarət düşmənçilik aparmaqdan daha faydalıdır. Bəs əslində nə baş verir? Bəlkə Makronun bəyanatı müxtəlif dövlətlərin mövqeyini öyrənmək cəhdindən başqa bir şey deyil?

Prezident Makron aprelin 5-7-də Çində səfərdə olub, burada ölkə başçısı Si Cinpin ilə görüşüb. Aprelin 6-da o, Pekindən Quançjouya uçan zaman Amerikanın «Politico» və Fransanın «Les Echos» nəşrlərinə müsahibə verib. Prezident bildirib ki, Avropa ona heç bir aidiyyəti olmayan böhranlara düşdüyü üçün ciddi risklərlə qarşılaşır «və bu, Avropanın strateji muxtariyyət qurmasına mane olur». «Avropalıların cavab verməli olduqları sual məlumdur: Tayvan istiqamətində fəaliyyəti aktivləşdirmək bizim maraqlarımıza uyğundurmu? Yox! Avropalıların bu məsələdə ABŞ-ın izi ilə getməli olduğunu düşünmək ən pis variantdır…», - deyə Emmanuel Makron qeyd edib.

Fransanın müttəfiqləri bu fikirlərdən yumşaq desək, şoka düşüb. Məsələn, Almaniyanın maliyyə naziri, Liberal Partiyanın rəhbəri Kristian Lindner Makronun Avropa İttifaqına çağırışını sadəlövhlük adlandırıb: «Avropa İttifaqının strateji muxtariyyəti ideyası qoxuram ki, sadəlövhlük olsun. Birləşmiş Ştatların strateji nüvə potensialı olmayan Avropa torpağında təhlükəsizlik ağlasığmazdır».

Almaniyanın müdafiə naziri isə bildirib ki, Makronun fikirləri «uğursuzdur» və «müxtəlif fikirlər ABŞ ilə Aİ arasında parçalanma salmamalıdır». Bununla yanaşı, onun fikrincə, Avropanın ABŞ-ın vassalına çevrilməsi riski heç vaxt mövcud olmayıb.

Məsələyə Polşanın baş naziri Mateuş Moravetski də münasibət bildirib. O, Makronun Çin bazarında Avropa mallarını geosiyasi baxımdan daha baha çatmağa çalışmaqda günahlandırıb. «Heritage Foundation»un vitse-prezidenti Ceyms Cey Karfano və «Heritage’s Thatcher Center for Freedom»un böyük elmi işçisi Viktoriya Kouts isə yazıblar ki, Amerika Avropanın təhlükəsizliyinin qayğısına avropalılardan çox qala bilməz: «Fransa prezidenti Emmanuel Makron Çinə bu yaxınlarda etdiyi dövlət səfəri zamanı bildirib ki, Çinin Tayvana hücum edəcəyi təqdirdə onun ölkəsi özünü ABŞ-ı dəstəkləməyə borclu hiss etməyəcək… «Öz xeyrini bilən» şəxsin açıqlaması olan bu fikir eqoist, ədəbsiz mövqedir… Beləliklə, Makronun ötən ilin dekabrında Ağ Evdə etdiyi çıxışdan da iqtibas gətirsək, məlum olur ki, biz Ukraynaya münasibətdə «silah qardaşları» olmalıyıq, Çin ilə isə Amerika təkbaşına bacarmalıdır».

Makronu bir çox amerikalı siyasətçi tənqid atəşinə tutub. Məsələn, Nümayəndələr palatasının Çin üzrə xüsusi komitəsinin sədri Mayk Qallaxer deyib: «Makronun fikirləri narahatlıq yaradır. Onun dedikləri biabırçılıq, eyni zamanda geosiyasi baxımdan böyük sadəlövhlükdür».

 

Bir nəfər hamıya qarşı, yoxsa?

Makronun dedikləri, çətin ki, Aİ-də çoxluğun mövqeyi olsun. Lakin etiraf etmək lazımdır ki, o, bu fikirdə olan yeganə lider deyil. Fransa liderinin fikirlərinə kifayət qədər ciddi analitik təhlillərdə də rast gəlinir. Məsələn, Avropa Beynəlxalq Münasibətlər Şurasının (European Council on Foreign Relations - ECFR) əməkdaşları Ceremi Şapiro ilə Yana Pulyerinin aprelin 4-də dərc etdikləri məqalədə Rusiya-Ukrayna müharibəsinin trans-Atlantik münasibətləri necə dəyişdiyindən bəhs olunur. Orada Vaşinqtona ünvanlanmış əsas ittiham Aİ-nin bütün sahələrdə – iqtisadi, texnoloji, hərbi – ABŞ-dan gerə qalması ilə bağlıdır.

Ekspertlər bildirirlər ki, 2008-ci ilin maliyyə böhranından sonra Birləşmiş Ştatlar daha qüdrətli dövlətə çevrilib. ÜDM kimi göstəriciyə nəzər salsaq, son 15 ildə ABŞ Aİ ilə Böyük Britaniyanın birgə göstəricisini əhəmiyyətli dərəcədə üstələyib. «2022-ci ilə ABŞ iqtisadiyyatı 25 trilyon dollaradək böyüyübsə, Aİ ilə Böyük Britaniya ümumilikdə 19,8 trilyon dolları keçməyib. Hazırda Amerika iqtisadiyyatı Avropa iqtisadiyyatından təxminən 25% böyükdür. Yalnız Aİ-ni (yəni Böyük Britaniyasız) götürsək, bu fərq 50% edir. Son 15 ildə Amerikanın Avropa üzərində texnoloji üstünlüyü də artıb. Bu gün «Alphabet» («Google»), «Amazon», «Apple», «Meta» («Facebook») və «Microsoft» kimi ABŞ şirkətləri yalnız Amerikada deyil, Avropada da hökmranlıq edirlər».

Eyni vəziyyət hərbi texnologiyalar sahəsində də müşahidə olunur. Burada da amerikalıların xərcləri bütünlükdə Aİ ölkələrinin ümumi xərcini üstələyir. Ukrayna müharibəsi isə avropalıların təhlükəsizlik məsələsində ABŞ-dan total asılılığını daha aydın ortaya çıxarıb. Bu sahədə (həmçinin bir sıra digər sahələrdə) Avropaya Ukrayna böhranı ilə yanaşı, daha bir zərbə Böyük Britaniyadan gəlib. Məlum olduğu kimi, bu işdə o, avropalı qonşularının yanında dayanmayaraq, sərbəst hərəkətə üstünlük verib. Bəli, «Brexit»in nəticələri hələ çox hiss olunacaq. Hər halda, Birləşmiş Krallıq Aİ-nin iqtisadiyyatına və hərbi gücünə görə ikinci dövləti idi.

Bütün bunlar nəyə aparıb çıxarıb? Əlbəttə ki, öz gücünə, iddialarına və hədəflərinə inamsızlığa. Yəni Brüssel xüsusilə çevik və strateji baxımdan dəqiq reaksiyanın tələb olunduğu anlarda hələ də ortaya aydın və vahid xarici siyasi xətt qoya bilmir. ABŞ Beynəlxalq Münasibətlər Şurasından Liana Fiksin fikrincə, Amerikanın liderliyi avropalılar üçün o qədər rahat olub ki, onlar özlərini inkişaf etdirmək motivasiyasını itiriblər.

 

Belə qarışıq Avropa

ABŞ ilə Aİ-ni müqayisə etmək əvvəldən, yəni struktur baxımından yanlış olardı. Vaşinqtonla bərabər olmağı arzulayan Brüssel üçün problem Avropanın yekcins olmamasındadır. Aİ mövcud olduğu illərdə özünü vahid siyasi, iqtisadi, diplomatik struktur kimi təqdim etməyə çalışsa da, bu, belə deyil. Orada məsələn, Aİ-nin ən nəhəng iki iqtisadiyyatı olan Fransa ilə Almaniya kimi güclər də var, zəiflər də. Bu ittifaqda müxtəlif dəyərlərə malik, fərqli siyasi tarixi olan dövlətlər yer alır. Bundan başqa, onlara keçmişlərinin yükü də təzyiq edir. Bu dövlətlər tam və ya qismən müxtəlif dövlətlərin tərkibində yer alan zaman ya dost, ya da düşmən olublar.

Yuxarıda adları çəkilən analitiklər bildirirlər ki, «maliyyə böhranı şimalla cənubu, miqrasiya böhranı və Ukrayna münaqişəsi şərqlə qərbi ayırıb». Aİ daxilində Şərqi Avropa ölkələri kimi qatı amerikapərəst qrup da var, onlarla obrazlı desək, rəqabət aparan Şimali Avropa da. Avropa dövlətlərinin rəhbərləri, ilk növbədə, öz seçiciləri qarşısında cavab verir, ümumi dəyərlər isə heç də hər zaman daxili hədəflərlə üst-üstə düşmür. Məsələn, belə hal iqlim problemlərində özünü daha aydın göstərir – xərclərə görə kimlərin necə və hansı dərəcədə məsuliyyət daşımalı olduğu sualına dəqiq cavab, həmçinin «yaşıla keçid»lə bağlı dəqiq plan hələ də yoxdur.

Eyni vəziyyət Avropanın hər dəfə miqrant axını ilə qarşılaşdığı anda da yaşanır. Bununla əlaqədar, Aİ daxilində necə «savaş»ın çıxdığını, ölkələrin dərhal öz sərhədlərindən, milli maraqlarından danışmağa başladıqlarını hər kəs yaxşı xatırlayır. Bir də enerji təhlükəsizliyi kimi ağrılı məsələ var. Ukrayna müharibəsi fonunda o, daha kəskin xarakter alıb. Amma yenə də, ən vacibi milli təhlükəsizlikdir. Makronun bəyanatı belə kəskin müzakirələrə məhz bu üzdən yol açıb.

Bütün bunlarla yanaşı, Atlantikanın hər iki tərəfindən olan ekspertlərin əksəriyyəti etiraf edir ki, xüsusilə Qərbin bu gün üzləşdiyi çağırışlar fonunda münasibətləri möhkəmləndirməyin alternativi yoxdur. Məsələ, sadəcə, bunu həyata keçirməyin yollarındadır. Amerikalı mütəxəssislər diqqətin Avropa ölkələri ilə ikitərəfli münasibətlərin gücləndirilməsinə yönəldilməsini təklif edir (yeri gəlmişkən, Çin də eyni cəhdləri etsə də, bu, vahid Avropa cəbhəsinin parçalanması cəhdi kimi qiymətləndirilir). ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Con Bolton NATO-nun genişləndirilməsi prosesinin davam etdirilməli olduğunu düşünür və hesab edir ki, bloka onun büdcəsinə əhəmiyyətli töhfələr verə biləcək dövlətlər dəvət olunmalıdır. Bolton misal kimi, Avstraliya, İsrail və Yaponiyanı göstərir.

Ceremi Şapiro ilə Yana Pulyerin isə hesab edirlər ki, avropalılar Ukraynanı dəstəkləmək imkanlarını inkişaf etdirməklə, hərbi potensiallarını gücləndirməklə, Şimali Atlantika Alyansının daha güclü və müstəqil hissəsinə çevrilə bilərlər.

Bununla yanaşı, görünən odur ki, trans-Atlantik dünya üçün əsas məsələ məhz Çin ilə mübarizə/rəqabətdir. Bu, aksentləri dəyişir, çünki Aİ ərazi baxımından qarşıdurma məkanından uzaqda yerləşir. Avropa İttifaqının beynəlxalq münasibətlərlə məşğul olan əməkdaşları bildirirlər ki, tərəflər arasında əsas qarşıdurma məhz texnologiya sahəsində yaşanacaq – iqtisadi və təhlükəsizlik məsələləri bir-birinə qarışanda.

Yeri gəlmişkən, koronavirus pandemiyasının başlamasından bir müddət əvvəl avropalılarla amerikalılar arasında Çinin «Huawei» qurğusunun Avropanın «5G» telefon şəbəkəsinə buraxılıb-buraxılmaması ətrafında mübahisə gedirdi. Söhbət faktiki olaraq, gələcək dünya düzəninin yeni dayaqlarından gedir. Sadə dildə desək, «sürətli internet» və onunla əlaqəli (əslində, bir müddət sonra bütün sahələrin onunla əlaqəli olacağı gözlənilir) hər şeyə nəzarətə kim başlayacaqsa, dünyanın «yeni hökmranı» da o olacaq.

Bu işdə trans-Atlantik məkana və konkret olaraq Avropaya hansı rol düşəcək? Bu suala hələ ki, cavab yoxdur. Hələlik ortada yalnız Makronun səsləndirdiyi bəyanata bənzər fikirlər dolaşır. Yaxud məsələn, Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Fransa liderinin çıxışından cəmi bir neçə gün sonra səsləndirdiyi fikirlər. O, bildirib ki, Avropa İttifaqı ayrı-ayrı ölkələrlə münasibətlərini onların Rusiya Çinlə münasibətlərinə, əlaqələrinə uyğun quracaq. Borrelin fikrincə, artıq texnoloji inkişafın iki fərqli ekosisteminin olacağı dünya erası başlayır». «Heç kəsin tərəfini tutmaq istəməyən çox insan var. Lakin onlar Ukrayna müharibəsinə və Çinin dünyana artan roluna münasibətdə mövqelərini müəyyənləşdirməlidirlər», - deyə Borrel qeyd edib.

Makronun sözləri düşünülmüş gediş idimi? Bəlkə hazırda biz trans-Atlantik dünyada ümumi Avropanın yerinin təxmini konturlarını görürük? Tezliklə biləcəyik.



MƏSLƏHƏT GÖR:

98